Məhkəmə qərarları › İş №e-2-2(121)-3536/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3536/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3536/2025 22.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 127676,20 manat əsas borc, 2920,81 manat xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dövr üçün qanuni faiz, 300 manat hüquqi yardım (vəkil) xərci və ödənilmiş 421,32 manat dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 131318,33 manat məbləğində pulun tutulub İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh ASC arasında bağlanmış KBT-AZT/PM-01/25 saylı müqavilə və ona edilmiş əlavə razılaşmalar əsasında iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Görülmüş işlər aktlarla (təhvil-təslim sənədləri) rəsmiləşdirilmişdir. Lakin Cavabdeh ASC həmin müqavilə üzrə öz öhdəliyini – görülmüş işlərin dəyərinin ödənilməsini – indiyədək yerinə yetirməmişdir. İddiaçı öz müqavilə öhdəliklərini tam icra etmiş, görülmüş işlər cavabdehə təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktları tərtib olunmuşdur. Cavabdeh tərəf isə müqavilədən irəli gələn pul öhdəliyini – görülmüş işlərin dəyərinin ödənilməsini – müəyyən olunmuş müddətdə yerinə yetirməmişdir. 2025-ci ilin mart və aprel tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş ödəniş sertifikatı və müvafiq elektron qaiməfaktura əsasında hesablanmış ümumi qalıq borc məbləği 127676,20 manat təşkil edir. Lakin cavabdeh təqdim olunmuş hesablar üzrə ödənişləri müqavilədə nəzərdə tutulan müddətlərdə həyata keçirməmiş, nəticədə qeyd olunan məbləğ indiyədək ödənilməmiş qalır. xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən cavabdehə borcun könüllü qaydada ödənilməsi tələbi ilə rəsmi pretenziya məktubu göndərilmişdir. Həmin məktubla borcun ödənilməsi üçün cavabdehə 10 (on) təqvim günü əlavə möhlət verilmişdir. Buna baxmayaraq, göstərilən müddət ərzində də borc ödənilməmişdir. Beləliklə, cavabdeh müqavilə öhdəliyini pozaraq borclu vəziyyətə düşmüşdür. İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan İddiaçı MMC (“İcraçı”) ilə Cavabdeh ASC (“Sifarişçi”) arasında bağlanılmış 06 mart 2025-ci il tarixli KBT-AZT/PM-01/25 nömrəli “Podrat müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, Podratçı", "Sifarişçi"nin sifarişi üzrə "Sarıcalı kəndi ərazisində asfalt va beton işləri" "Asfalt-aşınma" ilkin dəyəri ƏDV daxil 19.603,05 AZN "Tack coat" ilkin dəyəri ƏDV daxil 1.658,32 AZN "Asfalt-aşınma" ilkin dəyəri ƏDV daxil 106.414,83 AZN; Yuxarıda qeyd olunan işləri görməyi öz öhdəsinə götürür, "Sifarişçi" isə müqavilə ilə razılaşdırılmış qaydada görülən işlərin dəyərini "Podratçı"nın hesabına ödəyir. "Sarıcalı kəndi ərazisində asfalt və beton işləri" üzrə ilkin müqavilə dəyəri ƏDV daxil olaraq 127.676,20 AZN (yüz iyirmi yeddi min altı yüz yetmiş altı manat iyirmi qəpik) təşkil edir. 2.1-ci bəndinə əsasən, müqavilə imzalandığı vaxtdan etibarən “Podratçı” müqavilənin 1 saylı əlavəsində göstərilən işləri görməyə başlayır və “Sifarişçi” isə faktiki görülmüş işlər üzrə tərtib edilən və tərəflər arasında təsdiq edilərək imzalanan Forma 2, Forma 3 sənədləri əsasında görülmüş işlərin dəyəri “Podratçı”nın bank hesabına ödəyir. 6.4-cü bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir, “Podratçı” işlərə müqavilə imzalandıqdan sonra başlayır və işlərə başlanıldıqdan sonra razılaşdırılan müddət ərzində işləri “Sifarişçi”yə təhvil verməyi tərəflər bu müqavilə ilə razılaşdırır. 6.5-ci bəndinə əsasən, bu müqavilə işlər tam yerinə yetirilənədək qüvvədədir. Müqavilə tarixinin uzadılması ilə əlaqədar tərəflər qarşılıqlı razılaşma aktı imza edə bilərlər. İş materiallarında olan 06 mart 2025-ci il tarixli KBT-AZT/PM-01/25 saylı podrat müqaviləsi üzrə bağlanmış hər iki tərəfin nümayəndələrinin imzaları ilə təsdiq etdikləri ödəniş sertifikatından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə göstərilmiş xidmətin dəyəri 127676,20 manat olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, Cavabdeh ASC ilə İddiaçı MMC arasında bağlanılmış 06 mart 2025-ci il tarixli KBT- AZT/PM-01/25 nömrəli podrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə göstərilmiş xidmətin dəyəri 127676,20 manat olmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin (“Podratçı”) direktoru X3 və Cavabdeh ASCnin (“Sifarişçi”) direktoru X1 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Sarıcalı kəndi ərazisində asfalt və beton işləri üçün yerinə yetrilən işlərin məbləği 127676,20 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən yaranmış 127676,20 manat məbləğində pulun 10 gün müddətinə ödənilməsi xahiş olunmuş, əks halda həmin tələblə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh ASC-yə xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (podrat müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, iddiaçı (podratçı) tərəfindən cavabdehin sifarişi üzrə asfalt işlərinin aparılmasından ibarət olan işin görülməsinə, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və onlar həmin razılığı 06 mart 2025-ci il tarixli KBT-AZT/PM-01/25 nömrəli “Podrat müqaviləsi” ilə rəsmiləşdirmişlər. İddiaçı üzərinə götürdüyü öhdəliklə əlaqədar ümumillikdə 127676,20 manat dəyərində iş icra edərək cavabdehə təhvil verdiyini, lakin görülən işlərin dəyərini təşkil edən 127676,20 manat məbləğində muzdun cavabdeh tərəfindən ödənilmədiyini iddia edir. Cavabdeh tərəfindən iddia tələbinə münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddianın predmetini görülmüş işlərə görə nəzərdə tutulmuş muzdun ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə iddianın predmeti ilə bağlı gəldiyi qənaətə əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını podrat müqaviləsi üzrə münasibətlərin, o cümlədən görülmüş işlərin qarşılığında muzdun tələb edilə bilinməsinin normativ tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan maddi hüquq normaları təşkil edir. Buna görə də, iddianın uğurluluğu işin faktiki hallarının qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtlərini ödəyib-ödəməməsinin müəyyən edilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən 127676,20 manat dəyərində işin cavabdehə təhvil verildiyi işin mübahisəsiz hallarını təşkil edir. Qeyd edilən muzdun cavabdeh tərəfindən ödənilməməsi isə işin mübahisəli halıdır. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, görülən işlərin təhvil verilməsinə dair tərəflər arasında imzalanmış sənədlərə istinad edir. Cavabdeh isə qeyd edildiyi kimi iddiaya münasibətini bildirməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında mövcud olmuş podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən normaların tələblərinə və sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinə dair qaydalara əsasən podrat müqaviləsi üzrə muzdun ödənilməsini sübut etmək öhdəliyi sifarişçinin, görülən işlərin həcmini, eləcə də görülən işlərin nəticəsinin təhvil verilməsini sübut etmək öhdəliyi podratçının üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları, tərəflər arasında bağlanmış müqaviləni, həmin müqaviləyə əlavə edilmiş sənədləri, təhvil-təslim aktlarını, elektron qaimə-fakturanı və iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunu məcmu halda araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı üzərinə götürdüyü müqavilə öhdəliklərini icra etmiş, görülmüş işlər tərəflərin imzası ilə təsdiqlənmiş aktlar əsasında cavabdehə təhvil verilmişdir, cavabdeh isə həmin işlərin qəbul edilməsinə etiraz etməmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, görülmüş işlərin həcmi və dəyəri tərəflər arasında razılaşdırılmışdır və təhvil-təslim sənədlərində öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəf üzərinə düşən əsas öhdəliyi, qəbul edilmiş işlərin dəyərinin vaxtında ödənilməsi vəzifəsini yerinə yetirməmiş, bununla da müqavilə münasibətlərindən irəli gələn öhdəliyin icrasından yayınmışdır. Cavabdeh tərəfindən öhdəliyin icrasına mane olan hallar, habelə borcun ödənilməməsini əsaslandıran sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş sertifikatı və elektron qaiməfaktura ilə iddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyərinin 127676,20 manat təşkil etməsi təsdiq olunur. Həmin məbləğin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə əvvəlcədən rəsmi qaydada müraciət edilmiş, lakin cavabdeh tərəfindən borcun könüllü ödənilməsi təmin olunmamışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilmişdir. Buna görə də, əsas borca aid hissədə iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə, iddia tələbini 2920,81 manat məbləğində gecikdirmə faizinin tutulması hissəsində də əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 43-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 421,32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, göstərilmiş hüquqi yardım xidmətinə görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində vəsait cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq belə nəticəyə gəlinir ki, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia tələbi əsaslıdır və buna görə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh ASC-dən 127676,20 manat məbləğində əsas borc, 2920,81 manat məbləğində gecikdirmə faizi, hüquqi yardımla bağlı ödənilmiş 300 manat pul və 421,32 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 131318,33 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar