Məhkəmə qərarları › İş №e-2-2(119)-696/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-696/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-696/2024 25.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Musayev Amid Tofiq oğlunun iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 05 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz aktın ləğv olunması, sayğacın dəyişdirilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2024-cü il tarixində qeyri-yaşayış sahəsi olan Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində **********0 nömrəli abonent koduna tətbiq olunmuş 019297 nömrəli qanunsuz aktın ləğv olunması, 2023-cü ilin noyabr ayında xəbərsiz qoyulmuş zəif güclü **********45 nömrəli smart sayğacın 06 oktyabr 2011-ci il tarixdə Sumqayıt Regional Elektrik Şəbəkəsi tərəfindən Sumqayıt şəhəri 42-ci məhəllə, Koroğlu prospekti, 292, 2-ci mərtəbə - ünvanına 1xxxx/1909 nömrəli 12,1 kilovat güclü texniki şərtə uyğun limitsiz elektrosayğacla əvəzlənməsinin təmin olunması, cavabdeh X6 Cəmiyyətindən 2000 manat məbləğində maddi ziyanın və 1000 manat məbləğində mənəvi ziyanın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək İddiaçı 02 may 2024-cü ildə və 17 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələr təqdim edərək, həmin ərizələrində məhkəmədən 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən və abonent kodu **********0 olan qeyriyaşayış sahəsinə hesablanmış 850 (səkkiz yüz əlli) manat məbləğində cərimənin silinməsi və cavabdeh X6 Cəmiyyətindən 2000 manat məbləğində maddi ziyanın və 1000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edərək, məhkəməyə təqdim etdiyi “borcun silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrlə ilkin iddia ərizəsində vermiş olduğu iddia tələbini dəyişdirmiş və həmin ərizələrdə iddia tələbinin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, o, əslində iddia ərizəsində “qanunsuz tərtib edilmiş 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli aktın ləğvini” deyil, əsas niyyəti kimi bu aktın nəticəsi olan 850 manat cərimənin ləğvinin, yəni silinməsinin təmin edilməsini tələb etmişdir. Bundan başqa, məhkəməyə mürciət etdikdən sonra cavabdeh tərəfindən sayğacın gücü artırıldığına görə, daha sayğacın dəyişdirilməsinə ehtiyac yoxdur və işığın verilməsi 45 gündən sonra təmin olunduğu üçün o, yaşamaq üçün kirayə tutduğu mənzili təhvil verib, geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 28 fevral 2024-cü il tarixdə enerjitəchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektin uçot dəstinə baxış keçirilən zaman obyektə yarımstansiyadan əlavə kənar xətt daxil olması halı aşkar edilmiş və kənar xətt video çəkilişlə qeydə alınmışdır. Video çəkilişdən də aydın görünür ki, abonent obyektə yeraltı qanunsuz kənar xətt çəkmişdir. Kənar xətt bir başa obyektə daxil olur. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən EEİQ-nin 8.17-ci bəndinin tələblərinə uyğun olaraq abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 12 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 855,14 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Həmçinin, iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə "xxxx" ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nin tələbinə uyğun istifadə etməli idi. Yuxanda qeyd edilənlərə əsasən hesab edilir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Eləcə də, iddia ərizəsində iddiaçının cavabdehə qarşı 1000 mənəvi zərərin ödənilməsi tələbi qeyd edilsə də, həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş və zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. Bununla yanaşı mülki hüquqda zərər sosial məna kəsb etdiyindən və şəxsin və yaxud təşkilatın qanunla qorunan obyektiv hüquqlarının pozulması yolu ilə onun subyektiv hüquqlarına toxunulması zamanı əmələ gəlir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edilir ki, iddiaçının mənəvi zərərə görə 1000 manat və 2000 manat maddi ziyana görə pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbləri yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələrdə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən və abonent kodu **********0 olan qeyri-yaşayış sahəsinə hesablanmış 850 manat məbləğində cərimənin silinməsi və cavabdeh X6 Cəmiyyətindən 2000 manat məbləğində maddi ziyanın və 1000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 28 fevral 2024-cü il tarixində ona məxsus abonent kodu **********0 olan qeyri-yaşayış sahəsinin yerləşdiyi Sumqayıt şəhəri 42-ci məhəllə, Koroğlu prospektinə onun iştirakı olmadan 019297 nömrəli akt tərtib olunaraq, cərimə hesablanmış və həmin Aktda nöqsan kimi "obyektə yarımstansiyadan əlavə kənar xəttin daxil olduğu, kənar xəttin en kəsiyinin 6 mm olan aliminium naqildən ibarət olması, naqilin ölçülmüş gücünün 7,9 kv.t olması” göstərilərək, kənar xəttin ləğv olunduğu qeyd edilmişdir. Lakin o, həmin kənar xəttin aşkar edilməsində iştirak etməmiş, cavabdehin əməkdaşları həmin baxışı keçirib, akt tərtib edərkən onu dəvət etməmişlər və bu barədə ona məlumat verməmişlər və o, həmin Aktı qanunsuz və əsassız hesab edir. Çünki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar xəttin aşkar edildiyi qeyri-yaşayış sahəsi ikimərtəbəli tikilidən ibarətdir və həmin tikilinin ikinci mərtəbəsinin bir hissəsi, yəni 10%-dən ibarət hissəsi ona məxsus olsa da, qalan hissəsi əvvəllər X4, hal-hazırda isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Obyektdən kənarda tapılan hansısa naqil ona məxsus qeyriyaşayış sahəsinin yerləşdiyi tikilidən 100 metr kənarda yerləşsə də, həmin naqilin onun tərəfindən quraşdırılmasının və yaxud, həmin kənar xətdən ona məxsus qeyri-yaşayış sahəsində istifadə edilməsinin iddia edilməsinin heç bir əsası və sübutu yoxdur. Çünki, naqilin daxil olduğu obyektin birinci mərtəbəsi və ikinci mərtəbəsinin isə çox hissəsi əvvəllər X4, hazırda isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur və bu xəttə görə cavabdehliyi də onlar daşımalıdırlar. Bundan əlavə, o, özünə məxsus həmin qeyri-yaşayış sahəsindən yaşayış yeri kimi istifadə etmiş və ondan xəbərsiz "xxxx" ASC-nin işçiləri tərəfindən onun elektron sayğacı qanunsuz smart tipli 5 kilovat güclü sayğacla əvəz olunduğundan, onun həmin qeyri-yaşayış sahəsində yaşaması qeyri-mümkün olmuşdur. Çünki, bu sayğac tələb olunan gücə malik olmamış və işıqlar yanıb-sönmüş, kartda donma olmuş, mənzildə gərginliyin sabit olmaması səbəbindən televizoru yanmış və təbii qaz təchizatı olmadığından ona məxsus 110 kvadrat sahəni isitmək mümkün olmamışdır. Buna görə də o, 2023-cü ilin noyabr ayından məcbur olaraq kirayədə yaşamış və bununla ona 2000 manat maddi zərər vurulmuşdur. Çünki, həmin yer qeyri-yaşayış sahəsi olsa da, o, ailəsi ilə oradan yaşayış sahəsi kimi istifadə edir. Eyni zamanda, "xxxx" ASC-nin bu hərəkətləri ilə ona 1000 manat məbləğində mənəvi ziyan da dəymişdir. Çünki, "xxxx" ASCnin bu hərəkətləri nəticəsində o, işıqsız qalmış, 3 yaşında olan azyaşlı uşağı ilə kirayədə yaşamalı olmuş və vərdiş etdiyi mənzil təminatından məhrum olmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 cavab olaraq bildirdi ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təmin olunması ilə əlaqədar quraşdırılmış sayğaca hər ay baxış keçirən nəzarətçi tərəfindən verilən bildirişlər əsasında ödənişlər edilmişdir. Həmin sayğaca baxış keçirilməsi zamanı tərtib edilmiş NDQ 019297 nömrəli Akt isə 28 fevral 2024-cü ildə yazılmışdır və həmin Aktı tərtib edənlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Departamentinin əməkdaşları olmuşlar. Lakin, 28 fevral 2024-cü ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sayğacına keçirilən və 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Aktın tərtib edilməsi ilə nəticələnən yoxlama X3 Reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizələri, iddia tələbinə qarşı verilmiş yazılı Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, İddiaçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün 25 iyun 2004-cü il tarixdə ********** nömrəli X2 Nömrəsi əldə etmiş və həmin VÖEN-in statusu hal-hazırda aktivdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (abonent kodu: **********0) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən sahibkarlıq obyektinin (abonent kodu: **********0) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 28 fevral 2024-cü ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) baxış keçirilmiş və baxışla əlaqədar tərtib olunan həmin Aktda “Obyektə yarımstansiyadan əlavə kənar xətt daxil olur. Kənar xəttin en kəsiyi 6 mm olan aliminium naqildən ibarətdir. Naqilin ölçülmüş gücü 7,9 kvt-dir. Pkənar= 5,7 kvt, Psayğac=1,03 kvt” və “EEİQ-nin tələblərinə uyğun kənar xətt cavabdeh tərəfindən ləğv olunmuşdur” qeydləri aparılmışdır (Həmin Akt istehlakçı İddiaçı tərəfindən imzalanmamış, Aktda İddiaçı baxışda iştirak etmədiyi və qapını açmadığı göstərilmiş və Aktda məlum yoxlamanın X3 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). İş materiallarında olan 06 mart 2024-cü il tarixli “Texniki sahə üzrə tələblərə dair” Cədvəldən (İcra vərəqindən) görünür ki, İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə (abonent kodu: **********0) "obyektə yarımstansiyadan əlavə kənar xətt daxıl olur. Kənar xəttin en kəsiyi 6 mm2 aliminium naqildən ibarətdir" qüsuruna görə 7,9 kvt x 12 saat x 82 gün = 7774 kvt/saat, tarif (0,11 man): -7774 kvts x 0,11 = 855 manat məbləğində birdəfəlik əlavə elektrik enerjisi sərfiyyatı hesablanmışdır. İş materiallarında olan istehlakçı İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə (abonent kodu: **********0) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “obyektə yarımstansiyadan əlavə kənar xətt daxil olması” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar yenidən hesablama aparılmış və həmin hesabatla 855,14 (səkkiz yüz əlli beş manat 14 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi 06 mart 2024-cü ildə istehlakçı İddiaçı hesabına daxil edilmişdir. Yəni, 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin hesabına (abonent kodu: **********0) 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akta əsasən iddia ərizəsində qeyd olunan “850 (səkkiz yüz əlli) manat məbləğində” deyil, birdəfəlik 855,14 (səkkiz yüz əlli beş manat 14 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanmışdır. İş materiallarında olan istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (abonent kodu: **********0) aid Abunə haqqında Hesabatlarda olan göstəricilərə əsasən müəyyən olunur ki, 2015-ci ildən etibarən İstehlakçı tərəfindən mütəmadi olaraq istifadə edilən elektrik enerjisi üzrə müvafiq ödənişlər edilmiş və mübahisəli dövrü əhatə edən aylar üzrə də istehlak olunan elektrik enerjisinin və həmin istehlak üzrə müvafiq ödənişlərin aparılması hesabatları mövcuddur. Qeyd etmək lazımdır ki, 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Aktda qeyd olunan yoxlamanı əks etdirən videoçəkiliş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə araşdırması zamanı həmin videogörüntülər nümayiş etdirilərək, tədqiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, enerjitəchizati müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akt əsasında Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: **********0) əlavə sərfiyyat olaraq hesablanmış cəmi 855,14 (səkkiz yüz əlli beş manat 14 qəpik) manat məbləğində borcla istehlakçı İddiaçı (VÖEN **********) razılaşmayaraq, həmin borcun 850 (səkkiz yüz əlli) manat hissəsinin silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, həmin mübahisə ilə əlaqədar iddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müvafiq qaydada xəbərdarlıq olunmuş və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən İddiaçı tərəfindən məhkəməyə 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X3 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X3 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X3 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X3 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu **********0) quraşdırılmış elektrik hesabat sayğacına 28 fevral 2024-cü ildə baxış keçirilən zaman “obyektə yarımstansiyadan əlavə kənar xətt daxil olması” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akta əsasən İstehlakçıya 855,14 (səkkiz yüz əlli beş manat 14 qəpik) manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 855,14 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 28 fevral 2024-cü ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X3 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X3 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı əlavə sərfiyyat olaraq 855,14 (səkkiz yüz əlli beş manat 14 qəpik) manat məbləğində borcun hesablanması ilə nəticələnmiş yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə uyğun aparılması təsdiq olunmamış və həmin yoxlama əsasında tərtib edilmiş 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Aktın Qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi müəyyən olunmamışdır. Lakin, iddiaçı məlum Akt əsasında əlavə sərfiyyat kimi hesablanmış 855,14 (səkkiz yüz əlli beş manat 14 qəpik) manat məbləğində borcun hamısını deyil, “850 (səkkiz yüz əlli) manat hissəsinin silinməsi” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) uyğun olaraq iddiaçının iddia tələbində göstərilən məbləğ üzrə, yəni 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akt üzrə hesablanmış “850 (səkkiz yüz əlli) manat məbləğində borcun silinməsi” barədə verilmiş iddia tələbi üzrə qətnamə qəbul edilməlidir. Lakin, iddiaçının cavabdehdən "2000 manat məbləğində maddi ziyanın və 1000 manat məbləğində mənəvi ziyanın tutulması" hissəsində iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq edilməmiş və bu tələb iddiaçı tərəfindən sübut olunmamışdır (mübahisə predmeti olan Aktın tərtib edildiyi tikili yaşayış deyil, qeyriyaşayış sahəsidir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: **********0) əlavə sərfiyyat olaraq hesablanmış borcun 850 manat hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 fevral 2024-cü il tarixli NDQ 019297 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (abonent kodu: **********0) əlavə sərfiyyat olaraq hesablanmış borcun 850 (səkkiz yüz əlli) manat hissəsi silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar