Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-357/2025 17.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya artıq hesablanmış 39000 (otuz doqquz min) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş tələb üzrə ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli e-2-2(119)-1958/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.2, 152.1.5 və 152.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış və bunun, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. İddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd iş materiallarına əlavə edilmiş, “Tərəflər” bölməsində iddiaçının olduğu yer (rəsmi qeydə alındığı ünvanı) barədə məlumatlar göstərilmişdir. Lakin, iddiaçı tərəfindən həmin qərardadda göstərilmiş digər nöqsanlar aradan qaldırılmadan yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsində “bu ödəniş rüsumdan azaddır - istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar” olaraq qeyd etmiş və müvafiq məbləğdə dövlət rüsumunu ödəmədən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin nəzərə alınmalıdır ki, kommersiya məhkəməsinə iddia ərizəsi ünvanlayan iddiaçı istehlakçı kimi deyil, sahibkar statusuna malik olan şəxs kimi müraciət etmiş olur və belə olan halda qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənədlər iş materialları ilə birlikdə məhkəməyə təqdim edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş iddia ərizəsi elektron imza ilə Vəkil tərəfindən imzalanmışdır. O cümlədən VİCDAN BİRLİYİ MMC-nin direktoru X2 Cəmiyyətin adından digər səlahiyyətlərlə bərabər, həmçinin məhkəmə orqanlarında hüquqi şəxsi təmsil etmək səlahiyyətini Vəkil etibar etmişdir. Lakin iş materiallarına əlavə edilmiş 01 iyun 2024-cü il tarixli vəkil orderində hüquqi yardım göstərilən şəxs qismində iddiaçı VİCDAN BİRLİYİ MMC qeyd edilməli olduğu halda, X1 qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Bundan başqa, nəzərə alınmalıdır ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən, bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, hazırkı iddia üzrə cavabdeh kimi qeyd edilmiş Cavabdeh ASC-nin müvafiq səlahiyyətləri, bu qurumun çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həyata keçirildiyindən Mülki Prosessual Məcəllənin istər 149.2-ci maddəsində nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa (məsələn, cavabdehin adının qeyd edilməsi və digər hallar) dair verilən tələblər baxımından, istərsə də həmin Məcəllənin 150.1-ci və 150.2-ci maddələrinin tələbləri əsasən (iddia ərizəsinə əlavə edilən müvafiq sənədlər və onun işdə iştirak edən şəxsə - indiki halda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə) iddia ərizəsi istinad edilən maddələrin tələblərinə uyğunlaşdırılmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 13cü və 14-cü bəndlərində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Bununla əlaqədar məhkəmə iddiaçının diqqətinə çatdırır ki, istinad edilən Plenum qərarından irəli gələn hüquqi mövqelər nəzərə alınmalı, yaranmış mübahisənin müqavilə münasibətlərindən irəli gələn mübahisə olması, yəni su təchizatı qurumunun ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olmadığı iddia ərizəsində əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-357/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-357/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver