Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-377/2023 16.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə cavabdehin nümayəndəsi və vəkilinin “iddia ərizəsinin baxılmamamış saxlanılmasına dair” vəsatətinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh MMC-nin elektron kabineti olmadığından pretenziyanı MMC-nin direktoruna göndərdiyini, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri elektron qaydada göndərmədiyini, mediasiya prosesinin isə qanunvericiliyin tələblərinə uyğun keçirildiyini qeyd edərək cavabdehin nümayəndəsi və vəkilinin “iddia ərizəsinin baxılmamamış saxlanılmasına dair” vəsatətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili yazılı vəsatət ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi qanunvericiliyin tələbləri gözlənilmədən məhkəməyə təqdim edildiyindən məhkəmə tərəfindən geri qaytarılmalı idi. Belə ki, Azərbaycan Respubikasının Müllki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, о cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. İş materiallarına nəzər salsaq görərik ki, iddia ərizəsinin nə elektron, nə də kağız daşıyıcıda cavabdehə çatdırılmasına dair sənəd mövcud deyildir. Ümumiyyətlə, iddia ərizəsinin məhkəməyə elektron qaydada təqdim edilməsi belə elektron məhkəmə sistemindən görünmür. Bu səbəbdən də hesab edir ki, məhkəmə bu xüsusatı nəzərə almadan iddia ərizəsinin icraatını mümkün hesab etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş pretenziya və poçt qəbzindən görünür ki, pretenziya cavabdehin rəsmi qeydə alındığı ünvana deyil, MMC-nin təsisçisinin yaşayış ünvanına göndərilmişdir. Halbuki, mülki prosessual qanunverciliyin tələblərinə əsasən pretenziya yalnız cavabdehin elektron məhkəmə sistemində yaradılmış kabinetinə göndərilməlidir. Lakin, bu xüsusatı da məhkəmə iddia ərizəsini icraata qəbul edərkən nəzərə almamışdır. Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının MŞB/6-616 saylı, xx.xx.2022-ci il tarixli mediasiya arayışından görünür ki, mediasiya prosesi ərazi aidiyyəti pozulmaqla həyata keçirildiyindən hesab edir ki, qanunvericiliyin bu tələbi də pozulmuş və digər pozuntular kimi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respubikasının Müllki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və cavabdehin nümayəndəsi və vəkilinin “iddia ərizəsinin baxılmamamış saxlanılmasına dair” vəsatətini araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin “iddia ərizəsinin baxılmamamış saxlanılmasına dair” vəsatəti təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, e-2-2(113)-7121/2022 saylı qərardadı ilə kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin təsisçisi və direktoru Qanuni nümayəndə pretenziya göndərilmişdir. Göründüyü kimi, pretenziya cavabdehin rəsmi qeydə alındığı ünvana deyil, MMC-nin direktorunun yaşayış ünvanına göndərilmişdir. Bundan başqa, iş materiallarından Cavabdeh MMC-yə elektron qaydada pretenziyanın göndərilməsinə (çatdırılmasına) dair hər-hansı bir sənəd mövcud deyildir. Eyni zamanda, iddiaçı tərəfindən göndərilmiş və xəbərnaməsi iş materiallarına əlavə edilmiş pretenziya hazırki iş üzrə cavabdeh Qanuni nümayəndə deyil, Cavabdeh MMC olduğundan, qeyd olunan hal pretenziya qaydasına əməl olunma kimi qəbul edilə bilməz. Yəni, hazırki iş üzrə pretenziya elektron qaydada Qanuni nümayəndə deyil, Cavabdeh MMC-yə göndərilməli və buna dair sübut iş materiallarına əlavə olunmalı idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, eyni zamanda qeyd edir ki, həm iddiaçının izahatı, həm də iş materiallarından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin elektron qaydada cavabdehə göndərilməsi müəyyən edilməsə də mülki prosessual qanunvericiliyin tələblərinə əsasən bu hal ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin mediasiya prosesinin ərazi aidiyyəti üzrə düzgün tətbiq edilməməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, mülki prosessual qanunvericilik “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədin təqdim edilməməsini iddia ərizəsinin geri qaytarılması əsası kimi müəyyən etmişdir. Hazırki iş üzrə iddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən mülki prosessual qanunvericiliyin qeyd olunan tələbinə əməl etmiş və 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışını iddia ərizəsinə əlavə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mediasiya prosesi keçirilərkən cavabdeh tərəfindən mediasiyanın Bakı şəhərində keçirilməsi ilə bağlı hər hansı etirazı olmadığından mediasiya prosesinin ərazi aidiyyəti üzrə keçirilməməsi iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas deyildir. Beləliklə məhkəmə hesab edir ki, hazırki kommersiya mübahisəsi üzrə pretenziya qaydasına əməl olunmadığından və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-377/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-377/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver