Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3606/2025 28.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 37456,00 manat məbləğinin, ödənilmiş dövlət rüsumu ilə bağlı 203,00 manat olmaqla, cəmi 37659,00 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 01 iyun 2023-cü il tarixində "xxxx" MMC (bundan sonra - İddiaçı) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında 5 il müddətli “Mal və xidmətin satınalınmasına dair” müqavilə bağlanılmışdır. Bu müqaviləyə görə, cavabdeh klinikanın 2 liftinə texniki xidmət göstərmək və yeni liftin quraşdırılması öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh, liftin quraşdırılması üçün ümumilikdə 28206,00 manat məbləğdə pul almışdır. Bundan başqa, yeni liftin tamamlanması üçün 10000,00 manat ehtiyacı olduğunu bildirərək əlavə 9250,00 manat pul almışdır. Ancaq Cavabdeh öhdəliklərini icra etməmiş, liftin quraşdırılması işlərini tamamlamaq əvəzinə, İddiaçıya ciddi məbləğdə maddi ziyan vurmuşdur. İddiaçı tərəfindən şifahi xəbərdarlıqlar edilməsinə və Sabunçu Rayon Polis İdarəsinə (22 noyabr 2024) müraciət olunmasına baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilmədiyinə görə, vurulan ziyan əsaslı olaraq 37456,00 manat təşik edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı iddianı qəbul etmədiyini, iddiaçı ilə müqavilə bağlamadığını, iddiaçıdan ümumilkdə 14500 manat, sonradan 3000 manat, lift qapılarına görə əlavə 3000-3500 manat və 1000 manat zəhmət haqqı aldığını, bunlardan başqa iddiaçıdan pul almadığını, ona həvalə edilən işləri tam şəkildə gördüyünü, işlərin təhvil verilməsinə dair sənədin olmadığını bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC (Sifarişçi) ilə Cavabdeh (İcraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 06/23 nömrəli “Mal və xidmətin satınalınmasına dair” müqavilənin: 1.1-ci bəndində əsasən, İcraçı malları (xidmətlər) təchiz edir. Sifarişçi isə həmin malları (xidmətlər) alır. Hər hansı təchiz ediləcək malın (xidmət) miqdarı və qiyməti müqaviləyə əlavə qiymət razılaşma protokolunda göstəriləcəkdir. 2.1-ci bəndində əsasən, İcraçı Sifarişçinin sifarişinə əsasən müəyyən edilmiş vaxt ərzində Sifarişçi ilə razılaşdırılmış qaydada və müddətdə xidmət göstərməyi və malları (xidmətlər) təchiz etməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, Sifarişçi İcraçı tərəfindən təchiz edilmiş malların (xidmətin) haqqını maddə 4-də nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, ödəniş təqdim edilmiş hesab və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə”nin ümumi məbləğini təşkil edir və ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. 5.2-ci bəndində əsasən, İcraçı məsuliyyətinə düşən işi öz öhdəsinə götürür. İcraçı əgər işin tamlığını təmin etməzsə və ya iş zamanı Sifarişçiyə maddi zərər verərsə 5000 AZN Sifarişçiyə cərimə olaraq ödəməyi öz öhdəsinə götürür. 8.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 5 il müddətdə qüvvədə qalır. İş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə cəmi 37456 manat məbləğində pul verilmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “Mal və xidmətin satınalınmasına dair” müqavilə əsasən yaranmış 37456 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, ilk növbədə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, mübahisə tərəflərinin hər ikisi sahibkarlıq subyektləridirlər, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçının subyektiv hüquqlarının pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair tələbi təşkil edir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri onların həm birgə, həm də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Buna görə də, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmeti və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakteri hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında, cavabdeh tərəfindən iddiaçıya məxsus olan klinikada liftin quraşdırılmasından ibarət olan işin görülməsi, iddiaçının isə görülən işlərin qarşılığında müvafiq haqqın (muzdun) iddiaçıya ödənilməsinə dair razılıq əldə olunmuşdur və onlar həmin razılığı xx.xx.2023-cü il tarixli, 06/23 nömrəli “Mal və xidmətin satınalınmasına dair” müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən işlərin görülməsi üçün cavabdehə ümumilikdə 37456 manat məbləğində pul verdiyini, lakin cavabdehin öhdəsinə götürdüyü işi icra etməməklə yanaşı, həmin işlərin görülməsi üçün aldığı pulu da geri qaytarmadığını iddia edir. Cavabdeh iddianı qəbul etməyərək ona sifariş edilmiş işi icra etdiyini bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını iş görülməsi (podrat) müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulan podrat müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə, iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı əlavə olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə “Mal və xidmətin satınalınmasına dair” adlandırılsa da, işin mübahisəsiz hallarından (iddiaçının sifarişi ilə cavabdehin lift quraşdırması, iddiaçının isə görülən işlərin haqqının cavabdehə ödənilməsinə dair razılığa gəlinməsi) görünür ki, tərəflərin iradə ifadəsi məhz podrat müqaviləsi üzrə münasibətlərin qurulmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə, razılaşmanın şərtlərinə, eləcə də razılaşmanın icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan podrat müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə bu qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlərin yaranması, iddiaçı tərəfindən işin görülməsi üçün cavabdehə ümumilidə cəmi 37456 manat məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz hallarını təşkil edir. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə cəmi 37456 manat məbləğində pulun verilməsi cavabdehin imzasının da yer aldığı kassa məxaric orderləri ilə tam sübut olunur. Məhkəmə, cavabdehin xx.xx.2024-cü il tarixli orderdə 9 rəqəminin sonradan yazılması barədə etirazını əsasız hesab edərək qeyd edir ki, həmin orderdən görünür ki, 9100 manat məbləği yalnız rəqəmlə deyil, həmçinin yazı ilə də qeyd edilmişdir. Bu isə 9 rəqəminin sonradan orderə əlavə edilməsini istisna edir. Məhkəmə, həmçinin cavabdehin ona sifariş edilmiş işi tam şəkildə icra etməsinə dair etirazı ilə əlaqədar qeyd edir ki, tərəflər arasında mövcud olmuş podrat müqaviləsinə dair münasibətləri tənzimləyən normaların tələblərinə və sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinə dair qaydalara əsasən podrat müqaviləsi üzrə muzdun ödənilməsini sübut etmək öhdəliyi sifarişçinin, görülən işlərin həcmini, eləcə də görülən işlərin nəticəsinin təhvil verilməsini sübut etmək öhdəliyi podratçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən, Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sadalanan maddi hüququ normalarının tələblərindən təhlili göstərir ki, podrat münasibətlərinin hüquqi mahiyyətini sifarişçinin sifarişi əsasında podratçı tərəfindən şərtləşdirilmiş işlərin görülməsi və görülən işin nəticəsinin sifarişçiyə təqdim (təhvil verilməsi) edilməsi təşkil edir. Göründüyü kimi, podrat üzrə hüquq münasibətlərinin ən vacib xüsusiyyəti görülən işin nəticəsinin podratçı tərəfindən sifarişçiyə təqdim edilməsidir. Görülən işlərə görə muzdun ödənilməsi isə sifarişçinin əsas öhdəliyini təşkil edir. Məhkəmə bir daha qeyd edir ki, baxılan işdə iddiaçı tərəfindən podrat müqaviləsi üzrə cavabdehə 37456 manat məbləğində pul vəsaitinin verilməsi, işdə olan mötəbər dəlillərlə tam sübut olunan fakt olması etibarı ilə işin mübahisəsiz halını təşkil edir. Belə ki, işdə olan sənədlərlə həmin hal öz təsdiqini tapır. Məhkəmə, cavabdehin etirazının əsası kimi istinad etdiyi halların təhlilini apararaq bu nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh iddia tələbini qəbul etməyərək müqavilə ilə razılaşdırılmış işlərin onun tərəfindən görüldüyünü iddia edir. Lakin, cavabdeh podrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin görülməsinə və görülən işlərin nəticəsinin sifarişçiyə təqdim edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, podrat müqaviləsi üzrə münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərinə görə, podrat münasibətlərində podratçının əsas vəzifəsi (öhdəliyi) şərtləşdirilmiş işlərin görülməsi və görülən işin nəticəsinin sifarişçiyə təqdim (təhvil verilməsi) edilməsindən ibarətdir. Lakin qeyd olunduğu kimi, cavabdeh tərəfindən həmin halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı podrat müqaviləsi üzrə cavabdehə müəyyən məbləğdə pul versə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, iddiaçının ödənilmiş muzdun geri tələb edilməsinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş və iş materiallarında olan sənədlərlə sübut olunan faktiki halları belədir ki, iddiaçı tərəfindən iş görülməsi barədə razılaşmaya əsasən cavabdehə ümumilkdə cəmi 37456 manat məblıəğində pul verilmişdir, cavabdeh isə razılaşdırılmış işi başa çatdırmamış və həmin işin görülməsi üçün ona verilmiş pul vəsaitini iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi cavabdehdən iş görülməsi üçün ödənilmiş 37456 maant məbləğində pulun cavabdehdən alınmasına dair hissədə əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 37456 manat məbləğində pul və 203 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 37659 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3606/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3606/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver