Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-814/2025 14.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 311700 (üç yüz on bir min yeddi yüz) manat məbləğində borc və 31170 (otuz bir min yüz yetmiş) manat məbləğində cərimə olmaqla, cəmi 342870 (üç yüz qırx iki min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitinin və çəkilmiş məhkəmə xərclərinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21 may 2024-cü il tarixli 02-05/24 nömrəli podrat müqaviləsinə əsasən, iddiaçı cavabdehin tapşırığına əsasən Bakı şəhərinin mərkəzində yenidənqurma, bərpa və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş, cavabdeh isə görülmüş işlər üçün müəyyən olunan məbləği müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 400000 manat məbləğində avans ödənilmiş, lakin qalıq 311700 manat məbləğində malın dəyəri, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, cavabdehin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq iddiaçıya ödənilməmişdir. Müqaviləyə əsasən cavabdeh müqavilənin 3.2-ci bəndinə uyğun olaraq işin dəyərinin ödənişini üzürsüz səbəbdən gecikdirdikdə, ilk 4 həftə ərzində gecikdirilmiş məbləğin 0,5%i miqdarında, sonrakı müddətdə hər həftə üçün gecikdirilmiş məbləğin 1%-i miqdarında cərimə ödəyir. Cərimə və bundan yaranan müvafiq xərcləri tələb etmək iddiaçının hüququ olduğu kimi, cavabdehin də qeyd edilən məbləği ödəmək vəzifəsidir. 01 noyabr 2024 il tarixindən pretenziya məktubunun göndərildiyi tarixə qədər gecikdirilmiş gün sayı 111 gün təşkil edir. Qeyd edilən maddənin tələblərinə əsasən, müqavilə üzrə yaranmış olan 311700 manatlıq borc ödənilmədiyi üçün həmin borca hesablanmış 31170 manat məbləğində cərimənin tələb edilməsi üçün də hüquqi əsaslar mövcuddur. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi 16 may 2025-ci il tarixində İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, həmçinin 400000 (dörd yüz min) manat məbləğində pul vəsaiti, 690 (altı yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 400690 (dörd yüz min altı yüz doxsan) manat məbləğində pulun İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 may 2025-ci il tarixli e-2-2(119)-814/2025 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə qarşı verilmiş “pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. İddiaçının nümayəndəsi 10 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə və ya təxirə salınmasına etiraz etmədiyini bildirmişdir. Həmin ərizənin məzmununda həmçinin cavabdehin nümayəndəsinin ərizədə qeyd edilən suallara cavab verməsi, həmin cavabların protokola daxil edilməsi, işdə dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsinə dair ciddi şübhələr yarandığından xüsusi qərardad qəbul etməklə bu məsələnin paralel olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmasına dair təqdimat verilməsi xahiş edilmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, iddianı qəbul etmir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 400000 manat məbləğində ödəniş edilmişdir. Lakin həmin ödənişin hansı işlərin görülməsi ilə bağlı ödənildiyi və iddiaçı tərəfindən məhz hansı işlərin görülməsi işdə olan sənədlərlə müəyyən edilmir. Bu ödənişin geri qaytarılması ilə bağlı qarşılıqlı iddia ərizəsi məhkəmə icraatına qəbul edilmədiyindən müvafiq tələb barəsində müstəqil qaydada iddia qaldırılmışdır. İddiaçı iddia ərizəsində 21 may 2024-cü il tarixli podrat müqaviləsinə istinad edir, lakin belə müqavilə mövcud olmamışdır. Sadəcə belə bir müqavilənin bağlanması üçün tərəflər arasında danışıqlar aparılmışdır. Təqdim edilən müqavilənin zəruri rekvizitləri - tərəflərin imzaları mövcud deyildir. Müqavilə onun tərəflərinin imzası olduqda hüquqi qüvvəyə minir. İddiaçı iddia tələbini əsaslandıran sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 19 may 2025-ci il tarixli iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən işlərin görüldüyünü və cavabdehə təhvil verildiyini təsdiq edən ustaların faktın təsdiqi barədə aktları, təmirdən əvvəl və sonra çəkilmiş fotoşəkillər və s. iddiaçı tərəfindən tərtib edilmiş, lakin cavabdeh tərəfindən müvafiq sənədlərin imzalanmasından imtina edilmiş, səbəb olaraq isə işlərin görülməməsi göstərilmişdir. İddiaçıda imzalı və möhürlü müqavilə mövcuddur, həmin müqavilə, həmçinin görülmüş işlərlə bağlı ekspert rəyi növbəti iclaslarda məhkəməyə təqdim olunacaqdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 16 yanvar 2025-ci il tarixli fakt təsdiqi barədə aktın “Mövzu” bölməsində "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 21 may 2024-cü il tarixli podrat müqaviləsinə uyğun olaraq, Bakı şəhəri, Azadlıq prospekti üzərində yerləşən 12 ədəd (Azadlıq prospekti 198, 200 - 2 bina, 202, 204, 206, 208, 210 ünvanında - 5 bina, 237, 239, 243 ünvanında - 3 bina, 245, 247, 249, 251, 253, 255 ünvanını əhatə edən -1 bina və 257, 259, 261, 263, 265 ünvanını əhatə edən - 1 bina) binanın yenidən təmir işlərinin icrasını təsdiq edirəm.” “Məlumatlar” bölməsində isə “Təmir olunan bina sayı: 12 ədəd (Azadlıq prospekti 198, 200 ünvanında - 2 bina, 202, 204, 206, 208, 210 ünvanında - 5 bina, 237, 239, 243 ünvanında - 3 bina, 245, 247, 249, 251, 253, 255 ünvanında 1 bina və 255, 257, 259, 261, 263, 265, 267 ünvanında - 1 bina), icra müddəti: 15 may 2024 - 1 noyabr 2024-ci il, təmir işlərində iştirak edən şəxslərin sayı: 16 nəfər, təmirin növü: fasad təmir işləri, bina daxili təmir işləri, digər işlər (göstərilə bilər). Bu akt təsdiq edir ki, qeyd olunan təmir işləri lazımı qaydada və müəyyən olunmuş müddətdə icra olunmuşdur” qeyd olunmuş və həmin akt 16 nəfər işçi tərəfindən imzalanmışdır. İş materiallarında olan iddiaçının direktoru və 3 nəfər usta tərəfindən imzalanmış 03 fevral 2025-ci il tarixli fakt təsdiqi barədə aktda "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 21 may 2024-cü il tarixli 02-05/24 nömrəli podrat müqaviləsinə əsasən "xxxx" MMC-nin müqavilədə nəzərdə tutulan öhdəliklərini tam şəkildə yerinə yetirdiyi; "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə elektron qaimələr göndərildiyi, lakin qarşı tərəfin bu qaimələri təsdiqləmədiyi; qaimələrin təsdiqlənməməsinə baxmayaraq, "xxxx" MMC-nin müqavilədən irəli gələn işləri tam şəkildə icra etdiyi və xidmətlər göstərdiyi; "xxxx" MMCnin isə müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi, həmçinin bu aktın "xxxx" MMC-nin müqavilənin şərtlərinə tam riayət etdiyini və "xxxx" MMC-nin öhdəliklərini tam icra etmədiyini təsdiqləmək məqsədilə tərtib edildiyi qeyd edilmişdir. İş materiallarında olan 02 avqust 2024-cü il tarixli AZ240801001 nömrəli ödəniş tapşırığı üzrə 150000 manat, 15 avqust 2024-cü il tarixli AZ240815001 nömrəli ödəniş tapşırığı üzrə 100000 manat, 21 avqust 2024-cü il tarixli AZ240821002 nömrəli ödəniş tapşırığı üzrə 150000 manat məbləğində olmaqla, cəmi 400000 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarına, həmçinin “Tərəflərin imzaları” qrafası boş olan 21 may 2024-cü il tarixli “Podrat müqaviləsi” əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı aralarında bağlanıldığını iddia etdiyi 21 may 2024-cü il tarixli podrat müqaviləsinə əsaslanaraq 311700 manat məbləğində borc və 31170 manat məbləğində cərimə olmaqla, cəmi 342870 manat məbləğində pul vəsaitinin və çəkilmiş məhkəmə xərclərinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı podrat müqaviləsi üzrə icraçı qismində iştirak etdiyini iddia edən iddiaçı tərəfindən istifadə edilmiş malların dəyəri, müvafiq işlərin görülməsi, görülmüş işlərin cavabdehə təhvil verilməsi və həmin işlərə görə cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmır. İlk növbədə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (Mülki Məcəllə - 407.1-ci maddə) və müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllə - 399.1-ci maddə). İddiaçı tərəfindən iddianın əsası kimi təqdim edilən 21 may 2024-cü il tarixli “podrat müqaviləsi”ndə tərəflərin imzaları və möhürləri mövcud deyildir. Belə olduğu təqdirdə Mülki Məcəlllənin 407.1-ci maddəsinin tələblərinə uyğun olaraq “müvafiq qaydada” imzalanmadığından həmin müqavilə bağlanmış, həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən isə qüvvəyə minmiş sayıla bilməz. İddiaçının qanuni təmsilçisi məhkəmənin 19 may 2025-ci il tarixdə keçirilmiş iclasında tərəflərin imzaladığı müqaviləni təqdim edəcəyini bildirsə də, həmin iclasdan sonra keçirilmiş çoxsaylı iclaslarda iştirak etməmiş, eyni zamanda belə bir müqavilə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının qanuni təmsilçisi işlərin görüldüyünü və cavabdehə təhvil verildiyini təsdiq edən sübutlar kimi 16 yanvar 2025-ci il və 03 fevral 2025-ci il tarixli faktın təsdiqi barədə aktlara istinad etsə də, həmin sənədlər birtərəfli qaydada tərtib edilməklə, yalnız iddiaçının nümayəndələri və işçiləri tərəfindən imzalanmışdır. Başqa sözlə, iddia ərizəsində qeyd edilən 311700 manat dəyərində işlərin görülməsi iş materialları ilə təsdiq edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-814/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-814/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver