Məhkəmə qərarları › İş №e-2-2(119)-649/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-649/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-649/2024 09.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı vəkili Nümayəndə1 Mirzəcan oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlə aralarında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə 11807,57 (on bir min səkkiz yüz yeddi manat əlli yeddi qəpik) manat məbləğində borc, 5000 (beş min) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün 590 (beş yüz doxsan) manat məbləğində faiz borcu, əldə çıxmış fayda qismində hesablanmış 15000 (on beş min) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 32397,57 (otuz iki min üç yüz doxsan yeddi manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1500 (min beş yüz) manat məbləğində pul vəsaitinin əvəzinin və 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsinə əsasən iddiaçı cavabdehin Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən sənaye binası üçün metal konstruksiya və beton işlərinin quraşdırılmasını və vaxtında həyata keçirilməsini üzərinə götürmüş, tərəflər birlikdə görüləcək işlərin dəyərini “Əlavə razılaşma” protokolunda qiymətləndirmiş, həmçinin ödəniş şərtləri və digər məsələlər razılaşdırılmışdır. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyin icrasını təmin etsə də, cavabdeh üzərinə düşən öhdəliyi, yəni görülən işlərin razılaşdırılmış dəyərini hazırkı vaxtadək tam ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında, o cümlədən mediasiya vasitəsilə həll edilməsinə cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə 16 may 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tərəflər arasında podrat müqaviləsinin bağlanmasına baxmayaraq iddia ərizəsində texniki səhvə yol verilərək subpodrat müqaviləsi qeyd edildiyini göstərmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin qanuni təmsilçisi 16 aprel 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək etirazda iddiaçı tərəfindən üzərinə düşən öhdəliyin qüsurla icra edildiyini göstərmiş, eyni zamanda iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edildiyi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsinə əsasən iddiaçı müqavilə bağlandığı gündən etibarən cavabdehin sifarişini qəbul edərək sonuncuya məxsus olan Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən sənaye binası üçün metal konstruksiya və beton işlərinin quraşdırılmasını öz üzərinə götürmüş və vaxtında həyata keçirilməsini təmin etmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş və müqavilə şətlərini pozmuşdur. Belə ki, borc məbləğinin ödənilməsi üçün göndərilmiş elektron qaimə-fakturalar üzrə görülmüş işlərin dəyərinin 64218,73 manatlıq hissəsi cavabdeh tərəfindən ödənilsə də, 11807,57 manat borc hazırkı vaxtadək ödənilməmişdir. Cavabdehin etiraza əlavə etdiyi akt idarədaxilidir və sübut əhəmiyyətinə malik deyildir. Cavabdehin etirazda qeyd etdiyi kimi, qüsurlu iş görülmüşdürsə, bu qüsurun mövcudluğu ilə bağlı hər iki tərəfin iştirakı ilə protokol tərtib olunaraq rəsmiləşdirilməli idi. İddiaçıya qüsurla bağlı heç bir müraciət edilməmişdir və buradan belə nəticəyə gəlinir ki, iddiaçı tərəfindən müqaviləyə uyğun olaraq cavabdehə qüsursuz iş təqdim edilmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə tərəflər arasında bağlanmış podrat müqaviləsinin 11.8-ci bəndində qeyd edilir ki, müqavilə tərəflər öz öhdəliklərini yerinə yetirdiyi günə qədər qüvvədədir. Öhdəlik tam icra edilmədiyindən iddia müddətinin tətbiqi düzgün deyildir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən görülən işlər qüsurlu olmuş və bununla bağlı ona dəfələrlə şifahi qaydada müraciət edilmişdir. İddiaçı cavab olaraq maddi çətinliklərinin olduğunu, ödəniş edilməsini xahiş etmiş və qüsurların qısa müddət ərzində aradan qaldırılacağını vəd etmişdir. Cavabdeh mövcud qüsurları aradan qaldırmaq üçün başqa şirkətlə əməkdaşlıq etməyə məcbur olmuş və bununla əlaqədar onlara 18 min manat məbləğində ödəniş etmişdir. Aşkar edilən qüsurlarla bağlı iddiaçıya yazılı etiraz təqdim edilməmişdir. İddiaçı tərəfindən isə işin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı da iş materiallarına əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizəni, cavabdehin etirazını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı (İddiaçı MMC) müqavilə bağlandığı gündən etibarən sifarişçinin (Cavabdeh MMC-nin) sifarişini qəbul edərək, sifarişçinin təsdiq etdiyi Sumqayıt şəhəri, Nasosnu (H.Z.Tağıyev) qəsəbəsində yerləşən sənaye binası üçün metal konstruksiya və beton işlərinin quraşdınlması və vaxtında həyata keçirilməsini öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin qiyməti əlavə razılaşma protokolunda qiymətləndirilib (sonradan müqavilənin qiyməti) adlanacaq. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, sifarişçi hazırkı müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə qiymətinin 50% məbləğini avans olaraq icraçıya Azərbaycan manatı olmaqla, bank köçürməsi yolu ilə ödəyəcək. Qalan məbləği isə iş yekunlaşandan sonra eyni qaydada 10 (on) iş günü ərzində ödəyəcəkdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, iş müddəti ərzində göstərilmiş xidmətlərdə qüsurlar aşkar edildikdə, yaxud xidmətin keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədıkdə, sifarişçinin qüsuru aşkar etdiyi tarixdən ən gec otuz (30) təqvim günü ərzində icraçıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, tərəflərin bu müqaviləyə əsasən bir-birinə təqdim etdiyi bütün bildirişlər yazılı şəkildə, Azərbaycan dilində olmalı və müvafiq tərəfin bu müqavilənin 12-ci maddəsində göstərilən ünvanına şəxsən, sifarişli məktubla və ya kuryer poçtu ilə göndərilməlidir. Hər hansı bildiriş onun bu bəndə əsasən qəbul edilməsi təsdiq edildiyi tarixdən etibarlı sayılır. Həmin müqavilənin 11.8-ci bəndinə əsasən, bu müqavilə tərəflər onu imzaladığı tarixdən qüvvəyə minir və tərəflər bu müqaviləyə müvafiq olaraq öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir. İş materiallarında olan 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsinə 1 nömrəli Əlavəyə (həcm və qiymətləndirmə cədvəlinə) əsasən ƏDV daxil olmaqla 76026,26 manat dəyərində işlərin görülməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən imzalanmış və möhürlənərək təsdiqlənmiş 01 sentyabr 2020-ci il tarixinə yerinə yetirilən işlər haqqında arayışa əsasən, ƏDV daxil olmaqla 76026,26 manat iddiaçı tərəfindən cavabdehə işlər görülmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 23602,60 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 18 iyun 2020-ci il tarixli EBAL seriyalı 277564 nömrəli, 23615,10 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 30 iyun 2020-ci il tarixli EBAL seriyalı 780821 nömrəli, 28808,61 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 17 avqust 2020-ci il tarixli EBAN seriyalı 734366 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir. İş materiallarında olan: - 18 iyun 2020-ci il tarixli 202 nömrəli ödəniş tapşırığına əsasən 18 iyun 2020-ci il tarixli EBAL seriyalı 277564 nömrəli elektron qaimə-faktura üzrə - 20002,22 manat; - 03 iyul 2020-ci il tarixli 210 nömrəli ödəniş tapşırığına əsasən 30 iyun 2020-ci il tarixli EBAL seriyalı 780821 nömrəli elektron qaimə-faktura üzrə - 10006,39 manat; - 30 dekabr 2020-ci il tarixli 001İNT********** nömrəli ödəniş qəbzinə əsasən 17 avqust 2020-ci il tarixli EBAN seriyalı 734366 nömrəli elektron qaimə-faktura üzrə - 24415,04 manat məbləğlərində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür. İş materiallarında olan: - 18 iyun 2020-ci il tarixli **********265981 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 18 iyun 2020-ci il tarixli EBAL seriyalı 277564 nömrəli elektron qaiməfaktura üzrə - 3600,40 manat; - 03 iyul 2020-ci il tarixli, **********315522 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 30 iyun 2020-ci il tarixli EBAL seriyalı 780821 nömrəli elektron qaiməfaktura üzrə - 1801,15 manat; - 26 dekabr 2020-ci il tarixli, **********935058 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən 17 avqust 2020-ci il tarixli EBAN seriyalı 734366 nömrəli elektron qaimə-faktura üzrə - 4394,53 manat məbləğlərində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci və 463.2-ci maddələrinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə icraçı qismində çıxış edən iddiaçı cavabdehin sifarişləri əsasında aralarında razılaşdırılmış işləri görərək müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh görülən işlərin dəyərini tam ödəməyərək müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Göründüyü kimi, görülən işlərlə bağlı iddiaçı tərəfindən cavabdehə yuxarıda qeyd edilmiş 23602,60 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 18 iyun 2020-ci il tarixli, 23615,10 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 30 iyun 2020-ci il tarixli və 28808,61 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 17 avqust 2020ci il tarixli elektron qaimə-fakturalar təqdim edilmişdir. Cavabdeh tərəfindən 18 iyun 2020-ci il tarixli və 17 avqust 2020-ci il tarixli elektron qaimə-fakturalar üzrə xidmətlərin dəyəri tamamilə ödənilmişdir. 30 iyun 2020-ci il tarixli elektron qaimə-faktura üzrə ödənilməli olan 23615,10 manat pul vəsaitinin isə bir hissəsi - xx.xx.2020-ci il tarixli 210 nömrəli ödəniş qəbzinə əsasən 10006,39 manat və həmin tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 1801,75 manat pul vəsaiti ödənilmiş, 11806,96 manat (23615,10 - 10006,39 - 1801,75 = 11806,96) məbləğində pul vəsaiti isə hazırkı vaxtadək ödənilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə 11807,57 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən təmin edilərək 11806,96 manat manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin cavabdehdən 5000 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış podrat müqaviləsinin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan əlavə iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün 590 manat məbləğində faiz borcunun və əldən çıxmış fayda kimi hesablanmış 15000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissələrdə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, ilk növbədə, qeyd edilən faiz borcunun və əldən çıxmış faydanın hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı təsdiqedici sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndindən görünür ki, sifarişçinin müqavilə qiymətinin 50% məbləğini avans olaraq icraçıya ödəyəcəyini, qalan məbləği isə iş yekunlaşdıqdan sonra 10 iş günü ərzində ödəyəcəyini tərəflər öz aralarında razılaşdırmış və iş materiallarındakı 30 dekabr 2020-ci il tarixli 001İNT********** nömrəli ödəniş qəbzinə əsasən cavabdeh tərəfindən sonuncu ödəniş həmin tarixdə yerinə yetirilmişdir. Sonuncu ödənişin edildiyi tarixdən 10 iş günü keçdikdən sonrakı müddətdə müqavilənin 3.1-ci bəndinin şərti nəzərə alınmaqla cavabdehdən qalıq ödənişin tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu və əldən çıxmış faydanı tələb etmək hüququ o zaman yarana bilərdi ki, o özü müqavilənin tərəfi kimi gecikmənin və hər hansı faydanın əldən çıxmasının qarşısını almaq üçün həmin müqavilənin 3.1-ci bəndinin şərtinə uyğun olaraq 10 iş günü müddəti ötdükdən sonra həmin məbləği cavabdehdən tələb etdiyini sübuta yetirsin. Buna görə də gecikdirilmiş vaxt üçün 590 manat məbləğində faiz borcunun və əldən çıxmış fayda kimi hesablanmış 15000 manat pul vəsaitinin əsaslılığı sübut edilmədiyi üçün iddia həmin hissələrdə də təmin edilməməlidir. Məhkəmə cavabdehin işin qüsurlu görülməsi səbəbindən ödənişin tam ödənilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində birbaşa göstərilir ki, iş müddəti ərzində göstərilmiş xidmətlərdə qüsurlar aşkar edildikdə, yaxud xidmətin keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədıkdə, sifarişçinin qüsuru aşkar etdiyi tarixdən ən gec otuz (30) təqvim günü ərzində icraçıya etiraz göndərmək hüququ vardır və etiraz yazılı şəkildə təqdim edilməlidir. Həmçinin həmin müqavilənin 9.1-ci bəndinə əsasən iddiaçı və cavabdehin bu müqaviləyə əsasən bir-birinə təqdim etdikləri bütün bildirişlər yazılı şəkildə, Azərbaycan dilində olmalı və müvafiq tərəfin bu müqavilənin 12-ci maddəsində göstərilən ünvanına şəxsən, sifarişli məktubla və ya kuryer poçtu ilə göndərilməlidir. Cavabdeh məhkəməyə aşkar edilmiş qüsurlarla bağlı iddiaçıya yazılı formada ünvanlanmış və ya təqdim edilmiş hər hansı etiraz, bildiriş və digər sənəd təqdim etməmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında bu halı təsdiq edərək bununla əlaqədar aralarında yalnız şifahi danışıqlar olduğunu bildirmişdir. Məhkəmə işin bu halı ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə (“hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”) müvafiq olaraq qiymətləndirmə aparır və cavabdehin işin qüsurlu olması səbəbindən ödənişin edilməməsi barədə dəlilini əsaslı hesab etmir. Cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə, ilk növbədə qeyd edir ki, etirazda qeyd edilən bir illik və beş illik müddətlər Mülki Məcəllənin 776-cı maddəsinə əsasən, sifarişçiyə şamil edilmiş müddətlərdir, hazırkı iş üzrə iddiaçı həmin müqavilə üzrə icraçı olduğundan həmin müddətlər ona münasibətdə tətbiq edilə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 379.1.6-cı maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Cavabdeh hazırkı müqavilə üzrə son ödənişi 30 dekabr 2020-ci il tarixində etmiş, bununla əlaqədar iddia müddətinin axımı həmin tarixdən başlanmış, iş materiallarındakı Bakı 16 saylı mediasiya təşkilatının təqdim etdiyi “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa əsasən isə mediasiya prosesinin tətbiqi ilə əlaqədar tərəflərə xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş və xx.xx.2023cü il tarixində isə həmin arayış tərəflərə təqdim edilmişdir. Hazırkı iddia ilə isə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət edilmişdir. Başqa sözlə, mediasiya prosesinin başlanması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı dayanmış və xx.xx.2023-cü il tarixində həmin müddətin axımı davam etmişdir. Mülki Məcəllənin 379.4-cü maddəsinin tələbinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam etdiyindən və müddətin qalan hissəsi altı aya qədər uzadıldığından iddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli, 001XOH********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən göstərilən hüquqi yardıma görə “Fides” Vəkil bürosuna 1500 manat məbləğində ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 1500 manat pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 1500 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 600 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 68 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 29 yanvar 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən və təmin edilmiş hissəsinə (11806,96 manat) mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 125,42 manat təşkil etdiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 68 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə 11806,96 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 600 manat pul vəsaitinin əvəzi və 68 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 12474,96 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin istinad edilən tələbləri nəzərə alınaraq, iddia tələbinin təmin olunmuş hissəsinə (11806,96 manat) mütənasib olaraq iddiaçı tərəfindən ödənilməyən dövlət rüsumunun 57,42 manatlıq hissəsi cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir (iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 16 noyabr 2023-cü il tarixli, 001XOH********** nömrəli ödəniş qəbzinə əsasən iddiaçı məhkəməyə müraciət etməzdən qabaq ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Bakı 16 saylı Mediasiya təşkilatına 200 manat məbləğində ödəniş etmişdir). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 01 iyun 2020-ci il tarixli GG-002 nömrəli podrat müqaviləsi üzrə 11806,96 (on bir min səkkiz yüz altı manat, doxsan altı qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 600 (altı yüz) manat məbləğində pul vəsaitinin əvəzi və 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 12474,96 (on iki min dörd yüz yetmiş dörd manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh "Prestij-Kimya” Məhdud Məsuliyyətli Cəmiyyətindən 57,42 (əlli yeddi manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar