Məhkəmə qərarları › İş №e-2-2(119)-508/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-508/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-508/2022 14.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə vurulmuş zərər kimi 950 (doqquz yüz əlli) manat bir aylıq ödəniş və 40 (qırx) manat mediasiya prosedurunun keçirilməsi üçün ödənilən xidmət haqqı olmaqla, ümumilikdə 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 22 fevral 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən 612,5 kv.m. ərazisi olan ofis sahələrini icarəyə götürmüş və onun nəzdində “Manaflı Plaza” biznes mərkəzi yaratmışdı. "xxxx" MMC-yə məxsus “Manaflı Plaza”da müxtəlif şirkətlərə ofis otaqları subicarəyə verilir. "xxxx" MMC ilə Cavabdeh arasında 26 iyun 2021-ci il tarixində Subicarə Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq cavabdehə müqavilə ilə nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Manaflı Plaza”da qeyri-yaşayış sahəsinin 40 (qırx) kv.m. olan hissəsi ayda 950 (doqquz yüz əlli) manat icarə haqqı olmaqla cavabdehə subicarəyə verilmişdir. Həmin Müqavilənin 9.2.4-cü bəndində müqavilənin xitamının 1 (bir) ay öncədən yazılı xəbərdarlıq etməklə həyata keçirilməyinin mümkünlüyü öz əksini tapmışdı. Cavabdeh ilə müqavilə bağlanıldığı həmin vaxtdan cavabdeh icarə haqqını ödəməklə icarəsində olan sahədən rahat istifadə edirdi və heç bir narazılıq olmadan cavabdeh icarə obyektində rahat fəaliyyət göstərirdi. Lakin, 28 oktyabr 2021-ci il tarixdə - baxmayaraq ki, Subicarə müqaviləsində icarə haqqının hər növbəti aya görə cari ayın 25-dən gec olmamaqla ödənilməsi şərti qeyd olunub - cavabdeh iddiaçıya öncədən heç bir yazılı xəbərdarlıq etmədən icarə müqaviləsinə bir tərəfli qaydada xitam verərək, icarəyə götürdüyü sahəni boşaldıb getmişdir. Cavabdeh bununla da aralarında mövcud olmuş subicarə müqaviləsinin 9.2.4-cü bəndinin tələblərini pozmuşdur. Cavabdehin mövcud hərəkəti nəticəsində "xxxx" MMC maddi zərər çəkmişdir ki, həmin zərər cavabdeh tərəfindən ona ödənilməlidir. Cavabdehə qeyd olunanlar barədə elektron məhkəmə sistemində cavabdehin şəxsi kabinetinə pretenziya məktubu göndərilmişdir. Eyni zamanda, həmin pretenziyanın mətni həm də cavabdehin elektron vergi idarəsindəki şəxsi kabinetinə də göndərilmişdir. Qeyd etmək lazımdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbi nəzərə alınaraq, Bakı 6 saylı Mediasiya Təşkilatına iddiaçı tərəfindən müraciət olunmuş və mediator tərəfindən cavabdehin nümayəndəsi mediasiya prosedurunda iştirak etmək üçün dəvət olunmuşdur. Lakin, cavabdeh tərəf mediasiya prosesində iştirak etməkdən imtina etmişr və bu barədə mediator tərəfindən müvafiq arayış təqdim olunmuşdur. İş üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bir aylıq ödəniş həddində vurulmuş zərər olaraq 950 manat məbləğində maddi zərər və 40 manat məbləğində mediasiya prosesinin keçirilməsi üçün ödənilən xidmət haqqı olmaqla, cəmi 990 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İcarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə İcarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 26 iyun 2021-ci il tarixli “Subicarə” Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 40 kvadratmetr sahə müqavilənin imzalandığı tarixdən 31 dekabr 2021-ci il tarixinə qədər aylıq 950 manat icarə haqqı olmaqla İcarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İcarəçi Cavabdehnə subicarəyə verilmiş, İcarəçi isə bunun qarşılığında İcarəyə verənə hər ay üçün 950 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqı hər növbəti aya görə cari ayın 25-dən gec olmamaq şərtilə İcarəçi tərəfindən İcarəyə verənə nəğd və ya İcarəyə verənin bank hesabına ödənilir. Həmin Müqavilənin 9.2.4-cü bəndinə əsasən, 1 (bir) ay öncədən qarşı tərəfin poçt ünvanına ancaq yazılı xəbərdarlıq etməklə Müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. İş materiallarında olan 25 oktyabr 2021-ci il tarixli EBBL 308463 nömrəli elektron qaimə və 01 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək olan “Qaimələrin axtarışı” Çıxarışı ilə müəyyən olunur ki, icarəyə verən "xxxx" MMC tərəfindən icarəçi Cavabdehnə 26 iyun 2021-ci il tarixli Subicarə Müqaviləsi üzrə “25 oktyabr 2021-ci il – 25 noyabr 2021-ci il” dövrü üçün ödəməli olduğu aylıq 950 manat icarə haqqı ilə əlaqədar 25 oktyabr 2021-ci il tarixli EBBL 308463 nömrəli elektron qaimə təqdim olunmuş və həmin elektron qaimə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış və 31 dekabr 2021-ci il tarixinədək qüvvədə olan 26 iyun 2021-ci il tarixli Subicarə Müqaviləsi üzrə icarəyə verən "xxxx" MMC tərəfindən icarəçi Cavabdehnə “25 oktyabr 2021-ci il – 25 noyabr 2021-ci il” dövrü üçün nəzərdə tutulan əvvəlcədən ödəməli olduğu aylıq 950 manat icarə haqqı ilə əlaqədar həmin Müqavilənin 3.2-ci bəndinin tələblərinə uyğun olaraq 25 oktyabr 2021-ci il tarixli EBBL 308463 nömrəli elektron qaimə təqdim olunsa da, sonuncu həmin icarə haqqı məbləğini ödəmədən və Müqavilənin 9.2.4-cü bəndinin tələblərinə uyğun olaraq “1 (bir) ay öncədən İcarəyə verənə yazılı xəbərdarlıq etmədən” 28 oktyabr 2021-ci ildə icarə obyektini tərk edərək getmiş və bununla da, müqavilə şərtlərinə görə əvvəlcədən ödəməli olduğu 950 manat məbləğində icarə haqqını ödəməyərək, İcarəyə verəni həmin miqdarda gəlirdən məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, 26 iyun 2021-ci il tarixli Subicarə Müqaviləsinin 3.2-ci və 9.2.4-cü bəndlərinin tələblərinə uyğun olaraq 25 oktyabr 2021-ci il tarixli EBBL 308463 nömrəli elektron qaimədə nəzərdə tutulan 950 manat məbləğində icarə haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora 40 (qırx) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdehndən 26 iyun 2021ci il tarixli Subicarə müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar 950 manat məbləğində zərərin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən (VÖEN **********) 950 (doqquz yüz əlli) manat məbləğində zərər iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Eləcə də, mediasiya xidməti ilə əlaqədar iddiaçı tərəfindən mediatora ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli və eyni zamanda, Cavabdeh MMC-dən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 950 (doqquz yüz əlli) manat məbləğində zərər və mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar