Məhkəmə qərarları › İş №e-2-2(119)-417/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-417/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-417/2023 07.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN **********) 14 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilən 93,10 (doxsan üç manat 10 qəpik) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 4300 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilən 93,1 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, Cavabdeh yaxın dostu vasitəsilə təxminən 2009-cu ildən tanıyır. Cavabdeh özünün dediyinə görə, son vaxtlar stomatoloji avadanlıqların xaricdən sifarişlə gətirib, ölkə ərazisində satışı ilə məşğul olurdu. 2019-cu ilin dekabr ayının axırlarında Cənnət ilə Sumqayıt şəhərinin 2-ci məhəllə ərazisində görüşüb söhbət edən zaman Cənnət işlərinin yaxşı getmədiyini deyərək, ondan stomatoloji avadanlıqların xaricdən gətirilməsi üçün borc pul istəmiş və bildirmişdir ki, gətirdiyi malları on gün ərzində satıb almış olduğu pulu artıqlaması ilə qaytaracaqdır. Bu məqsədlə Cənnət ondan 5000 ABŞ dolları məbləğində pul istəmiş və razılaşmaları da belə olmuşdur ki, on gün ərzində ondan aldığı 5000 ABŞ dolları borc pulu geri qaytaracaq, həmçinin əlavə olaraq ona 2500 ABŞ dolları məbləğində pul verəcəkdir. O, Cənnətin bu təklifini qəbul etmiş və dostundan da pul alaraq, 2020-ci ilin yanvar ayının 10-da tanışı Əli adlı şəxsə Sumqayıt şəhərinin 29-cu məhəllə ərazisində 5000 ABŞ dolları məbləğində pulu vermişdir ki, sonuncu həmin pulu Cənnətə çatdırsın. Əli ondan aldığı həmin məbləğdə pulu Türkiyədə olan Cənnətə çatdırmışdır. O, həmin vaxt Cənnətlə telefon əlaqəsi saxlamış və Cənnət Türkiyədə olduğunu, Əlidən 5000 ABŞ dolları məbləğində pulu götürdüyünü və qayıdandan sonra pulu razılaşdıqları vaxtda qaytaracağını bildirmişdir. Daha 10 gün sonra Cənnətlə əlaqə saxlayaraq pulunu istəsə də, Cənnət müxtəlif bəhanələr gətirərək, borcunu qısa müddətdə verəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayının ortalarında Cənnət yenidən ondan 5000 ABŞ dolları pul göndərməsini istəsə də, o, bu dəfə Cənnətə pul verməmişdir. 2020-ci ilin mart ayında Cənnət Azərbaycana qayıtmış və o, Cənnətlə söhbət edən zaman Cənnət bildirmişdir ki, Həci adlı şəriki Türkiyədən göndərdiyi malları sataraq pulları ələ keçirmiş və bu səbəbdən də ondan borc aldığı 5000 ABŞ dolları məbləğində pulu və əlavə ödəməli olduğu 2500 ABŞ dolları məbləğində pulu ödəyə bilmir. Lakin Cənnət söz vermişdir ki, aldığı pulu tezliklə ödəyəcəkdir. Bundan sonra müxtəlif vaxtlarda, o, pulun qaytarılması ilə bağlı Cənnətlə telefon əlaqələri yaratmış, Cənnət isə pulu olmadığını bəhanə gətirmiş, pulu olan kimi qaytaracağını bildirmişdir. Daha sonra o, məcbur olub Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş və Cənnətin müxtəlif bəhanələrlə pulu qaytarmadığını görüb, sonuncunun vəd etdiyi 2500 ABŞ dolları qazancdan imtina edərək, yalnız əsas borcunun, yəni 5000 ABŞ dollarının qaytarılmasını tələb etməyə başlamışdır. İstintaq araşdırması zamanı Sumqayıt şəhərində “Nanə Pizza” adlanan kafedə Cavabdeh tanışı Nurəli adlı şəxsin və ümumi dost olan Məmməd Rüstəmovun yanında ona verməli olduğu puldan cəmi 700 ABŞ dolları məbləğində pulu qaytarmış və bildirmişdir ki, qalan borcunu da tezliklə qaytaracaqdır. Daha sonra dəfələrlə, onunla əlaqə saxlanılsa da, Cənnət borclu qaldığı 4300 ABŞ dolları məbləği qaytarmamışdır. İstintaq araşdırması zamanı cavabdehin iddiaçıdan 5000 ABŞ dolları məbləğində pul alması özünün ifadəsi və digər şahidlərin ifadələri ilə təsdiqini tapmışdır. Həmçinin, Cənnətlə telefon danışıqları zamanı borcunun olmasını və imkanı olan kimi qaytarması halları da mövcuddur. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 24 dekabr 2020-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” barədə qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmiş və mübahisənin mülki xarakter daşıması göstərilərək, ona aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. O, həmin qərardan məhkəməyə şikayət versə də, şikayəti təmin olunmamış və “cinayət işinin icraatına xitam verilməsi” barədə qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarında da ona mülki qaydada məhkəməyə müraciət etməli olması izah olunmuşdur. Buna görə də, o, 15 noyabr 2022-ci il tarixdə bu mübahisə üzrə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, 09 dekabr 2022-ci il tarixdə isə mediasiya üçün müraciət etmişdir. Lakin, mediasiya vasitəsi ilə və eləcə də məhkəmədənkənar görülən bütün tədbirlərlə bu mübahisənin həlli mümkün olmamış və Cənnət borcunu qaytarmamışdır. Buna görə də, o, məcbur olub mediasiya xərcini və dövlət rüsumunu ödəyərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) stomatoloji alətlərin və ləvazimatlarının alqı-satqısında iştirak etmək və əlavə gəlir əldə etmək məqsədi ilə 2020-ci ilin yanvar ayında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) 5000 (beş min) ABŞ dolları məbləğində pul vermiş olsa da, sonuncu tərəfindən həmin 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaiti qaytarılmamış və eyni zamanda, əlavə gəlir kimi vəd olunan 2500 ABŞ dolları məbləğində pul da ödənməmişdir (onların arasında baş tutmuş mahiyyətcə kommersiya xarakterli bu əməkdaşlıq üzrə hər hansı bir müqavilə bağlanmayaraq, müvafiq rəsmi sənədlər tərtib olunmamış və tərəflərin bu fəaliyyəti şifahi razılaşma əsasında həyata keçirilmişdir). Ona görə də, İddiaçı aldadılaraq pulunun ələ keçirilməsi ilə əlaqədar şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etsə də, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 24 dekabr 2020-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” barədə qərarla gəlir əldə etmək məqsədi ilə aralarında baş tutan sövdələşmə əsasında İddiaçı tərəfindən Cavabdeh 5000 ABŞ dolları məbləğində pul verildiyi qənaətinə gəlinərək, ibtidai araşdırma orqanı tərəfindən Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin icraatına xitam verilmiş və mübahisənin mülki xarakter daşıması qeyd edilməklə, şikayətçi İddiaçı mülki icraat qaydasında aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh isə almış olduğu 5000 ABŞ dolları məbləğində puldan cəmi 700 ABŞ dolları məbləğində pulu İddiaçı ödəmiş olsa da, qalan 4300 ABŞ dolları məbləğində pul vəsaitini ödəməmişdir. Bundan sonra isə İddiaçı 14 mart 2022-ci ildə Cavabdeh qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(060)-2454/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və 06 sentyabr 2022-ci ildə həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Lakin, iddiaçı tərəfin bu işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə razı olmaması səbəbindən Sumqayıt Kommersiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2-2(119)-1654/2022 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün həmin iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının qarşıq tərkibinin 23 sentyabr 2022-ci il tarixli 2-2(102)-678/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kommersiya işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2-2(119)-1654/2022 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 və 259.0.13-cü maddələrinin tələblərinə uyğun olaraq həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra isə tərəflər arasında yaranmış mübahisənin həlli və 4300 ABŞ dolları məbləğində pulun qaytarılması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 50 (əlli) manat məbləğində xidmət haqqı və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) stomatoloji alətlərin və ləvazimatlarının alqı-satqısında iştirak etmək və əlavə gəlir əldə etmək məqsədi ilə 2020-ci ilin yanvar ayında 5000 (beş min) ABŞ dolları məbləğində pul vermiş olsa da, bununla bağlı tərəflər arasında hər hansı bir müqavilə, o cümlədən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsi ilə müəyyən edilmiş formada və qaydada borc müqaviləsi bağlanmamışdır. Bununla belə, məhkəmə araşdırması zamanı əlavə gəlir əldə etmək məqsədi ilə kommersiya xarakterli sövdələşmə əsasında İddiaçı tərəfindən Cavabdeh 5000 ABŞ dolları məbləğində pul verməsi və sonuncu tərəfindən həmin pulun 700 ABŞ dolları hissəsi qaytarılmış olsa da, qalan 4300 ABŞ dolları hissəsinin qaytarılmaması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında baş tutmuş yuxarıda qeyd olunan kommersiya xarakterli münasibətlər üzrə cəmi 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılmalı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbi “iddia ərizəsinin verilməsi üçün ödənilən 93,1 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi” hissəsində qismən əsaslıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən “93,1 manat məbləğində” deyil, mediatora 50 (əlli) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 4300 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. Eyni zamanda, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar İddiaçı tərəfindən mediatora ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 93,1 (doxsan üç manat 10 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 63,1 (altmış üç manat 10 qəpik) manat (93,10 – 30 = 63,10) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqının əvəzi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun qalığı kimi 63,1 (altmış üç manat 10 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar