Məhkəmə qərarları › İş №e-2-2(119)-577/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-577/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-577/2024 05.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 12305,04 (on iki min üç yüz beş manat dörd qəpik) manat məbləğində borcun, 14793 (on dörd min yeddi yüz doxsan üç) manat məbləğində dəbbə pulunun, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30 avqust 2020-ci il tarixli 10 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müəyyən olunmuş xidmətləri göstərməyi, öz növbəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə İddiaçınə müqavilələr üzrə razılaşdırılmış xidmətlərin dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı 30 avqust 2020-ci il tarixli 10 saylı xidmət müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş xidmətləri lazımınca və vaxtında icra etmişdir. Bu xidmətlərin müqabilində cavabdehin 19 yanvar 2021-ci il tarixli EBCP 033717 nömrəli elektron qaiməfakturaya əsasən 15403,72 (on beş min dörd yüz üç manat yetmiş iki qəpik) manat, 18 fevral 2021-ci il tarixli EBAX 571388 nömrəli elektron qaimə-fakturaya əsasən 505,04 (beş yüz beş manat dörd qəpik) manat məbləğində olmaqla, cəmi 15908,76 (on beş min doqquz yüz səkkiz manat yetmiş altı qəpik) manat məbləğində kreditor borcu yaranmışdır. Həmin borca münasibətdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 avqust 2021-ci il tarixdə 3054 (üç min əlli dörd) manat məbləğində əsas borc və 549,72 (beş yüz qırx doqquz manat yetmiş iki qəpik) manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müəyyənləşdirilmiş 10428 (on min dörd yüz iyirmi səkkiz) manat məbləğində əsas borc və 1877,04 (bir min səkkiz yüz yetmiş yeddi manat dörd qəpik) manat məbləğində ƏDV borcu ödənilməmişdir. 19 yanvar 2021-ci il tarixindən yaranmış borcun ödənilməməsinə görə iddiaçı şirkət digər şirkətlər qarşısında götürdüyü öhdəliklərini (mal-materialın alınması, xidmətlərin göstərilməsi, işçilərin əmək haqqlarının ödənilməsi) vaxtında və lazımınca yerinə yetirə bilməmiş və buna görə iddiaçıya qarşı ayrı-ayrı məhkəmələrdə dəymiş ziyan ödənilməsi və digər əsaslarla iddialar qaldırılmışdır. Əlavə olaraq bildirilir ki, 30 avqust 2020-ci il tarixli 10 saylı müqavilənin 8.2ci bəndinə əsasən sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. Buna müvafiq olaraq 19 yanvar 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək 15403,72 (on beş min dörd yüz üç manat yetmiş iki qəpik) manat borca uyğun olaraq 3435 (üç min dörd yüz otuz beş) manat məbləğində dəbbə pulu, 19 yanvar 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək 505,04 (beş yüz beş manat dörd qəpik) manat məbləğində borca uyğun olaraq 112 (yüz on iki) manat dəbbə pulu, 30 avqust 2021-ci il tarixdən isə mövcud olan 12305,04 (on iki min üç yüz beş manat dörd qəpik) manat borca uyğun olaraq 11246 (on bir min iki yüz qırx altı) manat dəbbə pulu olmaqla, cəmi 14793 (on dörd min yeddi yüz doxsan üç) manat dəbbə pulu hesablanmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 10428 (on min dörd yüz iyirmi səkkiz) manat məbləğində əsas borc və 1877,04 (min səkkiz yüz yetmiş yeddi manat dörd qəpik) manat məbləğində ƏDV ödənilməməsi nəticəsində iddiaçı hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat ödəyərək xərc çəkmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 (iki yüz on) manat məbləğində mediasiya xərci ödənilmişdir. 20 may 2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil 05 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, əvvəlki məhkəmə baxış iclasında cavabdeh şirkətin qanuni təmsilçisi barışıq sazişi imzalamaq istədiyini bildirməsinə və məhkəmə tərəfindən ona kifayət qədər vaxt verilməsinə baxmayaraq cavabdeh tərəfindən barışıq sazişi imzalanması üçün hər hansı cəhd olunmamışdır. Həmçinin 20 may 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi tərəfindən borc etiraf edilmişdir. Qeyd olunanlara əsasən o, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 20 may 2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə izahatında iddia tələbini 12305,04 (on iki min üç yüz beş manat dörd qəpik) manat məbləğində əsas borcun, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutulması hissəsində qəbul etdiyini bildirmiş, məhkəmədən dəbbə pulunun silinməsini xahiş etmişdir. O, son bir ayda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni layihələr aldığını və tez bir zamanda İddiaçınə olan borc məbləğinin ödəniləcəyini qeyd etmişdir. Lakin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icraçı İddiaçı arasında bağlanmış 30 avqust 2020-ci il tarixli 10 nömrəli xidmət müqaviləsinə əsasən icraçı ona məxsus olan və 1 nömrəli cədvəldə əks olunmuş JS-220 markalı sepli ekskavatoru sifarişçiyə xidmət göstərməyə verir, sifarişçi isə texnikanı təyinatı üzrə istifadə edib icraçıya aylıq 6000 manat xidmət haqqı ödəyir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. İş materiallarında olan sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maşın mexanizm üzrə kordinatoru Namiq Məmmədhəsənov ilə icraçı İddiaçı maşın və mexanizmlərin icarəsi üzrə kordinatoru Alış Cəbrayılzadə və direktoru Nümayəndə tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli aktda 30 avqust 2020-ci il tarixli 10 nömrəli xidmət müqaviləsinə əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasında göstərilmiş xidmət müqabilində icraçıya ödəniləcək xidmət haqqı 13054 manat müəyyən edilmişdir. İş materiallarında olan sifarişçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maşın mexanizm üzrə kordinatoru Namiq Məmmədhəsənov ilə icraçı İddiaçı maşın və mexanizmlərin icarəsi üzrə kordinatoru Alış Cəbrayılzadə və direktoru Nümayəndə tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli aktda 30 avqust 2020-ci il tarixli 10 nömrəli xidmət müqaviləsinə əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında göstərilmiş xidmət müqabilində icraçıya ödəniləcək xidmət haqqı 428 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 7323,08 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAR seriyalı 378795 nömrəli, 8838,2 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAT seriyalı 673283 nömrəli, 7070,56 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAV seriyalı 085877 nömrəli, 15403,72 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAV seriyalı 953405 nömrəli, 505,04 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAX seriyalı 571388 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2020-ci il tarixdə tarixli EBAR seriyalı 378795 nömrəli elektron qaimə üzrə 6206 manat, xx.xx.2020-ci il tarixdə EBAT seriyalı 673283 nömrəli elektron qaimə üzrə 7490 manat, xx.xx.2020-ci il tarixdə EBAV seriyalı 085877 nömrəli elektron qaimə üzrə 5992 manat, xx.xx.2021-ci il tarixdə EBAV seriyalı 953405 nömrəli elektron qaimə üzrə 3054 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2020-ci il tarixə 1117,08 manat, xx.xx.2020-ci il tarixdə 1348,20 manat, xx.xx.2020-ci il tarixdə 1078,56 manat və xx.xx.2021-ci il tarixdə 549,72 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş maliyyə arayışında göstərilir ki, 30 avqust 2020-ci il tarixli 10 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil cəmi 39140,6 (otuz doqquz min yüz qırx manat altmış qəpik) manat dəyərində xidmət göstərilmiş, sonuncu tərəfindən ümumilikdə 26835,56 (iyirmi altı min səkkiz yüz otuz beş manat əlli altı qəpik) manat məbləğində ödəniş olunmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə 10428 (on min dörd yüz iyirmi səkkiz) manat əsas məbləğ və 1877,04 (min səkkiz yüz yetmiş yeddi manat dörd qəpik) manat ƏDV olmaqla, cəmi 12305,04 (on iki min üç yüz beş manat dörd qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30 avqust 2020-ci il tarixli 10 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək cavabdehə ƏDV daxil cəmi 39140,6 (otuz doqquz min yüz qırx manat altmış qəpik) manat dəyərində xidmətlər göstərmişdir. Lakin İddiaçı öz öhdəliyini lazımi qaydada yerinə yetirməyərək həmin müqavilə üzrə iddiaçının bank hesabına 22742 (iyirmi iki min yeddi yüz qırx yeddi) manat, ƏDV sub-uçot hesabına 4093,56 manat ƏDV olmaqla, cəmi 26835,56 (iyirmi altı min səkkiz yüz otuz beş manat əlli altı qəpik) manat məbləğində ödəniş etmiş, onun ƏDV daxil 12305,04 (on iki min üç yüz beş manat dörd qəpik) manat məbləğində borcu qalmışdır. Buna görə X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında 30 avqust 2020-ci il tarixli 10 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş ƏDV daxil 12305,04 (on iki min üç yüz beş manat dörd qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 14793 (on dörd min yeddi yüz doxsan üç) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 600 (altı yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Bakı 2 saylı Mediasiya təşkilatının 15 dekabr 2023-cü il tarixli MŞB/2-03978 nömrəli arayışından görünür ki, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, 210 (iki yüz on) manat məbləğində mediasiya xərci idiaçı tərəfindən ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməli, İddiaçı tərəfindən mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının tutulması” hissəsi də təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat ödənilməsini nəzərdə tutan “Hüquqi yardımın göstərilməsi haqqında” 04 mart 2024-cü il tarixli 429 nömrəli müqaviləni əlavə etmişdir. Buna görə hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 12305,04 (on iki min üç yüz beş manat dörd qəpik) manat məbləğində borc, 600 (altı yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 13435,04 (on üç min dörd yüz otuz beş manat dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 128,72 (yüz iyirmi səkkiz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil 12305,04 (on iki min üç yüz beş manat dörd qəpik) manat məbləğində borc, 600 (altı yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 13435,04 (on üç min dörd yüz otuz beş manat dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 128,72 (yüz iyirmi səkkiz manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar