Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-419/2025 23.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 49543,53 (qırx doqquz min beş yüz qırx üç manat əlli üç qəpik) manat məbləğində borcun, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 206,43 (iki yüz altı manat qırx üç qəpik) manat məbləğində əldən çıxmış faydanın, 239,25 (iki yüz otuz doqquz manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar kimi Cavabdeh arasında gücləndirilmiş rəqəmsal imza ilə təsdiqlənməklə bağlanmış xx.xx.2024-cü il tarixli CB**********353 nömrəli “Fərdi sahibkar fiziki şəxslərə məsafədən bank hesablarının açılması və xidmət göstərilməsi üzrə” müqaviləyə əsasən sonuncuya məsafədən cari hesab açılmışdır. Daha sonra tərəflər arasında yenə gücləndirilmiş rəqəmsal imza ilə təsdiqlənməklə bağlanmış xx.xx.2024-cü il tarixli CB- **********722 nömrəli “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən cari hesabdan nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün fərdi sahibkar Cavabdeh ödəniş kartı verilmişdir. Həmin müqavilənin 1.1.4-cü bəndinə əsasən texniki overdraft dedikdə müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartı vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.3.6-cı bəndinə əsasən kart hesabından istifadə nəticəsində banka dəyən zərəri, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini banka ödəmək; 3.3.7-ci bəndinə əsasən texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində banka ödəmək barədə müştəri öhdəlik götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdə ******************** saylı kart hesabında 1206,47 manat vəsait olmağına baxmayaraq 6090 manat, 30450 manat, 4060 manat və 10150 manat məbləğlərində əməliyyatlar, yəni kart hesabı qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına 49543,53 manat məbləğində əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilən vəsaitin geri qaytarılmasına dair iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi, müvafiq icra hakimiyyəti orqanının onlayn kargüzarlıq sistemi və poçt xidməti vasitəsi ilə xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait onun tərəfindən banka ödənilməmişdir. xx.xx.2024-cü il tarixə cavabdeh tərəfindən banka 49543,53 manat əsassız varlanma nəticəsində əldə edilən vəsait, 206,43 manat isə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda qaytarılmalıdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 11 fevral 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 39743,53 (otuz doqquz min yeddi yüz qırx üç manat əlli üç qəpik) manat məbləğində borcun, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 693,65 (altı yüz doxsan üç manat altmış beş qəpik) manat məbləğində əldən çıxmış faydanın, 239,25 (iki yüz otuz doqquz manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, cavabdehin texniki overdraftı 17 oktyabr 2024-cü il tarixdən başlamışdır. Lakin sistem bunu 22 oktyabr 2024-cü il tarixdə təsdiq etmiş, həmin tarixin üzərinə 22 iş günü gəldikdə 49543,53 manat borcun banka ödənilməsinin son günü 25 noyabr 2024-cü ildir və maliyyə arayışının tərtib olunduğu 10 fevral 2025-ci il tarixinə qədər 77 gecikmə günü yaranır. Cavadeh müxtəlif tarixlərdə ödənişlər etdiyi üçün 39743,53 manat borc üzərindən illik 5 faiz hesablanmış və əldən çıxmış fayda 418 manat müəyyən olunmuşdur. O, bank tərəfindən cavabdehə güzəşt olunduğunu vurğulamış, məhkəmədən iddiaçının xeyrinə 39743,53 manat məbləğində borcun, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 400 manat məbləğində əldən çıxmış faydanın, 239,25 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 23 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. 08 aprel 2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini əsas borcla bağlı hissədə qəbul etdiyini, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 693,65 manat əldən çıxmış fayda ilə razı olmadığını bildirmişdir. O, 15 sentyabr 2024-cü il tarixdə banka müraciət edərək asan nağdlaşdırma həyata keçirə bilməsi üçün kartı sifariş etdiyini, həmin kartın ona 22 oktyabr 2024-cü il tarixdə verildiyini, buna görə hesabında olan pul vəsaitindən istifadə edə bilmədiyini və ona zərər dəydiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin azaldılması barədə” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2024-cü il tarixli CB-**********353 nömrəli “Fərdi sahibkar fiziki şəxslərə məsafədən bank hesablarının açılması və xidmət göstərilməsi üzrə” müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti bank tərəfindən müştərinin adına milli və/və ya xarici valyutalarda məsafədən cari hesab(lar)ın açılmasından, qanunvericilikdə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla hesaba daxil olan pul vəsaitinin mədaxil edilməsindən, açılmış hesabdan müvafiq məbləğlərin köçürülməsinə, verilməsinə və hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarının yerinə yetirilməsindən ibarətdir. Müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2024-cü il tarixli CB-**********722 nömrəli “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti bank tərəfindən müştərinin adına ödəniş kartı vasitəsilə hesablaşmaların aparılması üçün kart hesabının açılmasından, ödəniş kartının dövriyyəyə buraxılmasından və ödəniş kartından istifadə etməklə kart hesabı üzrə əməliyyatların aparılması ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. Müştəri ödəniş kartı vasitəsi ilə aparılmış əməliyyatlara, eləcə də ödəniş kartından istifadəyə görə xidmət haqlarını banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.4-cü bəndinə əsasən “texniki overdraft” dedikdə müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartı vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.3.5-ci bəndinə əsasən ödəniş kartı üzrə əməliyyatları, müvafiq əməliyyata görə bank komissiyalarını da nəzərə almaqla kart hesabındakı pul vəsaitləri həddində həyata keçirmək müştərinin öhdəliyidir. Müştəriyə kart hesabı üzrə overdraft təqdim edilmir. Həmin müqavilənin 3.3.6-cı bəndinə əsasən kart hesabından istifadə nəticəsində banka dəyən zərəri, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini banka ödəmək müştərinin öhdəliyidir. Həmin müqavilənin 3.3.7-ci bəndinə əsasən texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində banka ödəmək müştərinin öhdəliyidir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 17 oktyabr 2024-cü il tarixdə ******************** saylı kart hesabında 1206,47 manat olmuş və o, həmin gün 6090 manat, 30450 manat, 4060 manat və 10150 manat məbləğlərində texniki overdraft əməliyyatları aparmışdır. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışa əsasən Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 39743,53 (otuz doqquz min yeddi yüz qırx üç manat əlli üç qəpik) manat məbləğində əsassız varlanma nəticəsində əldə edilmiş borcu və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 693,65 (altı yüz doxsan üç manat altmış beş qəpik) manat pul borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2024-cü il tarixli CB-**********722 nömrəli “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitlərinin əldə edilməsi üçün ödəniş kartı verilmişdir. Cavabdeh kart hesabı üzrə overdraft təqdim edilməməsinə baxmayaraq o, 17 oktyabr 2024-cü il tarixdə hesabında 1206,47 manat olduğu halda 6090 manat, 30450 manat, 4060 manat və 10150 manat məbləğlərində texniki overdraft əməliyyatları aparmışdır. Cavabdeh xx.xx.2024xx.xx.2025-ci il tarixlərdə həmin məbləğdən 9800 manat ödəniş etmiş və onun 39743,53 manat borcu qalmışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 39743,53 (otuz doqquz min yeddi yüz qırx üç manat əlli üç qəpik) manat məbləğində borcun tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 693,65 (altı yüz doxsan üç manat altmış beş qəpik) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, iddiaçının nümayəndəsinin məhkəmə baxış iclasında verdiyi izahat mötəbər sübut kimi əsas götürülərək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 400 (dörd yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddianın “239,25 (iki yüz otuz doqquz manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 210,43 (iki yüz on manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi “0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının da cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 39743,53 (otuz doqquz min yeddi yüz qırx üç manat əlli üç qəpik) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 400 (dörd yüz) manat məbləğində pul, 210,43 (iki yüz on manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 40354,36 (qırx min üç yüz əlli dörd manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 39743,53 (otuz doqquz min yeddi yüz qırx üç manat əlli üç qəpik) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 400 (dörd yüz) manat məbləğində pul, 210,43 (iki yüz on manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 40354,36 (qırx min üç yüz əlli dörd manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-419/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-419/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver