Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-509/2022 14.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 18 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə vurulmuş zərər kimi 800 (səkkiz yüz) manat bir aylıq ödəniş və 40 (qırx) manat mediasiya prosedurunun keçirilməsi üçün ödənilən xidmət haqqı olmaqla, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 22 fevral 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən 612,5 kv.m. ərazisi olan ofis sahələrini icarəyə götürmüş və onun nəzdində “Manaflı Plaza” biznes mərkəzi yaratmışdı. "xxxx" MMC-yə məxsus “Manaflı Plaza”da müxtəlif şirkətlərə ofis otaqları subicarəyə verilir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 mart 2021-ci il tarixində Subicarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq cavabdehə müqavilə ilə nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Manaflı Plaza”da qeyri-yaşayış sahəsinin 30 (qırx) kv.m. olan hissəsi ayda 800 (səkkiz yüz) manata subicarəyə verilmişdir. Həmin Müqavilənin 9.2.4-cü bəndində müqavilənin xitamının 1 (bir) ay öncədən yazılı xəbərdarlıq etməklə həyata keçirilməyinin mümkünlüyü öz əksini tapmışdı. Müqavilə bağlanıldığı vaxtdan Cavabdeh icarə haqqını ödəməklə, icarəsində olan sahədən rahat istifadə edirdi və aralarında heç bir narazılıq olmadan cavabdeh rahat fəaliyyət göstərirdi. Lakin, 25 mart 2021-ci ildə cavabdeh iddiaçıya öncədən heç bir yazılı xəbərdarlıq etmədən Subicarə müqaviləsinə bir tərəfli qaydada xitam verərək, icarəyə götürdüyü sahəni boşaldıb getmişdir. Cavabdeh bununla da aralarında mövcud olmuş Subicarə müqaviləsinin 9.2.4-cü bəndinin tələblərini pozmuş və cavabdehin bu hərəkəti nəticəsində "xxxx" MMC maddi zərər çəkmişdir ki, həmin zərər Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdehə qeyd olunanlar barədə elektron məhkəmə sistemində cavabdehin şəxsi kabinetinə pretenziya məktubu göndərilmişdir. Eyni zamanda, həmin pretenziyanın mətni həm də cavabdehin elektron vergi idarəsindəki şəxsi kabinetinə də göndərilmişdir. Qeyd etmək lazımdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbi nəzərə alınaraq, Bakı 6 saylı Mediasiya Təşkilatına iddiaçı tərəfindən müraciət olunmuş və mediator tərəfindən cavabdehin nümayəndəsi mediasiya prosedurunda iştirak etmək üçün dəvət olunmuşdur. Lakin, cavabdeh tərəf mediasiya prosesində iştirak etməkdən imtina etmiş və bu barədə mediator tərəfindən müvafiq arayış təqdim olunmuşdur. İş üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bir aylıq ödəniş həddində vurulmuş zərər olaraq 800 manat məbləğində maddi zərər və 40 manat məbləğində mediasiya prosesinin keçirilməsi üçün ödənilən xidmət haqqı olmaqla, cəmi 840 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1 cavab olaraq bildirdi ki, tərəflər arasında Subicarə Müqaviləsi 30 dekabr 2021-ci ilədək bağlanmışdır və 01 mart 2021-ci ildə bir aylıq icarə haqqını ödəmiş Cavabdeh MMC məlum icarə obyektini 01 mart 2021-ci il tarixindən istifadə etməyə başlamış olsa da, 25 mart 2021-ci ildə icarə obyektini boşaldaraq getmişdir. Növbəti ayın icarə haqqı isə 01 aprel 2021-ci ildə ödənilməli idi. Müqavilədə bir ay əvvəldən xəbərdarlıq şərti ona görə qoyulmuşdur ki, iddiaçının özü də icarə haqqı ödəyir və hər hansı icarəçi anidən oyektdən çıxanda, iddiaçı icarə haqqını ödəməkdə problem yaşayır və maddi ziyan çəkir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 01 mart 2021-ci il tarixli “Subicarə” Müqaviləsinə əsasən 30 kvadratmetr sahə müqavilənin imzalandığı tarixdən 30 dekabr 2021-ci il tarixinə qədər aylıq 800 manat icarə haqqı olmaqla icarəyə götürülmüş və 01 mart 2021-ci ildə cavabdeh bir aylıq icarə haqqını əvvəlcədən ödəyərək, həmin müqavilədə nəzərdə tutulan ofisə köçmüşdür. Lakin, icarə obyektindən istifadə edərkən, icarə obyekti olan ofisin yerləşdiyi binanın ümumi giriş qapısının bir neçə dəfə vaxtında açılmamsı səbəbindən cavabdehin işçilərinin iş yerlərinə vaxtında daxil olub, işlərini yerinə yetirə bilməmələri, internetin zəif işləməsi, İcarəyə verən iddiaçının işçisi olan xadimənin bəzi iradları İcarəçi olaraq cavabdeh MMC-nin mənafeyinə zərər vururdu. Çünki, cavabdeh MMC xaricdən daşımalar həyata keçirdiyi üçün əməkdaşlarının vaxtında iş yerində olmaları və heç bir maneə olmadan əmək funksiyalarını yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir və hər hansı bir yubanma cavabdeh üçün gömrük cərimələri və digər maddi itkilər ilə nəticələnə bilər. Ona görə də, cavabdeh tərəf icarə obyektində olan problemlərlə əlaqədar dəfələrlə İcarəyə verən iddiaçı tərəfin səlahiyyətli şəxsi ilə danışıqlar aparmış və yaranan problemlərin aradan qaldırılması barədə xəbərdarlıq etmişdir. Lakin, həmin problemlər aradan qaldırılmamış və cavabdeh MMC gələcəkdə ola biləcək maliyyə itkilərin qarşısını almaq məqsədi ilə məcbur olub icarə haqqını tam ödəmiş olduğu mart ayı başa çatmadan, yəni 25 mart 2021-ci ildə icarə obyektini boşaldaraq başqa icarəyə götürdüyü obyektə köçmüşdür. Bununla əlaqədar iddiaçı tərəfə şifahi xəbərdarlıq etsə də, yazılı xəbərdarlıq verilməmişdir. Çünki, o, iddiaçı tərəfin səlahiyyətli şəxsinə yazılı xəbərdarlığın verilməsinə ehtiyac olub-olmamasını soruşduqda, sonuncu buna ehtiyac olmadığını bildirmişdi. Cavabdeh MMC məcbur olmasaydı, müqavilə müddəti bitmədən və icarə haqqını ödəmiş olduğu mart ayı tamam olmadan, iddiaçıya məxsus icarə obyektini tərk etməzdi. Ofisdən ofisə köçməyin çətinliyi ilə yanaşı, cavabdeh MMC məlum icarə obyektinə köçərkən və obyektdən çıxarkən mebellərin və avadanlıqların daşınmasına görə yük daşıma xidmətinə pul vəsaitləri ödəyərək, əlavə xərcə də düşmüşdür. İddiaçı MMC-nin 01 aprel 2022-ci ildə göndərmiş olduğu elektron qaiməni cavabdeh MMC qəbul etməmiş və bununla bağlı məktubu da elektron kabinetə yerləşdirərək, iddiaçı tərəfə göndərmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İcarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə İcarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 mart 2021-ci il tarixli MKS-003/205-206 nömrəli Subicarə Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 30 kvadratmetr sahə müqavilənin imzalandığı tarixdən 30 dekabr 2021-ci il tarixinə qədər aylıq 800 manat icarə haqqı olmaqla, İcarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İcarəçi Cavabdehnə subicarəyə verilmiş, İcarəçi isə bunun qarşılığında İcarəyə verənə hər ay üçün 800 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqı hər növbəti aya görə cari ayın 30-dan gec olmamaq şərtilə İcarəçi tərəfindən İcarəyə verənə nəğd və ya İcarəyə verənin bank hesabına ödənilir. Həmin Müqavilənin 9.2-ci bəndinin tələblərinə görə, hər iki tərəfin razılığı ilə (9.2.1), bu Müqavilənin tələbləri hər hansı tərəflə pozulduqda digər Tərəfin tələbi ilə digər Tərəfi xəbərdar etməklə (9.2.2), Qanunvericilikdə tutulmuş digər hallarda (9.2.3) və 1 (bir) ay öncədən qarşı tərəfin poçt ünvanına yazılı xəbərdarlıq etməklə (9.2.4) - müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli EBAZ 529760 nömrəli elektron qaimədən və “Qaimələrin axtarışından” Çıxarış ilə müəyyən olunur ki, icarəyə verən "xxxx" MMC tərəfindən icarəçi Cavabdehnə 01 mart 2021-ci il tarixli Subicarə Müqaviləsi üzrə Aprel ayı üçün ödəməli olduğu aylıq 800 manat icarə haqqı borcu ilə əlaqədar 01 aprel 2021-ci il tarixli EBAZ 529760 nömrəli elektron qaimə təqdim olunmuş və həmin elektron qaimə təsdiq edilmişdir. Cavabdeh tərəfinn məhkəməyə təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, icarəçi Cavabdeh Aprel ayı üzrə icarə haqqının ödənilməsi ilə əlaqədar icarəyə verən "xxxx" MMC tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli EBAZ 529760 nömrəli elektron qaiməni qəbul etməməsi və həmin Qaimənin ləğv olunması barədə 07 aprel 2021-ci il tarixli məktubu İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetə yerləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış və 30 dekabr 2021-ci il tarixinədək qüvvədə olan 01 mart 2021-ci il tarixli MKS-003/205-206 nömrəli Subicarə Müqaviləsi üzrə icarəçi Cavabdeh MMC icarəyə verən "xxxx" MMC-yə “01 mart 2021-ci il – 30 mart 2021-ci il” dövrü üçün nəzərdə tutulan aylıq 800 manat icarə haqqını ödəyərək, icarəyə götürmüş olduğu “ofis” sahəsinə köçmüş olsa da, icarə haqqının əvvəlcədən ödənilmiş olduğu Mart ayı başa çatmadan və növbəti ay üçün nəzərdə tutulan 800 manat məbləğində icarə haqqını ödəmədən, eləcə də Müqavilənin 9.2.4-cü bəndinin tələblərinə uyğun olaraq “1 (bir) ay öncədən İcarəyə verənə yazılı xəbərdarlıq etmədən” 25 mart 2021-ci ildə icarə obyektini tərk edərək getmiş və bununla da, İcarəyə verəni 2021-ci ilin aprel ayı üçün nəzərdə tutulan 800 manat miqdarında gəlirdən məhrum etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, 01 mart 2021-ci il tarixli Subicarə Müqaviləsinin 3.2-ci və 9.2.4-cü bəndlərinin tələblərinə uyğun olaraq vurulmuş zərər olaraq 800 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora 40 (qırx) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1), bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2) və müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-dən 01 mart 2021-ci il tarixli Subicarə müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar “800 manat məbləğində zərərin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması” barədə iddia tələbi qismən əsaslıdır. Çünki, məhkəmə araşdırması zamanı işin konkret hallarından görünür ki, cavabdeh "xxxx" MMC icarəyə götürmüş ofis sahəsindən istifadə edərkən fəaliyyəti ilə əlaqədar nəzərdə tutduğu işgüzar şəraitlə təmin olunmadığı və bu şəraitə görə maddi itkiləri ola biləcəyi qənaətinə gələrək, icarə haqqını tam ödəmiş olduğu Mart ayının da sona yetməsini gözləmədən icarə obyektini tərk etmiş və bu zaman cəmi 25 gün ərzində istifadə etdiyi icarə obyektinə və həmin icarə obyektindən köçmələrə, yəni mebel və avadanlıqların daşınması və s. digər bununla bağlı hərəkətlərə görə maddi, vaxt və s. itkilərə məruz qalmışdır. Məlum haldır ki, icarəçi olaraq cavabdehin aylıq icarə haqqını əvvəlcədən ödəmiş olduğu icarə obyektini qısa bir zamandan sonra tərk etməsi, yəni 25 gündən sonra başqa yerə köçməsi - xərc və vaxt itkisi tələb edilən hərəkət olduğundan, məcbur olmadığı halda İcarəçinin buna yol verməsi, onun mənafeyinə uyğun ola bilməzdi. Odur ki, yuxarıda qeyd olunanlara əsasən 01 mart 2021-ci il tarixli Subicarə Müqaviləsinin 9.2.4-cü bəndinin tələblərinin pozulması ilə əlaqədar vurulmuş zərər olaraq tələb edilən 800 manat məbləğində pul vəsaitinin yarıyadək azaldılması ədalətli və qanunauyğun olmaqla, işin hallarına tam uyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 400 manat məbləğində zərər iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, mediasiya xidməti ilə əlaqədar iddiaçı "xxxx" MMC tərəfindən mediatora ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqının əvəzi Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli və eyni zamanda, Cavabdeh MMC-dən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 400 (dörd yüz) manat məbləğində zərər və mediasiya ilə əlaqədar ödənilmiş 40 (qırx) manat məbləğində xidmət haqqı olmaqla – cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-509/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-509/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver