Məhkəmə qərarları › İş №e-2-2(119)-509/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-509/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-509/2023 14.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Quba Rayon İcra Hakimiyyətindən İddiaçı xeyrinə 56262 (əlli altı min iki yüz altmış iki) manat pul vəsaitinin və 400 (dörd yüz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırılması barədə Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə İddiaçı MMC arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtinə görə İddiaçı MMC nümayəndəlik tərəfindən müəyyən edilmiş və tərtib edilmiş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə İ Nügədi kəndində yerləşən binanı uşaq bağçası tikintisinə uyğunlaşdırılmasını öhdəsinə götürmüşdür. Binanın cari və əsaslı təmiri üçün əvvəlcə 93074 manat məbləğində smeta sənədi tərtib edilsə də, sonradan 101110,05 manat məbləğində smeta sənədi tərtib edilmiş, nümayəndələr tərəfindən razılaşdırılaraq imzalanmış və möhür vurulmuşdur. İddiaçı MMC tərəfindən binada aprel ayında 21266 manat məbləğində, may ayında 26348,64 manat məbləğində, iyun ayında isə 53495,42 manat məbləğində, yəni smetada nəzərdə tutulan məbləğdə əsaslı və cari təmir işləri aparılaraq Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmiş və bu barədə qəbul aktı tərtib edilmişdir. Nümayəndəlik 44848 manat məbləğində pulu İddiaçı MMC-nin bank hesabına köçürsə də, qalan 56262 manat məbləği dəfələrlə tələb edilməsinə baxmayaraq ödəməmişdir. Nümayəndəliyin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, 2014-cü il üçün idarənin hesabında bu təyinat üzrə vəsait olmadığı üçün ödənilməmiş qalan 56262 manat pul vəsaiti 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin İ rübündə ödəniləcəkdir. Göründüyü kimi, nümayəndəlik pulun ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Daha sonra pul ödənilmədiyinə görə İddiaçı MMC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC ilə Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış xx.xx.2014- cü il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Quba Rayon İcra Hakimiyyətinin başçısı İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən də İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 101/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(105)-94/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmşdır. Həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsinin qərarları ilə belə nəticəyə gəlinir ki, Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi iddia tələbinə cavab verməli olan əsl cavabdeh olmamışdır. Qanunvericiliyin tələbinə əsasən isə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Lakin həmin işdə Quba Rayon İcra Hakimiyyəti işə cəlb edilməmiş, o sadəcə maraqlarına toxunulan şəxs kimi qiyabi qətnamədən apellyasiya şikayəti vermişdir. Daha doğrusu, Quba Rayon İcra Hakimiyyətinin iştirakı ilə araşdırma aparılıb qətnamə çıxarılmamışdır. Belə olan halda İddiaçı MMC-nin cavabdehə qarşı pul tələbi iddiası ilə məhkəməyə müraciət etmək imkanı yaranmış olur. Buna görə də hazırda əsl cavabdehin iştirakı ilə ətraflı araşdırma aparılmalı, dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertiza keçirilməli və yekun qərar çıxarılmalıdır. İddiaçı MMC tərəfindən təxminən bir il bundan əvvəl eyni iddia ilə cavabdehlərə qarşı məhkəməyə müraciət edilmişdir. Məhkəmə işinin gedişində cavabdehlərlə pulun ödəniləcəyinə dair razılıq əldə olduğuna görə iddia ərizəsi geri götürülmüşdür. Lakin bir il ərzində cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina edir. İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə 09 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin artırılmasına dair” ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlə iddiaçı arasındakı müqaviləyə əsasən görülmüş tikinti işlərinə görə qalıq məbləğ olan 56262 manat 2014-cü ildə odənilməli idi. Göründüyü kimi, həmin məbləğ hal-hazıradək ödənilməmişdir. Həmin pulun ödənilməməsi nəticəsində İddiaçınə zərər dəymiş, adi dövriyyə şəraitində əldə edilə biləcək gəlirdən məhrum olmuş, Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2014-cü ilin aprel ayından 2023-cü ilin aprel ayınadək 30380 manat məbləğində götürəcəyi fayda əldən çıxmışdır. Bundan başqa bu ixtilaflar digər sifarişçilərlə yeni müqavilələr bağlanmasına mane olmuşdur. Cavabdehin müqaviləni icra etməyərək öhdəliyini yerinə yetirməməsi səbəbindən İddiaçı MMC-yə 30381 manat məbləğində zərər dəymişdir. Göstərilənlərə əsasən cavabdeh Quba rayon İcra Hakimiyyətindən İddiaçı xeyrinə 56262 (əlli altı min iki yüz altmış iki) manat məbləğində borcun, 30381 (otuz min üç yüz səksən bir) manat məbləğində dəymiş zərərin əvəzinin və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti 03 may 2023-cü il tarixdə məhkəməyə 28 aprel 2023-cü il tarixli 5-61/2-2-775/2023 nömrəli məktubla müraciət edərək iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmənin 12 iyun 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İ Nügədi kəndində yerləşən bağça binası təmirə yararsız vəziyyətdə olduğu üçün icra nümayəndəliyinin köhnə binası təmir edilərək bağçanın həmin binaya köçürülməsi qərara alınmışdır. Bununla əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı 26 sentyabr 2014- cü il tarixdə sərəncam vermişdir. Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi həmin işlərin görülməsi üçün 44848 manat məbləğində vəsaitin ayrılmasına etiraz etməmiş və büdcədə nəzərdə tutulmuş qaydada həmin məbləğ ödəniş tapşırıqlarına əsasən “RMT" MMC-nin hesabına ödənilmişdir. Lakin icra nümayəndəliyi ilə "RMT” MMC arasında Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmadan təmir işlərinə 93074 manat məbləğində vəsaitin ayrılması barədə müqavilə bağlanmışdır. Halbuki həmin binanın təmiri üçün 44848 manat məbləğdən artıq vəsait nəzərdə tutulmamış, Quba Rayon İcra Hakimiyyəti üzərinə belə bir öhdəlik götürməmiş və nümayəndəliyə bu barədə göstəriş verilməmişdir. İddiaçı eyni tələblə əlaqədar məhkəmədə əvvəllər iddia qaldırmış və Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsi ilə İddiaçı MMC ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun nümayəndəlikdən tutularaq "RMT” MMC-yə ödənilməsi qət edilmişdir. Quba Rayon İcra Hakimiyyəti qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-2(105)- 94/2020 saylı qətnaməsi İlə Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. Həmçinin Ali Məhkəmənin 02 mart 2021 -ci i! tarixli, 2-2(102)- 101/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, eyni tələb üzrə işə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə bir dəfə baxılmış və bununla əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Eyni zamanda bildiririk ki, iddiaçı ilə icra nümayəndəsi arasında 21 və 23 aprel 2014-cü il tarixlərdə iki gün fərqlə iki müxtəlif məzmunlu müqavilə bağlanmışdır. 21 aprel 2014-cü il tarixli müqavilədə nəzərdə tutulmuş məbləğ 93074 manat, 23 aprel 2014-cü il tarixli müqavilədə isə 44848 manat müəyyən edilmişdir. Sonuncu müqavilə tərtib edilərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmiş və qanunla müəyyən edilmiş müqavilə formasına əməl olunmuşdur. Belə ki, həmin Qanunun 40.11-ci maddəsinə əsasən mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq olunur. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada sonuncu müqavilə üzrə götürülmüş öhdəliklər tam icra edilmişdir. Lakin tələb olunan əlavə məbləğin artırılmış formada müqavilə öhdəliyi kimi təqdim edilməsi qanuna ziddir. Belə ki, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 40.6-cı maddəsinə əsasən satınalma müqaviləsini imzalayarkən satınalan təşkilat malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətlərini və meyarlarını dəyişdirməmək şərti ilə müvafiq İcra hakimiyyəti orqanının razılığı İlə malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb - azalda bilər. Satınalmalar üzrə Dövlət Agentliyindən və Rayon İcra Hakimiyyətindən belə bir razılıq alınmadan məbləğin artırılması əsassız hesab edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinin və “iddia tələbinin artırılmasına dair” ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, 21 aprel 2014-cü il tarixli müqavilədə görüləcək işlərin dəyəri kimi 93074 manat məbləğ qeyd olunsa da, digər smetada 101110,05 manat məbləğində işlərin görüləcəyinin göstərildiyini və həmin müqavilə üzrə İddiaçı tərəfindən 2014-cü ilin aprel, may, iyun aylarında 101110,05 manat məbləğində cair və əsaslı təmir işləri görülərək İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verildiyini bildirmişdir. İddiaçı MMC ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış 21 aprel 2014-cü il tarixli müqavilənin predmetinin İ Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırmaq olduğunu, işlərin həmin müqavilə üzrə yerinə yetirildiyini və görülən işin müqabilində 44848 manat məbləğində pul ödənildiyini vurğulamışdır. Tərəflər arasında bağlanmış 23 aprel 2014-cü il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin predmetinin başqa uşaq bağçasının cari və əsaslı təmiri olduğunu, bu müqavilə üzrə heç bir iş görülmədiyini qeyd etmişdir. Məhkəmənin 22 may 2023-cü il və 12 iyun 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclaslarında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o, iddia tələbi üzrə iddia müddətinin keçdiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, sifarişçi Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə icraçı İddiaçı MMC arasında bağlanmış 21 aprel 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC Nümayəndəlik tərəfindən müəyyən edilmiş və tərtib edilmiş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə İ Nügədi kəndində yerləşən binanı uşaq bağçası tikintisinə uyğunlaşdırılmasını, Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi iş icraçısı üçün lazımı iş şəraiti yaratmağı və smetada nəzərdə tutulmuş məbləği hissə-hissə icraçının hesabına köçürməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən sifarişçi smetada nəzərdə tutulmuş 93074 manat pulu icraçının hesabına vaxtında köçürülməsinə zəmanət verir. İş materiallarında olan 01 aprel 2014-cü il tarixli İ Nügədi 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari və əsaslı təmirinin smetasından görünür ki, İddiaçı MMC tərəfindən görüləcək işlərin dəyəri 93074 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 01 aprel 2014-cü il tarixli İ Nügədi 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari və əsaslı təmirinin smetasından görünür ki, İddiaçı MMC tərəfindən görüləcək işlərin dəyəri 101110,05 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 5880,27 manat məbləğində təmir işləri aparılaraq Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. İş materiallarında olan İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 15385,73 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. İş materiallarında olan İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin may ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 7597,28 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. İş materiallarında olan İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin may ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 18751,36 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. İş materiallarında olan İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin iyun ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 53495,42 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. İş materiallarında olan 30 aprel 2014-cü il tarixli 2158 nömrəli ödəniş tapşırığından görünür ki, İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə tərtib olunmuş qəbul aktlarına əsasən görülmüş işlərin dəyəri olaraq 20585 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 16 may 2014-cü il tarixli 2972 nömrəli ödəniş tapşırığından görünür ki, İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə tərtib olunmuş qəbul aktlarına əsasən görülmüş işlərin dəyəri olaraq 24263 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 17 noyabr 2014-cü il tarixli 77 nömrəli məktubdan görünür ki, Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi İddiaçı MMC-nin 19 oktyabr 2014-cü il tarixli məktubuna cavab olaraq bildirir ki, İ Nügədi kəndində tikilmiş uşaq bağçasının tikintisi üçün nəzərdə tutulmuş smetaya və bağlanmış müqaviləyə əsasən İ Nügədi İƏD tərəfindən İddiaçı MMC-nin hesabına 101110,05 manat pul vəsaiti ödənilməlidir. Ondan 44848 manat ödənilmişdir. 2014-cü il üçün nümayəndəliyin hesabında bu təyinat üzrə vəsait olmadığı üçün yerdə qalan 56262 manat vəsaitin ödənilməsi mümkün olmamamışdır. Uşaq bağçasının tikintisi üçün xərclənmiş, lakin ödənilməmiş 56262 manat vəsait 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin 1 rübündə İddiaçı MMC-nin hesabına köçürüləcəkdir. İş materiallarında olan sifarişçi Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə icraçı İddiaçı MMC arasında bağlanmış 23 aprel 2014-cü il tarixli müqavilədən görünür ki, icraçı 11440 manat məbləğində cari təmir, 33408 manat məbləğində əsaslı təmir işlərinin görülməsi təklifini qəbul etmişdir. İcraçı müavilədə nəzərdə tutulan şərtlər əsasında sifarişçiyə satınalınan işlərin, mal-materilların təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraşının katirovka təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda icrası aşkar olunan qüsurların 1 ay müddətinə qaldırılmasına təminat verir. Sifarişçi nəzərə tutulmuş şərtlər əsasında malların icraşıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. İş materiallarından görünür ki, İddiaçı Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı cavabdehdən 56262 manat pul vəsaitinin, vurulmuş maddi zərərin əvəzi 15000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə 28 noyabr 2016-cı il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 28 fevral 2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ilə iddiası təmin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi ilə maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ləğv olunmuş və iddia təmin edilməmişdir. Qətnamədə göstərilmişdir ki, Quba Rayon İcra Hakimiyyəti başçısı İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi kommersiya mübahisəsi üzrə icraatda tərəf kimi çıxış edə bilməz. Hər hansı bir hüquqi şəxsin “Nümayəndəlik” kimi qeydə alınaraq mülki münasibətlərdə “Nümayəndəlik” olaraq çıxış edən subyekti Mülki-Prosessual Məcəllənin tələblərinə görə mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmadığı üçün kommersiya mübahisəsi üzrə icraatda cavabdeh və yaxud iddiaçı ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-2(102)- 101/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 08 iyul 2021-cü il tarixdə İddiaçı MMC Quba Rayon İcra Hakimiyyətinə və İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı cavabdehdən 56262 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 23 sentyabr 2021-ci il tarixli e-2-2(119)-925/2021 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında İ Nügədi kəndində yerləşən binanın uşaq bağçasının tikintisinə uyğunlaşdırılması ilə bağlı 21 aprel 2014-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən işlər görülmüş və 2014-cü ilin aprel, may, iyun iyun aylarında təhvil-qəbul həyata keçirilmişdir. Görülmüş işlərin dəyərinin tam ödənilməməsi əsası ilə İddiaçı MMC tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “pul tələbi” barədə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 28 fevral 2017-ci il tarixli 2-2(85)- 25/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi ilə nümayəndəliyin kommersiya mübahisəsi üzrə icraatda tərəf kimi çıxış edə bilməməsi əsası ilə həmin qiyabi qətnamə ləğv edilmiş və iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-2(102)- 101/2021 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 08 iyul 2021-ci il tarixdə İddiaçı MMC Quba Rayon İcra Hakimiyyətinə və İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 23 sentyabr 2021-ci il tarixli e-2-2(119)-925/2021 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. 11 aprel 2023-cü il tarixdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “pul tələbi” barədə hazırkı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı hazırkı iddia ərizəsi iddia müddəti keçdikdən sonra verilmişdir. Belə ki, iş materiallarında olan yerinə yetirilmiş cari və əsaslı təmir işlərinin qəbul aktlarına əsasən müəyyən olunur ki, 2014-cü ilin aprel ayında bağlanılmış müqavilə üzrə İddiaçı MMC tərəfindən sonuncu dəfə 2014-cü ilin iyun ayında müvafiq işlər görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. Bununla yanaşı məhkəməyə təqdim olunmuş ödəniş tapşırıqlarından görünür ki, İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə tərtib olunmuş qəbul aktlarına əsasən görülmüş işlərin dəyəri olaraq sonuncu dəfə 16 may 2014-cü il tarixdə 24263 manat məbləğində ödəniş edilmişdir. İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra - xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. - 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “pul tələbi” barədə iddiası iddia müddəti keçdiyindən rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar