Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-498/2025 21.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə və nümayəndəsi Nümayəndə1, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı tərəfindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış obyektinin abonent koduna hesablanmış 39000 (otuz doqquz min) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, Bakı-Sumqayıt avtomobil yolunda yerləşən avtomaşın satış bazarı iddiaçıya məxsusdur. Həmin müəssisəyə su xəttinin çəkilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərkən iddiaçıya müəssisənin 39587,57 manat borcunun olması səbəbindən su xəttinin çəkilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Lakin müəssisədə faktiki olaraq sudan istifadə olunmamışdır. Ona görə də həmin borc əsassız və qanunsuz olaraq hesablanmışdır. İddiaçının nümayəndəsi 03 aprel 2025-ci il tarixdə ərizə ilə müraciət edərək məhkəmədən cavabdeh "xxxx" ASC-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 03 aprel 2025-ci il tarixli iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələblərini nəzərə alaraq həmin ərizə təmin edilmiş və "xxxx" ASC əsl cavabdehlə, yəni “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi 21 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən VİCDAN BİRLİYİ MMC-nin adına hesablanmış 47047,57 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının qanuni təmsilçisi iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, o, "xxxx" MMC adlı müəssisənin adından avtomobil bazarına su çəkmək üçün müraciət etmiş və ona cavab olaraq VİCDAN BİRLİYİ MMC-nin borcunun mövcud olduğu səbəbindən bunun mümkün olmayacağı bildirilmişdir. Araşdırma apardıqdan sonra VİCDAN BİRLİYİ MMC adlı bir müəssisənin mövcud olduğu və həmin müəssisənin onun şirkətinin təsisçilərindən birinin atası olan Sabir adlı şəxsə məxsus olduğu məlum olmuşdur. Cavabdeh tərəfindən həmin müəssisəyə indiyədək əsassız olaraq borc yazılmışdır. Həmin borcla bağlı ona hər hansı qəbz təqdim edilməmişdir. Ərazidə olan avtotəmir kafe, kafe, avtomobil bazarı, çayxana, avtodayanacaq və mağaza kimi obyektlər "xxxx" MMC-yə məxsusdur. Həmin obyektlərdə su xətti yoxdur. Su həmin obyektlərə avtomobillə gətirilir. Buna görə də, həmin obyektlərə su xətti çəkilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, VİCDAN BİRLİYİ MMC-nin təsisçisi Sabir Tanrıverdiyev 2015-ci ildə vəfat etmişdir. Hazırda "xxxx" MMC avtomobil bazarına suyun çəkilməsində maraqlıdır. Lakin “VİCDAN BİRLİYİ MMC-yə borc hesablandığından bu mümkün deyildir. Bu borcun silinməsi ilə bağlı müraciət etmək üçün subyektiv hüquq yaranmalı olduğuna görə X1 Tanrıverdiyev MMC-ni vərəsəlik qaydasında qəbul etmişdir. X2 varisləri "xxxx" MMC-nin sahibləridir. "xxxx" MMC hazırda iddiaçının vərəsəsi qismində çıxış edir. Cavabdehin nümayəndəsi izahatında əraziyə baxış keçirilməsinə şərait yaradılmadığını bildirmişdir, lakin maşın bazarı hər gün açıq olur, xüsusilə də, həftəsonları giriş sərbəst olur. Həmçinin VİCDAN BİRLİYİ MMC-nin borcu ilə əlaqədar maşın bazarının yerləşdiyi əraziyə getmək düzgün deyildir. Maşın bazarının VİCDAN BİRLİYİ MMC ilə hansısa əlaqəsi yoxdur. Həmçinin VİCDAN BİRLİYİ MMC-yə məxsus əmlak mövcud deyildir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC qismində Sabir Tanrıverdiyevlə "xxxx" ASC arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq da sudan istifadə edildiyinə görə 8 subabonent üçün kod açılmış və xidmətlərdən istifadə edilmişdir. Lakin iddiaçı sayğac quraşdırılmasından imtina etdiyinə görə bu subabonentlərdən yalnız ikisinə 13 iyun 2013-cü il və 18 avqust 2014-cü il tarixlərində sayğac quraşdırılmışdır. Buna baxmayaraq, müvafiq sayğaclardan istifadə edilməmiş, yəni su kartlarına ödəniş həyata keçirilməmişdir. Hazırkı borc sayğacsız abonentlərə münasibətdə hesablanmışdır. İstehlakçı sudan istifadə etmədikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən, su təchizatının dayandırılması ilə bağlı müraciət etməlidir. Əks halda hesablama borunun en kəsiyinə əsasən aparılır. Cavabdeh tərəfindən istehlakçıya suyun verilməsi abonentə müvafiq məzmunda xəbərdarlıq edildikdən sonra dayandırılır. Lakin baxış keçirilməsinə şərait yaradılmırsa və ya xəbərdarlıq məktubunun alınmasından imtina edilirsə, bu halda normativ qaydada hesablama davam etdirilir. xx.xx.2025-ci il tarixə istifadə edilmiş suyun dəyəri 52765,81 manat məbləğində hesablanmış, ümumilikdə də 5718,24 manat məbləğində ödəniş həyata keçirilmişdir. Ödənişlər həm ödəniş terminalları vasitəsilə, həm də idarənin özündə birbaşa olaraq edilə bilər. Ödənişin kim tərəfindən ödənildiyini müəyyən etmək mümkün deyildir. Hazırda 47047,57 manat məbləğində borc mövcuddur. Borc yarandıqdan 1 ay sonra tərəfə hesab-faktura göndərilir, yenə də ödəniş edilmədikdə xəbərdarlıq edilərək suyun verilməsi dayandırılır. Cavabdeh tərəfindən iddiaçıya müvafiq borcun tələb edilməsi ilə bağlı hər hansı xəbərdarlıq məktubu və ya bildiriş göndərilib-göndərilməməsi barədə hər hansı sənəd təqdim edə bilmir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan 19316027 nömrəli abonent haqqında məlumat sənədində "xxxx" FİRMASİnın (abunə kodu:150580) su borcu 28848,92 manat, çirkab borcu 18198,65 manat məbləğində olmaqla, cəmi 47047,57 manat məbləğində borcunun mövcud olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən VİCDAN BİRLİYİ MMC-yə verilmiş 15 aprel 2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışın məzmununda “VİCDAN BİRLİYİ MMC-nin adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025ci il tarixli ********** nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir” qeyd edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışın məzmununda qeyd edilmişdir ki, “X3 - "xxxx" FİRMASİ Sumqayıt şəhəri (kod-150580) 2001-ci il tarixdə Azərsu ASC ilə qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq sudan istifadə etdiyi müddətdə 8 subabonent sayğac quraşdırılmaqdan imtina etmişdir. İki subabonentə isə xx.xx.2013 və xx.xx.2014-cü il tarixlərində smart tipli su sayğac quraşdırılmışdır. Lakin həmin abonentlər sayğac quraşdırılan müddətdən su kartlarına ödəniş etməmişlər. Sayğac quraşdırılmadığı müddətdə boru diametrinə uyğun olaraq xx.xx.2025-ci ilə qədər hesabat aparılmışdır. Sudan istifadə qaydalarını əsas tutaraq müqavilə bağlanan müddətdən xx.xx.2025-ci il tarixə kimi istifadə olunan suyun dəyəri 52765,81 manat, ödəniş 5718,24 manat, qalıq borc isə 47047,57 manat təşkil edir. Abonentin sonuncu ödənişi 31 dekabr 2016-cı il 217,68 manat olmuşdur. Oxuyucu tərəfindən baxış keçirilən zaman qapı bağlı istifadə yoxdur və fəaliyyəti yoxdur aşkarlanmışdır”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən VİCDAN BİRLİYİ MMC-yə ünvanlanmış məktubun məzmununda “2 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. xx.xx.2025-ci il tarixə uçot baza məlumatlarına əsasən bildiririk ki, sizə məxsus 2 saylı Ərazi Vergilər Baş İdarəsinin əhatə etdiyi şəhərə (rayona) daxil olan təsərrüfat subyektiniz (obyektiniz) mövcud deyildir” qeyd edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən 08 oktyabr 2024-cü il tarixində tərtib edilmiş “Müqavilə nömrəsi” adlı qrafada 19959243, “Ad soyad” adlı qrafada “AVTOSERVİS”, “Ünvan” adlı qrafada isə “Sumqayıt, İnşaatçılar qəs, ev-37 A” qeyd edilən 14 sayğaclı abonentin yoxlanılması adlı sənəddə “Obyekt fəaliyyət göstərmir” qeyd edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən 22 yanvar 2025-ci il tarixində tərtib edilmiş “Müqavilə nömrəsi” adlı qrafada 19959190, “Ad soyad” adlı qrafada “VİCDAN F-Sİ ÇAYXANA”, “Ünvan” adlı qrafada isə “Sumqayıt, 18-ci məhəllə, ev-1/N yat” qeyd edilən 14 sayğaclı abonentin yoxlanılması adlı sənəddə “Obyektin yerini müəyyən etmək mümkün olmadı” qeyd edilmişdir. İş materiallarında olan yalnız cavabdehin möhürü ilə təsdiqlənmiş və nümayəndələri tərəfindən imzalanmış 11 aprel 2025-ci il tarixli 150580 nömrəli üzləşmə aktında "xxxx" FİRMASİnın 47047,57 manat məbləğində borcunun olması qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər daxildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək və verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) STKM-in (su təchizatı və kanalizasiya müəssisəsinin) vəzifələrinə aiddir. Həmin Qaydaların 2.1.9.2-ci yarımbəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifəsidir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, istehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 (on) iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. Həmin Qaydaların 8.1.8-ci yarımbəndinə əsasən, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, ilk növbədə müəyyən edildi ki, "xxxx" MMC su xəttinin çəkilməsi və su sayğacının quraşdırılması ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh hazırkı iş üzrə iddiaçı olan VİCDAN BİRLİYİ MMC-nin su istehlakına görə ödənilməmiş borcunun olmasına görə "xxxx" MMC-nin müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin iddiaçı VİCDAN BİRLİYİnin su istehlakına görə ona dair abonent haqqında məlumat sənədində qeyd edilən 47047,57 manat məbləğində borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 aprel 2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən, iddiaçının ölkə ərazisində hər hansı daşınmaz əmlak mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsindən iddiaçıya ünvanlanmış məktubla müəyyən edilir ki, iddiaçının həmin ərazi idarəsinin əhatə etdiyi şəhərə daxil olan təsərrüfat subyekti mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.5-ci və 2.1.6cı yarımbəndlərinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək və verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin (STKM-in) vəzifələrinə aid olsa da, borcun hesablandığı dövrlər ərzində tərtib edilmiş (və ya edilməli olan) belə hesab sənədi cavabdeh tərəfindən iddiaçıya təqdim edilməmiş və ya göndərilməmişdir. Təqdim edildiyi və göndərildiyi halda isə bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Qaydaların 2.1.9.2-ci yarımbəndində təsbit edilmişdir ki, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) STKM-in vəzifəsidir. Qaydaların məhz bu bəndinin tələbindən çıxış edərək cavabdeh hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin 1 (bir) ay müddətində tam ödənilmədiyi halda, suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) vəzifəsinə malik olsa da, bu tələbə riayət edərək belə bir xəbərdarlığı iddiaçıya göndərməli və bu xəbərdarlıqdan sonra da ödəniş edilmədiyi təqdirdə suyun verilməsini dayandırmalı (Qaydaların 8.1.8-ci yarımbəndi) olduğu halda, buna riayət etməmişdir. Tərəflərin izahatları, istinad edilən sənədlər və şərh edilənlərlə müəyyən edilir ki, iddiaçı hazırkı cavabdehin sələfi olan "xxxx" ASC ilə müqavilə bağlamış və ona 150580 nömrəli abonent kodu əsasında 10 subabonent kodu açılmış, bu subabonent kodları üzrə yalnız iki obyekt üzrə iki smart tipli sayğac quraşdırılmışdır. Lakin digər səkkiz subabonent kodu müəyyən edilmiş obyektlərdə sayğac quraşdırılmamış, eyni zamanda faktiki (real) olaraq su istehlak edilməmiş, istehlak edilmiş olsa belə, “Sudan istifadə Qaydaları”na uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrinə daxil olsa da, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesab, həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə yazılı bildiriş iddiaçıya təqdim edilməmiş, o cümlədən su verilmiş olsa belə, ödəniş edilməməsinə baxmayaraq Qaydaların tələblərinə zidd olaraq “suyun təchizatı dayandırılmamış”, cavabdehin izahatında qeyd etdiyi kimi abonent haqqında məlumat sənədində qeyd edilən borc məbləği də “borunun en kəsiyinə uyğun” və ya “normativ qaydada” hesablanmışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, 47047,57 manat məbləğində silinməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, hazırkı iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçının 150580 nömrəli abunə koduna hesablanmış 47047,57 manat məbləğində borc silinməli və cavabdehdən 210 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi tərəfindən İddiaçı 150580 nömrəli abunə koduna hesablanmış 47047,57 (qırx yeddi min qırx yeddi manat, əlli yeddi qəpik) manat məbləğində borc silinsin və 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-498/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-498/2025
21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver