Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-719/2025 28.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8998,95 (səkkiz min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul və 110,39 (yüz on manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9109,34 (doqquz min yüz doqquz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən X2 mülkiyyətində olan və icarə müqaviləsi əsasında Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinə (Məstdərgah istirahət mərkəzi) 29 sentyabr 2023-cü il tarixindən 29 sentyabr 2024-cü il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində “daşınmaz əmlakın icbari sığortası” üzrə RAZ********** nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. 20 mart 2024-cü il tarixində həmin qeyri-yaşayış sahəsinə baş vermiş yanğın hadisəsi nəticəsində maddi ziyan dəymişdir. 22 mart 2024-cü il tarixli 2325 nömrəli dəymiş zərərin hesabatı barədə rəyə əsasən göstərilən qeyri-yaşayış sahəsinə baş vermiş yanğın nəticəsində 10000 (on min) manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 24 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, “Cavabdeh Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən, X4 məxsus “Məstdərgah” istirahət mərkəzinin icarəyə götürəni kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.6, 1.7, 6.2, 6.5-ci və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 3.5, 3.5.3.1, 3.5.3.3 və 3.5.3.4-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən 20 mart 2024-cü il tarixdə, saat 20 radələrində kottecin daxili elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın hadisəsi baş vermişdir.” 23 mart 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 rayonu, Qırız-Dəhnə kəndində yerləşən 3000 kvadrat metr sahəsi olan əmlakını 23 mart 2021-ci il tarixindən 23 mart 2026-ci il tarixinədək Cavabdeh icarəyə vermişdir. Beləliklə, baş vermiş hadisə ilə bağlı 16 sentyabr 2024-cü il tarixli CFİ-0055/2024-AKT283/24 nömrəli aktla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalı X4 1000 (min) manat azadolma və s. məbləğlər çıxılmaqla 8998,95 (səkkiz min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehə pretenziya məktubu və “onlayn kargüzarlıq” sistemi vasitəsilə bildiriş təqdim edilərək ondan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmuş 8998,95 (səkkiz min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat məbləğində pulun geri ödənilməsi tələb edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 25 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən X4 məxsus Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən "Məstdərgah" istirahət mərkəzi 29 sentyabr 2023-cü il tarixindən 29 sentyabr 2024-cü il tarixinədək yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi hadisələrinə qarşı 240855 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli CFİ-0055/2024-AKT283/24 nömrəli sığorta aktından görünür ki, Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən "Məstdərgah" istirahət mərkəzində 20 mart 2024-cü il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş zərərin məbləği 10000 manat məbləğində müəyyən edilmiş, 1000 manat azadolma məbləği və 1,05 manat sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı çıxılmaqla, sığortalı X4 8998,95 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 mart 2024-cü il tarixli 2325 nömrəli dəymiş zərərin hesabatına əsasən Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən "Məstdərgah" istirahət mərkəzinə dəymiş ziyanın ümumi məbləği 10000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 aprel 2024-cü il tarixli 3-18-4/2-1421/2024 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yanğın baş verməsi haqda 20 mart 2024-cü il tarixində saat 19:41 dəqiqədə FHN-nin Quba Rayon Dövlət X3 “101” xidmətinə məlumat daxil olmuşdur. Hadisə yerinə təlimata uyğun olaraq 2 ədəd yanğın avtomobili manqa tərkibində göndərilmişdir, ilkin yanğından mühafizə bölmələri 20 mart 2024-cü il saat 20:22 dəqiqədə hadisə yerinə çatmışdır. Yanğından mühafizə bölmələri hadisə yerinə çatan zaman istirahət mərkəzinin ərazisində taxta konstruksiyalardan ibarət kotec yanması müəyyən olunmuşdur. Yanğın nəticəsində 1996-cı il təvəllüdlü Cavabdeh məxsus "Məst Dərgah" ailəvi istirahət mərkəzinin ərazisində ümumi sahəsi 70 kv.m olan 1 mərtəbəli kotecin yanar konstruksiyaları yanmışdır. Yanğın 20 mart 2024-cü il tarixində saat 20:42 dəqiqədə 2 ədəd “U” universal əl lüləsi verilməklə, 14 nəfər şəxsi heyətin səyi nəticəsində söndürülmüşdür. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 24 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd olunmuşdur ki, Cavabdeh Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən, X4 məxsus “Məstdərgah” istirahət mərkəzinin icarəyə götürəni kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.6, 1.7, 6.2, 6.5ci və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 3.5, 3.5.3.1, 3.5.3.3 və 3.5.3.4-cü bəndlərinin tələblərini pozaraq yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən 20 mart 2024cü il tarixdə, saat 20 radələrində kotecin daxili elektrik naqillərində qısqapanmanın yaranmasından yanğın hadisəsi baş vermişdir. İş materiallarında olan 23 mart 2021-ci il tarixli icarə müqaviləsinə əsasən X6 tərəfindən Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən "Məstdərgah" istirahət mərkəzi Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarəyəgötürən yanğından mühafizə qaydalarına görə öhdəlik daşıyır. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli 005XOH********** nömrəli ödəniş qəbzinə əsasən X4 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8995,95 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 iyul 2025-ci il tarixli 02/07-187/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Quba rayonu, Qırızdəhnə kəndi, “Məstdərgah” istirahət mərkəzi ərazisində yerləşən kotej tipli tikilidə yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir və bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 26933,24 (iyirmi altı min doqquz yüz otuz üç manat iyirmi dörd qəpik) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ mahiyyət etibarilə, qanunun birbaşa göstərişi ilə tələbin güzəşti nəticəsində öhdəlik münasibətlərində tərəflərin dəyişməsini nəzərdə tutur. Başqa sözlə, əmlaka dəyən zərər nəticəsində zərərçəkənin zərərvurana qarşı mövcud olan tələb hüququ, ödənilmiş sığorta məbləği həddində sığortaçıya keçir və bununla da sığortaçı, zərərçəkən ilə zərərvuran arasındakı öhdəlik münasibətində zərərçəkənin yerini tutur. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməli, sığortaçının həmin münasibətlərdə zərərçəkəni əvəz etdiyi diqqətə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 20 mart 2024-cü il tarixində Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən X2 mülkiyyətində olan və icarə müqaviləsi əsasında Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində (“Məstdərgah” istirahət mərkəzində) yanğın hadisəsi baş vermişdir. X6 ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən Cavabdeh yanğından mühafizə qaydalarına görə öhdəlik daşıyan şəxs olmaqla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 iyun 2024cü il tarixli qərara əsasən yanğın hadisəsinin baş verməsinə səbəb Cavabdeh yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi ilə əlaqədar kotecin daxili elektrik naqillərində qısqapanmanın baş verməsi olmuşdur. Məhkəmə nəzərə alır ki, baş vermiş sığorta hadisəsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən faydalanan şəxsə dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə sığorta müqaviləsinə uyğun olaraq 8998,95 (səkkiz min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinin tələblərinə əsasən sığorta ödənişi həyata keçirildiyi andan etibarən zərərçəkənin (faydalanan şəxsin) zərərvuran şəxsə qarşı malik olduğu tələb hüququ, ödənilmiş məbləğ həddində, subroqasiya qaydasında ona keçmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarına əsasən yanğın hadisəsinin baş verməsinə səbəb Cavabdeh yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi yanğın təhlükəsizliyi ilə bağlı öhdəliklərinə riayət etməməsi olmuşdur. Beləliklə, qanunun birbaşa göstərişinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödənilmiş sığorta məbləği həcmində cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququ əldə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 8998,95 (səkkiz min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “110,39 (yüz on manat otuz doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 19 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 110,39 (yüz on manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 110,39 (yüz on manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8998,95 (səkkiz min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul və 110,39 (yüz on manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9109,34 (doqquz min yüz doqquz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 8998,95 (səkkiz min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul və 110,39 (yüz on manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9109,34 (doqquz min yüz doqquz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-719/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-719/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver