Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-38/2024 27.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20081 (iyirmi min səksən bir) manat məbləğində pul vəsaiti və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 20281 (iyirmi min iki yüz səksən bir) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı ilə sifarişçi Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi arasında bağlanılmış 01 noyabr 2018ci il tarixli AM_01112018 nömrəli müqaviləyə əsasən icraçı müqavilə üzrə nəzərdə tutulmuş həcmdə və şərtlərlə avtomobillərin və texniki avadanlıqların texniki xidmətini yerinə yetirmək və ehtiyat hissələri ilə təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə xidmət haqqını vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Texniki xidmət göstərilmək üçün cavabdeh tərəfindən verilmiş “SDLG G9190” markalı, qreyder tipli ağır texnika müqaviləyə uyğun olaraq təmir edilmiş, maşın mühərrikin ehtiyat hissələri dəyişdirilərək işlək vəziyyətdə cavabdehin operatoruna təhvil verilmişdir. Görülmüş işlərin dəyərinin ödənilməsi üçün 01 iyun 2021-ci il tarixli elektron qaimə cavabdehə göndərilmişdir. Görülmüş işlərin ümümi dəyəri vergilər daxil 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat təşkil etmişdir. Təhvil-təslim aktının imzalanmasına və texnikanın mühərrikinin işlək vəziyyətdə təhvil verilməsinə baxmayaraq, cavabdeh idarə tərəfindən müxtəlif bəhanələr gətirilərək ödəniş olunmamışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən xidmətlərinin vaxtında yerinə yetirilməsi üçün iddiaçı üçün lazımı şəraitin yaradılmasını, iddiaçının xidmət haqqını vaxtı-vaxtında ödəməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə müvafiq olaraq göstərilən xidmətlərə görə cavabdeh iddiaçıya iddiaçının əvvəlcədən təqdim etdiyi qiymətlər əsasında müvafiq olaraq ödəniş aparır. Ödəniş forması bank köçürməsi yolu ilə hesab təqdim edildiyi gündən etibarən 30 (otuz) bank günü ərzində həyata keçirilir. xx.xx.2021-ci il tarixində təqdim edilmiş 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manatlıq elektron qaimə üzrə, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödəniş edilməmiş, müqavilənin 1.1-ci bəndindəki Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə aid olan öhdəliklər pozulmuşdur. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəmənin gecikdiyi hər bir gün üçün ümumi məbləğin 0,1 faizi həcmində dəbbə tətbiq olunur. Gecikdirilən günlər üçün dəbbə pulu-gecikmə cəriməsi müqavilə üzrə muzdun 0,1%-i nisbətində, yəni 13334,43 manat x (0,1% x 22 iş günü x 23 ay)=6747,22 manat təşkil edir. Beləliklə, pozulmuş müqavilə öhdəliyinə görə cavabdehdən tələb olunan məbləğ – görülmüş işlərin dəyəri olan 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat və dəbbə pulu 6747,22 (altı min yeddi yüz qırx yeddi manat iyirmi iki qəpik) manat olmaqla, ümumilikdə 20081 (iyirmi min səksən bir) manat təşkil edir. Beləliklə, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuş, iddiaçı tərəfindən işlər təhvil verilsə də, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə təhvil verdiyi işlərin dəyərini və dəbbə pulu-gecikmə cəriməsini, ümumilikdə 20081 (iyirmi min səksən bir) manatı ondan tələb etmək üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunan məsələlər barədə cavabdehə 11 may 2023-cü il tarixdə elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu ünvanlanmış və 20081 (iyirmi min səksən bir) manat pul məbləğinin 5 gün müddətində iddiaçının hesabına köçürülməsi tələb edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin cavabdeh bu günədək heç bir ödəniş etməmişdir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət edilmiş və cavabdeh ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin öhdəliklərini icra etməkdən imtina etdiyindən sonrakı mediasiya sesiyasının davam etdirilməsi mümkün olmamışdır. 31 avqust 2023-cü il tarixdə cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 01 noyabr 2018-ci il tarixdə Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi ilə İddiaçı arasında ağır texnikalara servis xidməti göstərmək üçün müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən idarənin ağır texnikalara servis xidmətləri göstərilmişdir. 2021-ci iln fevral ayında Xızı rayonunun Sitalçay ərazisində kanalda idarəyə məxsus “SDLG G9190” markalı avtoqreyder işləyərkən məlum olmayan səbəbdən dayanmışdır. İddiaçı ilə Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi arasında müqavilə olduğundan həmin texnikaya baxılması üçün iddiaçıya müraciət edilmişdir. Həmin vaxt İddiaçı texniki işçiləri əraziyə gələrək avtoqreyderi idarə edən operator Hüseyn Əliyevin iştirakı ilə texnikaya baxış keçirmiş və mühərrik servisdə təmir olunması üçün çıxarılıb aparılmışdır. Mühərrik təmir olunan zaman idarənin əməkdaşlarından heç kim dəvət olunmamışdır. Bir neçə gündən sonra mühərrik təmir olunaraq avtoqreyderin üzərinə quraşdırılmışdır. Lakin quraşdırıldıqdan sonra mühərrik işə salınarkən düzgün işləməmişdir. İddiaçı texniki işçiləri texnikanı saz vəziyyətə gətirilə bilməyəcəyini bildirərək texnikanın idarəyə gətirilməsini məsləhət görmüşlər. Həmin vaxt texnikanın idarəyə gətirilməsi üçün sürücüyə hər hansı bir kağıza qol çəkdirmişlər. Çətinliklə də olsa, texnika işə salınaraq idarəyə gətirilmiş və onlar avtoqreyderin təmir olunmasında kömək üçün əlavə texniki işçilər gəlib baxış keçirməli olduğunu bildirmişlər. Bu zaman mühərrikin ehtiyat hissəsinin yenisi ilə əvəz olunması şübhə yaratmışdır. Əgər yenisi ilə əvəz olunsaydı, avtoqreyder işlək vəziyyətə gətirilərdi. Mühərrikin hər hansı bir ehtiyat hissəsinin dəyişdirilməsi barədə Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə heç bir sənəd təqdim edilməmiş və dəyişidirilmiş köhnə ehtiyat hissəsi göstərilməmişdir. Əgər həqiqətən mühərrikdə ehtiyat hissələri dəyişdirilmişdirsə, köhnə ehtiyat hissələri sifarişçiyə göstərilməli və təqdim olunmalı idi. Mühərrikin normal işləməməsi İddiaçı əməkdaşlarının səriştəsizliyi, ya işi bilməməzliyi, ya da idarəyə məlum olmayan hər hansı bir səbəbdən baş vermişdir. İddiaçı nümayəndələri avtoqreyderi nasaz vəziyyətdə qoyub getmiş, yenidən gəlib baxış keçirəcəklərini bildirmişlər. Samur-Abşeron kanalı dövlət əhəmiyyətli kanal olduğu üçün avtoqreyderin həmin ərazidə və digər ərazilərdə işləməsi vacibdir və bu səbəbdən avtoqreyderin işlək vəziyyətə gətirilməsi ilə bağlı İddiaçı rəhbərliyinə dəfələrlə şifahi müraciət edilmişdir. İddiaçı əməkdaşları bir neçə dəfə də gəlib texnikaya baxış keçirmiş, lakin avtoqreyderi işlək vəziyyətə gətirə bilməmişdir. 2022-ci ilin əvvəllərində İddiaçı hüquqşünası və texniki işçiləri idarədə rəhbərliyin qəbulunda olmuşdur. Həmin vaxt onlar bildirmişdir ki, avtoqreyderin üzərində olan yanacaq nasosları və forsunkaları yararsızdır, onlar mütləq şəkildə dəyişdirilməlidir və həmin ehtiyat hissələrinin alınması üçün pul vəsaiti lazımdır. İddiaçı lazımi qədər maddi vəsaiti olmadığından həmin ehtiyat hissələrinin alınması üçün kömək istəmiş, həmin ehtiyyat hissələrinin xaricdən alınıb gətirilməsi üçün Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi tərəfindən İddiaçınə 04 aprel 2022-ci il tarixli, EBBT № 847875 saylı elektron qaiməyə əsasən 4720,24 (dörd min yeddi yüz iyirmi manat iyirmi dörd qəpik) manat əvvəlcədən ödəniş olunmuşdur. Yeni alınmış yanacaq nasosları və forsunkaları servisin işçiləri tərəfindən avtoqreyderin üzərinə qoyulduqdan sonra mühərrik yenə də işlək vəziyyətə gətirilməmişdir. İddiaçının nümayəndələri avtoqreyderə yenidən təkrarən baxacaqlarını bildirsələr də, gəlməmişlər. Hazrkı iddia ərizəsində avtoqreyderin onu idarə edən operator Hüseyn Əliyevə saz vəziyyətdə təhvil verildiyi göstərilmişdir. Əgər avtoqreyder saz vəziyyətə gətirilmişdirsə, onu avtoqreyderi idarə edən operatora deyil, idarənin maddi məsul şəxslərinə, yəni, baş mühəndisə, baş mexanikə, qaraj müdirinə və digər şəxslərə təhvil verə bilərdilər. Buradan da aydın olur ki, onlar düşünülmüş şəkildə bu addımı atmışlar. Buna görə iddia ərizəsində qeyd olunan akt da əsassızdır və heç bir hüquqi əsası yoxdur. İddiaçı rəhbərliyinin və texniki işçilərinin səhvi ucbatından iki il müddətində avtoqreyder nasaz vəziyyətdə qalmışdır. 27 may 2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. 06 noyabr 2023-cü il tarixli məhkəmə baxış iştirak etmiş cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinin Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı (VÖEN **********) ilə sifarişçi Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2018-ci il tarixli AM_01112018 nömrəli “Texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təmini barədə” müqaviləyə əsasən sifarişçi sifariş verir, icraçı isə hazırkı müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə avtomobillərin və texniki avadanlıqların texniki xidmətini yerinə yetirinə yetirmək və ehtiyat hissələri ilə təmin etməyi öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı hazırkı müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə lazımı olan material və texnika ilə təmin etməyi öz üzərinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçının xidmət haqqını vaxtlı-vaxtında ödəmək sifarişçinin vəzifəsidir. Həmin müqavilənin 4-cü bəndinə əsasən göstərilən xidmətlərə görə sifarişçi icraçıya icraçının əvvəlcədən təqdim etdiyi qiymətlər əsasında müvafiq olaraq ödəniş aparır. Ödəniş forması bank köçürməsi yolu ilə hesab təqdim edildiyi gündən etibarən 30 (otuz) bank günü ərzində həyata keçirilir. Ödəmənin gecikdiyi hər bir gün üçün ümumi məbləğin 0,1 faizi həcmində dəbbə tətbiq olunur. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli aktda cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə məxsus “SDLG G9190” markalı ********** seriya nömrəli avtoqreyderin təmir olunması məqsədi ilə İddiaçı tərəfindən görülən işlər göstərilmiş, mühərrikin işlək vəziyyətdə təhvil verildiyi qeyd olunmuşdur. Aktın “müştəri nümayəndəsi” qrafasında imzalayan şəxs kimi operator Hüseyn Əliyev göstərilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən sifarişçi Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 01 iyun 2021-ci il tarixli EBBC seriyalı 565476 nömrəli elektron qaimə təqdim olunmuşdur. Həmin elektron qaimə cavabdeh tərəfindən 04 iyun 2021-ci il tarixdə təsdiqlənmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinin vəsatəti nəzərə alınaraq, mübahisənin obyektiv həlli məqsədi ilə məhkəmənin 05 fevral 2024-cü il tarixli, e-2-2(119)-38/2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 08 may 2024-cü il tarixli 4/439 nömrəli ekspert rəyində göstərilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, kommersiya işinin 57-ci vərəqində xx.xx.2021-ci tarixli aktın kserosurətinin sonunda “Müştəri nümayəndəsi” hissəsində “Adı.Soyadı: Vəzifəsi:” qrafalarında “X9” yazıları - X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim edilmiş, kommersiya işinin 57ci vərəqində xx.xx.2021-ci tarixli aktın kserosurətinin sonunda “Müştəri nümayəndəsi” hissəsində “İmza” qrafasındakı imzanın - X4 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə (tədqiq olunan imzanı X3 imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan sənədin kserosurət olması ilə əlaqədar hərf və cizgilərin zəif əks olunması, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun) müəyyən etmək mümkün olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün ekspert tərəfindən “əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi” barədə vəsatət verilərək xx.xx.2021-ci il tarixli aktın əslinin, X3 2-3 sənəddə sərbəst xətt və imza nümunələrinin, tədqiq olunan sənədin mətninə uyğun və qarışıq mətndən ibarət 5-7 vərəqdə eksperimental xətt, imza nümunələrinin (“X9” yazıları dəfələrlə yazdırılmaqla) təqdim olunması xahiş olunmuşdur. Lakin həmin vəsatətlə əlaqədar İddiaçı vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə məlumat təqdim edərək İddiaçı faaliyyəti ilə bağlı mütəmadi olaraq təhvil-təslim aktları tərtib edildiyindən həmin aktların müvafiq qaydada elektronlaşdırılaraq şirkətin elektron sənəd bazasında saxlanıldığını, bu səbəbdən iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın yalnız elektron qaydada şirkətin elektron sənəd bazasında olduğunu və onun əslinin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi tərəfindən də həmin aktın əsli məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 mart 2024 tarixli 06/24 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən “SDLG G9190” markalı avtoqreyderin mühərrikinin təmirinin qiymətləndirilməsi ilə əlaqədar avtoqreyderə baxış keçirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və MMC-nin texniki heyəti tərəfindən “SDLG G9190” markalı avtoqreyderə ilkin vizual baxış zamanı müəyyən edilmişdir ki, hissələr yenilənmişdir. Lakin tam məlumat vermək üçün mühərrikin sökülməsi zəruri hesab olunur. Eyni zamanda “SDLG G9190” markalı avtoqreyderin mühərriki baxış zamanı işlək olmuş, lakin qara tüstünü lazımi həcmindən çox ixrac etdiyindən normal işləməmişdir. “SDLG G9190” markalı avtoqreyderin işlənmiş qazların xaric edilməsi borusundan qara tüstü gəlib-gəlmədiyi, gəldiyi halda bunun səbəbinin mühərrik və ya başqa hansı hissə ilə əlaqədar olması müəyyən edilməlidir. Belə ki, ilk növbədə yanacaq sisteminə baxış keçirilməlidir, yanacaq forsunkaları və nasoslar imkan olarsa, yoxlanılmalıdır. Yoxlama aparılmadığı halda, yeniləri ilə əvəz olunub yoxlanılmalıdır. İlkin vizual baxış onu göstərir ki, böyük ehtimalla qara tüstünün səbəbi mühərrikin blok başlığına və ya yanacaq sisteminə aid olacaqdır. Mühərrikin üzərinə 6 ədəd yeni nasos quraşdırılmasına baxmayaraq, nasosların QR kodu müəyyənləşdirilməlidir. İddiaçı MMC tərəfindən “SDLG G9190” markalı avtoqreyderin mühərrikinin təmiri zamanı bütün lazımi ehtiyat hissələrinin dəyişdirilib-dəyişdirilmədiyi, eyni zamanda mühərrik cavabdehə təhvil verilən zaman normal işləməsi üçün hər hansı əlavə təmirə ehtiyac olub-olmaması müəyyən edilməlidir. Vizual olaraq baxış zamanı yağ radiatorunun təmir edilmədiyi, təmirə ehtiyacı olduğu, lakin təmir zamanı ona toxunulmadığı barədə məlumat verilə bilər. “SDLG G9190” markalı avtoqreyderin blok başlığının təmir edilib-edilmədiyi, təmir edildiyi halda hansı detalların dəyişdirildiyi müəyyən edilməlidir. Bunun üçün mühərrikin üst hissəsi sökülüb yoxlama aparılmalıdır. Cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinin vəsatəti əsasında 16 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 2021-ci ilin sentyabr ayınadək Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsində işləmişdir. 2021-ci ilin əvvəllərində “SDLG G9190” markalı avtoqreyderdə nasazlıq olmuş, bununla bağlı İddiaçınə müraciət edilmişdir. Növbəti gün İddiaçı MMC-nin əməkdaşları, ustalar texnikaya baxış keçirməyə gəldikdə texnikanı işə salmağa çalışsalar da, texnika işə düşməmiş və onlar mühərriki sökərək servisə aparmışlar. Mühərrik düzəldilərək geri qaytarıldıqdan sonra quraşdırılıb texnika işə salındıqda texnikada forsunka problemi yaranmış və bu problem barədə İddiaçınə məlumat vermişdir. İddiaçı MMC-dən texnikanın təmirini rahat həyata keçirmək üçün onu qaraja gətirmək lazım olduğu bildirilmişdir. O, göstəriş əsasında texnikanı sürüb Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinin qarajına gətirmişdir. Bundan əlavə o, mühərrikin işlək vəziyyətdə təhvil verilməsi ilə bağlı 02 fevral 2021-ci il tarixli aktı imzalamadığını, İddiaçı MMC-nin əməkdaşlarının həqiqətən texnikaya baxış keçirməyə gəldiklərinə və baxışda kimlərin iştirak etdiyinə dair sənədi imzaladığını bildirmişdir. İddiaçı vəkil və nümayəndəsinin vəsatəti əsasında 20 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, 2019-cu ildən 2022-ci ilin oktyabr ayına qədər İddiaçındə işləmişdir. Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə məxsus texnika işə düşmədiyi üçün digər ustalarla birlikdə bir-iki dəfə texnikaya baxışa getmişlər. Baxış zamanı texnikanın mühərrikində kompressor olmadığından onun işə düşmədiyi müəyyən edilmişdir. Texnikanın nasazlığının nədən ibarət olduğunu dəqiqləşdirmək üçün təxminən 2021-ci ilin yanvar ayında mühərrik sökülüb İddiaçı MMC-yə gətirilmişdir. Onlar mühərriki təmir edərək texnikaya yerləşdirildikdən sonra işə saldıqda mühərrik yenə də tam işləməmiş və həmin vaxt mühərrikin forsunkalarında, hidravlik nasosunda və sürətlər qutusunda problem olduğu müəyyən edilmişdir. Mühərrik işə salınıb texnika onun iştirakı ilə operator Hüseyn Əliyev tərəfindən sürülməklə Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinin digər texnikasının operatoru Cavid adlı şəxsin həyətinə gətirilmişdir. Daha sonra baş verən proseslərdən məlumatı yoxdur. Bundan başqa o, başqa səlahiyyətli şəxs olmadığı üçün İddiaçı əməkdaşlarının mühərriki gətirib texnikaya quraşdırması və operatora təhvil verilməsi ilə bağlı 02 fevral 2021-ci il tarixli aktı onun və Hüseyn Əliyevin imzaladığını vurğulamışdır. İddiaçı vəkil və nümayəndəsinin vəsatəti əsasında 20 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 2021-ci ilin yanvar ayında “SDLG G9190” markalı avtoqreyder hərəkətsiz vəziyyətdə çöldə qaldığından həmin texnikaya baxış keçirilərək, mühərriki sökülmüş, servisə gətirilib təmir edilmişdir. Mühərrik texnikaya yerləşdirildikdən sonra texnika işə düşüb. Lakin mühərrikin işə düşməyi o demək deyil ki, texnikada problem yoxdur. Mühərrik qoyulub işə salındıqdan sonra texnikada problemlər olmuşdur. Ondan sonra texnika Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə məxsus əraziyə gətirilmişdir. Bundan sonra onun iştirakı ilə cavabdehin qarajında texnikaya baxış keçirilmiş və nasos, forsunkaların işləmədiyi müəyyən edilərək dəyişdirilmişdir. Eyni zamanda digər problemlərin aradan qaldırılması üçün texnikanın İddiaçı MMC-nin servisinə göndərilməsi bildirilsə də, cavabdeh tərəfindən göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 01 noyabr 2018-ci il tarixli AM_01112018 nömrəli “Texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təmini barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı İddiaçı tərəfindən sifarişçi Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə məxsus “SDLG G9190” markalı avtoqreyderin mühərriki təmir edilmiş və mühərrik 2021-ci ilin fevral ayında cavabdehə təhvil verilmişdir. Bundan dörd ay sonra həmin təmir xidmətinin göstərilməsi ilə bağlı 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manatın ödənilməsi barədə cavabdehə 01 iyun 2021-ci il tarixdə EBBC seriyalı 565476 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi elektron qaimənin verildiyi tarixdən dörd ay əvvəl təhvil verilmiş mühərrikin təmirindən razı olmadığını və texnikanın nasaz olduğunu bildirsə də, göndərilən elektron qaiməni mübahisələndirməmiş, hətta 04 iyun 2021-ci il tarixdə onu təsdiqləmişdir. Elektron qaiməni təsdiqləməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməyərək iddiaçı tərəfindən göstərilmiş həmin xidmətin dəyərini ödəməmişdir. Buna görə İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsinə qarşı hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsi arasında 01 noyabr 2018ci il tarixli AM_01112018 nömrəli “Texniki xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təmini barədə” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş xidmətlərin dəyəri olan 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 6747,22 (altı min yeddi yüz qırx yeddi manat iyirmi iki qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 09 avqust 2023-cü il tarixli MŞS/MT030/2023-01527 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının arayışından görünür ki, tərəflər mediasiya sesiyasında iştirak etsələr də, mediasiya prosesi davam etdirilməmiş, və 205 (iki yüz beş) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunmalı, iddiaçı İddiaçı tərəfindən ödənilmiş mediatora 205 (iki yüz beş) manat məbləğində mediasiya xərcinin 102,5 (yüz iki manat əlli qəpik) manat hissəsi cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsindən tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsindən 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat məbləğində bоrc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 102,5 (yüz iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 13736,93 (on üç min yeddi yüz otuz altı manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş manat) manat məbləğində pul vəsaiti cavabdеh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsindən tutularaq X2 ödənilməlidir. Bundan başqa iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 130,90 (yüz otuz manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsindən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsindən 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat məbləğində bоrc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 102,5 (yüz iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 13736,93 (on üç min yeddi yüz otuz altı manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş manat) manat məbləğində pul vəsaiti cavabdеh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsindən tutularaq X2 ödənilsin. Cavabdeh Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti X1 İdarəsindən dövlət nəfinə 130,90 (yüz otuz manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlk edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-38/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-38/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver