Məhkəmə qərarları › İş №e-2-2(119)-713/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-713/2025

23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-713/2025 23.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5064,32 (beş min altmış dörd manat, otuz iki qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 18 sentyabr 2023-cü il tarixdə bank hesabı müqaviləsi (hüquqi və sahibkar fiziki şəxslər üçün) bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə “Visa Rewards kartmane” kartı verilmiş və **********0944-731477 nömrəli hesab açılmışdır. 04 dekabr 2023-cü il tarixdə müştərinin hesabında 5080 manat vəsait olduğu halda 5000 manat vəsaiti İB (İnternet Banking) vasitəsilə bankdaxili köçürmə etmiş, əməliyyat təsdiqlənsə də, həmin məbləğdə vəsait balansdan silinməmişdir. Saat 15:50 radələrində müştəri ATM-dən 5 dəfə olmaqla 1000 manat məbləğində pulu nağdlaşdırmış, əsas vəsait və komissiyalar silindiyi üçün nəticədə cavabdehin overdraft borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli 731477/05AZN01 nömrəli bank hesabı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə bank müqavilədə göstərilən şərtlərlə müştəri üçün hesab və ya hesablar açır, açılmış hesaba daxil olan pul vəsaitini qəbul edir və hesaba mədaxil edir, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirir, müştəri isə bu müqaviləyə (müqaviləyə 1 saylı Əlavə) uyğun olaraq komisyon haqqları ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müştərimin fəaliyyəti ilə bağlı müvafiq əməliyyatların aparılması üçün bank müştəriyə cari AZ22RBTA********************AZN bank hesabı açır və hesab üzrə əməliyyatlar həmin valyuta ilə aparılır. Həmin müqavilənin 3.3.3-cü yarımbəndinə əsasən, hesab üzrə əməliyyatları hesabındakı kredit qalığı həddində aparmaq müştərinin vəzifəsidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 2.1-ci bəndinə əsasən, həmin müqavilə bank (iddiaçı) tərəfindən emissiya edilən kartların və PİN-kod olan zərfin müştəriyə (cavabdehə) şəxsən və ya etibarnamə əsasında müvəkkil edilən nümayəndəsinə verilməsi və onlardan istifadə edilməsi ilə bağlı bank və müştəri arasında hüquq münasibətlərinin əmələ gəlməsini, onların hüquq və vəzifələrini, məsuliyyət dairəsini, kartlardan istifadənin əsas şərtləri və qaydalarını, tərəflər arasında bu sahədə yarana bilən digər münasibətləri müəyyən edir və tənzimləyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, müştəri kartdan və kart hesabından istifadə ilə bağlı yaranan borcu, həmçinin kartlar üzrə bankın tariflərində göstərilmiş faiz, komisyon haqqı və digər ödəmələri banka ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, kart ilə aparılan əməliyyatlar üzrə limitlər baş verə biləcək əməliyyat risklərinin azaldılması, kart itirildikdə potensial itkilərin qarşısının alma bilməsi məqsədilə bank tərəfindən müəyyən edilir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, bank müştəriyə təklif edilən müxtəlif əməliyyatlar üzrə limitlərə birtərəfli qaydada əlavə və dəyişikliklər edə bilər. Müştəri limitlərdə, həmçinin xidmət qaydalarında və şərtlərində və sair dəyişikliklərin mövcudluğunu hər hansı bir əməliyyat aparmamışdan əvvəl Bankın müvafiq filialında, rəsmi veb səhifəsində və ya “133” müştəri xidməti vasitəsilə mütəmadi olaraq yoxlamalıdır. Müştəri bankın təyin etdiyi limiti qəbul edəcəyini və həmin limitdən məlumatının olmaması bəhanəsi ilə etiraz etməyəcəyini öz öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, kart vasitəsilə bu müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız kart hesabında olan pul vəsaitinin məbləği həddində əməliyyat aparıla, ödəniş edilə bilər. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, müştəri kartdan istifadə etməklə əməliyyat apardıqda kart hesabı üzrə aparılmış əməliyyatlar üzrə pul vəsaiti müvafiq əməliyyatlar üzrə məlumatlar banka daxil olduğu cari iş günündən gec olmayaraq kart hesabından silinir. Həmin müqavilənin 10.3.9-cu yarımbəndinə əsasən, müştəri kart üzrə limitini aşdığı təqdirdə, kartın istifadəsini dayandıracağını, bu müqaviləyə əsasən olan bütün borc və öhdəlikləri təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cəriməni ödəməyi öhdəsinə götürür. İş materiallarında olan cavabdehin İddiaçı ASC-nin şəxsi plastik kartlarının alınmasına və istifadəsinə dair 18 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdehin adına **********0944-731477 saylı hesab açılmış və cavabdeh ərizənin məzmununda “plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilə” ilə, həmçinin kartların istifadəsi ilə bağlı bank tərəfindən müəyyən edilən tariflərlə tanış olduğunu və onları qeyd-şərtsiz qəbul etdiyini” möhürü və nümayəndəsinin imzası ilə təsdiq etmişdir. İş materiallarında olan cavabdehə məxsus **********0944-731477 saylı xx.xx.2023xx.xx.2024-cü il dövrləri əhatə edən kart hesabından çıxarış sənədindən görünür ki, cavabdehin **********0944-731477 kart hesabı üzrə qalıq borcu 5064,32 manat məbləğində təşkil edir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli RB05-02/162 nömrəli maliyyə arayışının məzmununda “cavabdeh 04 dekabr 2023-cü il tarixində hesabında 5080 manat olduğu halda 5000 manat məbləğində vəsaiti İB vasitəsilə bankdaxili köçümə edir. Saat 13:44-də əməliyyat təsdiqlənir, lakin vəsait kartın balansından silinmir və müştəri gedib saat 15:50-də ATM-dən 5 dəfə 1000 manat nağdlaşdırır. Əsas vəsait və komissiyaların silinməsi getdikdə müştərinin kartında overdraft borcu yaranmışdır. Cavabdehin 11 sentyabr 2024-cü il tarixinə borcu 5064,32 manat məbləğindədir. Həmçinin vəsaitin üzərinə gündəlik faiz hesablanır” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 18 sentyabr 2023-cü il tarixli 731477/05AZN01 nömrəli bank hesabı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra olunsa da, cavabdeh hansısa hüquqi və ya qanuni əsas olmadan kart hesabında olan 5000 manat məbləğ üzrə müvafiq köçürmə əməliyyatı həyata keçirdikdən sonra hesabdan silinməyən pul vəsaitini (həmin məbləğdə) əlavə olaraq nağdlaşdırmışdır. İş materiallarında olan hesabdan çıxarış sənədindən göründüyü kimi, cavabdehin 5064,32 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 5064,32 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 70,64 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhdən 5064,32 manat məbləğində pul vəsaiti və 70,64 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5134,96 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 5064,32 (beş min altmış dörd manat, otuz iki qəpik) manat məbləğində pul vəsaiti və 70,64 (yetmiş manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5134,96 (beş min yüz otuz dörd manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar