Məhkəmə qərarları › İş №e-2-2(121)-348/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-348/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-348/2020 02.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən129.735 manat əsas borcun, 544.887 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən, iddiaçı cavabdehə məxsus İmişli rayonunda yerləşən torpaq sahəsində xam-pambığın istehsalı ilə bağlı zəruri aqrotexniki işlərin görülməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən aqrotexniki tədbirlər mövcud xidmət müqaviləsinin şərtlərinə uyğun aparılmış və ikitərəfli qaydada razılaşdırılmış təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. Lakin, görülmüş işin müqabilində cavabdeh tərəfindən xidmət haqqı olaraq ƏDV daxil 129.735 manat məbləğində vəsait iddiaçıya ödənilməmişdir. Eyni zamanda, mövcud müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliyin hər günü üçün 0,5 % həcmində cərimə ödəməlidirlər. Cavabdehin müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya 129.735 manat məbləğində borcu yaranmışdır.Dəbbə pulunun hesablanmış məbləği (129.735 manat*0,5 %*840 gün) 544.887 manat təşkil edir.Cavabdeh tərəfindən borc ödənilmədiyindən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, “xxxx” MMC rəsmi olaraq xx.xx.2017-ci il tarixdə yaranmışdır. Hal-hazıradək “xxxx” MMC-nin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi yoxdur. Əgər “xxxx” MMC-nin icarəsində torpaq sahəsi olsaydı daşınmaz əmalkın dövlət reyestri xidmətində qeydiyyata alınardı. Rəsmi mülkiyyət hüquqi ilə DQMV-yə aid olan qış-otlaq sahəsində şum işləri aparmaq qadağandır. Halbuki, 18.000 ha əkinə yararlı olmayan torpaq sahəsində şum işləri aparılmış və heç bir məhsul götürülməmişdir. Qeyd olunan torpaq sahəsində görülən işlərin “xxxx” MMC ilə heç bir əlaqəsi yoxdur. Məhsul əgər 30 avqust-01 sentyabr tarixində yığılırsa bu o deməkdir ki, torpağın şumlanması təqribi olaraq aprel ayında həyata keçirilmiş və “xxxx” MMC isə rəsmi olaraq avqust ayında yaranmışdır ki, qeyd olunanları nəzərə alaraq sifarişlərin “xxxx” MMC tərəfindən verilməsi mümükün ola bilməz. Müəssisə təsis olunmamışdan əvvəl baş verən proseslərə görə öhdəlik daşıya bilməz. Qeyd olunanlara əsasən iddia tələbini əsassız hesab edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (icraçı) ilə “xxxx” MMC (sifarişçi) arasında xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsinin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokolunda göstərilən xidmət haqqlarına əsasən, xam pambığın istehsalı ilə bağlı zəruri aqrotexniki işlərin görülməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini icraçının sifarişçiyə məxsus İmişli rayonunda yerləşən torpaq sahəsində bu müqavilənin ayrılmaz hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilən xidmət haqqlarına əsasən, xam pambığın istehsalı ilə bağlı zəruri aqrotexniki işlərin görülməsini öhdəsinə götürməsindən ibarətdir. İş materiallarında olan “xxxx” MMC-nin filiallarında işləyən traktorçuların “xxxx” MMC-nin tabeliyində olan torpaqlarda gördükləri işlərin miqdarı və məbləği barədə aktdan görünür ki, “xxxx” MMC üçün ümumilikdə dəyəri 129.735 manat təşkil edən işlər (şum, səpin, mala çəkmə, kanal qazma və tandem diski) görülmüşdür. Həmin akt tərəflərin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, REF/4202/19 saylı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə xxxx” MMCarasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən “xxxx” MMC üçün İddiaçı MMC tərəfindənümumilikdə dəyəri 129.735 manat təşkil edən işlər haqqının 7 gün müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə əsas borcun, dəbbə pulunun və icra xərclərinin tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC (icraçı) ilə “xxxx” MMC (sifarişçi) arasında xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən, xam pambığın istehsalı ilə bağlı zəruri aqrotexniki işlərin görülməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini icraçının sifariçiyə məxsus İmişli rayonunda yerləşən torpaq sahəsində xam pambığın istehsalı ilə bağlı zəruri aqrotexniki işlərin görülməsini öhdəsinə götürməsi təşkil etmişdir. İddiaçı MMC tərəfindən “xxxx” MMC üçün aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən ümumilikdə dəyəri 129.735 manat təşkil edən işlər (şum, səpin, mala çəkmə, kanal qazma və tandem diski) görülmüşdür. Beləliklə də, iddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsitəşkil edir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini yerinə yetirməmiş, İddiaçı MMC tərəfindən “xxxx” MMC üçün aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli xidmət müqaviləsinə əsasən ümumilikdə dəyəri 129.735 manat təşkil edən işlərin (şum, səpin, mala çəkmə, kanal qazma və tandem diski) dəyəri ödənilməmişdir. Beləliklə cavabdehin iddiaçıya 129.735 manat borcu qalmışdır. Həmçinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək, müqavilədəki və təhvil-təslim aktındakı imzaların ona məxsus olduğunu, təhviltəslim aktında qeyd olunan işlərin həqiqətən görüldüyünü bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 129.735 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, 544.887 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 3.000 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə həmçinin cavabdehin müqavilə bağlanılarkən ona təzyiqlərin olduğuna, “xxxx” MMC-nin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsinin olmamasına, 18.000 ha əkinə yararlı olmayan torpaq sahəsində şum işlərinin aparılmasına, qeyd olunan torpaq sahəsində görülən işlərin “xxxx” MMC ilə heç bir əlaqəsinin olmamasına və s. dair dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, müqavilə və təhvil-təslim aktı imzalandıqdan sonra cavabdeh tərəfindən mübahisələndirilməmiş, həmin sənədlərin təzyiq altında imzalanmasına dair məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən cavabdehin nümayəndəsi öz izahatında iddia tələbi məbləğində işlərin həqiqətən də görüldüyünü, işlərin görülməsinə dair aktın da onun tərəfindən imzalandığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı iddiaçıya aid edilməli, 10 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 129.735 manat əsas borc, 3.000 manat dəbbə pulu (cərimə borcu) və ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 132.745 (bir yüz otuz iki min yeddi yüz qırx beş) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar