Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-61/2023 08.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Aura” restoranı ilə bağlı İddiaçı barəsində tərtib olunmuş 24 fevral 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin Cavabdehndən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları Quba rayonu, Qəçrəş kəndində yerləşən iddiaçıya məxsus “Aura” restoranına gələrək 24 fevral 2020-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən guya, “abonent qaz sayğacından əvvəl, təmizləyici qurğunun alt hissəsini açaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edir” qeydi aparılmış, 31 mart 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 31104 m3 qazdan istifadəyə görə 6220,80 manat məbləğində əsassız və qanunsuz borc hesablanmışdır. Borcun ödənilmədiyi halda Cavabdeh tərəfindən iddiaçıya obyektə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Restorana verilən təbii qazın kəsilməsi iddiaçını külli miqdarda ziyana sala bilər. Belə ki, o, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir zaman cavabdeh təşkilatla aralarında qaz borcu ilə bağlı problemi və təbii qazdan qanunsuz istifadə halı olmamışdır. Bunun üçün 2020-ci ildə akt tərtib edilənə qədər və akt tərtib edildikdən sonrakı dövrlərin qaz sərfiyyatlarını abonent saldosu üzrə müqayisə etmək kifayətdir. Abonent saldosundan da göründüyü kimi qaz sərfiyyatlarında hər hansı fərq mövcud deyildir. Eyni zamanda iddiaçıya məxsus obyekt ilin hər vaxtı fəaliyyət göstərə bilmir və onun fəaliyyəti mövsümi xarakter daşıyır. 6220,80 manat məbləğində ziyanın hansı meyarlar əsasında hesablanması, obyektdə olmayan qaz cihazlarının qeyd edilərək müvafiq hesablamaların aparılması iddiaçının hüquqlarının kobudcasına pozulması deməkdir. Həmçinin sahibkar kimi iddiaçıya məxsus obyekt Cavabdeh əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Belə ki, həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə iddiaçıya yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan yoxlama aparılmışdır. İddiaçı məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə Cavabdeh İB-nin nümayəndəsinin iştirak etməməsi səbəbindən mediator tərəfindən 07 oktyabr 2022-ci il tarixli, MŞB/8-00031 nömrəli arayış verilmişdir. Bundan əlavə iddiaçı həm elektron qaydada, həm də poçt vasitəsilə Cavabdehnə borcun silinməsi ilə bağlı pretenziya məktubu ilə müraciət etmiş, lakin Cavabdeh tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Aura” restoranı ilə bağlı iddiaçı barəsində tərtib olunmuş 24 fevral 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 6220,80 manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin və hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş və təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən yerində ******* saylı akt tərtib edilmişdir. Abonentin qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, orada istifadə olunan avadanlıqların inventarlaşması aparılmış, akt tərtib edilərək qaz paylayıcısına vurduğu ziyan müəyyən edilmişdir. İddiaçının istifadə etdiyi təbii qazın dəyərinə görə ******* saylı aktla itirilmiş qazın bərpası üçün cəmi: 31104 m3x0.20 qəpik =6220,80 (altı min iki yüz iyirmi manat 80 qəpik) manat hesablanmışdır. İddiaçı öz iddia ərizəsində “əsassız yazılmış borcun silinməsi” tələbini qeyd etsə də, Cavabdeh tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, 31104 m3 təbii qaz sayğacdan keçən istifadə olunmuş təbii qazın dəyəri olaraq abonentin ünvanına istifadə etdiyi qaz sərfiyyatına görə yazılmış borc 0,20 qəpikdən hesablanmışdır və 6220,80 manat borc yaranmış və iddiaçı brocunu qəbul edərək 6181 manat ödəmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə cavabdehin etirazı ilə bağlı mülahizə təqdim edərək bildirmişdir ki, ona məxsus sahibkarlıq obyektinə cavabdehin qeyd etdiyi kimi baxış keçirilib şəkillər və videogürüntülər alınmışdırsa, bir sahibkar kimi onun da iştirakı təmin olunmalı idi. İş materiallarında olan aktdan da görünür ki, onun heç bir yerdə adı və imzası yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin, “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizənin və mülahizənin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəni, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 fevral 2020-ci il tarixli ******* saylı aktında qeyd olunur ki, İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman “abonent qaz sayğacından əvvəl, tənzimləyici qurğunun alt hissəsini açaraq rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir” kimi nöqsan aşkar olunmuşdur. İş materiallarında olan 31 mart 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 5,4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 31104 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 31104 m3 qaz sərfiyyatına görə mübahisələndirilən akta əsasən 6220,80 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilərək 24 fevral 2020-ci il tarixli ******* nömrəli akt tərtib etmiş, lakin cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, 24 fevral 2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus olan Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00054) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat 80 qəpik) manat məbləğində borc silinməlidir. Bundan başqa “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” tutulması ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 250 (iki yüz əlli) manat məbləğində pul tutulmalıdır. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci də Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin Cavabdehndən dövlət nəfinə 82,2 (səksən iki manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. 24 fevral 2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus olan Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00054) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat 80 qəpik) manat məbləğində borc silinsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 250 (iki yüz əlli) manat məbləğində və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən dövlət nəfinə 82,2 (səksən iki manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-61/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-61/2023
08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver