Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-420/2022 25.05.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Səmədov Ruzi Emin oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 05 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında 09 sentyabr 2019cu il tarixində bağlanmış “Ofis icarəsinə dair” müqaviləyə əsasən cavabdehdən ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat məbləğində ödənilməmiş icarə haqqı borcunun və 60 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 09 sentyabr 2019-cu il tarixli “Ofis icarəsinə dair” müqavilə bağlanmış və həmin Müqavilə həmin tarixdən qüvvəyə minmişdir. Müqaviləyə əsasən İddiaçı MMC (“İcarəyə verən”) ünvan 1 ünvanında yerləşən “Caspian Plaza”da müqaviləyə Əlavə 1-də göstərilmiş ofis sahəsini müəyyən olunmuş icarə haqqı qarşılığında Cavabdeh (“İcarəçi”) icarəyə vermişdir. İcarə müqaviləsinin 4.2-ci bəndinin “a” yarımbəndinə əsasən, İcarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci bəndinə əsasən, İcarəyə verən binanın 3-cü mərtəbəsində yerləşən 43 kv.m. Sahəni İcarəçiyə icarəyə vermişdir. Əlavə 1-in 2.1-ci bəndinə əsasən, İcarəçi 09 sentyabr 2019-cu il tarixdən 09 sentyabr 2020-ci il tarixinədək 500 AZN+18% ƏDV olan aylıq icarə haqqını (aylıq 590 manat) ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş 1 (bir) aydan bir olmaq şərti ilə hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməli idi. Müqavilənin 3.1-ci bəndinin “f” yarımbəndinə əsasən, İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə, İcarəçiyə binanın istifadəsində Texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri olmuşdur və müqavilə üzrə cavabdehə 25 sentyabr 2019-cu il tarixdən hər ay üçün elektron qaimələr göndərilmişdir. Hal-hazırda cavabdehin 2020-ci ilin aprel, may, iyun, iyul ayları və avqust ayı üçün icarə haqqı borcu vardır. Həmin Müqavilə üzrə hesab kartından göründüyü kimi Cavabdeh 2020-ci ilin Aprel ayı üçün 90 (doxsan) manat ƏDV borcu, May, İyun, İyul və Avqust ayları üçün isə 500 manat x 4 ay = 2000 (iki min) manat əsas icarə haqqı borcu və 4 ay x 90 manat = 360 (üç yüz altmış) manat ƏDV borcu olmaqla, ödənilməmiş cəmi 90 manat + 2000 manat + 360 manat = 2450 (iki min dörd yüz əlli) manat icarə haqqı borcu mövcuddur. Bu borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da, heç bir nəticəsi olmamış və borc ödənməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh “Mediasiya prosesin tətbiqi barədə” Təklif də göndərilmişdir. Lakin, cavabdeh tərəfindən həmin Təklif 10 gün ərzində qəbul edilmədiyindən, iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. Mediator tərəfindən cavabdehin “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 07 dekabr 2021-ci il tarixli Arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Eyni zamanda, 13 yanvar 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron qaydada Pretenziya məktubu da göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin, bu günə kimi Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh ƏDV daxil ümumilikdə 2450 manat məbləğində icarə haqqı borcunun və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqının İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Vəkil suallara cavab olaraq bildirdi ki, tərəflər arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinin müddəti 09 sentyabr 2020-ci ildə bitmiş və tərəflər arasında icarə münasibətlərinə xitam verilmişdir. İddiaçının tələb etdiyi icarə haqqı borcu 2020-ci ilin aprel-avqust aylarını əhatə edir. Cavabdeh məhkəmədən kənar aparılan danışıqlarda iddiaçıya həmin borcu aylıq 100 manat ödəməklə ödəməyi təklif etmiş olsa da, iddiaçı buna razı olmamışdır. Məlum icarə obyektinin yerləşdiyi “Caspian Plaza” pandemiya dövrü ilə əlaqədar qapanmalar dövründə də işləmişdir. Məhkəməyə təqdim olunmuş “Hesab kartı” adlı sənəd ödənişləri və borcu göstərir. İcarə müqaviləsi üzrə cavabdehə 11 ədəd elektron qaimə göndərilmişdir. Cavabdeh tərəfindən təsdiqlənmiş həmin Qaimələr üzrə Aprel ayı üçün 90 manat ƏDV və May, İyun, İyul və Avqust ayları üçün isə hər aya görə ƏDV daxil 590 manat icarə haqqı ödənməmişdir. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirirək, İddiaçı MMC tərəfindən ona qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə 09 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC-dən “Caspian Plaza”da yerləşən 43 kv.m. ofis sahəsini bir il müddətinə icarəyə götürmüşdür və o, icarə obyektinə görə hər ay üçün ƏDV daxil cəmi 590 manat məbləğində icarə haqqı ödəməli idi. Onun sahibkarlıq fəaliyyəti xaricdə təhsillə bağlı olmuşdur və icarə haqqını vaxtlıvaxtında ödəmişdir. Lakin, 2020-ci ilin aprel ayından pandemiya vəziyyəti başlandığı üçün icarəyə götürmüş olduğu ofis sahəsindən istifadə edə bilməmişdir. Buna görə də, 2020-ci ilin aprel ayı üçün 500 manat icarə haqqını ödəsə də, ƏDV məbləği olan 90 manatı və sonrakı aylar üzrə isə ümumiyyətlə icarə haqqını ödəməmişdir. Bununla belə o, icarə münasibətlərinə davam etdirilməsi məqsədi ilə məhkəmədən kənar olaraq iddiaçıya yığılmış icarə borcunu hər ay 100 manat olmaqla ödəmək istəməsi barədə təklif vermişdir. Lakin, iddiaçı buna razı olmamış və borcun ödənilməsini bir dəfəyə tam məbləğdə tələb edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İcarə müqaviləsinin 10-cu bəndinə əsasən isə “fors-major” hallarda tərəflər öz öhdəliklərini yerinə yetirmirsə, buna görə məsuliyyət daşımırlar. Pandemiya vəziyyəti də “fors-major” kimi qəbul edilməli və o, ödəmədiyi icarə haqqı borclarının ödənilməsindən azad edilməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İcarəyə verən İddiaçı ilə İcarəçi – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli “Ofis icarəsinə dair” Müqavilə əsasında və həmin Müqavilə üzrə həmin tərəflər arasında imzalanmış 1 saylı Əlavəyə əsasən ünvan 2 ünvanında yerləşən “Caspian Plaza”nın 3-cü mərtəbəsində yerləşən 43 kvadratmetr sahə 09 sentyabr 2019-cu il tarixindən 12 (on iki) ay müddətinə aylıq cəmi 590 (beş yüz doxsan) (500 manat icarə haqqı + 90 manat ƏDV) manat icarə haqqı olmaqla, İcarəyə verən İddiaçı tərəfindən İcarəçi Cavabdeh icarəyə verilmişdir və həmin Müqavilənin 1 saylı Əlavəsinin 2.1-ci bəndinə əsasən, ödəniş 1 (bir) aydan bir olmaq şərti ilə hesab-faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nəğd və ya köçürmə yolu ilə ödənilməlidir. İş materiallarında olan “01 yanvar 2016-cı ildən 27 yanvar 2022-ci il tarixədək dövr üçün olan Qaimələrin axtarışından” 27 yanvar 2022-ci il tarixli Çıxarışla, tərəflərin izahatları, iddia ərizəsinin məzmunu və iş materiallarında olan digər sənədlərlə müəyyən olunur ki, icarəçi Cavabdeh 09 sentyabr 2019-cu il tarixli Müqavilə üzrə ödəməli olduğu aylıq 590 manat icarə haqqı borcu ilə əlaqədar 25 aprel 2020-ci il tarixli EBAJ 149769 nömrəli, 12 may 2020-ci il tarixli EBAJ 802480 nömrəli, 16 iyun 2020-ci il tarixli EBAL 486918 nömrəli və 14 iyul 2020-ci il tarixli EBAM 354423 nömrəli elektron qaimələr təqdim olunmuş olsa da, 2020-ci ilin avqust ayı üçün elektron qaimə təqdim olunmamışdır. Lakin, 09 sentyabr 2020-ci ildə müddəti bitmiş olan İcarə Müqaviləsi ilə əlaqədar təqdim olunmuş 25 aprel 2020-ci il tarixli EBAJ 149769 nömrəli elektron qaimə üzrə 500 manat icarə haqqı ödənilmiş olsa da, həmin Qaimədə aprel ayına görə nəzərdə tutulan 90 manat ƏDV ödənilməmişdir. Eyni zamanda, 12 may 2020-ci il tarixli EBAJ 802480 nömrəli, 16 iyun 2020-ci il tarixli EBAL 486918 nömrəli və 14 iyul 2020-ci il tarixli EBAM 354423 nömrəli elektron qaimələr əsasında hər bir qaimə üzrə ƏDV daxil hər ay üçün ayrı-ayrılıqda nəzərdə tutulan 590 manat məbləğində icarə haqqı borcu ödənməmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2020-ci ilin avqust ayı üçün İcarəyə verən tərəfindən elektron qaimə verilməsə də, faktiki olaraq məlum İcarə Müqaviləsinin qüvvədə olduğu həmin aya görə də 500 manat məbləğində icarə haqqı ödənməmişdir. Lakin, elektron qaimə vermədiyinə görə icarəyə verən (iddiaçı) tərəfindən 2020-ci ilin avqust ayına görə ƏDV hesablanmamış və müvafiq qaydada ödənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış və 09 sentyabr 2020-ci il tarixinədək qüvvədə olan 09 sentyabr 2019-cu il tarixli “Ofis icarəsinə dair” Müqavilə üzrə hər ay ödənilməli olan icarə haqqı məbləğlərinə görə İcarəçinin (cavabdehin) 2020-ci ilin aprel ayı üçün 90 manat məbləğində ƏDV pulunun əvəzi, 2020-ci ilin may ayı üçün 590 manat, iyun ayı üçün 590 manat, iyul ayı üçün 590 manat və avqust ayı üçün 500 manat ödənilməmiş borcu qalmışdır. Çünki, 09 sentyabr 2020-ci il tarixinədək icarəyə verilmiş ofis sahəsinin icarəsi ilə əlaqədar icarəçi Cavabdeh 2020-ci ilin Avqust ayı üçün müvafiq qaydada elektron qaimənin təqdim edilməsi iş materialları ilə sübuta yetirilməmişdir. Yəni, 2020-ci ilin Avqust ayı üçün təqdim olunmuş “elektron qaimə” olmadığından, həmin aya görə ödənilməli olan 500 manat icarə haqqı üzrə “X3” (ƏDV) kimi nəzərdə tutulan 90 (doxsan) manat məbləğində pulun əvəzinin tələb olunmasının əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Halbuki, xidmət göstərmiş tərəf xidmətinə görə hesablanmış pul vəsaiti üzrə qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanmış ƏDVni Dövlət Büdcəsinə ödəmiş olduğu halda (qanunvericiliyin tələb etdiyi qaydada “elektronqaimə”lər təqdim etməklə), onun həmin ƏDV məbləğinin əvəzini qarşı tərəfdən (icarəçidən-cavabdehdən) tələb etmək hüququ yaranmış olardı. Yəni, göstərdiyi xidmətə görə xidmət haqqı kimi yaranmış borcunu tələb edən iddiaçı tərəfin (İcarəyə verənin) həmin xidmətlər üzrə yalnız 2020-ci ilin Avqust ayı üçün “elektron-qaimə” təqdim etmədiyinə görə, həmin aya görə də müvafiq qaydada hesablanaraq Dövlət Büdcəsinə ödənilməmiş “90 manat məbləğində ƏDV-nin” əvəzinin hazırkı iddia tələbində cavabdehdən “iddiaçının xeyrinə tutulmasını” tələb etməsi tamamilə əsassızdır. Belə olan halda isə, 2020-ci ilin aprel-may-iyun-iyul-avqust ayları üzrə icarə haqqı üzrə yaranmış borc ümumilikdə 2360 (iki min üç yüz altmış) manat təşkil edəcəkdir (2020-ci ilin aprel ayı üçün 90 manat ƏDV + may ayı üçün 590 manat (ƏDV ilə birlikdə) + iyun ayı üçün 590 manat (ƏDV ilə birlikdə) + iyul ayı üçün 590 manat (ƏDV ilə birlikdə) + avqust ayı üçün 500 manat (ƏDV-siz) = cəmi 2360 manat). İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 09 sentyabr 2019-cu il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş cəmi 2360 manat məbləğində icarə haqqı borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 09 sentyabr 2019-cu il tarixli İcarə müqaviləsi üzrə yaranmış ümumilikdə cəmi 2360 manat məbləğində icarə haqqı borcu İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməli və eyni zamanda, Cavabdeh dövlət nəfinə 43,60 (qırx üç manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 2360 (iki min üç yüz altmış) manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla – cəmi 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 43,60 (qırx üç manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-420/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-420/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver