Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-772/2025 18.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10429,17 (on min dörd yüz iyirmi doqquz manat, on yeddi qəpik) manat məbləğində əsas borc, əsas borcun gecikdirilməsinə və onu qaytarmaqdan boyun qaçırmağa görə 1564,25 (min beş yüz altmış dörd manat, iyirmi beş qəpik) manat məbləğdə faiz borcunun, əsas borc məbləğinin ödənilməsini gecikdirməyə görə 1068,75 (min altmış səkkiz manat, yetmiş beş qəpik) manat məbləğdə faiz borcu, 130 (yüz otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, 13062,17 (on üç min altmış iki manat, on yeddi qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən ərizəyə əlavə olunaraq məhkəməyə təqdim edilmiş 18 fevral 2023-cü il tarixli 17.02/1/23 nömrəli podrat müqaviləsinin 7.1-ci bəndinə əsasən, “tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilədən və yaxud onunla əlaqədar meydana gələn və onların arasında aparılan müzakirələr nəticəsində həllini tapmayan mübahisəli məsələlərə son olaraq iddiaçının olduğu yer üzrə Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarında Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılacaqdır”. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlarla müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanının olduğu yer ünvan 1 Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 04 nömrəli qərarının 20.1-ci bəndinə əsasən, müvafiq olaraq Bakı şəhərinin Binəqədi rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına daxil olan inzibati ərazi vahididir. Göründüyü kimi, tərəflər bağlanmış podrat müqaviləsinin 7.1-ci bəndində gələcəkdə aralarında baş verə biləcək mübahisəyə iddiaçının olduğu yerin məhkəməsində baxılacağı barədə razılığa gəlmələrinə, yəni aralarındakı mübahisələrə dair müqavilə aidiyyətini müəyyənləşdirmələrinə baxmayaraq, iddiaçı həmin qaydaya riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-772/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-772/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver