Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-166/2021 18.01.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı cavabdehin təmir xidmətlərinə görə 531 manat məbləğində əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 561 manat məbləğində vəsaitin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirdir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Fəaliyyətləri ilə əlaqədar Cavabdeh MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli TXM-00038C/17 nömrəli “Texniki xidmət müqaviləsi”nə əsasən cavabdehə məxsus olan texnikaya İddiaçı MMC-nin servis mərkəzində xidmət göstərilmiş və GM09655 nömrəli təmir aktına əsasən buna görə 531 manat məbləğ bugünədək ödənilməmiş olaraq qalmışdır. Beləliklə, cavabdehin təmir xidmətlərinə görə xx.xx.2020-ci il tarixinədək İddiaçı MMC-yə əsas borcu 531 manat təşkil edir. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx.xx.2020-ci il tarixli, 1528 saylı pretenziya məktubu göndərilmişdir. Həmin tarixdən bu günə qədər 531 manat pul vəsaiti ödənilməmiş olaraq qalmaqdadır. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, TXM-00038C/17 saylı texniki xidmət müqaviləsindən görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli, TXM-00038C/17 saylı “texniki xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Şifarişçi”nin və yaxud “Sifarişçi” tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən, “İcraçı” “Sifarişçi”yə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürmüş, “İcraçı” hazırki müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1 göstərilən texnikaların siyahısı üzrə servis xidməti göstərməli və hər texnika üçün tərtib edilmiş texniki kitabçalarda görülmüş işlər barəsində qeydləri aparmalı, hazırki müqavilənin Əlavə №1 hər hansı bir səbəbdən qeydə alınamamış texnikalar üzrə, “Sifarişçi” tərəfindən texniki xidmətə dair müraciət olunduqda, bu müqavilənin şərtləri əsasında “İcraçı” tərəfindən yerinə yetirilməli, “Sifarişçi” yeni texnikanı, İddiaçı MMC-dən əldə etdiyi halda, “İcraçı” zəmanət siyasəti çərçivəsində texniki xidmət göstərir, zəmanət altında olan texnikalar, bu müqaviləyə Əlavə 2 olan Zəmanət müqaviləsində göstərilmiş, zəmanət siyasətinə müvafiq qaydada texniki xidmət yalnız “İcraçı” tərəfindən həyata keçirilir. Texniki xidmət digər şəxslər tərəfindən keçirildikdə, “Sifarişçi” zəmanət qaydalarını pozmuş olur və bu halda texnika zəmanətdən çıxarılır. İş materiallarında olan TXM-00038C/17 saylı texniki xidmət müqaviləsinə 1 saylı əlavədənin surətindən görünür ki, “NEW HOLLAND E 215” və “Doosan Solar 255LC-V” markalı texnikalara texniki xidmət göstəriləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə olan xx.xx.2018-ci il tarixli, GM09655 saylı təmir aktının surətindən görünür ki, “NEW HOLLAND E 215” markalı texnikanın elektron sisteminin təmiri üçün servis xidməti göstərilmiş və xidmət üzrə yekun məbləğ 450 manat məbləğində müəyyən edilmişdir. İşə əlavə olan xx.xx.2018-ci il tarixli, GM09655 saylı təmir aktının surətindən görünür ki, “NEW HOLLAND E 215” markalı texnikanın “226-250 km, elektron sisteminin təmiri, hidravlik sistemin müayinə olunması üçün servis xidməti göstərilmiş və xidmət üzrə yekun məbləğ 450 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 086489 saylı elektron qaimədən görünür ki, texnikaya sevis xidmətinin göstərilməsinə görə 450 manat məbləğ, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 81 manat məbləğin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün elektron qaimə göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 1631 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh MMC-nin təmir xidmətlərinə görə xx.xx.2020-ci il tarixinədək İddiaçı MMC-yə əsas borcu 531 manat təşkil edir. İş materiallarına əlavə edilmiş pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC, Cavabdeh MMC-yə cəmi 531 manat məbləğ borcu yarandığını və həmin borcun 10 gün ərzində iddiaçıya ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, işin materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürmüş, cavabdeh isə görülmüş işlərə görə muzd ödənilməsini öhdəsinə götürmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göstərilən Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilmədiyindən, iddiaçı ödəniməyən pulu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh podrat müqaviləsi əsasında iddiaçıya müəyyən işlər gördürmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında şərtləşdirilmiş muzd məbləğini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh podrat müqaviləsi əsasında iddiaçıya müəyyən işlər görülməsinə dair hüququndan istifadə etmiş, şərtləşdirilmiş pul vəsaitini ödəməli olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, cavabdeh şərtləşdirilmiş muzdu ödəmədiyindən, iddiaçı pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, pul məbləği cavabdehdən alınmaqla yanaşı, dövlət rüsumunun ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən təmir xidmətlərinə görə 531 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu, cəmi 561 məbləğində pul vəsaiti alınaraq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-166/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-166/2021
18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver