Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-992/2024 21.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona məxsus sahibkarlıq obyektinə (abonent kodu **********9) 24 fevral 2024-cü il tarixli NDQ 019296 nömrəli akt əsasında hesablanmış 10811 (on min səkkiz yüz on bir) manat məbləğdə borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən özbaşına olaraq iddiaçının iştirakı olmadan əsassız akt və xəbərdarlıq tərtib edilmiş, aktda guya elektrik xəttində zədələnmə olması və kənar xətdən istifadə edilməsi qeyd olunmuşdur. Lakin bunun heç bir hüquqi əsası yoxdur və cavabdeh əsassız olaraq yazılmış 10811 (on min səkkiz yüz on bir) manat borcla bağlı heç bir mötəbər sübut təqdim edə bilmir. İddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtlı-vaxtında kartla ödənilmişdir. Bu səbəbdən yazılmış cərimə borcu qanunsuzdur və əsassız olduğu üçün silinməlidir. 03 iyul 2024-cü il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz təqdim edərək İddiaçı ona məxsus otelə elektrik enerjisindən qanunsuz istifadəyə görə tərtib edilmiş 24 fevral 2024-cü il tarixli NDQ 019296 nömrəli akt əsasında hesablanmış 10811 (on min səkkiz yüz on bir) manat məbləğində borcun silinməsinə dair iddia tələbi əssasız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 24 fevral 2024-cü il tarixdə enerji təchizatı müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus otelin uçot dəstinə baxış keçirilən zaman elektrik hesabat sayğacının giriş sip xəttini zədələməklə kənar xətdən qanunsuz istifadə edilməsi halı aşkar edilmişdir. Həmçinin kənar xətt video çəkilişlə qeydə alınmışdır. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) pozulması haqqında 24 fevral 2024-cü il tarixli NDQ 019296 saylı akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq 10811 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Həmçinin iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə elməklə "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə elməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin elməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Dövlət Enerjİ Nəzarət İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyуət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazla bağlı məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər, stansiya Sumqayıt (Ceyranbatan qəsəbəsi) ünvanında yerləşən “Praqa” otelinin sayğacına cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən baxış keçirilməsi, akt tərtib edilməsi və xəbərdarlıq edilməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən baxış keçirilməsi zamanı bilavasitə iddiaçı tərəfin nümayəndəsi dəvət olunmalı və qanun pozuntusuna yol verilməsi mövcud qanunvericiliyin tələbinə əsasən sübut edilməli idi. Cavabdehin nümayəndəsi qeyd edilənlərin heç birini etməmişdir. Akt və xəbərdarlığa görə guya, elektrik xəttində zədələnmə olmuş və kənar xətdən istifadə edilmişdir. Lakin bununla əlaqədar cavabdeh heç bir mötəbər sübut təqdim edə bilmir. Bu səbəbdən də yazılmış cərimə borcu silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində və mülahizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometri, 14 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində 14 iyun 2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin 15 mart 2024-cü il tarixli xidməti məlumatında qeyd olunur ki, Sumqayıt RETSİ-nininformasiya bazasında Zülfüqarov Sahib adı ilə **********9 abunə kodunda qeydiyyatda olan ünvan ********** qeydiyyat nömrəli çıxarışdakı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometri, 14 ünvanı ilə eynidir və vətəndaş İddiaçı məxsusdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 24 fevral 2024-cü il tarixli NDQ 019296 nömrəli aktda qeyd olunur ki, elektrik hesabat sayğacına baxış keçirilən zaman obyektə məxsus elektrik sayğacının giriş sip xəttini zədələməklə kənar xətdən istifadə edildiyi məlum olmuşdur. Kənar xəttin en kəsiyinin sahəsi 6mm2 alüminium naqildən ibarətdir, naqilin qoyuluş gücü p=7,9 kvt-dır. Aktda “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq kənar xəttin ləğv edilməsi tələb olunmuşdur. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli icra vərəqindən görünür ki, yenidən hesablaşma aparılmış, 11,22 kvt x 24 saat x 365 gün = 98287 kvts; tarif (0,11 manat) - 98287 kvts x 0,11 = 10811 manat borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, 28 fevral 2024-cü il tarixə abunə kodu **********9 olan “Praqa” kafesinə 10811 (on min səkkiz yüz on bir) manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 24 fevral 2024-cü il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçı (VÖEN **********) məxsus sahibkarlıq obyektinə (abonent kodu **********9) baxış keçirilmiş və yoxlamanın nəticəsidə obyektə məxsus elektrik sayğacının giriş sip xəttini zədələməklə kənar xətdən istifadə edildiyi aşkar olunmuşdur. Bu barədə 24 fevral 2024-cü il tarixli NDQ 019296 nömrəli akt tərtib olunmuş və həmin akt əsasında yenidən hesabaşma aparılaraq 10811 (on min səkkiz yüz on bir) manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materialları əsasında müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektinə (abonent kodu **********9) 24 fevral 2024-cü il tarixli NDQ 019296 nömrəli akt əsasında hesablanmış 10811 (on min səkkiz yüz on bir) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektinə (abonent kodu **********9) 24 fevral 2024cü il tarixli NDQ 019296 nömrəli akt əsasında hesablanmış 10811 (on min səkkiz yüz on bir) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektinə (abonent kodu **********9) 24 fevral 2024-cü il tarixli NDQ 019296 nömrəli akt əsasında hesablanmış 10811 (on min səkkiz yüz on bir) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-992/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-992/2024
21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver