Məhkəmə qərarları › İş №e-2-2(121)-46/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-46/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-46/2023 18.01.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı – pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 109.309,67 manat borcun, əldə çıxmış fayda kimi illik 5 faiz olmaqla ərizə verilən tarixə 5500 manat və ödənilmiş 400 manat mediasiya xərci, 50 manat iddia ərizəsinə görə rüsum, həmçinin müvəqqəti təminat tədbiri barədə rüsum olaraq 50 manat cəmi 115.309.67 manat tutularaq İddiaçı MMC-nə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında xx.xx.2020-ci il tarixli, 04/20 saylı podrat müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən Sifarişçi – Cavabdeh MMC İcraçı – İddiaçı MMC arasında obyektdə işlərin yerinə yetirilib Sifarişçiyə təhvil verilməsi, Sifarişçinin isə İcraçının gördüyü işlərin müqabilində müqavilə üzrə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə bir neçə adda ümumi dəyəri 126.258,82 manat olan tikinti malları göndərilmiş, bununla da lazımi xidmət göstərilmiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməmiş, nəticədə ümumi borcdan ancaq 16.949,15 manat ödəniş etmişdir, qalan 109.309,67 manat məbləği bu günə qədər qaytarmamışdır və bununla da müqavilənin şərtlərini kobud surətdə pozmuşdur. Bu barədə dəfələrlə şifahi və yazılı müraciətlər etmişik, lakin heç bir nəticə verməmişdir İddiaçı Məhdud Məsuliyyətl Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 04/20 saylı podrat müqaviləsindən görünür ki, İddiaçı MMC (“İcraçı”) və Cavabdeh MMC (“Sifarişçi”) arasında “xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən, bu müqaviləyə əsasən icraçı, qiymət protokolunda qeyd olunan obyektdə işləri yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin ödəniş şərtlərinə əsasən, müqavilə üzrə görüləcək işlərin qiyməti əlavə edilən razılaşma protokolu və ya icraçının təqdim etdiyi işin yerinə yetirilməsini təsdiq edən akt, elektron qaimə əsasında müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənir. İş materiallarında olan EBAY seriyalı, 588272 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 126.258,82 manat məbləğində elektron qaimə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 12/0321 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC göstəriləcək xidmətin qiymətini 126.258,82 manat olaraq müəyyən etmişdirlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X4 və Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 126.258,82 manat məbləğində malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq etmişdirlər. Sözügedən akt İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə cəmi 109.307,67 manat borcu yarandığını və həmin borcun ödənilməsi bildirilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında nümayəndəsi Vəkil1 vasitəsilə iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli, 10/457 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən İddiaçı MMC-nin direktoru Cavabdeh MMC-nin direktoruna 05 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən smetada nəzərdə tutulan işlər təhvil verildiyini nəzərə alaraq, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 04/20 saylı 04 fevral 2020-ci il tarixli podrat müqaviləsi əsasında 12/0321 nömrəli, 25 avqust 2020-ci il tarixli qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş işlər iddiaçı (icraçı) tərəfindən tam yerinə yetirilmiş və 12/0321 nömrəli, 25 avqust 2020-ci il tarixli qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş işlər iddiaçı (icraçı) tərəfindən yerinə yetirilmiş işlərin ümumi dəyəri 106.999 manat məbləğində müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 04/20 saylı podrat müqaviləsi bağlanılmış və həmin müqaviləyə və işlərin qəbulu barədə aktlara əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 126.258,82 manat məbləğində işlər görülmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli, 10/457 nömrəli ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, tələb olunan borc üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə, hesab edir ki, Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 04/20 saylı podrat müqaviləsi üzrə 106.999 manat əsas borcunun olması iş materialları ilə öz təsdiqini tapdığından əsas borca münasibətdə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 106.999 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Bundan əlavə, məhkəmə qeyd edir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə iddianın “əldən çıxmış fayda kimi illik 5% olmaqla 5.500 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, borclu gecikdirilmiş vaxt üçün iki il nəzərə alınmaqla illik beş faiz olaraq 5.500 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, iddia tələbinin “müvəqqəti təminat tədbiri barədə ödənilmiş 50 manat məbləğində pulun tutulması” hissəsini də araşdıraraq hesab edir ki, iddiaçının həmin tələbi əsassız olduğundan təmin edilə bilməz. Çünki, həmin tələbi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi İddia qismən təmin edilsin. Cavabdehndən 106.999 manat əsas borc, illik 5 faiz olmaqla hesablanmış 5.500 manat faiz borcu, 400 manat mediasiya xərci və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 112.949 (bir yüz on iki min doqquz yüz qırx doqquz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar