Məhkəmə qərarları › İş №e-2-2(121)-1995/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1995/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1995/2024 01.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair 01 avqust 2020-ci il tarixli, 20/145 nömrəli müqavilə üzrə 7176.27 (yeddi min yüz yetmiş altı manat iyirmi yeddi qəpik) AZN əsas borc, 1291.73 (bir min iki yüz doxsan bir manat yetmiş üç qəpik) AZN ƏDV borcu olmaqla, ümumilikdə 8468 (səkkiz min dörd yüz altmış səkkiz) AZN pul vəsaitinin, hüquqimüdafiəsi üçün vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat vəsaitin,cəmi 9268 (doqquz min iki yüz altmış səkkiz) AZN məbləğində pulun, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 113 (bir yüz qırx) manat məbləğində dövlət rüsumunun Cavabdeh (VÖEN **********) tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 24 iyun 2008-ci il tarixdə vergi ödəyicisi kimi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınmış, MMC-nin qanuni təmsilçisi olaraq xx.xx.2023-cü il tarixdə Təmraz İbrahimxəlilovYaşar oğlu təyin edilmişdir. Bu barədə müvafiq şəhadətnamə və dövlət reyestrindən çıxarış təqdim edilmişdir. "xxxx" MMC ilə Cavabdeh (VÖEN **********) arasında qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair 01 avqust 2020-ci il tarixli, 20/145 nömrəli müqavilə bağlanmış, müqavilə hər iki tərəfin dairəvi möhürü və səlahiyyətli şəxslərin imzaları ilə təsdiq olunmuşdur. Müqavilə şərtlərinə görə iş yerində 3 ədəd, 450 kq, 16/17 dayanacaqlı, 1.6 m/s sürətli, 2011-ci il istehsalı olan 015EL2011, 016EL2011, 010EL2011zavod nömrəli BME markalı və 1 ədəd, 450 kq, 17 dayanacaqlı, 1.6 m/s sürətli, 2009- cu il istehsalı olan 09EL004 zavod nömrəli BME markalı liftlərə ayda bir dəfə olmaqla müxtəlif dövrlərdə xidmətlər göstərilmiş, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımı qaydada icra edilməmiş, pul vəsaitinin tam şəkildə ödənilməsi təmin olunmamışdır. Müqavilə xx.xx.2020- xx.xx.2021-ci il tarixlərdə qüvvədə olmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən xx.xx.2020-xx.xx.2021-ci il tarixlər arasında müqavilənin 2-ci bəndində göstərilən 4 (dörd) ədəd liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 400,00 manat, ƏDV daxil olmaqla isə 472,00 manat təşkiletmişdir. Müqavilələrin 5.2-ci bəndində göstərilmişdir ki, lift sahibi şirkətin göstərdiyiaylıq texniki xidməyin dəyərini 100 faiz avans olaraq həmin ayın ilk 5(beş) günü ərzində köçürmə yolu ilə Şirkətin hesabına ödəməlidir. Nəzərdə tutulmuş ödəniş müddətinin Lift Sahibi tərəfindən pozulması ya da ki, texniki xidmət işlərini dayandırmaq və ya bu Müqaviləyə tək tərəfli xitam vermək hüququna malikdir. Bu halda, Şirkət meydana gələ biləcək hər hansı bir təhlükə, zədə və ya ziyana görə məsuliyyət daşımır. Belə ki, həmin müqavilə əsasında göstərilmiş xidmətlər üzrə fizikişəxs Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixinə ümumi 8468.00 AZN (səkkiz dörd yüzaltmış səkkiz manat) borc öhdəliyi yaranmışdır. Qeyd olunanlarla əlaqədar, iddiaçı tərəfindən 7176.27 (yeddi min yüz yetmiş altı manat iyirmi yeddi qəpik) AZN əsas borc, 1291.73 (bir min iki yüz doxsan bir manat yetmiş üç qəpik) AZN ƏDV borcu olmaqla, ümumilikdə 8468 (səkkiz min dörd yüz altmış səkkiz) AZN pul vəsaitinin 15 aprel 2024-cü tarixədək "xxxx" MMC-yə ödənilməsinin təmin edilməsini xahiş edilmiş, əks halda müqavilənin ləğvi və borcun, habelə hər gecikdirmə günü üçün penya borcunun ödənilməsi, habelə hüquqi xidmət göstərilməsi ilə bağlıçəkilmiş xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 20/145 saylı xidmət müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 19/185 saylı müqavilənin 5.1-ci bəndinə əsasən xx.xx.2019-xx.xx.2020-ci il tarixlər arasında müqavilənin 2-ci bəndində göstərilən 6 (altı) ədəd liftə görə aylıq texniki xidmətin cəmi qiyməti xx.xx.2019-xx.xx.2019cu il tarixləri arasında ƏDV-siz 600,00 manat, ƏDV daxil olmaqla isə, 708,00 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixləriarasında ƏDV-siz 700,00 manat, ƏDV daxil olmaqla isə, 826,00 manat, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasında ƏDV-siz 600,00 manat, ƏDV daxil olmaqla isə, 708,00 manat, xx.xx.2023- xx.xx.2024-cü il tarixlər arasında müqavilənin 2-ci bəndində göstərilən 6 (altı) ədəd liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 600,00 manat, ƏDV daxil olmaqla isə, 708,00 manat təşkil etmişdir. İş materiallarında olan lift texniki xidmət üzrə təhvil-təslim aktlarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə məxsus liftlərə baxış keçirilmiş və texniki xidmətlər göstərilmişdir. Həmin aktlar tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8.468 manat məbləğində texniki xidmətlər təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh cəmi 8.468 manat borcu yarandığını və həmin borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 113 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus liftlərə texniki xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 20/145 saylı xidmət müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8.468 manat məbləğində işlər görülmüşdür. Lakin iddiaçı tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilməmişdir. Nəticədə iddiaçıya müqavilə üzrə ƏDV daxil ümumilikdə 8.468 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Bundan əlavə, məhkəmə qeyd edir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən görülmüş işləri təkzib edəcək, borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan 7.176,27 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, xidmətlər eyni zamanda müqavilə şərtlərinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə xidmət göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətləri qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi də əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməli, cavabdehdən 1.291,73 manat məbləğində ƏDV borcu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 800 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Xırdalan şəhər Vəkil Bürosu arasında bağlanmış 25 aprel 2024-cü il tarixli, 419 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 800 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 800 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli Qərarındaki hüquqi mövqeyə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ özündə hüquqi yardımın əlçatan olmasını və belə hüququn həyata keçirilməsi üçün şəxslərin real imkanlara malik olmasını da ehtiva edir. Hüquqi yardımla bağlı ödənilməli vəsaitin ağlabatan məbləği də hüquqi yardımın əlçatanlığının təmin edilməsi üçün mühüm amillərdən biridir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağlabatan olduğundan 800 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 113 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin əsaslıdır. Belə ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 113 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 20/145 saylı müqavilə üzrə 7.176,27 manat məbləğində əsas borc, 1.291,73 manat ƏDV borcu, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 manat və 113 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9.381 (doqquz min üç yüz səksən bir) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar