Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-422/2022 22.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Səmədov Ruzi Emin oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 05 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında 28 fevral 2019-cu il tarixində bağlanmış “Ofis icarəsinə dair” müqaviləyə əsasən cavabdehdən ümumilikdə 2832 (iki min səkkiz yüz otuz iki) manat məbləğində ödənilməmiş icarə haqqı borcunun və 60 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 28 fevral 2019-cu ildə “Ofis icarəsinə dair” müqavilə bağlanmış və müqavilə həmin tarixdən qüvvəyə minmişdir. Müqaviləyə əsasən İddiaçı MMC (bundan sonra “İcarəyə Verən”), ünvan 1 ünvanında yerləşən “Caspian Plaza”da Əlavə 1-də göstərilmiş ofis sahəsini, müvafiq icarə haqqı qarşılığında Cavabdeh MMC-yə (bundan sonra “İcarəçi”) icarəyə vermişdir. İcarə müqaviləsinin 4.2-ci maddəsinin (a) bəndinə əsasən, İcarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-in 1.1-ci madəsinə əsasən İcarəyə verən binanın 8-ci mərtəbəsində yerləşən 60 kv.m. sahəni İcarəçiyə icarəyə vermişdir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, İcarəçi 01 mart 2019-cu il tarixdən 01 mart 2020-ci il tarixinədək 600 manat + 18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Ödəniş 1 (bir) aydan bir olmaq şərti ilə hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 8.2-ci maddəsinə əsasən “Tərəflər”dən biri digərinə İcarə müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış “Müqavilə”nin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. Əks halda “Müqavilə”nin müddəti 1 (bir) il daha uzadılmış hesab edilir. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən, İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri olmuşdur və müqavilə üzrə cavabdehə 07 mart 2019-cu il tarixdən elektron qaimələr göndərilmişdir. Hal-hazırda cavabdehin 2020-ci ilin Mart, Aprel, May və İyun ayları üzrə icarə haqqı borcu mövcuddur. Hazırki icarə müqaviləsi üzrə hesab kartından göründüyü kimi "xxxx" MMC-nin 2020-ci ilin Mart, Aprel, May və İyun ayları olmaqla, 4 ay üzrə ödənilməmiş 600*4=2400 (iki min dörd yüz) manat əsas borc və 108*4=432 (dörd yüz iki) manat ƏDV borcu olmaqla, ödənilməmiş cəmi 2400+432=2832 (iki min səkkiz yüz otuz iki) manat icarə haqqı borcu mövcuddur. Bununla bağlı cavabdehlə dəfələrlə görüşlər, şifahi və telefon danışıqları olsa da, heç bir nəticəsi olmamışdır. Yaranmış mübahisə ilə bağlı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilmişdir. Lakin, cavabdeh tərəfindən həmin Təklif 10 gün ərzində qəbul edilmədiyindən iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 07 dekabr 2021-ci il tarixli Arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda 11 yanvar 2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin, bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmiş və zənglərə də cavab verilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən ƏDV daxil ümumilikdə 2832 manat məbləğində icarə haqqı borcunun və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqının İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Vəkil suallara cavab olaraq bildirdi ki, Cavabdeh MMC icarə obyektindən 01 iyul 2020-ci ilədək istifadə etdikdən sonra, icarə obyektini boşaldaraq getmiş və 2020-ci ilin mart, aprel, may və iyun aylar üzrə aylıq icarə haqlarını ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə icarə haqqının ödənilmədiyi həmin aylardan 2020-ci ilin mart və aprel aylarına görə müvafiq qaydada elektron qaimələr verilmiş olsa da, may və iyun ayları üçün elektron qaimələr verilməmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İcarəyə verən İddiaçı ilə İcarəçi – Cavabdeh (VÖEN **********) arasında bağlanmış 28 fevral 2019-cu il tarixli “Ofis icarəsinə dair” Müqavilə əsasında və həmin Müqavilə üzrə həmin tərəflər arasında imzalanmış 1 saylı Əlavəyə əsasən ünvan 2 ünvanında yerləşən “Caspian Plaza”nın 8-ci mərtəbəsində yerləşən 60 kvadratmetr sahə 28 fevral 2019-cu il tarixindən 12 (on iki) ay müddətinə aylıq cəmi 708 (altı yüz) manat (600 manat icarə haqqı + 108 manat ƏDV) icarə haqqı olmaqla, İcarəyə verən İddiaçı tərəfindən İcarəçi Cavabdehnə icarəyə verilmişdir və həmin Müqavilənin 1 saylı Əlavəsinin 2.1-ci bəndinə əsasən, ödəniş aylıq olaraq hesab-faktura təqdim olunan gündən 10 gün ərzində nəğd və ya köçürmə yolu ilə ödənilməlidir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarə müddəti 01 mart 2019-cu il tarixindən 01 mart 2020-ci il tarixinədək qüvvədədir. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, tərəflərdən biri, digərinə icarə müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış müqavilənin müddətini uzatmaq istəməsi və ya ona xitam verilməsi haqqında yazılı bildiriş verməlidirlər. Əks halda müqavilənin müddəti 1 (bir) il daha uzadılmış hesab olunur. İş materiallarında olan “01 dekabr 2018-ci ildən 27 yanvar 2022-ci il tarixədək dövr üçün olan Qaimələrin axtarışından” 27 yanvar 2022-ci il tarixli Çıxarışla, təqdim olunmuş elelktron qaimələrlə, iddiaçının nümayəndəsinin izahatı, iddia ərizəsinin məzmunu və iş materiallarında olan digər sənədlərlə müəyyən olunur ki, icarəçi Cavabdehnə 28 fevral 2019-cu il tarixli Müqavilə üzrə ödəməli olduğu hər ay üçün nəzərdə tutulan aylıq ƏDV daxil cəmi 708 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar 10 mart 2020-ci il tarixli EBAH 473574 nömrəli və 10 aprel 2020-ci il tarixli EBAİ 625757 nömrəli elektron qaimələr təqdim olunmuş olsa da, 2020-ci ilin may və iyun ayları üçün elektron qaimələr təqdim olunmamışdır. Eyni zamanda, 10 mart 2020-ci il tarixli EBAH 473574 nömrəli və 10 aprel 2020-ci il tarixli EBAİ 625757 nömrəli elektron qaimələr əsasında hər bir qaimə üzrə ƏDV daxil hər ay üçün ayrı-ayrılıqda nəzərdə tutulan 708 manat olmaqla, iki ay üçün ümumilikdə 1416 manat məbləğində icarə haqqı borcu ödənməmişdir. Lakin, 2020-ci ilin may və iyun ayları üçün İcarəçiyə (cavabdehə) elektron qaimələr verilməmiş və eyni zamanda, həmin aylar üçün elektron qaimələr verilmədiyinə görə də İcarəyə verən (iddiaçı) tərəfindən 2020-ci ilin may və iyun aylarına görə ƏDV hesablanmamış və müvafiq qaydada ödənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış və 01 mart 2020-ci il tarixinədək qüvvədə olan 28 fevral 2019-cu il tarixli “Ofis icarəsinə dair” Müqavilə üzrə hər ay ödənilməli olan icarə haqqı məbləğlərinə görə İcarəçinin (cavabdehin) 2020-ci ilin mart ayı üçün 708 manat və aprel ayı üçün 708 manat ödənilməmiş borcu qalmışdır. Çünki, 01 mart 2020-ci il tarixinədək icarəyə verilmiş ofis sahəsinin icarəsi ilə əlaqədar 2020-ci ilin mart və aprel ayları üçün də icarəyə verən İddiaçı MMC tərəfindən müvafiq qaydada elektron qaimələr verilməsinə baxmayaraq, icarəçi Cavabdehnə 2020-ci ilin may və iyun ayları üçün müvafiq qaydada elektron qaimələrin təqdim edilməsi iş materialları ilə sübuta yetirilməmişdir. Yəni, 2020-ci ilin may və iyun ayları üçün təqdim olunmuş “elektron qaimə” olmadığından, həmin ayların hər birinə görə ödənilməli olan 600 manat icarə haqqı və aylıq icarə haqqı üzrə “X3” (ƏDV) kimi nəzərdə tutulan 108 (yüz səkkiz) manat məbləğində pulun əvəzinin tələb olunmasının əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Halbuki, İcarəyə verən tərəf icarə haqqına görə hesablanmış pul vəsaiti üzrə qanunvericiliyin müəyyən etdiyi qaydada “elektron-qaimə”lər təqdim etməklə, həmin elektron qaimədə nəzərdə tutulan icarə haqqının və ƏDV məbləğini qarşı tərəfdən (icarəçidən-cavabdehdən) tələb etmək hüququ yaranmış olardı. Çünki, göstərdiyi xidmətə görə xidmət haqqı kimi yaranmış borcunu tələb edən iddiaçı tərəfin (İcarəyə verənin) həmin xidmətlər üzrə 2020-ci ilin may və iyun ayları üçün elektron qaimələr təqdim etmədiyinə görə, həmin aylara görə icarə haqqının tələb olunmasının əsasslılığı da təsdiq olunmur. Belə olan halda isə, 2020-ci ilin mart-aprel ayları üzrə ödənilməli olan icarə haqqı üzrə yaranmış borc ümumilikdə 1416 (min dörd yüz on altı) manat təşkil edəcəkdir (2020ci ilin mart ayı üçün 708 manat (ƏDV ilə birlikdə) + aprel ayı üçün 708 manat (ƏDV ilə birlikdə)= cəmi 1416 manat). İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdehndən 28 fevral 2019-cu il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş cəmi 1416 manat məbləğində icarə haqqı borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdehndən (VÖEN **********) 28 fevral 2019-cu il tarixli İcarə müqaviləsi üzrə yaranmış ümumilikdə cəmi 1416 manat məbləğində icarə haqqı borcu İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməli və eyni zamanda, Cavabdehndən dövlət nəfinə 34,16 (otuz dörd manat 16 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1416 (min dörd yüz on altı) manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 1476 (min dörd yüz yetmiş altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 34,16 (otuz dörd manat 16 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-422/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-422/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver