Məhkəmə qərarları › İş №e-2-2(121)-4164/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4164/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4164/2025 27.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 516,2 manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumu olaraq 30,40 manat məbləğində pulun Cavabdeh Hüsüynbala oğlundan tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 1971-ci il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində anadan olmuşdur. Ali təhsillidir. Hazırki iddia üzrə mübahisələndirilən tərəflər qohumdur, cavabdehlərdən biri iddiaçının atası, digəri qardaşıdır, tərəflərin rəsmi qeydiyyatda olduğu Lənkəran rayonu, Şiləvar kəndində “Xəzər İnşaaat” tikinti materialları mağazası fəaliyyət göstərir. Mağaza 2005-ci ildən fəaliyyətə başlamışdır. Mağazanın tikilməsində onun (Gülağanın) çox böyük təşəbbüsü olmuşdur. Fəaliyyət göstərdiyi illərdə qazanc əldə edilsə də şəriki Cavabdeh bu qazancdan və malların pulundan onun xəbəri olmadan 90 minə qədər pulu götürmüş, özü üçün böyük imarət tikdirmişdir. “Xəzər inşaat” mağazası fəaliyyət göstərilən zaman da əldə edilən qazancdan ona heç bir manatda olsun verməmişdir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 115,9 kv.m olan çıxarışda paylı mülkiyyətçi kimi əmlakın özünə məxsus olan tikintialtı sahəsi 0.00506 ha 45.4 kv.m sahəsi Cavabdeh və eləcə də tikintialtı sahə 0.00782 ha, ümumi sahəsi 70.5 kv.m İddiaçı adına rəsmiləşdirilmişdir, lakin buna baxmayaraq Cavabdeh bu mülkdən özü üçün tam, yəni 115,9 kv.m sahədən istifadə edirdi: ondan əldə edilmiş qazancdan ona da qazanc verməsini istədikdə, o isə həmişə deyərdi ki, kredit bitsin sənə də qazanc verərəm, amma bu günə qədər mağaza yüklülükdən azad edilməmişdir. Elə buna görə də o xx.xx.2022-ci ildə Lənkəran Rayon Məhkəməsinə verməli olmuşdur. Cavabdeh qarşı əmlaka payların fakturada müəyyən edilməsi və cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair mülki işlə bağlı iddia qaldırmışdır. X5 sədrliyi ilə keçirilən məhkəmədə iddia təmin edilmiş, qətnamə qəbul edilmişdir. Qətnamə 1 ay keçdikdən sonra qüvvəyə minmişdir. Qabil dükanda olan inşaat mallarının şərikli malları olmağına baxmayaraq, bütün malları və vitrinləri, ora çəkilmiş işıq xətlərini, birdə işıq sayğacını öz tərəfinə çəkmişdir. Əgər dükanda işıq xətləri var idisə, bu onların paylı mülkiyyəti ilə birgə o, İddiaçı da bu sayğacdan istifadə etmək qabiliyyətinə malik idi. Qabil isə ona nə işıqdan istifadə etməyə, nə də ona işıq sayğacının qoyulmasına köməklik göstərmişdir. Buna görə də o gec də olsa, işıq sayğacı mağaza üçün qoya bilmişdir. Ona mağazaya yenidən işığın gücü 10 kilovata qədər güc hesablanmışdır. Çəkdiyi xərclər belə olmuşdur: 1. Mədaxil orderi - 15.40 manat rüsum; 2. Azərbaycan Respublikası Mərkəzi Bankı – Hökumət ödəniş portalı - 400.40 manat rüsum; Elektrik sayğacı ilə bağlı bir neçə dəfə Bakıdan-Lənkərana getmişdir, bu da əlavə yol pullarının xərclənməsinə gətirib çıxarmışdır. Dörd dəfədən çox 8.80 hesablandıqda hesab 35.2 manat olur. Bu Bakı-Lənkəran 1 tərəfli pulu 2 tərəfli Lənkəran-Bakı pulu hesablandıqda cəmi: 70.40 manat xərclənib; əlavə ustalara 30 manat. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi ziyanın 516,2 manat və ödədiyi dövlət rüsumu 30,40 manat pulun Cavabdeh Hüsüynbala oğlundan tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi mübahisə edilən Lənkəran rayonunun Şilavar kəndində yerləşən ümumi sahəsi 115,9 kv.m qeyri-yaşayış sahəsi ataları X1 mülkiyyətində olmuşdur. Onun 0.00782 ha sahənin, ümumi sahəsi 70.5 kv.m hissəsini X3 İddiaçı bağışlamışdır. Qalan hissəsi isə Hüseynbalanın öz mülkiyyətində qalmışdır. İddiaçı ona bağışlanmış hissəyə çıxarış almış və həmin qeyri-yaşayış binasını naturada ayırmışdır. Bundan bir müddət keçdikdən sonra Hüseynbala Hüseynov onun mülkiyyətində qalan hissəsini isə ona bağışlamaqla onun mülkiyyətinə vermiş və orada olan işıq sayğacı Hüseynbalanın adına və onun mülkiyyətində olan hissədə olduğu üçün daşınmaz əmlakı onun mülkiyyətinə keçirən zaman sayğacı da mülkiyyətçi olaraq ona vermiş və həmin sayğac onun adına sənədləşdirilmişdir. Bundan sonra İddiaçı öz mülkiyyətində olan və naturada da ayırdığı qeyri-yaşayış binasına onun mülkiyyətində olan və naturada ayrılmış hissədə olan elektrik sayğacından əlavə xətt çəkməsini, onun mülkiyyətində olan hissənin elektrik enerjisi ilə təmin edilməsini istəmişdir. Bu barədə ərazi üzrə elektrik şəbəkəsinə gedərək billdirmiş və oradan bunun qanunvericiliklə qadağan olunduğunu, əgər onun tərəfindən iddiaçının mülkiyyətində olan hissəyə elektrik enerjisinin verilməsi aşkar olunacaqsa onu qanunvericiliklə cərimə edəcəklərini və xəttin də ayrılacağı bildirilmişlər. O da həmin vaxt bu barədə iddiaçıya bildirmiş və bundan sonra iddiaçı özünün xüsusi mülkiyyətində olan qeyri-yşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsindən ötrü sayğac quraşdırmış və bundan sonra həmin qeyri-yaşayış sahəsi müvafiq dövlət qurumu tərəfindən enerji ilə təmin edilmişdir. İddiaçı sahibkar olduğundan sayğacın quraşdırılmasından ötrü özü üçün sayğac quraşdırmış və özü tərəfindən də istifadə edilir. Hazırda isə həmin ödəniş məbləğini ondan tələb edir. Ona məxsus olan sayğacdan istifadə etməmişdir. Ona subyektiv olaraq hər hansı formada maneə yaratmamışdır. Belə olan halda da hazırki iddia tələbinə cavab verməli olan şəxs deyildir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, tərəflərin yazılı və şifahi izahatlarına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-682/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “əmlaka payların naturada müəyyən edilməsi və cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilərək, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Lənkəran rayonu, Şiləvar kəndində yerləşən bir mərtəbəli ümumi sahəsi 115,9 kv.m sahə 1,3 nömrəli tikililər ilə 2,4 nömrəli tikililər arasında olan boşluqlar hörülərək bağlandıqdan sonra, Cavabdeh düşən tikintialtı sahəsi 50,6 kv.m, tikililərin daxili sahəsi 45,4 kv.m. olan hissə ilə İddiaçı tikintialtı sahəsi 78.2 kv.m, tikililərin daxili sahəsi 70,5 kv.m olan hissəsi birbirindən təcrid şəkildə ayrılaraq paylara uyğun naturada bölünməsi, cavabdehlər X3 və Cavabdeh İddiaçı məxsus tikintialtı sahə 0.00782 ha, ümumi sahə 70.5 kv.m sahədən çıxarılması qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrındən Çıxarış”dan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 115,9 kv.metr olan qeyri yaşayış binasının tikintialtı sahə 0,00506 ha ümumi sahə 45,4 kv.metr hissəsi paylı mülkiyyət hüququ ilə İddiaçı, tikintialtı sahə 0,00782 ha ümumi sahə 70,5 kv.metr hissəsi paylı mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, vurulmuş ziyanın tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı cavabdehə xəbərdarlıq olunmuşdur. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddia tələbinin predmetini cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə, iddianın predmeti ilə bağlı gəldiyi qənaətə əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını qanunsuz hərəkət (hərəkətsizlik) nəticəsində vurulmuş zərərin yaranması və tələb edilə bilinməsinin normativ tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddianın uğurluluğu işin faktiki hallarının yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərini ödəməsi ilə mümkündür. Məhkəmə, baxılan işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən qiymətləndirərərk bu nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkmiş şəxsin əmlakında mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərlə əmələ gələn ziyanın aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntusu nəticəsində mülki məsuliyyətin əsaslarını müəyyən edən maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin yaranması, həmin zərərin yaranmasında borclunun təqsirinin müəyyən olunması və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Baxılan işin hallarından görünür ki, əvvəllər vahid əmlak olmuş, sonradan məhkəmə qərarına əsasən iddiaçı ilə cavabdeh hər birinin payı naturada və sənəd üzrə müəyyən olunmaqla paylara bölünmüş qeyri-yaşayış sahələrinin mülkiyyətçiləridirlər. İddiaçı həmin qeyri-yaşayış sahələri vahid əmlak olduğu zaman orada mövcud olmuş elektrik sayğacının əmlak paylara uyğun naturada bölündüyü zaman cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinə düşdüyünü, həmin sayğacdan onun da istifadə etməsinə cavabdehin maneçilik yaratdığını, buna görə də məcbur olub özünə məxsus olan qeyri-yaşayış sahəsinə elektrik sayğacı quraşdırdığını əsas tutaraq, sayğac quraşdırılması ilə əlaqədar çəkdiyi məsrəfləri ona vurulmuş ziyan şəklində cavabdehdən tələb edir. Məhkəmə, ilk olaraq qeyd edir ki, işin hallarında göründüyü kimi iddiaçının və cavabdehin mülkiyyətlərində olan qeyri-yaşayış sahələri ayrı-ayrı müstəqil təsərrüfat subyektləridir. Buna görə də, həmin qeyri-yaşayış sahələrinin kommunal təsərrüfatları, o cümlədən elektrik təchizatları da bir-birlərindən asılı deyildir. İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus olan qeyri-yaşayış sahəsində sərf edilən elektrik enerjisinin sərbəst alıcısı olduğuna görə, həmin sərfiyyatın qeydə alınması üçün sayğacın (uçot cihazının) quraşdırılmasına sərf edilən xərcləri də özü qarşılamalıdır. Cavabdehin isə iddiaçı qarşısında belə bir öhdəliyi yoxdur. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən, istehlakçıların elektrik enerjisi ilə təchizatı təchizatçılar tərəfindən həyata keçirilir. 19.2-ci maddəsinə əsasən, sərbəst və sərbəst olmayan istehlakçıların elektrik enerjisi ilə təchizatının xüsusiyyətləri pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. 19.3-cü maddəsinə əsasən, sərbəst istehlakçı elektrik enerjisini ölkə ərazisində fəaliyyət göstərən istənilən təchizatçıdan almaq hüququna malikdir. Sərbəst olmayan istehlakçılar elektrik enerjisini yalnız səlahiyyətli təchizatçıdan alırlar. 19.4-cü maddəsinə əsasən, təchizatçı ərazi məhdudiyyəti olmadan sərbəst istehlakçılara elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir. Sərbəst istehlakçıların elektrik enerjisi təchizatı ikitərəfli müqavilələr, mərkəzləşdirilmiş bazarda bağlanan alqı-satqı müqavilələri və ya pərakəndə satış bazarında təchizatçı ilə bağlanılan elektrik enerjisinin təchizatı müqaviləsi əsasında həyata keçirilir. 19.5-ci maddəsinə əsasən, sərbəst olmayan istehlakçıların elektrik enerjisi ilə təchizatı yalnız həmin istehlakçının yerləşdiyi ərazidə fəaliyyət göstərən səlahiyyətli təchizatçı tərəfindən onlar arasında bağlanılan birtipli müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.3-cü bəndinə görə, Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 7.1-ci bəndinə görə, Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2-ci bəndinə görə, Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır. 7.6-cı bəndinə görə, Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Göründüyü kimi, iddiaçı tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinə elektrik sayğacının quraşdırılması ilə əlaqədar məsrəfləri qarşılamaqla bağlı cavabdehin hər hansı bir öhdəliyin daşıyıcı olmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hüquqa zidd təqsirli hərəkət və ya hərəkətsizliyə yol verilməsi nəticəsində iddiaçıya ziyan vurulması faktı da aşkar edilməmişdir. Beləliklə, şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş xərclər onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar