Məhkəmə qərarları › İş №e-2-2(121)-1582/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1582/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1582/2024 06.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin xeyrinə 9447,89 manat məbləğində əsas borc, 27018,42 manat məbləğində faiz borcu, ümumilikdə 36466,31 (otuz altı min dörd yüz altmış altı manat 31 qəpik) manat məbləğinin, 199.40 (bir yüz doxsan doqquz manat 40 qəpik) manat dövlət rüsumunun və 600 (altı yüz) manat məbləğində vəkilə çəkilən xərcin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundna sonra “İddiaçı”) ilə "xxxx" MMC (bundan sonra “Cavabdeh”) arasında 07 yanvar 2020-ci il tarixində 02 saylı “Avtomobillərə texniki xidmət göstərilməsi barədə Müqavilə” imzalanmışdır (bundan sonra “Müqavilə”). Həmin Müqavilə üzrə İddiaçı öz öhdəliklərini icra etsə də, Cavabdeh öz öhdəliklərini bu günə qədər icra etmir. Belə ki, İddiaçı tərəfindən xidmətlər göstərildikdən sonra Seriya EBDG, №380605, xx.xx.2023-cü tarixli (9,447.89 manat) elektron qaimə göndərilmişdir. Müqavilənin 5.3. bəndinə əsasən ödənişlər 3 (üç) gün müddətində həyata keçirilməli idi. Lakin Cavabdeh bu günə qədər həmin qaimələr üzrə ödənişi həyata keçirməkdən boyun qaçırır. Ödənişin həyata keçirilməsi üçün Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, bunlara əhəmiyyət verilmir. Bununla bağlı sonuncu yazılı pretenziya 27 sentyabr 2023-cü il tarixində göndərilsə də, ödəniş olmamışdır. Hal-hazırda Cavabdeh tərəfindən ödənilməli olan cəmi əsas borc olan 9447,89 manat ödənilməmiş olaraq qalmaqdadır. Cavabdeh tərəfindən əlavə olaraq 27018,42 manat həcmində cərimə ödənilməlidir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini, iddiaçıya borclarının olmadığını, iddiaçı tərəfindən görülən əvvəlki işlərə görə haqqın tərəflərindən tam ödənildiyini, hazırda tələb olunan görülən işlərə görə haqqın əsassız olduğunu, həmin işlərin görülməsini iddiaçının sübut edə bilmədiyini, görülən işlərin təhvil-təslim sənədinin olmadığını, tərəflər arasında bağlanmış müqavilədə olan imzanın "xxxx" MMC-nin direktoruna məxsus olmadığını bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2017-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02 nömrəli “Avtomobillərə texniki xidmət göstərilməsi barədə” müqavilənin: 1.1-ci bəndinə əsasən, Bu müqavilənin predmetini İcraçı tərəfindən Sifarişçinin sifarişləri əsasında təqdim etdiyi İddiaçı markalı minik avtomobillərinin (bundan sonra “avtomobil” adlanacaq) texniki baxışının və təmirinin həyata keçirilməsi, habelə onların yanacaq sürtkü materialları, ehtiyat hissələri ilə təmin edilməsi və digər xidmətlərin (bundan sonra “texniki xidmət” adlanacaq) göstərilməsi, Sifarişçi tərəfindən isə görülmüş işlərin haqqının İcraçıya ödənilməsi təşkil edir. 2.2.5-ci bəndinə əsasən, Xidmət haqqını və ehtiyat hissələrinin dəyərini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəmək Sifarişçinin vəzifəsidir. 5.1-ci bəndinə əsasən, Bu müqaviləyə uyğun olaraq hər bir avtomobil üzrə görüləcək işlərin haqqı və ehtiyat hissələrinin dəyəri, tərəflər arasında imzalanmış Sifariş-tapşırıq (hesab faktura) və ona əlavələr ilə müəyyən edilir. 5.2-ci bəndinə əsasən, Tərəflər arasmda hər bir avtomobil üzrə Sifariş-tapşınğı imzalandıqdan dərhal sonra iş başlanılana qədər Sifarişçi Sifariş-tapşırığın ümumi qiymətinin 50%-i qabaqcadan avans şəklində İcraçıya ödəməlidir. Sifariş-tapşırıq əsasında görülən işlər 1 (bir) gün müddətində icra edilərsə, ümumi qiymətin 100%-i tərəflər arasında Təhvil-təslim aktı imzalandıqdan sonra dərhal (gün ərzində) ödənilməlidir. 5.3-ci bəndinə əsasən, Sifariş-tapşırıq üzrə ümumi qiymətin qalan hissəsi tərəflər arasmda Təhvil-təslim aktı imzalandıqdan sonra 3 (üç) gün müddətində Sifarişçi tərəfindən İcraçıya ödənilməlidir. 6.2-bəndinə əsasən, Sifarişçi hər Sifariş-tapşırığı üzrə avansı və işlərin haqqını, bu müqavilə ilə şərtləndirilmiş müddətlərdə ödəmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün İcraçıya ümumi qiymətin 1% həcmində cərimə ödəyir. İş materiallarında olan, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı 380605 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texnikaya göstərilmiş servis xidməti haqqının ümumi məbləği 9.447,89 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 02 nömrəli “Avtomobillərə texniki xidmət göstərilməsi barədə” müqaviləyə əsasən yaranmış cəmi 20.785,49 manat məbləğində borcun (9447,89 manat əsas borc, 11337,60 manat cərimə) 2 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi məqsədi ilə 600 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə, ilk növbədə qeyd edir ki, hazırki iddia tələbinə kommersiya mübahisələrinə dair iş kimi kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, mübahisənin əsasında bir tərəfin digər tərəfin sifarişi ilə sonuncuya məxsus nəqliyyat vasitələrinin təmiri və ehtiyat hissələri ilə təchizatına dair işin görülməsi haqqında tərəflər arasında baş tutan razılaşma dayanır. Bu razılaşma hər iki tərəf üçün mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin razılaşmadan yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Belə ki, cavabdehdən tələb olunan pul iddiaçının sahibkarlıq (kommersiya) fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar cavabdehə göstərdiyi xidmətin (gördüyü işin) qarşılığında yaranan borcdur. Hazırki mübahisənin kommersiya xarakterli olmasını şərtləndirən başqa bir əsas da odur ki, mübahisəyə tətbiq olunan maddi hüquq normaları iş görülməsi müqaviləsindən irəli gələn sahibkarlıq fəaliyyəti ilə əlaqəli normalardır. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə cavabdehə məxsus olan nəqliyyat vasitələrinin təmiri və ehtiyat hissələrinin dəyişdirilməsindən ibarət olan işin görülməsi, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər xx.xx.2020-ci il tarixində “Avtomobillərə texniki xidmət göstərilməsi barədə Müqavilə” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişləri əsasında cavabdehə məxsus nəqliyyat vasitələrinin təmirini və yeni ehtiyat hissələri ilə təchizatını həyata keçirdiyini, lakin cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə görülən işlərin qarşılığında 9.447,89 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh iddiaya etiraz edərək iddiaçıya ödənilməmiş borclarının qalmadığını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilələr “Avtomobillərə texniki xidmət göstərilməsi barədə Müqavilə” adlandırılsa da, müqavilələrin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçının cavabdehə məxsus olan nəqliyyat vasitələrini təmir və yeni ehtiyat hissələri ilə təmin etməsi, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Məhkəmə tərəflərin daxil olduqları hüquq münasibətinin xarakterinin müəyyən edilməsi zamanı nəzərə aldığı əsas məqamları ümumiləşdirərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə məxsus texnikanın təmir işləri ilə yanaşı, yeni ehtiyat hissələri ilə də təchiz etməsi iddiaçı tərəfindən görülən işin (təmirin) tərkib hissəsi kimi qəbul edilməlidir. Başqa ifadə ilə iddiaçı tərəfindən cavabdehə məxsus texnikanı yeni ehtiyat hissələri ilə təchiz etməsi tərəflər arasında buna dair ayrıca alqı-satqı münasibətlərinin yaranması məqsədini daşımamışdır, həmin ehtiyat hissələri məhz aparılan təmir işləri üçün nəzərdə tutulmuş, həmin işlərə sərf edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərin xarakterini müəyyən edən zaman əlavə olaraq alqı-satqı müqaviləsinə dair müddəalara istinad etməyə əsas yoxdur. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına dəlalət edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin məhkəmə baxış iclasında müqavilədə olan imzanın "xxxx" MMC-nin direktoruna məxsus olmamasına dair verdiyi izahatına tənqidi yanaşaraq qeyd edir ki, əvvəla həmin müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmasına baxmayaraq cavabdeh tərəfindən hazırki vaxta kimi mübahisələndirilməmişdir, əksinə cavabdeh həmin müqavilə üzrə yaranmış münasibətlərin iştirakçısı olmuşdur (cavabdehin nümayəndəsinin məhkəmə iclasında bildirdiyi kimi iddiaçı tərəfindən görülmüş əvvəlki işlərin haqqı ödənilərək). Digər tərəfdən müqavilə onun iştirakçıları olan hüquqi şəxslərin, o cümlədən cavabdehin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, tərəflər arasında podrat müqaviləsi üzrə etibarlı hüquq münasibətlərinin yaranmasını şərtləndirən hallardan biri də odur ki, qanunvericilikdə podrat müqaviləsinin etibarlı hesab edilə bilməsi üçün həmin müqavilənin yazılı (sadə və ya notarial qaydada) bağlanması məcburi forma şərti kimi nəzərdə tutulmamışdır. İşin müəyyən edilmiş halları ilə isə müəyyən edilir ki, tərəflər arasında iş görülməsi (podrat) münasibətlərinin mövcud olması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halları belədir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək görülən işlərin haqqını iddiaçıya tam ödəmədiyini, nəticədə cavabdehin iddiaçıya 9.447,89 manat borcu qaldığını, cavabdeh isə iddiaçıya borcunun olmadığını, ümumiyyətlə həmin borcun yaranması üçün səbəb olan işlərin görülmədiyini iddia edirlər. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, görülən işlərin həcmini və dəyərini özündə əks etdirən cavabdehə göndərilmiş elektron qaiməyə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Cavabdeh etirazının əsası kimi müqavilədə nəzərdə tutulmasına baxmayaraq görülən işlərin təhvil verilməsinə dair tərəflər arasında təhvil-təslim aktının tərtib olunmamasını, bununla da iddiaçının öz tələbini sübut edə bilməməsini qeyd edir. Məhkəmə, iş materiallarına, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarına, öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı öz tələbini işə aid olan mötəbər sübutlarla əsaslandıra bilmişdir, cavabdeh isə öz etirazında istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, ilk olaraq tərəflər arasında podrat müqaviləsi üzrə hüquq münasibətlərinin mövcud olması, həmin müqaviləyə əsasən əvvəllər görülmüş işlərin dəyərinin cavabdeh tərəfindən ödənilməsi tərəflərin izahatlarına əsasən öz təsdiqini tapmışdır. Bundan başqa işdə olan xx.xx.2023-cü il tarixdə elektron qaimədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texnikalarda müvafiq təmir işləri həyata keçirilmişdir, o cümlədən yeni ehtiyat hissələri quraşdırılmışdır və görülən işlərin dəyəri barədə cavabdehə qaimə göndərilmişdir. Cavabdehə göndərilmiş adı çəkilən elektron qaimə cavabdeh tərəfindən elektron qaydada qəbul edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq qaytarılmamış və ya ləğv edilməmişdir. İddia tələbinin xx.xx.2020-ci il tarixli “Avtomobillərə texniki xidmət göstərilməsi barədə” müqaviləyə əsasən yaranmış 9447,89 manat məbləğində borcun tutulması hissəsinə qarşı cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında qeyd edilən dəlillərə məhkəmə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır. Belə ki, cavabdeh tələb olunan məbləğdə işin iddiaçı tərəfindən ümumiyyətlə görülmədiyini iddia edir və bu iddiasını onunla əsaslandırmağa çalışır ki, iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 9447,89 manat məbləğində olan elektron qaimə göndərilsə də, görülmüş işlərə görə müqavilədə nəzərdə tutulduğu kimi işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edilmədiyi üçün həmin vəsait tərəflərindən ödənilməmişdir. Məhkəmə, cavabdehin göstərilən dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla cavabdeh, iddiaçı "xxxx" MMC tərəfindən göndərilmiş elektron qaimənin etibarsız hesab edilərək geri göndərilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında, özlərinin iddia etdiyi kimi görülməyən işlərə görə göndərilən elektron qaimələrə hansı səbəbdən tərəflərindən etiraz edilməməsinə dair suala isə aydınlıq gətirə bilməmişdir. Digər tərəfdən cavabdeh görülmüş işlərə dair heç bir iki tərəfli təsdiqlənmiş sənədin olmadığını bildirsə də, məhkəmə müəyyən edir ki, görülmüş işlərin haqqının ödənilməsi barədə cavabdehin öhdəliklərinin icrasına dair tərəflər arasında təşəkkül tapmış praktikaya əsasən, görülmüş işlərə görə haqqın ödənilməsi üçün qaimə-faktura sənədinin tərtibi və təqdim edilməsi kifayət hesab edilmişdir. Bu xüsusat cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə də (görülmüş işlərə görə əvvəlki borcun elektron qaimələrə əsasən ödənildiyi barədə) təsdiqini tapmışdır. Buna görə də, cavabdehin nümayəndəsinin təhvil-təslim aktı tərtib edilmədiyi üçün iddia tələbinin əsassız olmasına dair dəlili məqbul hesab edilməməlidir. Məhkəmə, baxılan işdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu ilə bağlı təşəkkül tapmış işgüzar adəti nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən halın, yəni iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməyə əsasən, cəmi 9447,89 manat məbləğində işin görülməsinə dair iddiaçının tələbini əsaslı və mötəbər dəlillərlə sübuta yetirilmiş hesab edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normalarına əsasən yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmİn Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, cavabdehin görülmüş işlərə görə iddiaçıya ödəniş etmək (haqq, muzd və s.) öhdəliyinin hüquqi əsası mülki qanunvericiliyin bir sıra normalarında nəzərdə tutulmuşdur. Lakin xüsusi normada olan tənzimləmənin üstünlüyü prinsipini əsas tutaraq məhkəmə, hazırki işdə cavabdehin ödəniş etmək öhdəliyini podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən normalara istinad etməklə əsaslandırılmasını məqbul və kifayət olduğunu hesab edir. Məhkəmə, iddia tələbinin cavabdehdən müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməməsinə görə cərimə tutulması hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə görə, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddət ərzində görülmüş işlərin haqqını, bu müqavilə ilə şərtləndirilmiş müddətlərdə ödəmədiyi təqdirdə iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bu şərtini əsas tutaraq cavabdehdən cərimə ödənilməsini tələb edir. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən ilk növbədə tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 27018,42 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, vəkilin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 600 manat vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş iddianın qiymətinə uyğun dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməli, eləcə də iddiaçı tərəfindən artıq ödənilmiş dövlət rüsumu məbləği dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə əsasən, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 9.447,89 manat məbləğində əsas, 1000 manat məbləğində cərimə borcu, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat məbləğində xərc və ödənilmiş 121,34 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 11.169,23 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən artıq ödənilmiş 78,06 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar