Məhkəmə qərarları › İş №e-2-2(119)-643/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-643/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-643/2021 08.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Tağıyev Xəqani Qəhrəman oğlu - İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı 03.02.2021-ci il tarixdə eyni iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə olunmadığına, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair Qanunun tələbləri gözlənilmədiyinə, həmçinin iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə məhkəmənin 08.02 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Həmin qərardadda iddiaçıya izah olunmuşdur ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı həmin qərardadda göstərilən nöqsanları tam aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsinə xəbərnamə əlavə olunsa da, həmin xəbərnamədən onun iddia ərizəsinin yaxud da, pretenziyanın cavabdehə çatdırılması ilə bağlı olduğunu müəyyən etmək mümkün deyil. Buna görə də, həmin sənəd nə pretenziyanın, nə də iddia ərizəsinin cavabdehə verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Bundan başqa, iddia ərizəsinə poçt göndərişləri haqqında qəbzlər əlavə olunmuşdur ki, həmin qəbzlər iddia ərizəsinin cavabdeh tərəfindən alınmasının və ya mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasının sübutu sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə olunmadığına və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair Qanunun tələbləri gözlənilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151-152, 263, 264, 267 və 268-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar