Məhkəmə qərarları › İş №e-2-2(121)-1611/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1611/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1611/2020 28.12.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, iddiaçı “Omaks-3” Mənzil Tikinti Kooperativinin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı “Omaks-3” Mənzil Tikinti Kooperativi cavabdeh X1 qarşı tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 03 saylı podrat müqaviləsindən irəli gələn öhdəliklərinin gecikdirilməsinə görə 417.600 manat, işgüzar nüfuza vurulmuş 150.000 manat, əldən çıxmış faydaya görə 100.000 manat, qüsurlu işlərin sökülərək binanın ərazisindən daşınmasına görə çəkiləcək xərclərin dəyəri kimi 120.000 manat olmaqla, cəmi 787.600 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışdan görünür ki, “Omaks-3” Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi X3r. Hazırki iddia ərizəsi elektron qaydada Nümayəndə tərəfindən imzalanmışdır. İş materiallarında iddiaçı “Omaks-3” Mənzil Tikinti Kooperativinin sədr müavini X5 tərəfindən Nümayəndə verilmiş xx.xx.2020-ci il tarixli etibarnamə mövcud olsa da, Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin dairəsinə aid olduğuna dair müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Digər tərəfdən həmin etibarnamənin məzmununda onun sədr tərəfindən verilmiş səlahiyyətlərə əsasən verildiyi qeyd olunsa da, “Omaks-3” Mənzil Tikinti Kooperativinin sədri tərəfindən sədr müavininə müvafiq səlahiyyətlərin verilməsinə dair sənədlər iş materiallarına əlavə edilməmişdir. Belə ki, iddia ərizəsinə “Omaks-3” Mənzil Tikinti Kooperativi sədrinin xx.xx.2013-cü il tarixli, 03 saylı əmri əlavə olunmuşdur ki, həmin əmrdə “Omaks-3” Mənzil Tikinti Kooperativi adından etibarnamə vermək səlahiyyəti (iddia ərizəsinin imzalanması səlahiyyəti də daxil olmaqla) və ya ona etibar edilmiş səlahiyyətlərin başqa şəxsə ötürülməsi hüququna dair müvafiq qeyd mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsini imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsinə əlavə olunmuş sənədlərdən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsinə və həmin sənədlərin cavabdeh tərəfindən alınmasına dair sənəd iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin cavabdeh X2 tərəfindən alınmasına dair sənəd iş materiallarından olmadığından məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçı “Omaks-3” Mənzil Tikinti Kooperativi tərəfindən Bakı Kommersiya Məhkəməsinə 30 manat dövlət rüsumu ödənilmiş, lakin iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Göründüyü kimi, “Omaks-3” Mənzil Tikinti Kooperativi tərəfindən müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilsə də, həmin dövlət rüsumu Şirvan Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə ödənilmiş, başqa sözlə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1-ci, 10-1.3-cü və 135.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Omaks-3” Mənzil Tikinti Kooperativinin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar