Məhkəmə qərarları › İş №e-2-2(119)-404/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-404/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-404/2020 09.06.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, podrat müqavilələrinə əsasən görülmüş tikinti işlərinə görə ödənişin gecikdirilməsi səbəbindən əlavə dəyər vergisinə görə hesablanmış 22895,16 manat məbləğində pulun, “işə götürənlər - muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə faiz kimi İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş 1306,02 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən “podrat müqavilələrinə əsasən görülmüş tikinti işlərinə görə ödənişin gecikdirilməsi səbəbindən əlavə dəyər vergisinə görə hesablanmış 22895,16 manat məbləğində pulun, “işə götürənlər - muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə faiz kimi İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş 1306,02 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını” xahiş etsə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə dövlət rüsumu kimi yalnız 10 (on) manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən xx xxxxxxxx 2019cu il tarixli ********* №-li mədaxil qəbzini daxil etmişdir. Lakin iddia ərizəsinə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əlaqədar xx xxxxxxxx 2019-cu il tarixli qəbz əlavə edilmiş olsa da, həmin qəbzdə qeyd olunan məbləğ “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə dövlət rüsümu kimi daxil edilməmişdir. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 20 manatı müvafiq qaydada ödənilməmişdir. Bununla da, iddiaçı tərəfindən dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini lazımi qaydada yerinə yetirməyərək, həmin iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsana yol vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar