Məhkəmə qərarları › İş №e-2-2(121)-28/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-28/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-28/2023 20.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 29 yanvar 2020-ci il tarixli “podrat müqaviləsi” üzrə 35.000 (otuz beş min) manat, 35.000 (otuz beş min) manat Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5% olmaqla iki il üçün 3500 (üç min beş yüz) AZN, 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 38.700 (otuz səkkiz min yeddi yüz) manat pulun tutularaq İddiaçı MMC verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 29 yanvar 2020-ci il tarixdə “podrat müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə qüvvədə olduğu müddət ərzində “Podratçı” “Sifarişçi”-yə məxsus ünvanda bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən ƏLAVƏ 1-də göstərilən işlərin görülməsini öhdəsinə götürür, “Sifarişçi” isə “Podratçı”-ya müqavilə ilə müəyyən olunmuş haqqını ödəmə sənədləri qarşılığında köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri müqaviləyə ƏLAVƏ-də göstərilmiş qaydada hesablanmaqla əlavə dəyər vergisi daxil olmaqla 25.000 (iyirmi beş min) AZN təşkil etməli idi. Müqavilənin 3.2-ci bəndinə əsasən 10000 (on min) AZN qabaqcadan ödəniş şəkilində verilməli idi. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyərindən 10000 (on min) AZN hissəsi bu müqaviləyə ƏLAVƏ-də göstərilmiş işlərin gedişatı prosesində Forma 1-ə əsasən; 3.2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyərinin qalan 5000 (beş) min AZN bərabər hissəsi isə işlər tam bitirildikdən və təhvil-təslim aktı əsasında təhvil verildikdən sonra ödənilməli idi. Sözügedən müqavilə üzrə ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Ödəmə günü müvafiq məbləğin “Sifarişçi”-nin hesabından çıxdığı gün hesab edilir. Lakın Cavabdeh MMC bu günə kimi heç bir ödəniş etməmişdir. Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və İddiaçı MMC işi ödəniş edilmədən təhvil verilməsi (sonradan görülən işlərlə bərabər) şirkətlər arasında olan etibardan, yəni kecmişdə görülən iş birliyindən asılı olmuşdur. Bundan əlavə 27 mart 2020-ci il tarixdə Əlavədə görülən işlərə FORMA-2 tərtib edərək indiyə qədər görülən işlərin siyahısı (yəni sonradan görülən işlərlə bərabər) 35.000 (otuz beş min) AZN təşkil edir. Cavabdeh, yəni Cavabdeh MMC razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda mənə qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. İddiaçı Məhdud Məsuliyyətl Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 yanvar 2020-ci il tarixli, 29/01/20 saylı podrat müqaviləsindən görünür ki, İddiaçı MMC (“Podratçı”) və Cavabdeh MMC (“Sifarişçi”) arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzinədə “Podratçı” “Sifarişçi”-yə məxsus ünvanda bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən işlərin görülməsini öhdəsinə götürür, “Sifarişçi” isə “Podratçı”-ya müqavilə ilə müəyyən olunmuş haqqını, ödəmə sənədləri qarşılığında köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri müqaviləyə Əlavədə göstərilmiş qaydada hesablanmaqla əlavə dəyər vergisi daxil olmaqla 25.000 (iyirmi beş min) manat təşkil edir. Müqavilənin ümumi dəyərinin 10.000 (on min) manatı qabaqcadan ödəniş şəkilində, müqavilənin ümumi dəyərindən 10.000 (on min) manatı, bu müqaviləyə Əlavə 1-də göstərilmiş işlərin gedişatı prosesində Forma 1-ə əsasən, müqavilənin dəyərinin qalan 5.000 (beş min) manat bərabər hissəsi isə işlər tam bitirildikdən və təhvil-təslim aktı əsasında təhvil verildikdən sonra həyata keçirilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşma protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC göstəriləcək işlərin qiymətini 25.000 manat olaraq müəyyən etmişdirlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Forma 2-dən görünür ki, İddiaçı MMC tərəfindən 35.000,05 manat məbləğində işlər görülmüşdür. Sözügedən akt İddiaçı MMCnin nümayəndəsi tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə cəmi 38.700 manat borcu yarandığını və həmin borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh MMC iddiaya etiraz edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə əvvəllər "xxxx" MMC-də işçi olmuş X2 vasitəsilə formal olaraq imzalanmış, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş işlər yerine yetirilməyərək cavabdehə təhvil verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olan zaman müəyyən edilib ki, iddiaçı tərəfindən təqdim olunmuş Forma-2 adlı sənəd yalnız iddiaçı tərəfin nümayəndəsi tərəfindən imzalanmış, iddiaçının iddia etdiyi güya görülmüş işlərin cavabdehə təhvil verilməsinə dair sənəd, təhvil-təslim aktı iddia ərizəzinə əlavə olunmamış, həmçinin də iddiaçı iddia etdiyi məbləğlə bağlı cavabdehə elektron qaimə faktura göndərməmiş ve göndərməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehin razılaşmanın şərtlərini pozaraq üzərinə götürdüyü öhdəlikləri tam ve vaxtında icra etməməsini bildirsə də cavabdehin hüquqa zidd hərəkətlərinin nədən ibaret olması və tələb olunan maddi vəsaitin tələb olunmasının hüquqi əsasını teşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/8134 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat Beyləqan rayonu, Dünyamalılar kənd 1 saylı tam orta məktəbi üzrə aparılmışdır. Tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. Baxış zamanı, tədqiq olunan məktəb binası üzrə ventilyasiya işlərinin görüldüyü müşahidə edilmişdir. Baxış keçirilərkən, aparılmış müqayisə və dəqiqləşmə işləri zamanı İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 27 mart 2020-ci il tarixli Forma 2də göstərilmiş işlərin həcminin, avadanlıqların və materialların miqdarının faktiki olaraq mövcud olduğu müşahidə edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 29 yanvar 2020-ci il tarixli qiymətlərin razılaşma protokolunda nəzərdə tutulmuş işlərin Beyləqan rayonu, Dünyamalılar kənd 1 saylı tam orta məktəbin binasında yerinə yetirildiyi müəyyən edilir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 27 mart 2020-ci il tarixli, 2 saylı Formada qeyd olunmuş işlərin Beyləqan rayonu, Dünyamalılar kənd 1 saylı tam orta məktəbin binasında yerinə yetirildiyi müəyyən edilir. Tədqiq olunan məktəb binasında aparılan ventilyasiya işlərinin orta bazar qiymətinin (avadanlıqlar və material daxil olmaqla) 35.000,05 manat təşkil etdiyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən 1 saylı tam orta məktəb üzrə işlərin görülməsi ilə bağlı 29 yanvar 2020-ci il tarixli, 29/01/20 saylı podrat müqaviləsi bağlanılmış, qiymətlərin razılaşma protokolu imzalanmış, həmin müqaviləyə və 27 mart 2020-ci il tarixli, 2 saylı Formaya əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 35.000,05 manat məbləğində işlər görülmüşdür. Lakin iddiaçı tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/8134 nömrəli ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, tələb olunan pul məbləği üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə, cavabdehin etirazında qeyd etdiyi dəlilləri əsassız hesab edir. Belə ki, 29 yanvar 2020-ci il tarixli, 29/01/20 saylı podrat müqaviləsi Cavabdeh MMC-nin işçisi X2 ilə deyil, MMC-nin rəhbəri Rəşad Məmmədov ilə bağlanmış, həmin müqavilə Rəşad Məmmədov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Etirazda qeyd edilən digər dəlillə bağlı məhkəmə qeyd edir ki, 29 yanvar 2020-ci il tarixli, 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 27 mart 2020-ci il tarixli, 2 saylı Forma cavabdeh tərəfindən imzalanmasa da ekspert rəyi ilə qiymətlərin razılaşma protokolunda və 2 saylı Formada nəzərdə tutulmuş işlərin iddiaçı tərəfindən yerinə yetirildiyi müəyyən olunmuşdur. Ümumiyyətlə, cavabdeh tərəfindən iddia tələbini təkzib edə biləcək heç bir tutarlı sübut və dəlil məhkəməyə təqdim edilməmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə, hesab edir ki, Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli, 29/01/20 saylı podrat müqaviləsi üzrə 35.000,05 manat əsas borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından əsas borca münasibətdə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 35.000,05 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “illik 5% olmaqla iki il üçün 3.500 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən pul öhdəliyini 2 il müddətində icra etməməsi nəticəsində bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlər 3.500 manat məbləğində təşkil edir. Belə ki, 35.000,05 manat məbləğində əsas borcun bir illik faiz məbləği 1.750 manat (35.005,05/100x5=1.750) məbləğində, 1.750 manat məbləğin 2 il üçün faiz məbləği isə 3.500 manat (1.750/12x24=3.500) təşkil edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, həmin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə bank faizinin uçot dərəcəsi əsas götürülməklə 3.500 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 205,50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi İddia təmin edilsin. Cavabdehndən 29 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə 35.000 manat məbləğində əsas borc, illik 5 faiz olmaqla hesablanmış 3.500 manat faiz borcu, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 38.700 (otuz səkkiz min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. 205,50 (iki yüz beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar