Məhkəmə qərarları › İş №e-2-2(119)-69/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-69/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-69/2024 26.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi Rəhimova Gülgün Cəsur qızının iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 25 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən (VÖEN **********) müqavilə öhdəlikləri üzrə 7700 (yeddi min yeddi yüz) manat məbləğində borcun və 97 (doxsan yeddi) manat məbləğində mediasiya xərcinin tutulub İddiaçı (VÖEN **********) ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı və sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi arasında 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 0017 nömrəli xidmət müqavilələri bağlanmışdır. Həmin Müqavilələrin predmetlərini “Sifarişçi”nin yükdaşıma xidmətlərinin göstərilməsini “İcraçı”ya sifariş vermək, müəyyən edilmiş qiymətə və görülmüş işlərin həcminə uyğun haqqı ödəmək, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada həmin işləri öz nəqliyyat vasitələri və işçi qüvvəsi hesabına görməyi öhdəsinə götürmək təşkil edir. Qeyd olunan müqavilələrin şərtlərinə uyğun olaraq işlər görülərək, xidmətlər göstərilmiş və bununla bağlı 12 aprel 2023-cü il tarixdə tərəflər arasında “Üzləşmə Akt”ı tərtib edilərək, tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Ancaq, Masazır Bələdiyyəsi müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməyərək, 12 aprel 2023-cü il tarixdə tərəflər arasında təsdiq edilmiş “Üzləşmə Akt”da göstərilmiş 7700 manat pul məbləğini ödəməmişdir. Müqavilələrin “ödəniş qaydası” bölməsinin 2.2-ci bəndinə əsasən, “İcraçı” görülmüş işlərin müqabilində “Sifarişçi” tərəfindən ödənilməli olan məbləği təfsilatlı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə “Sifarişçi”yə e-Qaimə təqdim edir. Müqavilələrin “tərəflərin hüquq və vəzifələri” bölməsinin 3.1.1-ci bəndinə əsasən “İcraçı” bu müqavilələrin şərtlərinə və dövlət standartlarına uyğun olaraq keyfiyyətlə icra edilmiş işləri bu yekun təhvil-təslim aktına uyğun olaraq qəbul etmək və bu müqavilə ilə müəyyən edilmiş qaydada işlərin dəyərini ödəmək vəzifəsi daşıyır. Müqavilələrin 3.1.3-cü bəndinə əsasən, “İcraçı”nın bu Müqavilələrin icra müddətinə və qiymətinə dair qeydləri, pretenziyası olduqda 10 gün ərzində baxmaq və qərarını ona bildirmək vəzifəsi daşıyır. Borcun ödənilməsi üçün Cavabdehə pretenziya məktubu və mediasiya təklifi də göndərilmişdir. Ancaq tərəflər arasında yaranmış pul öhdəliklərinin icrası təmin olunmamışdır. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud, mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə məhkəmə prosesi başlandıqdan sonra cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən 07 dekabr 2023-cü ildə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Masazır Bələdiyyəsi ilə İddiaçı arasında Masazır inzibati ərazi vahidində ekoloji təmizliyin qorunması məqsədilə yükdaşıma xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. 01 iyun 2022-ci il tarixli Müqavilədə həmin xidmətlərin göstərilməsi üçün ilkin məbləğ olaraq 10000 manat nəzərdə tutulmuşdur ki, bu da 01 iyul 2022-ci il tarixli müqavilə ilə artırılaraq 18000 manata çatdırılmışdır. Belə ki, bu məbləğin xidməti müqaviləyə əsasən günəmuzd 200 manat olaraq hesablanması nəzərdə tutulmuşdur. Sonradan iddiaçı fiziki şəxslə Bələdiyyə arasında 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktı tərtib edilmişdir. Üzləşmə aktına əsasən Masazır Bələdiyyəsi fiziki şəxsə iyun ayından noyabr ayına kimi xidməti müqavilədə nəzərdə tutulan 18000 manatdan 17300 manat xidmət haqqı ödənilmişdir. 7700 manat isə fiziki şəxsə borclu qalmışdır. Lakin, Üzləşmə aktı hazırlanarkən fiziki şəxs tərəfindən hər gün işə çıxması ilə bağlı hər hansı sənəd Bələdiyyəyə təqdim edilməmişdir. Bu baxımdan fiziki şəxsin hansı vaxtda işə çıxması məlum deyil. Eyni zamanda müqaviləyə əsasən həmin fiziki şəxs hər gün üçün 200 manat hesablamışsa, bu zaman Üzləşmə aktında hesablamalar düzgün aparılmamışdır. Digər məsələ: hər ay 30 və ya 31 gündan ibarət olduğundan (30 x 200=6000) Aktda hesablanma qrafasında bu rəqəm 6000 deyil, bəzi qrafada 6400, 6600 və 5400 kimi göstərilmişdir. Ödənilmiş qrafada isə 17300 manat qeyd edilmiş və iddiaçı fiziki şəxsə iyun-oktyabr ayları üçün 4800, 1500, 3000, 6000 və 2000 manat ödənildiyi qeyd edilmişdr. Belə ki, Üzləşmə aktında xidmətin göstərilməsi ilə bağlı 25000 manat hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilə isə 18000 manatdır. Bu da qərarda və müqavilədə göstərilən maliyyə vəsaitindən kənara çıxmaq deməkdir. Sonuncu olaraq ’’Bələdiyyə üzvlərinin statusu” haqqında AR Qanunundan və X1 çıxış edərək, qeyd olunur ki, 12 aprel 2023-cü il tarixli Üzləşmə aktı Bələdiyyənin ümumi iclasında baxılaraq qərar qəbul edilməli və imzalanması üçün Bələdiyyə sədrinə həvalə olunmalı idi. Lakin, 12 aprel 2023-cü il tarixli Üzləşmə aktı Bələdiyyənin ümumi iclasında müzakirə edilmədən sədr tərəfindən birbaşa imzalanmışdır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində göstərilən halın pozulması deməkdir. Həmin maddənin 4 və 5-ci bəndində göstərilib: Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; 5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi. İcraçının müqavilədə qeyd olunan xidmətlərin göstərilməsini və gündəlik görülmüş işin icrasını təsdiq edən rəsmi sənədi yoxdur. Bu səbəbdən aylar üzrə nəzərdə tutulan yekun məbləğin dəqiq hesablanması mümkün deyil. Qanunsuz olaraq tərəflər arasında imzalanmış 12 aprel 2023-cü il tarixli Üzləşmə aktında qeyd olunan məbləğlər özündə həqiqəti əks etdirmədiyindən və qanun pozuntusu ilə imzalandığından, Bələdiyyənin ümumi iclasının 16 noyabr 2023-cü il tarixli 20/05 saylı qərarı ilə həmin Akt ləğv edilmişdir. Yəni, Qərarda 01 iyul 2022-ci il tarixli 017 saylı xidməti müqaviləsinə əsasən məişət tullantılarının “daşınması və zərərsizləşdirilməsi” işlərinin görülməsi ilə bağlı Masazir Bələdiyyəsi ilə fiziki şəxs İddiaçı arasında imzalanmış 12 aprel 2023-cü il tarixli Üzləşmə aktı ləğv edilmiş, 12 aprel 2023-cü il tarixli Üzləşmə aktının ləğv edilməsi ilə bağlı fiziki şəxs İddiaçı müraciət olunması və Masazır Bələdiyyəsi ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 01 iyul 2022-ci il tarixli 017 saylı Xidməti Müqavilə üzrə öhdəliyin icrası ilə bağlı yaranmış problemin həlli məqsədilə fiziki şəxs Səmədov X6 Bələdiyyəsinə dəvət olunması qərara alınmışdır. İddiaçı Səmədov X6 Bələdiyyəsinə gəlmiş və rəhbərlik tərəfindən ona Üzləşmə aktının qanunsuz olduğu bildirilmişdir. Bu baxımdan iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi 12 aprel 2023-cü il tarixli Üzləşmə aktı qüvvədə olan qanunvericiliyə zidd tərtib edildiyindən, Masazır Bələdiyyəsi tərəfindən ləğv edilmişdir. Beləliklə də, İddiaçı iddia tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 7700 manat məbləğində borcun və 97 manat məbləğində mediasiya xərcinin tutulub, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, Abşeron rayonu Masazır Bələdiyyəsinə aid inzibati ərazidən öz nəqliyyat vasitəsi, işçi qüvvəsi və vəsaiti hesabına məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsi xidmətinin göstərilməsi üçün “icraçı” olaraq onunla sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi arasında 10000 manat dəyərində 01 iyun 2022-ci il tarixli 007 nömrəli və bir ay sonra isə 18000 manat dəyərində 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri bağlanmışdır. Hər iki Müqavilələr üzrə “İcraçı” olaraq onun tərəfindən 2022-ci ilin iyun– sentyabr aylarında öz hesabına X3nin inzibati ərazisindən məişət tullantıları Sumqayıt Məişət Tullantıları Poliqonuna daşınmış və ümumlikdə cəmi 25000 manat dəyərində xidmət göstərilərək, müvafiq qaydada lazımi sənədlər tərtib edilməklə Sifarişçiyə elektron qaimələr təqdim olunmuşdur. X3 isə bu xidmətlərin müqabilində ona cəmi 17300 manat məbləğində pul vəsaiti ödəsə də, məlum xidmətlərə görə hesablanmış vəsaitin 7700 manat hissəsini ödəməmişdir. Bu ödənişin edilməməsi, əvvəlcə Bələdiyyənin maliyyə imkansızlığı ilə əlaqələndirilsə də, Bələdiyyəni hazırkı rəhbərliyi ümumiyyətlə məlum xidmətlərin göstərilməsi üzrə tərtib edilmiş sənədləri və borcun Üzləşmə aktını qəbul etməyərək, 7700 manat borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - iddia tələbinə qarşı verilmiş yazılı Etirazda qeyd olunan əsaslarla, o cümlədən də 01 iyun 2022ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri üzrə İddiaçı cəmi 25000 manat dəyərində xidmətlərin göstərilməsinin mötəbər sübutlarla təsdiq edilməməsi və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktının isə Masazır Bələdiyyəsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə ləğv olunması ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 01 iyun 2022-ci il tarixli 007 nömrəli Xidmət Müqaviləsinin şərtlərinə uyğun olaraq “Sifarişçi” bu Müqavilə ilə müəyyən edilmiş yükdaşıma xidmətlərini göstərməyi "İcraçı"ya sifariş verir və bu Müqavilə ilə müəyyən edilmiş qiymətə və görülmüş işlərin həcminə uyğun haqqı ödəməyi öhdəsinə götürür. «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada həmin işləri öz nəqliyyat vasitələri, imkanları, qüvvəsi, resursları hesabına görməyi öhdəsinə götürür (1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, işlərin dəyəri, işlərin dəyəri, işlərin təhviltəslimi haqqında aktda göstərilən işlərin həcminə uyğun günəmuzd olaraq 160 manat hesablanaraq ödənilir. Müqavilənin dəyəri 10000 (on min) manat nəzərdə tutulur. Lazım olduğu təqdirdə artırıla bilər. İş saatı 9.00-da başlayır və 18.00-da qurtarır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, «İcraçı» görülmüş işlərin müqabilində «Sifarişçi» tərəfindən ödənilməli olan məbləği təfsilatlı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə «Sıfarışçı»yə e-Qaimə təqdim edir. e-Qaimədə faktiki görülmüş işlərin qiymətləri qeyd edilməlidir Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, «Sifarişçi» faktiki görülmüş işlərə daire- Qaimənin təqdim edildiyi tarixdən etibarən 5 (beş) gün ərzində e-Qaiməni təhlil edir və təsdiqlədiyi təqdirdə, e-Qaımədə nəzərdə tutulan məbləği «İcraçı»ya köçürmə yolu ilə ödəyir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, aşağıdakı hallarda «Sifarişçi» e-Qaiməni təsdiqləməkdən imtina edə bilər: a) e-Qaimədə qeyd edilmiş ış Müqavilə şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə və ya ümumiyyətlə yerinə yetirilmədikdə; b) e-Qaimədə qeyd edilmiş işin qiyməti ilə həmin işə dair razılaşdırılmış qiymət arasında ziddiyyət olduqda. Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən, sifarişçi işləri Təhvil-Təslim Aktına əsasən o şərtlə qəbul edəcək ki, işlər bu Müqavilənin şərtlərinə uyğun tam, qənaətbəxş səviyyədə və Qüsursuz icra olunmuş və ya hər hansı qüsur aşkar olunduqda onların aradan qaldırılması Qüsur Aktına müəyyən olunmuş müddətdə aradan qaldırılmış olsun. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və 31 dekabr 2022-cı il tarixədək qüvvədədir. İş materiallarında olan sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqaviləsinin şərtlərinə uyğun olaraq “Sifarişçi” bu Müqavilə ilə müəyyən edilmiş yükdaşıma xidmətlərini göstərməyi "İcraçı"ya sifariş verir və bu Müqavilə ilə müəyyən edilmiş qiymətə və görülmüş işlərin həcminə uyğun haqqı ödəməyi öhdəsinə götürür. «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada həmin işləri öz nəqliyyat vasitələri, imkanları, qüvvəsi, resursları hesabına görməyi öhdəsinə götürür (1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, işlərin dəyəri, işlərin dəyəri, işlərin təhviltəslimi haqqında aktda göstərilən işlərin həcminə uyğun günəmuzd olaraq 200 manat hesablanaraq ödənilir. Müqavilənin illik dəyəri 18000 (on səkkiz min) manat nəzərdə tutulur. Lazım olduğu təqdirdə artırıla bilər, iş saatı 09.00-da başlayır və 18.00-da qurtarır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, «İcraçı» görülmüş işlərin müqabilində «Sifarişçi» tərəfindən ödənilməli olan məbləği təfsilatlı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə «Sifarişçi»yə e-Qaimə təqdim edir. e-Qaimədə faktiki görülmüş işlərin qiymətləri qeyd edilməlidir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, «Sifarişçi» faktiki görülmüş işlərə dair e- Qaimənin təqdim edildiyi tarixdən etibarən 5 (beş) gün ərzində e-Qaiməni təhlil edir və təsdiqlədiyi təqdirdə, e-Qaimədə nəzərdə tutulan məbləği «İcraçi»ya köçürmə yolu ilə ödəyir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, aşağıdakı hallarda «Sifarişçi» e-Qaiməni təsdiqləməkdən imtina edə bilər, a) e-Qaimədə qeyd edilmiş iş Müqavilə şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə və ya ümumiyyətlə yerinə yetirilmədikdə; b) e-Qaimədə qeyd edilmiş işin qiyməti ilə həmin işə dair razılaşdırılmış qiymət arasında ziddiyyət olduqda. Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən, sifarişçi İşləri Təhvil-Təslim Aktına əsasən o şərtlə qəbul edəcək ki, işlər bu Müqavilənin şərtlərinə uyğun tam, qənaətbəxş səviyyədə və Qüsursuz icra olunmuş və ya hər hansı qüsur aşkar olunduqda onların aradan qaldırılması Qüsur Aktına müəyyən olunmuş müddətdə aradan qaldırılmış olsun. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və 31 dekabr 2022-cı il tarixədək qüvvədədir. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən tərtib edilərək, imzalanıb-möhürlənmiş Aktlarla müəyyən olunur ki, icraçı İddiaçı 30 iyun 2022-ci il tarixli akt üzrə 5400 (beş min dörd yüz) manat dəyərində, 31 iyul 2022-ci il tarixli akt üzrə 6600 (altı min altı yüz) manat dəyərində, 31 avqust 2022-ci il tarixli akt üzrə 6600 (altı min altı yüz) manat dəyərində və 30 sentyabr 2022-ci il tarixli akt üzrə 6400 (altı min dörd yüz) manat dəyərində olmaqla, ümumilikdə cəmi 25000 (iyirmi beş min) manat məbləğində məişət tullantılarını daşıyaraq zərərsizləşdirməyə təhvil verilməsi xidmətlərini yerinə yetirmişdir. İş materiallarında olan Elektron Qaimələrlə müəyyən olunur ki, 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri əsasında məişət tullantılarının daşınması ilə əlaqədar icraçı İddiaçı tərəfindən sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsinə 24 iyun 2022-ci il tarixli EBBY 885652 nömrəli Elektron Qaimə üzrə 5400 (beş min dörd yüz) manat dəyərində, 29 iyul 2022-ci il tarixli EBCA 984838 nömrəli Elektron Qaimə üzrə 6600 (altı min altı yüz) manat dəyərində, 29 avqust 2022-ci il tarixli EBCC 744017 nömrəli Elektron Qaimə üzrə 6600 (altı min altı yüz) manat dəyərində və 27 sentyabr 2022-ci il tarixli EBCE 693302 nömrəli Elektron Qaimə üzrə 6400 (altı min dörd yüz) manat dəyərində olmaqla, ümumilikdə cəmi 25000 (iyirmi beş min) manat məbləğində xidmətlərin göstərilməsi barədə elektron qaimələr təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı təqdim olunmuş həmin elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir). İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən tərtib edilərək, imzalanıb-möhürlənmiş 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktından görünür ki, 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələrin icrası ilə əlaqədar hesablanmış ümumilikdə cəmi 25000 (iyirmi beş min) manat məbləğində borcun 17300 (on yeddi min üç yüz) manat hissəsi ödənilmiş və sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsinin 12 aprel 2023-cü il tarixinə icraçı İddiaçı cəmi 7700 (yeddi min yeddi yüz) manat məbləğində qalıq borcu qalmışdır (həmin Üzləşmə Aktı “sifarişçi” olaraq Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri və baş mühasibi tərəfindən imzalanmış və Bələdiyyənin möhürü ilə möhürlənmişdir). İş üzrə məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş Abşeron rayon Masazır Bələdiyyəsinin 16 noyabr 2023-cü il tarixli iclasın 20 saylı protokolunun 05 saylı Qərarından Çıxarışdan görünür ki, həmin iclasda 01 iyul 2022-ci il tarixli 017 saylı xidməti müqaviləsinə əsasən məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi işlərinin görülməsi ilə bağlı Masazir Bələdiyyəsi ilə fiziki şəxs İddiaçı arasında imzalanmış 12 aprel 2023-cü il tarixli üzləşmə aktının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri əsasında Abşeron rayonu Masazır Bələdiyyəsinə aid inzibati ərazidən öz nəqliyyat vasitəsi, işçi qüvvəsi və vəsaiti hesabına “məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsi” xidmətlərinin göstərilməsi ilə əlaqədar icraçı (iddiaçı) İddiaçı (VÖEN **********) tərəfindən cəmi 25000 manat məbləğində təqdim olunmuş Elektron Qaimələr üzrə sifarişçi (cavabdeh) Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən 17300 manat məbləğində pul vəsaiti ödənilmiş olsa da, ümumilikdə cəmi 7700 (yeddi min yeddi yüz) manat məbləğində pul vəsaiti ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 7700 manat məbləğində əsas borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə mediasiya xərci kimi ödənilmiş 97 manat məbləğində pul vəsaitinin cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən İddiaçı xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (iddia tələbində isə “97 (doxsan yeddi) manat məbləğində mediasiya xərcinin tutulması” xahiş olunmuşdur). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri üzrə göstərilmiş xidmətlərə görə ümumilikdə ödənilməmiş cəmi 7700 (yeddi min yeddi yüz) manat məbləğində əsas borcun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müəyyən olunur ki, mediasiya xidməti ilə əlaqədar İddiaçı tərəfindən mediatora ödənilmiş mediasiya xərcinin 97 (doxsan yeddi) manat hissəsinin əvəzinin də “cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi də əsaslıdır. Qeyd etmək lazımdır ki, iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilsə də, hazırkı iddia tələbində iddiaçı cavabdehdən “97 (doxsan yeddi) manat məbləğində mediasiya xərcinin” tutulmasını xahiş etmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) cavabdehdən həmin iddia tələbində göstərilən məbləğdə, yəni 97 (doxsan yeddi) manat məbləğində mediasiya xərci tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eyni zamanda, məhkəmə, hazırkı mübahisə üzrə aparılan araşdırma zamanı müəyyən olunan işin konkret hallarına əsasən qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf iddiaya qarşı etirazını “01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri üzrə İddiaçı cəmi 25000 manat dəyərində xidmətlərin göstərilməsinin mötəbər sübutlarla təsdiq edilməməsi və tərəflər arasında imzalanmış 12 aprel 2023-cü il tarixli X8 Bələdiyyəsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə ləğv olunması” ilə əsaslandırsa da, işin mübahisəsiz hallarına və aşağıda qeyd olunan xüsusatlara görə həmin dəlillər əsassızdır və hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi ilə icraçı İddiaçı arasında bağlanmış 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri, eləcə də həmin müqavilələrdə nəzərdə tutulan xidmətlərin göstərilməsinin təsdiqi olaraq tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, 31 iyul 2022-ci il tarixli, 31 avqust 2022-ci il tarixli və 30 sentyabr 2022-ci il tarixli aktlar Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri X4 tərəfindən imzalanaraq, Bələdiyyənin möhürü ilə möhürlənmişdir. Bundan əlavə, həmin Aktlar əsasında 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri üzrə məişət tullantılarının daşınması ilə əlaqədar icraçı İddiaçı tərəfindən sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsinə təqdim olunan 5400 manat məbləğində 24 iyun 2022-ci il tarixli EBBY 885652 nömrəli, 6600 manat məbləğində 29 iyul 2022-ci il tarixli EBCA 984838 nömrəli, 6600 manat məbləğində 29 avqust 2022-ci il tarixli EBCC 744017 nömrəli və 6400 manat məbləğində 27 sentyabr 2022-ci il tarixli EBCE 693302 nömrəli Elektron Qaimələrin heç birinə Qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada etiraz edilməmiş və onların qəbulundan imtina olunmamışdır. Yəni, həmin Qaimələr təsdiq olunmuş və məlum Qaimələrdə nəzərdə tutulan cəmi 25000 manat məbləğində pulun 17700 manat hissəsi ödənilsə də, 7700 manat hissəsi ödənməmişdir. Həmçinin, məlum Xidmət Müqavilələri üzrə ödənilmiş və ödənilməmiş pulun hesabatı, ödəniş və qalıq borcun üzləşdirilməsi ilə əlaqədar sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi ilə icraçı İddiaçı tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktı isə həmin vaxt Bələdiyyənin yeni sədri olan X9 və Bələdiyyənin baş mühasibi X2 tərəfindən imzalanaraq möhürlənmişdir. Lakin, hazırkı mübahisə üzrə məhkəmə araşdırması başlandıqdan sonra Abşeron rayon Masazır Bələdiyyəsinin 16 noyabr 2023cü ildə keçirilən iclasında 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktının birtərəfli qaydada ləğv edilməsi barədə qərar qəbul olunsa da, belə bir qərar həmin Aktla təsdiq edilən faktların mövcudluğunu ləğv etmir. Halbuki, məlum Üzləşmə Aktının baş mühasib tərəfindən də imzalanması, həmin sənəddə qeyd olunan maliyyə hesabatlarının dəqiqliyini və mötəbərliliyini daha da artırır. Həmçinin, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi tərəflər arasında bağlanaraq, Bələdiyyənin sədri tərəfindən imzalanıb-möhürlənmiş məlum Xidmət Müqavilələrinin qanuniliyini mübahisələndirməsə də, həmin Bələdiyyənin sədri və baş mühasibi tərəfindən imzalanıb-möhürlənmiş Üzləşmə Aktının qanuniliyini mübahisələndirməsi - hazırkı iddia tələbinin əsaslılığını şübhə altına salmır. Çünki, məlum Müqavilələr üzrə xidmətlərin göstərilməsi və göstərilmiş xidmətin pulunun 7700 manat hissəsinin ödənilməməsi mübahisələndirilən Üzləşmə Aktından əlavə, işin konkret halları, yuxarıda qeyd olunan elektron qaimələr və digər mötəbər sübutlarla da təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən 7700 (yeddi min yeddi yüz) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində xidmət haqqı İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi məhkəmələrə verilən iddialar üzrə ödənilmiş rüsumlardan azad olunduğuna görə, hazırkı iddia ərizəsi üzrə iddia tələbi təmin olunsa da, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən dövlət rüsumu tutulmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən 7700 (yeddi min yeddi yüz) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 7797 (yeddi min yeddi yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar