Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-339/2025 17.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pulun və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonu, Qiyaməddinli kənd sakini Cavabdeh yem satışı ilə məşğul olur. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə əlaqə saxlayaraq mal-qara üçün və toyuq-cücə üçün yemlər alaraq satmaq istədiyini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, onun hesabına 6000 manat pul göndərsin, mal gələn kimi gətirəcəkdir. İddiaçı özünə məxsus olan mağazanın hesabından Cavabdeh hesabına "xxxx" ASC vasitəsi ilə 6000 manat pul köçürmüşdür və bununla bağlı qəbz mövcuddur. Cavabdeh onun etibarından sui istifadə edərək, onu aldadaraq 6000 manat pulunu ələ keçirmiş, lakin ona yem göndərməmişdir. Bununla bağlı dəfələrlə Cavabdeh ilə əlaqə saxlasa da hər dəfə bir bəhanə ilə yayınmışdır. Bununla bağlı Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmişdir. Ağcabədi rayon Polis Şöbəsinin 15 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilmişdir, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1038/2024 saylı qərardadı ilə hazırki mübahisə kommersiya mübahisəsi olduğu üçün iddia ərizəsi və əlavə edilən sənədlər Kommersiya məhkəməsinə müraciət etməsi üçün geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının əvvəllər ona məxsus olan yem mağazasında işlədiyini, satışdan əldə olunan pulları iddiaçının dəfələrlə onun xahişi ilə ona məxsus olan bank hesabına mədaxil etdiyini, sonradan iddiaçının onu aldatdığını və əldə edilən gəliri tam şəkildə onun hesabına köçürmədiyini öyrəndiyini, lakin sübutu olmadığına görə iddiaçıya qarşı rəsmi tələb irəli sürmədiyini, iddiaçıya heç bir borcunun olmadığını, əksinə iddiaçının ona borclu olduğunu, xx.xx.2023-cü il tarixdə həqiqətən iddiaçının onun bank hesabına 6000 manat məbləğində pul mədaxil etdiyini, lakin həmin pulun təyinatının iddia edildiyi kimi ondan yem məhsulunun alınması deyil, ona məxsus olan mağazadan əldə olunmuş gəlirin onun xahişi ilə ona məxsus olan bank hesabına yatırılması olduğunu bildirmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin və onların nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2019cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və hal-hazırda ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2020-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda Cəlilabad rayonu, Sabirabad kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh bank hesabına 6000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı şikayət ərizəsi əsasında araşdırma aparılmış və mübahisənin mülki xarakterli olduğu bilinərək məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı 5-6 ildir tanıdığını, dəfələrlə aralarında yem alışverişi olduğunu, hətta bir neçə dəfə ona nisyə yem də satdığını, əvəllər Talıbın onun yanında işçi kimi işlədiyini, sonradan yemi çox satmağına baxmayaraq ona ödənişi az etdiyini aşkar etdiyi üçün Talıbı işdən çıxardığını, həmin vaxtdan Talıbın ona 10000 manat borcunu qaldığını, Talıbın ona borcu qalsa da, lakin borclu olması ilə bağlı əlində heç bir sübutu olmadığını, xx.xx.2023-cü il tarixdə Talıb ona olan borcundan 6000 manat pulu bank hesabına göndərərək qaytardığını bildirmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına xx.xx.2022-ci il tarixdə 9000 manat, xx.xx.02023-cü il tarixdə 7700 manat, xx.xx.2023-cü il tarixdə 3500 manat məbləğlərində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu cəmi 6000 manat məbləğində pulun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında şifahi qaydada bağlanmış mülki hüquqi əqd (alğı-satqı müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı yem məhsullarının satışı ilə məşğul olan cavabdehdən yem almaq məqsədi ilə onun bank hesabına 6000 manat məbləğində pul mədaxil etdiyini, lakin cavabdehin tələb olunan malı ona göndərmədiyini, buna görə də ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb etdiyini, bununla bağlı polisə şikayət etdiyini, sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, lakin cavabdeh tərəfindən pulun geri qaytarılmadığını, cavabdeh isə iddiaçı tərəfindən onun bank hesabına mədaxil edilmiş pulun iddiaçı ilə aralarında hər hansı bir alqı-satqı münasibəti ilə əlaqəli olmadığını, həmin pulun ona məxsus olduğunu, iddiaçının onun tapşırığı ilə həmin vəsaiti onun hesabına mədaxil etdiyini iddia edirlər. Məhkəmə ilk növbədə hesab edir ki, iddiaçının tələbinə görə tərəflər arasında alınan əşyanın qabaqcadan ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi üzrə münasibətlərin yarandığının və ya cavabdehin etirazına əsasən tərəflər arasında tapşırıq müqaviləsi üzrə münasibətlərin mövcud olmasının müəyyən edilməsi zəruridir. Belə ki, baxılan iş üzrə tərəflər arasında mövcud olmuş münasibətin əsil məzmunu müəyyənləşdirilərək, həmin münasibətlərə uyğun dispozisiya şərtlərinin tapılması və həmin şərtlərə əsasən mübahisənin qanuni həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, həmin hallara əsasən tələbin maddi hüquqi əsası tapılmalı, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, iddiaçı tərəfindən 2022 və 2023-cü illər ərzində bir neçə dəfə cavabdehin bank hesabına pul vəsaitinin yatırıldığı (ödəniş qəbzlərinə əsasən), xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin bank hesabına 6000 manat məbləğində pul vəsaitinin mədaxil edildiyi (hesabdan çıxarışa və cavabdehin etirafına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını qeyd edilən ödənişlərin təyinatları ilə bağlı tərəflərin fərqli iddiaları təşkil edir. Belə ki, iddiaçı həmin ödənişlərin yem alınması məqsədi ilə cavabdehə verildiyini, cavabdeh isə həmin ödənişlərin onun özünə məxsus olan pulun onun tapşırığına əsasən iddiaçı tərəfindən bank hesabına mədaxil edilməsi məqsədi ilə həyata keçirildiyini iddia edirlər. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisənin predmetini ödənilmiş vəsaitin hansı məqsədlə həyata keçirilməsinin (ödənişin təyinatının) müəyyən edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə tərəflərinin dəlilləri sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin əsas qaydasını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, baxılan işdə iddiaçının əsas subetetmə yükü iddia ərizəsində tələb etdiyi pul məbləğini həqiqətən tələbini yönəltdiyi şəxsə verməsini (ödəməsini) sübut etməsindən ibarətdir. Qeyd edildiyi kimi həmin hal, yəni iddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2023-cü il tarixdə 6000 manat məbləğində pul vəsaitini mədaxil etməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin ödənişi cavabdehdən yem almaq üçün həyata keçirdiyini iddia edir və iddiasının əsası kimi özünə məxsus mağazada yem satışı ilə məşğul olmasına, cavabdehlə yem satışı üzrə birgə fəaliyyətlərinin olmasına, aralarında yem alqı-satqısı ilə bağlı münasibətlər üzrə tərəfindən bir neçə dəfə cavabdehə ödəniş edilməsinə istinad edir. Məhkəmə, baxılan iş üzrə vacib olan bir məqamı xüsusi vurğulamağı zəruri sayır ki, iddiaçı tərəfindən tələb edilən məbləğdə pulun onun hesabına ödənilməsini qəbul edən iddiaçı həmin ödənişin təyinatının yem məhsulunun alqı-satqısına deyil, onun tapşırığının icrası ilə əlaqədar olduğunu sübut etməklə mükəlləfdir. Belə ki, sözügedən ödənişin iddiaçı tərəfindən həyata keçirildiyini mübahisələndirmədiyinə və həmin ödənişi qəbul etdiyinə, həmçinin ödənişin iddia edildiyi kimi yem alqı-satqısına görə yox, digər məqsədlə edildiyini iddia etdiyinə görə, məhz cavabdeh bu faktı təsdiq edən sübutları təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, cavabdeh iştirak etdiyi məhkəmə iclasında xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən onun bank hesabına mədaxil edilmiş 6000 manat məbləğində pulun təyinatının iddia edildiyi kimi ondan yem məhsulunun alınmasına deyil, ona məxsus olan mağazadan əldə olunmuş gəlirin onun xahişi ilə ona məxsus olan bank hesabına yatırılması olduğunu bildirsə də, polis araşdırması zamanı verdiyi izahatında iddiaçı ilə aralarında dəfələrlə yem alış-verişi olduğunu, hətta bir neçə dəfə ona nisyə yem də satdığını etiraf etmiş, bununla yanaşı xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 6000 manat pulun iddiaçının ona olan 10000 manat məbləğində borcunun ödənilməsi məqsədi ilə ödənildiyini bildirmişdir. Məhkəmə, şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, tərəflər arasında alınan əşyanın qabaqcadan ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur və iddiaçı alınan malın dəyərini qabaqcadan ödəməsinə baxmayaraq, cavabdeh tərəfindən malın ona verilməməsi ilə bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Cavabdeh isə etirazını əsaslandıra bilməmiş, tərəflər arasında alqı-satqı münasibıətlərinin mövcud olmamasında dair etirazını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, pul tələbinə dair iddia əsaslı hesab edilərək təmin olunmalıdır. Məhkəmə, gəldiyi nəticənin maddi hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, baxılan işdə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, öhdəlik hüququnun ümumi tələbləri və tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə alıcının vəzifə və məsuliyyətini müəyyən edən Mülki Məcəllənin müvafiq normaları təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 599.1-ci maddəsinə əsasən, alğısatqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, müqavilə üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 6000 manat məbləğində pul və ödənilmiş 80 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6080 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-339/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-339/2025
17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver