Məhkəmə qərarları › İş №e-2-2(121)-468/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-468/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-468/2023 03.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən yaranmış, cavabdeh tərəfindən ödənilməmiş 93.304,89 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən mediasiyada iştirak edilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərci olmaqla ümumilikdə, 93.704,89 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC (“İcraçı”) ilə Cavabdeh MMC (“Sifarişçi”) arasında “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə (bundan sonra – “Müqavilə”) bağlanılmışdır. Məlumat üçün bildirilir ki, "xxxx" MMC xx.xx.2019-cu il tarixdən İddiaçı MMC olaraq fəaliyyətini davam etdirməkdədir. Müqavilənin 1.1-ci bəndinə əsasən, “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının (bundan sonra “Müştərilər”-in) "xxxx" MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri (bundan sonra “Xidmətlər”) göstərilməsi barədə sifariş verir, “İcraçı” isə “Sifarişçi”-nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin “Müştəri” və ya “Sifarişçi” tərəfindən ödənilməsi sifarişdən öncə “Sifarişçi” və “İcraçı” arasında razılaşdırılır. Həmin müqavilənin 3.7-ci bəndinə görə, “Müştəri” çıxdıqdan sonra “İcraçı” “Sifarişçi”-yə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Müqavilənin tələblərinə uyğun olaraq “İcraçı” “Sifarişçi”-yə onun sifarişlərinə uyğun olaraq mehmanxana xidmətlərini tam şəkildə təhvil vermişdir. Lakin, “Sifarişçi” göstərilmiş mehmanxana xidmətlərinin dəyərini tam ödəməmiş və “İcraçı” qarşısında icra edilməmiş 93 304. 89 manat məbləğində öhdəliyi yaranmışdır. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən, “İcraçı”-nın təqdim etdiyi hesabın ödənişi Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq “Müştəri” və ya “Sifarişçi” tərəfindən onu aldığı gündən 15 (on beş) bank günü ərzində manatla həyata keçirilir. “Sifarişçi” tərəfindən göstərilmiş mehmanxana xidmətlərini tam qəbul etmiş “İcraçı” müqavilənin 3.8-ci bəndinin tələblərini pozmuş və bununlada müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. “Sifarişçi”-nin “İcraçı” qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi yoxdur. “Sifarişçi” tərəfindən Müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmişdir. Cavabdehlə iddiaçı arasında 29 sentyabr 2021-ci il tarixdə qarşılıqlı üzləşmə aktı imzalanmış və cavabdeh iddiaçı qarşısında yaranmış və icra edilməmiş 93.304,89 manat məbləğində öhdəliyini təsdiq etmişdir. Həmçinin, 29 sentyabr 2021-ci il tarixli öhdəlik müqaviləsi ilə cavabdeh iddiaçı qarşısında yaranmış 93.304,89 manat məbləğində öhdəliyini 2021-ci ilin oktyabr ayının 10- dan başlayaraq, ilk 2 ay ərzində minumum 1000( bir min ) AZN, 10 dekabr 2021-ci ildə 10 000 (on min) AZN, 3 aydan sonra 3000 (üç min) AZN, turizm bazarındakı vəziyyət sabitləşəndən sonra ayda 10 000 (on min) AZN olmaqla ödəməyi yazılı vəd etsə də bu günə kimi öhdəliyini icra etməmişdir. Həmin müqavilənin 6.2-ci bəndinə görə, müqavilədən irəli gələn və ya onunla bağlı olan bütün mübahisələri və ziddiyətləri tərəflər danışıq yolu ilə həll edəcəklər. Tərəflər arasında yarana biləcək mübahisələr və ziddiyyətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq iqtisad məhkəməsində həll edəcəklər. Bu səbəbdən, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi və Poçt vasitəsilə Cavabdeh MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq göstərilmiş mehmanxana xidmətlərinin ödənilməmiş hissəsini 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin bu günədək “İcraçı” tərəfindən göstərilmiş mehmanxana xidmətlərinin dəyərindən 93.304,89 manat məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehə qarşı qaldırılmış iddiada qeyd olunan 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə üzləşmə aktında göstərilən məbləğlər həmin tarixdən sonra fəqli tarixlərdə və fərqli məbləğlərdə olmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bununla bağlı olan qəbzlər hazırki etiraza əlavə olunaraq iddiada qeyd olunan məbləğin tamamilə ödənilməsi səbəbilə iddianın əsassız olması məhkəmənin diqqətinə çatdırılaraq iddianın təmin edilməməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazına cavab olaraq qeyd etmişdir ki, 29 sentyabr 2021-ci il tarixli üzləşmə aktından və öhdəlik müqaviləsindən sonra edilmiş ödənişlər "xxxx" MMC (İddiaçı MMC) tərəfindən əlavə olaraq göstərilmiş mehmanxana xidmətlərinə görə edilmiş ödənişlərdir. Belə ki, Cavabdeh MMC tərəfindən borc öhdəliyi üzləşmə aktı ilə dəqiqləşdirildikdən və öhdəlik müqaviləsi ilə etiraf edildikdən sonra digər müqavilələr bağlanılmış və cavabdehin rəsmi elektron poçtu ilə iddiaçının elektron poçtuna yeni sifarişlər təqdim edilmiş və həmin sifarişlərə qonaq siyahıları əlavə edilərək mehmanxana xidmətləri cavabdeh tərəfindən qəbul edilmişdir. Həmçinin, cavabdehin əlavə etdiyi ödəniş tapşırıqlarının ödənişin təyinatı və əsas hissəsində də sözügedən ödənişlərin ******* saylı, xx/xx/2022-ci il tarixli müqavilə üzrə göstərilmiş xidmətlərin ödənişi olduğu açıq-aydın görünür. Odur ki, cavabdeh iddia tələbinə aid olmayan sübutları təqdim etməklə məhkəmədə yanlış təsəvvür yaratmağa və borc öhdəliyini ödəməkdən imtina etməyə çalışır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 yanvar 2019-cu il tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, "xxxx" MMC (“İcraçı”) və Cavabdeh MMC (“Sifarişçi”) arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "xxxx" mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxanalara xidmətləri göstərilməsi barədə sifariş verməyi, “İcraçı” isə “Sifarişçi”nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxanalara xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin müştəri və ya sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə sifarişdən öncə sifarişçi və icraçı arasında razılaşdırılır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 29 dekabr 2019-cu il tarixədək qüvvədədir. İşdə olan xx.xx.2019-cu il tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı MMC adlandırılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli “01 yanvar 2019-cu il tarixli Xidmət Müqaviləsi üzrə” üzləşmə aktından görünür ki, 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə sifarişçinin (Cavabdeh MMC-nin) icraçıya (İddiaçı MMC-yə) xx.xx.2021-ci il tarixinə 93.304,89 borcu vardır. Həmin akt İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanaraq, həmin MMC-lərin möhürləri ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC (“Birinci Şirkət”) ilə Cavabdeh MMC (“İkinci Şirkət”) arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli Öhdəlik müqaviləsindən görünür ki, “İkinci Şirkət” xx.xx.2019-cu il tarixli “Mehmana xidmətlərinin göstərilməsinə dair” İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən yaranmış 93.304,89 AZN (doxsan üç min üç yüz dörd manat səksən doqquz qəpik) öhdəlik borcunu oktyabr ayının 10-dan başlayaraq, ilk 2 ay ərzində minimum 1.000 (bir min) AZN, 10 dekabr 2021ci ildə 10.000 (on min) AZN, 3 aydan sonra 3.000 (üç min) AZN, turizm bzarındakı vəziyyətət stabilləşəndən sonra ayda 10.000 (on min) AZN “Birinci Şirkət”-ə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə 950 manat, xx.xx.2021-ci il tarixdə 4.800 manat, xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 7.000 manat, xx.xx.2022-ci il tarixdə 11.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15.000 manat, xx.xx.2022-ci il tarixdə 22.000 manat, xx.xx.2022-ci il tarixdə 5.800 ABŞ dolları və 140 manat, xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə isə 5.000 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il və 2022-ci il tarixlərində göstərilmiş xidmətlərə dair hesab açıqlamalarından görünür ki, İddiaçı MMC tərəfindən 2021-ci il və 2022-ci il tarixlərində Cavabdeh MMC-yə mehmanxana xidmətləri göstərilmiş və həmin dövrlərdə göstərilmiş xidmətlərə uyğun olaraq Cavabdeh MMC tərəfindən 950 manat, 4.800 manat, 5.000 manat, 7.000 manat, 11.000 ABŞ dolları, 5.000 ABŞ dolları, 5.000 manat, 5.800 ABŞ dolları, 140 manat, 10.000 manat, 22.000 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş 260 nömrəli, 261 nömrəli, 280 nömrəli, 281 nömrəli, 404 nömrəli, 405 nömrəli, 575 nömrəli və 576 nömrəli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixində 3.000 manat, xx.xx.2022-ci il tarixdə 3.000 manat, xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 6.000,01 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında həyata keçirilmiş elektron poçt ünvanından çıxarılmış yazışmalardan görünür ki, Cavabdeh MMC tərəfindən elektron poçt vasitəsilə İddiaçı MMC-yə məxsus olan mehmanxanalara (Rich Hotel, Ramada Hotel, Sheki Palace, Shah Palace) öz müştərilərinin yerləşdirilməsi üçün 2021- 2022-ci il tarixlərində sifarişlər verilmişdir. İşdə olan Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2020-ci və 2021-ci il tarixli müqavilələr mövcud olmadığından onların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC tərəfindən göstərilən mehmanxana xidmətlərinə görə Cavabdeh MMC-nin 2019-cu il üzrə 104.064,89 manat, 2020-ci il üzrə 93.304,89 manat, 2021-ci il üzrə 92.359,89 manat, 2022-ci il üzrə 129.481,03 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. Yekun olaraq Cavabdeh MMC şirkətinin İddiaçı MMC şirkətinə ödənilməmiş 129.481,03 manat qalıq borc məbləği vardır. İş materiallarında olan “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞS/MT-028/2023/0019K nömrəli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən 400 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçı tərəfindən cavabdehə 93.304,89 manat məbləğində mehmanxana xidmətlərinin göstərilməsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2019-cu il tarixli “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının iddiaçının mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətlərinin göstərilməsi barədə sifariş verməyi, iddiaçı isə cavabdehin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında bağlanmış “01 yanvar 2019-cu il tarixli Xidmət Müqaviləsi üzrə” 29 sentyabr 2021-ci il tarixində üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən cavabdehin xx.xx.2021-ci il tarixinə 93.304,89 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Eyni tarixdə tərəflər arasında öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd olunan müqaviləyə əsasən yaranmış 93.304,89 manat öhdəlik borcunu 2021-ci ilin oktyabr ayının 10-dan başlayaraq, ilk 2 ay ərzində minimum 1.000 manat, 10 dekabr 2021-ci ildə 10.000 manat, 3 aydan sonra 3.000 manat, turizm bazarındakı vəziyyət stabilləşəndən sonra ayda 10.000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC tərəfindən göstərilən mehmanxana xidmətlərinə görə cavabdehin 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə 92.359,89 manat borcu vardır. Cavabdehin vəkili iddiaya dair etiraz təqdim edərək cavabdehə qarşı qaldırılmış iddiada qeyd olunan 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə üzləşmə aktında göstərilən məbləğin həmin tarixdən sonra fəqli tarixlərdə və fərqli məbləğlərdə olmaqla cavabdeh tərəfindən iddiaçıya ödənildiyi qeyd edilmişdir. Məhkəmə cavabdehin etirazına münasibət bildirərək qeyd edir ki, cavabdehin vəkilinin məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri (xx.xx.2021-ci il tarixdə 950 manat, xx.xx.2021-ci il tarixdə 4.800 manat, xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 7.000 manat, xx.xx.2022-ci il tarixdə 11.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 15.000 manat, xx.xx.2022-ci il tarixdə 22.000 manat, xx.xx.2022-ci il tarixdə 5.800 ABŞ dolları və 140 manat, xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə isə 5.000 manat) əsasında 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə bütün ödənişlərin edildiyi qeyd olunsa da, həmin ödənişlərin məhz 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə ödənildiyi müəyyən olunmur. Halbuki, araşdırma zamanı tərəflər arasında işgüzar münasibətlərin 2019-cu ildən 2022-ci ilin sonuna qədər davam etdiyi müəyyən olunmuşdur. Bu hal iddiaçının təqdim etdiyi maliyyə arayışı, cavabdehin vəkilinin məhkəmə təqdim etdiyi ödəniş tapşırıqları və məhkəmə iclasında verdiyi ifadələrlə də təsdiq olunur. Belə ki, təqdim olunmuş ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən tərəflər arasında bağlanmış ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixində 3.000 manat, xx.xx.2022-ci il tarixdə 3.000 manat, xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 6.000,01 manat məbləğində ödənişlər edilmişdir. Bundan başqa, cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli 15.000 manat ödəniş sənədi ilə bağlı izahat verərkən həmin ödənişin İddiaçı MMC ilə bağlanılmış digər müqavilə üzrə olduğunu bildirmişdir. Bundan əlavə, iş materiallarında olan hesab açıqlamalarından və elektron poçt vasitəsilə aparılmış yazışmalardan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən 2021-ci il və 2022-ci il tarixlərində Cavabdeh MMC-yə mehmanxana xidmətləri göstərilmiş və həmin dövrlərdə göstərilmiş xidmətlərə uyğun olaraq Cavabdeh MMC tərəfindən 950 manat, 4.800 manat, 5.000 manat, 7.000 manat, 11.000 ABŞ dolları, 5.000 ABŞ dolları, 5.000 manat, 5.800 ABŞ dolları, 140 manat, 10.000 manat, 22.000 manat məbləğində ödənişlər edilmişdir. Xüsusilə vurğulanmalıdır ki, həmin ödənişlər cavabdehin vəkilinin təqdim etdiyi ödəniş sənədləri ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Bundan başqa, "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh etirazının əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etmədiyindən, etiraz əsassızdır. Göründüyü kimi iddiaçı tərəfindən tərəflər arasında bağlanan xidmət müqaviləsinə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan xidməti və ya işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Bundan əlavə, məhkəmə qeyd edir ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi və ya xidməti göstərməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, o cümlədən xidmətlərin göstərilməsi üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat (xidmət) müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış xidmətləri icra etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçı tərəfindən göstərilmiş xidmətləri təkzib edəcək, borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından, habelə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edildi ki, sözügedən müqavilə üzrə ümumi öhdəlikdən cavabdeh tərəfindən 945 manat məbləğində ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən edilməli və 92.359,89 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri də “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi İddia qismən təmin edilsin. Cavabdehndən 92.359,89 manat məbləğində əsas borc və 400 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 92.759,89 (doxsan iki min yeddi yüz əlli doqquz manat, səksən doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar