Məhkəmə qərarları › İş №e-2-2(119)-506/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-506/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-506/2022 26.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh Mənzil-Tikinti Kooperativinin qanuni təmsilçisi Qanuni nümayəndə Qulu qızının və cavabdehin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 18 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31000 (otuz bir min) manat əsas vəsait və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat olmaqla, ümumilikdə 31200 (otuz bir min iki yüz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** VÖEN ilə 31 may 2012-ci ildə qeydiyyata alınmaqla, Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyətlə məşğul olur və onun əsas fəaliyyəti üzvlərinin və payçılarının mənzil təminatının yaxşılaşdırılmasından ibarətdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi ********** VÖEN ilə 10 fevral 2006-cı ildə qeydiyyata alınmaqla, Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyətlə məşğul olur və onun əsas fəaliyyəti üzvlərinin və payçılarının mənzil təminatının yaxşılaşdırılmasından ibarətdir. "xxxx" MTK ilə "xxxx" MTK-nın rəhbərliyi (təsisçilər də daxil olmaqla) belə razılığa gəlmişlər ki, hər iki MTK tərəfindən Xırdalan şəhərinin H.Əliyev prospektində inşa edilmiş yaşayış binasının elektrik təchizatını təmin etmək məqsədilə tikiləcək yarımstansiyasını birlikdə inşa etməklə, birgə maliyyələşdirsinlər. İlkin şifahi razılıq əsasında verilmiş texniki şərtə uyğun olaraq iddiaçı "xxxx" MTK tərəfindən və onun vəsaiti hesabına hər iki hüquqi şəxs tərəfindən inşa edilmiş yaşayış binasını elektrik enerjisi ilə təmin edəcək yarımstansiya inşa edilmişdir. Tərəflər arasında baş tutumuş şifahi razılaşma daha sonra rəsmiləşdirilmiş və müvafiq olaraq 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmışdır. Həmin Sazişə görə "xxxx" MTK 1 (bir) sot torpaq sahəsində inşa etdiyi ümumi smeta dəyəri 126000 (yüz iyirmi altı min) manat olan yarımstansiyadan cavabdehlə ortaq istifadə üçün razılıq verir və bunun əvəzində "xxxx" MTK smeta dəyərinin yarısını, yəni 63000 manat pulu ödəyir. Razılaşmanın şərtlərinə uyğun olaraq "xxxx" MTK tərəfindən həmin məbləğin müvafiq olaraq 16 noyabr 2019-cu il tarixdə 12000 manatı, 14 oktyabr 2019-cu il tarixdə 20000 manatı ödənilmiş, yerdə qalan məbləğ isə (63000 – 32000 (12000+20000) = 31000) ödənilməmişdir. "xxxx" MTK rəhbərliyi onun vəsaiti hesabına iki yaşayış binası üçün inşa edilmiş yarımstansiyaya çəkilmiş xərcin tərəflər arasında olan Razılaşmaya uyğun qarşı tərəfə aid hissəsinin tam ödənilməsini tələb etsə də, qarşı tərəf müxtəlif bəhanələr gətirməklə Razılaşmanın şərtlərini icra etməmişdir. Tərəflər arasında başlanmış mediasiya prosesinin də heç bir nəticəsi olmamış və cavabdeh tərəf prosesdə iştirakdan imtina etmişdir. Bunu nəzərə alaraq iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edir. İddiaçı hesab edir ki, tərəflər arasında imzalanmış Razılaşma şərtlərinə "xxxx" MTK tərəfindən əməl edildiyi, lakin cavabdeh tərəfindən tam əməl edilmədiyi nəzərə alınaraq, Razılaşma üzrə ödənilməli qalıq məbləğ cavabdehdən tutulmalıdır. Bu məbləğin ödənilməməsi iddiaçının hüququnun pozulmasına səbəb olur. Cavabdehlə ilkin danışıqlar və uzun müddət davam edən müzakirələr pozuntunu aradan qaldırmamışdır. Buna görə həmin pul məbləği məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalıdır. "xxxx" MTK və Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binaları Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşməklə, yaxın məsafədə inşa olunmuşdur. "xxxx" MTK tərəfindən 01 may 2018-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət olunaraq, binanın elektrik enerjisi ilə təchiz olunması üçün texniki şərtin verilməsi xahiş edilmişdir. Texniki şərtin verilməsini təmin edən idarənin rəhbəri Qədir müəllim MTK rəhbərliyini qəbul edərkən qonşuluqda yerləşən və Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binası ilə birlikdə istismar edilməsi üçün transformator məntəqəsinin (TM) qurulmasını və hər iki binanın həmin TM-dən elektrik enerjisini qəbul etməsini tövsiyyə etmişdir. MTK rəhbərliyi ilkin olaraq bundan imtina etsə də, daha sonra xərclərin bölünməsi şərtilə layihə razılaşdırılmışdır. Bu razışlamaya bütün xərclər daxil edilmiş və ümumi xərc 126600 manat təşkil etmişdir. İddiaçı MTK tərəfindən 500 metr məsafədən TM-ə qədər olan hissədə asfaltın qazılması və torpaq işləri yerinə yetirilmiş, hər iki MTK-nı təmin edəcək elektrik xətti üçün 8 ədəd olmaqla 2000 metr boru xətti çəkilmiş, qazıntı işləri bitdikdən sonra TM-dən çəkilmiş yeraltı xətt üzrə hər 100 metrdən bir çıxış (“lyuk”) qoyulmuş, TM-nin inşa edilməsi üçün fiziki şəxsə məxsus torpaq sahəsi alınmış, TM-nin quraşdırılması üçün qoruyucu məntəqə inşa edilmiş və digər bütün zəruri işlər görülmüşdür. Daha sonra "xxxx" MTK inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmişdir. Ancaq Cavabdeh MTK TM-in hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və TM-yə qoşulmanı təmin etməmişdir. Bununla bağlı dəfələrlə MTK-nın rəhbərliyinə, təsisçiləri Elxan Dadaşov, Elşad, Ərəstun və digərlərinə məlumat verilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Xeyli müddət sonra dövlət layihəsi olaraq yollarda təmir işlərinin aparılması nəticəsində xətlərdən çıxışlar (“lyuk”lar) bağlanmışdır. "xxxx" MTK-nın bunda heç bir təqsiri yoxdur və buna görə o, məsuliyyət daşımır. Yəni, rəhbərliyinin səhlənkarlığı nəticəsində Cavabdeh MTK-nın binasının TM-ə qoşula bilmədiyinə, yaxud qoşulmaq istəmədiyinə görə iddiaçı "xxxx" MTK məsuliyyət daşımır və bu hal qarşı tərəfin Razılaşma Sazişi üzrə məsuliyyətini aradan qaldırmır. Üstəlik, cavabdeh tərəfindən yalnız 20000 manat pul ödənilmiş, yerdə qalan 12000 manat pul isə təsisçi Şahid2la Cavabdeh MTK-nın təsisçi arasında olan sövdələşməyə əsasən əvəzləşdirilmişdir. Beləliklə, cavabdeh Razılaşma üzrə öhdəliyini icra etmədiyinə görə hazırkı halda maddi məsuliyyət daşıyır və ödənilməmiş pul məbləğini ödəməlidir. Bu, Razılaşmadan və Mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Başqa cür yanaşma iddiaçının hüquqları və qanunla qorunan mənafelərinə zidd olardı. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh Mənzil-Tikinti Kooperativindən 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31000 manat əsas borc və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərc kimi 200 manat məbləğində mediasiyaya ödənilmiş xidmət haqqı olmaqla, ümumilikdə 31200 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün İddiaçı MTK tərəfindən Cavabdeh MTK-ya qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – tərəflər arasında 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmasına və Cavabdeh MTK tərəfindən həmin Razılaşma üzrə İddiaçı MTK-ya 32000 manat məbləğində pul ödənilməsinə baxmayaraq, İddiaçı tərəfindən Sazişdə qeyd olunan yeraltı elektrik xətti üçün nəzərdə tutulan tunel inşa olunarkən yol verilmiş qüsurlara, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülü olması səbəbindən, cavabdehin öz kabelini çəkərək Razılaşma Sazişində nəzərdə tutulan transformator məntəqəsinə qoşula bilməməsi, cavabdehə aid yaşayış binasının həmin xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin oluna bilməməsi və buna görə də, cavabdehin məcbur olub yeni texniki şərt alaraq, əlavə pul xərcləyib yeni xətt çəkməsi və avadanlıq quraşdırması ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh Mənzil-Tikinti Kooperativinin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün İddiaçı MTK tərəfindən Cavabdeh MTK-ya qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, iddiaçı MTK-nın 2018-ci ildə inşa etmiş olduğu transformator məntəqəsinə cavabdeh MTK-nın da qoşulması üçün tərəflər arasında 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmış və Cavabdeh MTK tərəfindən həmin Razılaşma üzrə nəzərdə tutulan 63300 manat məbləğində pulun 32000 manat hissəsi İddiaçı MTK-ya ödənilmişdir. Həmin Sazişə əsasən Cavabdeh MTK iddiaçının inşa etmiş olduğu yeraltı xətt vasitəsi ilə öz kabelini çəkərək, iddiaçının inşa etmiş olduğu transformator məntəqəsinə qoşulmalı idi. Lakin, İddiaçı MTK tərəfindən Sazişdə qeyd olunan elektrik xətti üçün nəzərdə tutulan yeraltı tunel inşa olunarkən yol verilmiş qüsurlara, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülü olması səbəbindən, cavabdeh öz kabelini çəkərək Razılaşma Sazişində nəzərdə tutulan transformator məntəqəsinə qoşula bilməmişdir. Həmin xəttə qoşulmaq üçün cavabdeh əlindən gələn bütün imkanlardan istifadə etmiş, iddiaçı MTK-ya, Avtomobil X1, İcra Hakimiyyətinə və s. qurumlara müraciət etmişdir. Yol İdarəsinin əməkdaşları tərəfindən yolun asfalt hissəsinin aparatla yoxlanılmasına və digər bütün imkanlardan istifadə edilməsinə baxmayaraq, qapaqları olmaması səbəbindən asfaltın altında qalmış quyuları (“lyuk”ları) tapmaq mümkün olmamışdır. “Lyuk”lar yolun “çertyoj xəritəsində” də görünməmişdir. X3 Agentliyinin əməkdaşları bildirmişlər ki, əgər “lyuk”ların üzərində dəmir qapaq olsaydı, yəni quyulara dəmir qapaqlar qoyulsaydı, asfaltla örtülü olmasına baxmayaraq aparat vasitəsilə “lyuk”ları tapmaq olardı. Cavabdeh tərəfin marağında olmuşdur ki, 32000 manat pul ödəmiş olduğu Saziş üzrə binaya elektrik xətti çəksin. Lakin, yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstü asfaltla örtülü olması səbəbindən cavabdeh MTK həmin xəttə qoşula və inşa edilmiş transformator məntəqəsindən istifadə edə bilməmişdir. Buna görə də, cavabdeh MTK məcbur olaraq yeni texniki şərt alaraq əlavə xərc çəkib, binasını elektriklə təchiz etmiş və bu səbəbdən də, Razılaşmada nəzərdə tutulan pulun qalan hissəsini ödəməmişdir. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş İddiaçı MTK-nın təsisçiləri Şahid2 və Şahid1 məhkəmə iclasında iddia ərizəsində yazılanlara uyğun ifadə verərək bildirmişlər ki, İddiaçı MTK və Cavabdeh MTKnın təsisçiləri arasında olan şifahi razılığa əsasən hər iki MTK-nın Xırdalan şəhərində qonşuluqda yerləşən binaları üçün bir texniki şərt alınıb, 2018-ci ildə iddiaçı "xxxx" MTK tərəfindən hər iki hüquqi şəxsə məxsus yaşayış binalarını təmin edəcək yeraltı elektrik xətti üçün borular çəkilmiş və hər iki bina üçün nəzərdə tutulan yarımstansiya binası tikilmişdir. Bu işlərin görülməsi üçün "xxxx" MTK torpaq sahəsi alaraq, ümumilikdə bu işlərin görülməsinə cəmi 126600 manat məbləğində pul xərcləmişdir. Tərəflər arasında olan bu şifahi razılaşma sonradan rəsmiləşdirilmiş və bununla bağlı 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmışdır. Həmin Razılaşmaya görə iddiaçı "xxxx" MTK həmin yarımstansiya və yeraltı inşa olunmuş elektrik xətti vasitəsi ilə öz binasını elektriklə təchiz etmiş olsa da, Cavabdeh MTK vaxtında bu işi görməmiş və sonradan yeraltı elektrik xəttinin çəkilmiş olduğu yol təmir edilərək asfaltlanmışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh MTK yeni texniki şərt alaraq, öz binasına başqa yerdən hava yolu ilə elektrik xətti çəkmişdir. Lakin, Cavabdeh MTK Razılaşmada nəzərdə tutulan 63300 manat məbləğində pulun 32000 manatını ödəmiş olsa da, həmin Razılaşma üzrə nəzərdə tutulan pulun qalan hissəsini ödəməkdən boyun qaçırmışdır. Halbuki, iddiaçı "xxxx" MTK Cavabdeh MTK ilə razılaşmaya görə əlavə vəsait xərcləyərək, hər iki bina üçün nəzərdə tutulan yeraltı elektrik xətti və transformator məntəqəsi inşa etmişdir. Ona görə də, həmin yeraltı elektrik xəttinin və transformator məntəqəsinin tikintisi ilə əlaqədar Cavabdeh MTKya görə əlavə xərclənmiş cəmi 63300 manat məbləğində pul vəsaiti də onun tərəfindən iddiaçı "xxxx" MTK-ya tam olaraq ödənilməlidir. İş materiallarından görünür ki, “birinci tərəf” İddiaçı (VÖEN **********) ilə “ikinci tərəf” Cavabdeh Mənzil-Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinin 2.1-ci bəndinə əsasən, "Birinci tərəf” Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 73 ünvanında ümumi smeta dəyəri 126600 (yüz iyirmi altı min altı yüz) manat olan 1 sot torpaq sahəsində 2018-ci ilin yanvarmart aylarında inşa etdiyi "yarımstansiya"dan ortaq istitadə edilməsi üçün "İkinci tərəf”ə razılıq verməyi öhdəsinə götürür. “İkinci tərəf” isə həmin hüquqların əldə edilməsi ilə əlaqədar "Birinci tərəf”ə smeta dəyərinin 50%-ni, yəni 63300 (altmış üç min üç yüz) manat ödənilməsinə zəmanət verir. X2 2.2-ci bəndinə əsasən, “Tərəflər” razılaşırlar ki, “İkinci tərəf” “Birinci tərəf”ə ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatı ödəyəcək, “Birinci tərəf” isə həmin məbləği tam şəkildə qəbul edəndən sonra “İkinci tərəf” “yarımstansiya”dan ortaq istifadə etmək hüququ əldə edəcəkdir. X2 3.1-ci bəndinə əsasən, “Birinci tərəf” ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatı aldığı zaman “İkinci tərəf”in “yarımstansiya”dan ortaq şəkildə istifadəsinə razılıq verərək, şərait yaratmağı öhdəsinə götürür. X2 3.2-ci bəndinə əsasən, “İkinci tərəf” isə ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatın bu Saziş imzalandığı vaxt “Birinci tərəf”ə ödənilməsini öhdəsinə götürür. Qeyd etmək lazımdır ki, İddiaçı MTK və Cavabdeh MTK arasında imzalanaraqmöhürlənmiş 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində tərəflərin həmin Saziş üzrə yaranan öhdəliklərinin icra edilmə müddəti və həmin Sazişin qüvvədə olma tarixi (müddəti) göstərilməmişdir. İş materiallarında olan 15 oktyabr 2019-cu il tarixli Seriya NİZ № 000050 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinə əsasən 15 oktyabr 2019-cu ildə İddiaçınə 20000 (iyirmi min) manat məbləğində avans ödənmişdir. İş materiallarında olan 16 noyabr 2019-cu il tarixli Seriya NİZ № 000051 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinə əsasən 16 noyabr 2019-cu ildə İddiaçınə 12000 (on iki min) manat məbləğində pul vəsaiti ödənmişdir. İş materiallarından görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi 23 fevral 2021-ci il tarixli 01 nömrəli Məktubla Abşeron rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Avtomobil X1 müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 34 ünvanında yerləşən İddiaçı MTK-nın 35/6 voltluq yarımstansiyasından həmin ərazidə yerləşən Cavabdeh MTK-nın binasının elektrik enerjisi ilə təchiz olunmasında istifadə edilməsinə köməklik göstərilməsini xahiş etmiş və həmin müraciət yeraltı kabel xəttinin “lyuk”larının (çıxış quyularının) üstünün doldurulması və üzərindən asfalt örtüyünün çəkilməsi ilə əsaslandırılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Mənzil- Tikinti Kooperativinə ünvanlanmış 24 iyun 2021-ci il tarixli MTŞ-21/272 nömrəli Məktubdan görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinə əvvəl verilmiş 30 oktyabr 2019-cu il tarixli TMX-19/0578 nömrəli texniki şərtlər ləğv olunaraq, ona yaşayış binasının şəbəkəyə qoşulması üçün yeni texniki şərtlərin verilməsi üçün yerinə yetiriməli olan hərəkətlər barəsində müvafiq tövsiyyələr verilmişdir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (27 oktyabr 2021-ci il tarixli MŞ-2021-004976 nömrəli mediasiya arayışı). Beləliklə də, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, İddiaçı MTK və Cavabdeh MTK arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinin şərtlərinə görə İddiaçı MTK 2018-ci ilin yanvar-mart aylarında inşa etdiyi ümumi smeta dəyəri 126600 manat olan "yarımstansiya"dan ortaq istifadə edilməsi üçün Cavabdeh MTK-ya razılıq verməyi öhdəsinə götürmüş, Cavabdeh MTK isə həmin hüquqların əldə edilməsi ilə əlaqədar İddiaçı MTK-ya smeta dəyərinin 50%-ni, yəni 63300 manat ödənilməsinə zəmanət vermiş (2.1-ci bənd) və həmin Sazişə əsasən Cavabdeh MTK İddiaçı MTK-ya ümumi smeta dəyərinin yarısını, yəni 63300 manatı ödəməli, İddiaçı MTK isə həmin məbləği tam şəkildə qəbul edəndən sonra Cavabdeh MTK “yarımstansiya”dan ortaq istifadə əldə etmək hüququ əldə etməlidir (2.2-ci bənd). Eyni zamanda, həmin Razılaşma Sazişinə əsasən İddiaçı MTK 63300 manatı aldığı zaman Cavabdeh MTK-nın “yarımstansiya”dan ortaq şəkildə istifadəsinə razılıq verərək, şərait yaratmağı (3.1-ci bənd), Cavabdeh MTK isə 63300 manatın bu Saziş imzalandığı vaxt İddiaçı MTK-ya ödəməyi (3.2-ci bənd) öhdələrinə götürmüşlər. Lakin, həmin 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində tərəflər üçün müəyyən edilmiş öhdəliklərin icra edilmə müddəti və həmin Sazişin qüvvədə olma tarixi göstərilməmişdir. Bununla belə, Cavabdeh MTK 2019-cu ilin oktyabr-noyabr aylarında həmin Razılaşma Sazişində nəzərdə tutulan 63300 manat məbləğində pul vəsaitinin 32000 manat hissəsini ödəmişdir (15 oktyabr 2019-cu ildə 20000 manat və 16 noyabr 2019-cu ildə 12000 manat). Ancaq, Cavabdeh MTK lazımi cəhdlər və hərəkətlər etməsinə baxmayaraq, yaşayış binasını texniki səbəblərə görə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində müəyyən edilmiş qaydada İddiaçı MTK tərəfindən 2018-ci ilin yanvar-mart aylarında inşa olunmuş yeraltı elektrik xəttinə və transformator məntəqəsinə qoşa bilməmiş və məlum “yarımstansiya”dan faktiki olaraq ortaq istifadə imkanı əldə edə bilməmişdir. Buna görə də, Cavabdeh MTK qeyd olunan “yarımstansiya”ya qoşulmaq üçün bütün imkanlardan istifadə etdikdən və “yarımstansiya”ya qoşula bilmədikdən sonra binasının elektrik enerjisi ilə təchiz olunması üçün yeni texniki şərt alaraq başqa üsulla, yəni məlum Razılaşma Sazişinə aid olmayan qaydada binaya elektrik xətti çəkmiş və bununla da, cavabdehin binasının 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində nəzərdə tutulan qaydada İddiaçı MTK-nın vəsaiti hesabına inşa olunmuş yeraltı kabel xəttindən və transformator məntəqəsindən istifadə etmək zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən, tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən, uzufrukt əşyanın və ya hüquqların elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda götürmək hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq bu əşyanı və hüquqları girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 264-cü maddəsinə əsasən, uzufruktun verilməsi üçün daşınar əşyalar və ya hüquqlar ilə bağlı halda onların uzufruktuara keçməsi, daşınmaz əşyalarla bağlı halda isə onların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Uzufrukt verilərkən mülkiyyət hüququ haqqında müddəalar qüvvədə olur. Uzufruktun verilməsi bunu nəzərdə tutur ki, onun tərkib hissələri müəyyənləşdirilə biləndir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1) və bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2). Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi ilə İddiaçı MTK tərəfindən inşa olunmuş yeraltı elektrik xətti və transformator məntəqəsi ilə əlaqədar tərəflər arasında müəyyən edilən münasibətlər mahiyyət etibarilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əşyadan istifadə hüquqları”nın nəzərdə tutulduğu 11-ci fəslində təsbit olunmuş “Uzufrukt” münasibətlərinə aid olmasına baxmayaraq, həmin Razılaşma Sazişi notariat qaydasında təsdiqlənməmiş və Sazişdə qeyd olunan hüquqların uzufruktuara, yəni Cavabdeh MTK-ya keçməsi faktiki olaraq baş tutmamış və yaxud, daşınmaz əşyalarla bağlı halda isə həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, yuxarıda qeyd olunan texniki səbəblərə (çıxış quyularının qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsi və s.) görə Cavabdeh MTK-nın elektrik enerjisi ilə təmin olunmaq üçün 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində nəzərdə tutulan İddiaçı MTK-ya məxsus qurğu və avadanlığa, yəni sonuncunun inşa etmiş olduğu yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşulması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi ilə nəzərdə tutulan qaydada öhdəliklərin icra olunması, yəni İddiaçı MTK-nın inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşularaq, həmin Sazişlə müəyyən edilmiş şərtlər əsasında Cavabdeh MTK özünə aid yaşayış binasını elektrik enerjisi ilə təchiz edə bilməmiş və mövcud şəraitə və texniki səbəblərə görə artıq bu qoşulmaya zərurət də aradan qalxmışdır. Odur ki, Cavabdeh MTK-nın qoşula və istifadə edə bilmədiyi avadanlıqla əlaqədar 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində ödənilməsi nəzərdə tutulan pul vəsaitinin ödənilməmiş hissəsi ilə əlaqədar verilmiş "cavabdehdən iddiaçının xeyrinə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31000 manat məbləğində əsas vəsaitin tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi, yəni "cavabdehdən iddiaçının xeyrinə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31000 manat məbləğində əsas vəsaitin tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar