Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3001/2024 17.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında ARG-PM05/20220415 saylı xx.xx.2022-ci il tarixli Xidmətlətin Göstərilməsi Müqavilələri üzrə yaranmış ƏDV daxil 7022.80 manat borc məbləğinin ödənişinin Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra icraçı) ilə Cavabdeh (bundan sonra sifarişçi) arasında ARG-PM-05/20220415 saylı xx.xx.2022-ci il tarixli Xidmətlətin Göstərilməsi Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmışdır. Qeyd olunan Müqavilələrin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya Bakı şəhərində yerləşən “Aypara Şəhərciyi ” layihəsində passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılmasına dair işlərin görülməsini sifariş etmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən Müqavilələrdə qeyd olunan işlər icraçı tərəfindən tam və vaxtında icra edilərək tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023 -cü il tarixli Təhvil-təslim Aktılarına əsasən sifarişçiyə təvhil verməklə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Görülmüş işlərə görə EBDB 399365 saylı e-qaiməyə uyğun olaraq ƏDV ilə birlikdə 2686.49 manat, EBDD 559765 saylı e-qaiməyə uyğun olaraq ƏDV ilə birlikdə 4336.31 manat, yekun olaraq 7022.80 manat dəyərində borc hesablanmışdır. Müqavilələrin 2.4-cü bəndinə əsasən sifarişçi tərtib olunmuş təhvil-təslim aktına əsasən ödənişləri 10 (on) iş günü ərzində icraçının bank hesabına köçürməlidir. Lakin sifarişçi görülmüş işlərə görə icraçıya heç bir ödəniş etməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2018-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2012-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ARG-PM05/20220415 nömrəli “xidmətlərin göstərilməsi müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqavüəyə görə “Sifarişçi” Bakı şəhərində yerləşən “Aypara Şəhərciyi layihəsinin ərazisində, passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılmasma dair işlərin görülməsini “İcraçı”ya sifariş edir. 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən “İcraçı” tərəfindən görüləcək passiv yanğın dayandırma sistemlərinin quraşdırılması işlərinin ümumi dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 43710 ABŞ Dolları ( qırx üç min yeddi yüz on) müəyyən olunur və hazırkı müqavilənin ayrılmaz hissəsi hesab olunan 1 №-li əlavəyə smeta şəklində əlavə olunur. 2.3-cü bəndinə əsasən, bu müqavilə üzrə “Sifarişçi” yekun məbləğdən material pulunun 50% ni, quraşdırılmamn isə 0% ni müqavilə bağlandığı gündən 5(beş) bank iş günü ərzində avans olaraq ödəyir. 2.5-ci bəndinə əsasən, Tərəflər həmçinin razılaşır ki, “İcraçı” 1 №-li əlavədə qeyd edildiyi kimi, işçilik məbləğinin 1 (bir) p/mt üzərindən hesablanan məbləğə əsasən, öhdəsində olduğu işi yerinə yetirərkən, tərtib olunmuş akta əsasən “Sifarişçi"dən ödəniş tələb edir. Ödənişlər “İcraçı”-nın bank hesabına köçürmə yolu ilə 10 (on) bank iş günü ərzində köçürməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ARG-PM05/20220415 nömrəli müqaviləyə 01 nömrəli Əlavədən görünür ki, görüləcək işlərin yekun dəyəri 43710 USD təşkil edir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ARG-PM05/20220415 nömrəli müqaviləsinə 02 nömrəli Əlavədən görünür ki, görüləcək işlərin yekun dəyəri 20742,35 USD təşkil edir. İş materiallarında olan İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “yerinə yetirilmiş işlərin qəbul aktları”na əsasən tərəflər razılaşmışlar ki, yerinə yetirilmiş işlərin toplam məbləği 01 nömrəli akta əsasən ƏDV daxil 23014,91 USD, 02 nömrəli akta əsasən ƏDV daxil 1580,29 USD, 03 nömrəli akta əsasən ƏDV daxil 2550,77 USD təşkil etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməfakturalardan görünür ki İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ARG-PM05/20220415 nömrəli müqaviləyə əsasən İddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri 46148,15 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ARG-PM05/20220415 xidmətlərin göstərilməsi haqqında müqaviləsi”nə əsasən yaranmış 7022,80 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılmasına dair işlərin görülməsindən ibarət olan işlərin görülməsi, cavabdeh tərəfindən isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər ARG-PM-05/20220415 saylı xx.xx.2022-ci il tarixli Xidmətlətin Göstərilməsi Müqaviləsi ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında müvafiq işləri gördüyünü, lakin cavabdehin görülən işlərin qarşılığında müqavilə üzrə ödənilməmiş 7022,80 manat məbləğində borcunun qaldığını iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə “Xidmətlərin göstərilməsi müqaviləsi” adlandırılsa da, müqavilənin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçı tərəfindən passiv yanğın durdurucu sistemlərinin (Firestop) quraşdırılması, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olubolmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı müqavilənin 1.1-ci bəndində göstərilən işlərin görülməsini, cavabdeh isə razılaşdırılmış muzdu ödəməyi öhdəliklərinə götürmüşlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək cavabdehin sifarişi əsasında tələb olunan işləri görmüşdür. Bu xüsusat işdə olan, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş yerinə yetirilmiş işlərin qəbul aktları ilə öz təsdiqini tapdığı kimi, cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Belə ki, mülki prosesdə sübutetmə yükününün bölüşdürülməsi prinsipinə əsasən tələb olunan borcun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə qarşı etiraz və ya iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya görülən işlərin qarşılığında ödənilməmiş borcu yaranmışdır. Cavabdehin görülən işlərin qarşılığında borcunun yaranması işdə olan sənədlərlə tam təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı, tərəflər arasında bağlanmış müqavilə üzrə görülən işlərin qarşılığında haqqın (borcun) ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə sifarişçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli, ARG- PM05/20220415 nömrəli müqavilə üzrə 7022,80 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3001/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3001/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver