Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-522/2023 20.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 13 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "İdea Yapı” Məhdud Məsuliyyyətli Cəmiyyətindən 3885 manat borc, 30 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 150 manat olmaqla, cəmi 4065 (dörd min altmış beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında 14 yanvar 2022-ci il tarixli SF001/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə satıcı İddiaçı MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, alıcı "xxxx" MMC öhdəliklərini yerinə yetirməmişdir. Bu borcla əlaqədar tərəflər arasında X1 barədə 11 mart 2022-ci il tarixdə Akt imzalanmışdır. Həmin Aktda cavabdehin iddiaçıya 3885 manat məbləğində borcunun olması təsdiqini tapmışdır. 19 avqust 2022-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilsə də, həmin borc ödənilməmişdir. Hazırda cavabdeh "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə 3885 (üç min səkkiz yüz səksən beş) manat ödənilməmiş borcu vardır. İddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edərək, mediasiya xərcini ödəyib mediasiya prosesini təşkil etməsinə baxmayaraq, bu mübahisə mediasiya vasitəsi ilə də həll olunmamış və cavabdeh "xxxx" MMC 3885 manat məbləğində borcunu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "İdea Yapı” Məhdud Məsuliyyyətli Cəmiyyətindən 3885 manat məbləğində borc, hüquqi yardımla əlaqədar ödənilmiş 150 manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 30 manat hissəsi olmaqla, cəmi 4065 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 14 yanvar 2022-ci il tarixli SF001/2022 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, “Satıcı” (“İcraçı”) bu müqaviləyə əsasən “Alıcı’nın (“Sifarişçi’nin) sifariş etdiyi malın istehsalını (işin icrasını), “Alıcı” isə istehsal olunmuş malın (icra olunmuş işin) dəyərini “Satıcı’ya ödəməyi öz üzərinə goturur (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin məbləği Əlavə qiymət razılaşma protokoluna əsasən hesablanır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, hazırki Müqavilə imzalandığı andan qüvvəyə minir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər öz öhdəliklərini tam olaraq yerinə yetirdikdən sonra bu müqavilə öz qüvvəsini itirir. İş materialları ilə müəyyən olunur ki, 14 yanvar 2022-ci il tarixli SF001/2022 nömrəli Alqı-satqı Müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil ümumilikdə cəmi 23464,47 (iyirmi üç min dörd yüz altmış dörd manat 47 qəpik) manat (19885,15 manat malın dəyəri + 3579,33 manat ƏDV = 23464,47 manat) məbləğində malın satılması ilə əlaqədar 20 yanvar 2022-ci il tarixli EBBP 894442 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli SF001/2022 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilərək imzalanmış 11 mart 2022-ci il tarixli “X1” Aktından görünür ki, alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 mart 2022-ci il tarixinə satıcı İddiaçınə cəmi 3885 (üç min səkkiz yüz səksən beş) manat məbləğində qalıq borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, alıcı "xxxx" MMC 14 yanvar 2022-ci il tarixli SF001/2022 nömrəli Alqı-satqı Müqaviləsi üzrə ƏDV daxil cəmi 23464,47 manat dəyərində almış olduğu malların 3885 manat hissəsini ödəmədiyinə görə, İddiaçı MMC cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “3885 manat məbləğində qalıq borcun, 30 manat dövlət rüsumu və hüquqi xidmət üçün ödənilmiş 150 manat olmaqla, cəmi 4065 manat məbləğində pul vəsaitinin” tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət olunaraq, İddiaçı tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı və hüquqi yardımla bağlı nümayəndəyə (vəkilə) 150 (yüz əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh "xxxx" MMC İddiaçı MMC ilə bağlanmış 14 yanvar 2022-ci il tarixli SF001/2022 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan “ödənilməmiş 3885 (üç min səkkiz yüz səksən beş) manat məbləğində əsas borcun” cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı xeyrinə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3885 manat məbləğində əsas borc tutulmalıdır. Eləcə də, hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 150 (yüz əlli) manat məbləğində xidmət haqqı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbi nəzərə alınaraq, hazırkı iddia tələbində qeyd olunan mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. Qeyd etmək lazımdır ki, iddia ərizəsində bu vəsait “30 manat dövlət rüsumu” kimi qeyd olunsa da, məhkəmə araşdırması zamanı hazırkı iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən “30 manat” məbləğində dövlət rüsumunun ödənilmədiyi müəyyən olunmuş (iddiaçı cəmi 5 manat məbləğində dövlət rüsumu ödəmişdir) və eyni zamanda, məhkəmə iclasında iddiaçının nümayəndəsi “30 manat dövlət rüsumu” kimi qeyd olunmuş xərcin əslində “mediasiya üçün ödənilmiş pul vəsaitinin yarısı kimi nəzərdə tutulan vəsait” olduğunu bildirmişdir. Həmçinin, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 58,85 (əlli səkkiz manat 85 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 53,85 (əlli üç manat 85 qəpik) manat (58,85 – 5 = 53,85) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdeh "İdea Yapı” MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3885 (üç min səkkiz yüz səksən beş) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 30 (otuz) manat hissəsi olmaqla, cəmi 4065 (dörd min altmış beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 53,85 (əlli üç manat 85 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-522/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-522/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver