Məhkəmə qərarları › İş №e-2-2(119)-765/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-765/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-765/2024 09.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 765/2024 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin qarşı "müqavilə üzrə borcun və digər ödənişlərin tutulması" tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 07 mart 2023-cü il tarixli 11 nömrəli xidmət müqaviləsi üzrə 98981 (doxsan səkkiz min doqquz yüz səksən bir) manat məbləğində əsas borc, 17816,58 (on yeddi min səkkiz yüz on altı manat, əlli səkkiz qəpik) manat məbləğində ƏDV olmaqla, cəmi 116797,58 (yüz on altı min yeddi yüz doxsan yeddi manat, əlli səkkiz qəpik) manatı məbləğində borcun, 35506,46 (otuz beş min beş yüz altı manat, qırx altı qəpik) manat dəbbə pulunun, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin əvəzinin və 445 (dörd yüz qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının və cavabdehin nümayəndələri eyniməzmunlu izahatlar verərək tərəflər arasında barışıq sazişi imzalandığını, həmin sazişin şərtlərinin iddiaçıya və cavabdehə tam aydın olduğunu, sazişin iddiaçının, cavabdehin və üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirmədiyini bildirdilər, məhkəmədən həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəməyə təqdim edilmiş 11 iyun 2024-cü il tarixli barışıq sazişinin məzmunu ilə müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 11 iyun 2024-cü il tarixli barışıq sazişi bağlanmış və həmin saziş hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədənkənar qaydada gəlinən razılığı əks etdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları hər hansı şəxsin (şəxslərin) hüququnu (hüquqlarını) və qanunla qorunan mənafeyini (mənafelərini) pozmadığına görə 11 iyun 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 11 iyun 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar e-2-2(119)-765/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 11 iyun 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər təsdiq edirlər ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün "xxxx" MMC tərəfindən İddiaçı MMC şirkətinə ödəniləcək borc məbləğinin 116,997 (yüz on altı min yeddi yüz doxsan yeddi) manat məbləğində müəyyənləşdirilməsi ilə bağlı razılığa gəlirlər. İddiaçı MMC 116797 (yüz on altı min yeddi yüz doxsan yeddi) manat məbləğinin "xxxx" MMC tərəfindən ödənilməsi müqabilində iddia tələbindən imtina edir. "xxxx" MMC 7 ay müddətində 116,797.00 (yüz on altı min yeddi yüz doxsan yeddi) AZN (ƏDV daxil) məbləğində borcu hissəli şəkildə İddiaçı MMC şirkətinə ödəyəcəkdir. Ödəniş qaydası: 29 iyun 2024-cü il tarixindən gec olmayaraq 18000 (on səkkiz min) manat, 29 iyul 2024-cü il tarixindən gec olmayaraq 18000 (on səkkiz min) manat, 29 avqust 2024-cü il tarixindən gec olmayaraq 18000 (on səkkiz min) manat, 29 sentyabr 2024-cü il tarixindən gec olmayaraq 18000 (on səkkiz min) manat, 29 oktyabr 2024-cü il tarixindən gec olmayaraq 18000 (on səkkiz min) manat, 29 noyabr 2024-cü il tarixindən gec olmayaraq 18000 (on səkkiz min) manat, 29 dekabr 2024-cü il tarixindən gec olmayaraq 8797 (səkkiz min yeddi yüz doxsan yeddi) manat məbləğində pul ödəniləcəkdir. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. Tərəflər arasında bu sazişlə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur. Barışıq sazişi, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri tərəflər bərabər şəkildə qarşılamağı öhdəsinə götürür. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.

2. "İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair e- 2-2(119)-765/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin.

3. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

4. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar