Məhkəmə qərarları › İş №e-2-2(121)-1080/2025

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1080/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1080/2025 31.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən 147.505,44 (yüz qırx yeddi min beş yüz beş manat qırx dört qəpik) azn (ƏDV daxil) yaranmış borc, vergi xidmətinə ödəməli olduğu mənfəət vergisi 25200 (iyirmi beş min iki yüz) manat, vəkil xidməti üçün ödənilmiş 1520 (bir min beş yüz iyirmi) azn rüsum və əlavə məhkəmə üçün ödənilmiş 465 (dört yüz otuz altmış beş) azn dövlət rüsumu olmaqla, cəmi 174225,44 (yüz yetmiş dört min iki yüz iyirmi beş manat qırx dört qəpik) azn pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ona görə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia ərizəsi və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehə çatdırılmamışdır. Belə ki, iddiaçı qeyd olunan sənədləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, əgər cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərməli olduğu halda bunu etməmiş, iddia ərizəsinə yalnız poçt qəbzi və həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsini təsdiq edən sənədin fotoşəkli əlavə etmiş, lakin həmin fotoşəkildən göndərilməli olan müvafiq sənədin statusu “Göndərilmişdir” olaraq deyil, “Təsdiqlənmiş” olaraq qaldığı görünür. Göründüyü kimi iddiaçı iddia ərizəsinin və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehə çatırılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.10-cu maddələrinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddia ərizəsi elektron qaydada iddiaçının vəkili Vəkil tərəfindən imzalanmış, iddia ərizəsinə etibarnamə və EO-1730VK-10510/24 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil orderi əlavə edilmiş, lakin vəkil orderində tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat olaraq “Şirvan Kommersiya Məhkəməsi” əvəzinə “Bakı Kommersiya Məhkəməsi” qeyd olunmuşdur. Qeyd olunanlarla yanaşı, iddiaçının vəkili Vəkil elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə iddia ərizəsini verərkən özünü iddiaçının nümayəndəsi olaraq əlavə etməmiş, yalnız iddiaçının vəkili kimi əlavə etmiş və iddia ərizəsini vəkil qismində imzalamışdır, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş vəkil orderində tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat olaraq “Şirvan Kommersiya Məhkəməsi” qeyd olunmadığından, eyni zamanda Vəkil elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə iddia ərizəsini verərkən özünü idiaçının vəkili ilə yanaşı, iddiaçının nümayəndəsi kimi əlavə etmədiyindən, o, hazırki iddia ərizəsini imzalamaqda səlahiyyətli olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar