Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-311/2025 12.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh ASC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı X3 Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X3 ilə Cavabdeh ASC arasında bağlanmış 09/2022-2 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 158583.91 manat xidmət haqqı borcu, 28545.10 manat ƏDV borcu olmaqla, cəmi 187129.01 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 187129.01 manat borc məbləğinə hesablanmış illik beş faiz olan 18712.9 manat pulun, məhkəmədə hüquqi xidmətlərə görə ödənilmiş 520 manat məhkəmə xərcinin, ödənilmiş 497 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar Mirzəyev Yusif Ağalar oğlu ilə Cavabdeh ASC arasında bağlanmış 09/2022-2 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Mirzəyev Yusif Ağalar oğlu torpaq işi (qazma) xidmətləri göstərməyi, Cavabdeh ASC isə həmin xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda həmin müqavilə üzrə 2022-2024-cü illərdə göstərilmiş xidmətlərə görə Cavabdeh ASC-nin fərdi sahibkar X2 158583.91 manat xidmət haqqı borcu, 28545.10 manat ƏDV borcu olmaqla, cəmi 187129.01 manat ödənilməmiş borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı xeyli müddətdir ki, fərdi sahibkar Mirzəyev Yusif Ağalar oğlu tərəfindən Cavabdeh ASC ilə danışıqlar aparılsa da, Cavabdeh ASC 187129.01 manat borcunu Mirzəyev Yusif Ağalar oğluna ödəməmişdir. Cavabdeh ASC pretenziyanı aldıqdan sonra da 187129.01 manat borcunu ödəmədiyi üçün AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, həmin borc məbləğinin gecikdirildiyi dövr üçün illik beş faiz ilə hesablanmış olan 18712.9 manat pul vəsaitini də fərdi sahibkar X2 ödəməlidir. Bundan başqa, bu iş üzrə Şirvan Kommersiya Məhkəməsində təmsil edilməsi üçün, iddiaçı Mirzəyev Yusif Ağalar oğlu Azərbaycan Respublikasının Vəkillər Kolleqiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Anar Əbdüləli oğlu Kərimov ilə 520 manat məbləğində hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlamışdır və xidmət haqqını ödəmişdir. Bu məbləğ də Cavabdeh ASC-dən məhkəmə xərci kimi fərdi sahibkar X1 xeyrinə tutulmalıdır. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda bildirmişdir ki, Cavabdeh ASC ilə fiziki şəxs X3 (VÖEN **********) arasında 3 sentyabr 2022-ci ildə bağlanmış müqaviləyə əsasən 2022-ci ildə dövriyyə 45853.92 (bu dövrdə ƏDV ödəyicisi olmamışdır) manat təşkil etmişdir və bu məbləğlər üzrə 27 oktyabr 2022 - 11076.92, 05 yanvar 2023 - 7000, 08 fevral 2023 - 12000, 22 fevral 2023 - 15777 olmaqla 2022 ilə olan borc bank hesabından ödənilərək tam bağlanmışdır. 2023 il üzrə dövriyyə isə əsas məbləğ 220.719.5 (ƏDV 39729) manat olmuşdur ki, bu dövriyyə üzrə də 20 aprel 2023 – 12641 (ƏDV 2275.38), 07 iyun 2023 – 23077,5 (ƏDV 4153.95), 18 iyul 2023 -13153 (ƏDV 2367,84), 21 iyul 2023 – 11538 (ƏDV 2076,84), 16 avqust 2024 –12830 (ƏDV 2309), 21 sentyabr 2023 - 25780 (ƏDV 4640,4), 29 mart 2024 -74700 (ƏDV13466), 17 may 2024 tarixində 35000 (ƏDV 6300) bank hesabından və 7 iyul 2023 ildə 12000 nəğd (2160 ƏDV ödənilməmişdir) ödənilmişdir. Göründüyü kimi, 2023-cü il üzrə yalnız ödənilməmiş 2160 manat ƏDV məbləği qalmışdır. 2024-cü il üzrə tərəflər arasında dövriyyə 158583.91 (ƏDV 28545.1) manat olmuşdur. Bundan, 17 may 2024-cü ildə 12000 (ƏDV 2160) ödənilmişdir. 2024-cü ilin iyul ayın 10 dan işlər dayandırılmışdır ki, bunun nəticəsində iddiaçıya cavabdehin 146.583,91 əsas (ƏDV 26385,1) manat ödənilməmiş borcu qalmışdır. 2024-cü il üçün görülmüş işlərə görə aylar üzrə ödənilməmiş borclar aşağıda göstərilənlərdən ibarətdir: Yanvar 2024 - 12000 (ƏDV 2160) Fevral 2024 – 24000 (ƏDV 2205) Mart 2024 - 22788.5 (ƏDV 2250) Aprel 2024 – 23196 (ƏDV 4175) May 2024 - 23250 (ƏDV 4185) İyun 2024 - 23938,41 (ƏDV 4308) İyul 2024 - 17411 (ƏDV 3133.98) Qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya borcunun ödənilməsindən yayınmayıb və boyun da qaçırmayıb. Bildirilir ki, Cavabdeh ASC Xudafərin-Qubadlı-Laçın yolunun yenidən qurulması istiqamətində tikinti işləri apardığından və aparılan işlər üzrə subpodrat şirkəti olduğundan, əsas podratçı “X5 Sahayi ve Ticaret A.Ş.” şrkəti tərəfindən pul vəsaitlərinin ödənilməməsi səbəbindən iddiaçıya olan borc ödənilməmişdir. İddiaçının cavabehdən ilik beş faiz hesablanmaqla iki il üzün ümümilikdə 18.712,9 manat məbləğində pul vəsaitinin tələb etməsi tam əsassızdır. Belə ki, öhdəliyin icra edilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Yuxarıda göstərildiyi kimi, cavabdeh subpodrat şirkəti olduğundan və podratçı şirkətin onlara borcu yarandığından, iddiaçıya pul vəsaitinin ödənilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası MM-nin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Göründüyü kimi, öhdəliyin icra edilməməsində onların təqsiri yoxdur və işin bu halı da iddiaçıya məlumdur. Əfsuslar olsun ki, uzun illər birgə fəaliyyət göstərdikləri iddiaçı bunları nəzərə almamışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının iki il üçün illik beş faizlə hesablamış və cavabdehdən tələb etdiyi 18.712,9 manat pul vəsaitinin tutulması hissəsində iddiasının təmin edilməməsi xahiş olunur. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2025-ci il tarixdə məhkəməyəyə təqdim etdiyi elektron ərizədə iş üzrə məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, təqdim etdiyi sonuncu etiraz ərizəsində göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin qəbul etdikləri hissəsində təmin edilməsini, qəbul etmədikləri hissəsində isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik beş faizlə hesablanmış 9356 manat pulun və iddia tələbinin digər hissələrinin dəyişdirilmədən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsinin elan edilməsi üçün təyin edilmiş iclasda tərəflər iştirak etməmişlər. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin yazılı və şifahi izahatlarına və məhkəmə baxış iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 (İcraçı) ilə Cavabdeh ASC (Sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/2022-2 nömrəli “Xidmət müqaviləsi”nə əsasən, Sifarişçi torpaq işi (qazma) xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada torpaq işi (qazma) xidmətləri göstərməyi öhdəsinə götürür. İş materiallarında olan tərəflərin imzaları və cavabdehin möhürü ilə təsdiq edilmiş görülmüş işlərin Təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə görülmüş xidmətin ümumi dəyəri 463423,48 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Cavabdeh ASC tərəfindən iddiaçı X1 bank hesabına ümumilikdə cəmi 266393,42 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan elektron qaimə-fakturaların surətlərindən görünür ki, həmin qaimələrdə X3 tərəfindən Cavabdeh ASC-nə ümumilkdə cəmi 251297,38 manat məbləğində iş görüldüyü qeyd olunmuşdur. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, X3 tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkil bürosuna 520 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, X3 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/2022-2 nömrəli “Xidmət müqaviləsi”nə əsasən yaranmış 187129.01 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 187129.01 manat borc məbləğinə hesablanmış illik beş faiz olan 18712.9 manat pulun 3 iş gün ərzində ödənilmısi xahiş olunmuş, əks təqdiedə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh ASC-nə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən cavabdehin sifarişinə əsasən qazma işlərinin görülməsinə, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar “Xidmət müqaviləsi” adlandırdıqları xx.xx.2022-ci tarixli müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişləri əsasında qazma işlərini apardığını, lakin cavabdehin görülən işlərin qarşılığında 187129.01 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh əsas borc məbləğini mübahisələndirməyərək, borcun onların təqsiri olmayan səbəblərdən yarandığını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmİn Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə “Xidmət müqaviləsi” adlandırılsa da, müqavilənin məzmunundan və şərtlərindən, eləcə də işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında iş görülməsi (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından (cavabdehin sifarişi ilə iddiaçının qazma işlərini aparması, cavabdehin isə görülən işlərin haqqının iddiaçıya ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağladıqları müqavilənin etibarsızlığına dair, müqavilənin şərtləri və onların təfsiri ilə əlaqədar mübahisə olmadığı kimi, iddia ərizəsində tələb olunan əsas borc məbləğilə bağlı da mübahisə yoxdur. Belə ki, cavabdeh iddia tələbini yalnız iddiaçı tərəfindən iki il üçün illik beş faizlə hesablanmış və cavabdehdən tələb edilən 18712,9 manat pul vəsaitinin tutulması hissəsində qəbul etmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə araşdırma işin mübahisəli halını təşkil edən iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 187129.01 manat borc məbləğinə illik beş faizlə hesablanmış pul tələbinə dair hissəsi üzrə aparılmalıdır. Məhkəmə hesab edir ki, baxılan işin mübahisəli halı üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, həmin hissədə iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab edir. Baxılan iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zamankı redaksiyasında MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında isə göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Göründüyü kimi, MM-nin 445.7-ci maddəsi müqavilə müddəti bitdikdən sonra borclu tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə kreditorun gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin qarşılanması (kompensasiyası) üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan biri kimi çıxış edir. Məhkəmə qeyd edir ki, MM-nin 445.7-ci maddəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin normanın tətbiqi üçün kreditorun zərərə məruz qalmasını sübut etmək vəzifəsi yoxdur. Belə ki, kreditor hər hansı əlavə sübut təqdim etmədən gecikdirilmiş dövr üzrə MM-nin 445.7-ci maddəsi ilə müəyyən edilmiş illik 5% məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Bu baxımdan adı çəkilən normada nəzərdə tutulmuş faizin hüquqi mahiyyəti onun mülki məsuliyyət tədbiri olaraq qanuni faiz funksiyasını daşımasıdır. Məhz bu xüsusiyyəti ilə MM-nin 445.7-ci maddəsinin tətbiqi əsasları ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş digər məsuliyyət tədbirini nəzərdə tutan MM-nin 449.1ci maddəsinin tətbiqi əsasları fərqləndirilmişdir. Şərh olunanları baxılan işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən cavabdehdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün məruz qaldığı zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə yuxarıda təhlil olunanlarla yanaşı qeyd etməyi vacib sayır ki, yuxarıda adı çəkilən hər iki maddi hüquq normasının (MM-nin 445.7-ci və 449.1-ci maddələrinin) tətbiqinin ortaq cəhəti hər iki halda borclunun təqsirinin müəyyən edilməsinin zəruri olmasıdır. Belə ki, öhdəlik hüququnda borclunun yalnız təqsirli hərəkətlərinə görə məsuliyyət daşıması nəzərdə tutulduğuna görə həm MM-nin 445.7-ci maddəsi, həm də 449.1-ci maddəsinin tətbiqi üçün borclunun hərəkətlərində Mülki Məcəllənin 21, 442, 443 və 448-ci maddələrinə əsasən təqsir müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, baxılan işin mübahisəli halı da məhz iş üzrə cavabdehin borcun ödənilməməsində təqsirli hərəkətlərə yol verməməsini, öhdəliyin icrasının gecikdirilməsinin müqavilə münasibətlərində olduqları digər subyektin onların qarşısında öhdəliklərini yerinə yetirməməsinin səbəb olduğunu iddia etməsi təşkil edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində iddiaçı qarşısında öhdəliklərinin yerinə yetirilməməsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC Xudafərin-Qubadlı-Laçın yolunun yenidən qurulması istiqamətində tikinti işləri apardığından və aparılan işlər üzrə subpodrat şirkəti olduğundan, əsas podratçı “X5 Sahayi ve Ticaret A.Ş.” şrkəti tərəfindən pul vəsaitlərinin ödənilməməsi səbəbindən iddiaçıya olan borc ödənilməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin yuxarıda göstərilən dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, üçüncü şəxsin cavabdehə olan öhdəliyini yerinə yetirməməsi faktı heç bir halda cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin icrasından azad edə bilməz. Belə ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış müqavilədə belə bir şərt nəzərdə tutulmamışdır və işin məhkəmə araşdırılması zamanı da tərəflər arasında bu halın nəzərə alınacağına dair razılaşmanın olması müəyyən edilməmişdir. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq belə nəticəyə gəlir ki, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi dəlil əsassız hesab edilməlidir və iddia tələbi cavabdehdən gecikdirmə faizinin tutulması hissəsində də təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticənin hüquqi əsaslandırılması olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür(21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır(21.3). 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən, Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə görə, Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, göstərilmiş hüquqi yardım xidmətinə görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş məbləğdən 300 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı X1 Cavabdeh ASC-nə qarşı pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 187129,01 manat məbləğində borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 9356 manat məbləğində gecikdirmə faizi, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və ödənilmiş 486,48 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 197271,49 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 10,52 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılsın. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-311/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-311/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver