Məhkəmə qərarları › İş №e-2-2(121)-474/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-474/2021

04.03.2021 · Əmr icraatı - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-474/2021 04.03.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – Kreditor ASC-nin məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, SR-2045 markalı 559902 şassi nömrəli, X 22983 mühərrik nömrəli taxılyığan kombaynına görə 2 500 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 2 520 manat məbləğin Borclu tutularaq Kreditor ASC-yə (“xxxx” ASC-yə) ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iş materiallarında olan ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, kreditorun ərizədə göstərdiyi Borclu (şəxsiyyət vəsiqəsi; AZE ********) Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatdadır. Lakin, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışda qeyd olunmuş VÖEN (**********) eyni soyad, ad və ata adı olan başqa (Borclu adlı) şəxsə məxsusdur. Həmin şəxs isə ünvan 1 ünvanında qeydiyyatdadır. Yəni ərizədə qeyd olunan Borclu fərdi sahibkar deyildir. Belə olan halda məhkəmə qeyd edir ki, ərizədə qeyd olunan Borclu fərdi sahibkar olmadığından göstərilən ərizəyə Şirvan Kommersiya Məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizə üzrə borclu fiziki şəxs olduğundan, o cümlədən fərdi sahibkar statusuna malik olmadığından, ərizəyə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə onu da qeyd edir ki, kreditor tərəfindən qeyd olunan borc məbləği ünvan 1 ünvanında qeydiyyatda olan fərdi sahibkar Borclu tələb edilərsə belə, yenə də həmin mübahisəyə Şirvan Kommersiya Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 20.1-ci bəndində Bakı şəhəri Binəqədi rayonu - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 277.1-ci maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. “Ərazi aidiyyatı”nı müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4-cü fəslinin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Borclu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmiş ərazidə qeydiyyatda olmadığından ərizə ərazi aidiyyəti üzrə də Şirvan Kommersiya Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mövcud ərizənin Şirvan Kommersiya Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud ərizə borclunun rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə edilmiş sənədlərdən isə görünür ki, Kreditor ASC (“xxxx” ASC) ilə fərdi sahibkar statusuna malik olan Borclu arasında sadə yazılı formada bağlanmış hər hansı bir müqavilə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsindən imtina edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kreditor tələbini təsdiq edən sənədləri, yəni fərdi sahibkar statusuna malik olan Borclu ilə bağlı sənədləri (Kreditor ASC (“xxxx” ASC) ilə aralarında bağlanmış müqaviləni və s.) ərizəsinə əlavə etmədiyindən onun ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilməmişdir. Buna görə də, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, kreditorun ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göründüyü kimi, borclunun tələb üzrə göstərilən halları mübahisələndirə biləcəyindən, işə əmr icraatı qaydasında baxılması mümkün deyil. Göstərilən hal iddia icraatı qaydasında araşdırılaraq həll edilə bilər. Belə ki, ərizənin əsaslandığı tələb etmə hüququ barəsində mübahisə vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tələb aşkar olmadığından və borclu tərəfindən mübahisə edilə biləcəyindən, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları alınmadan göstərilən halları müəyyən etmək və mövcud ərizə üzrə məhkəmə əmri qəbul etmək mümkün deyildir. Odur ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor ASC-nin - SR-2045 markalı 559902 şassi nömrəli, X 22983 mühərrik nömrəli taxılyığan kombaynına görə 2 500 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 2 520 manat məbləğin Borclu tutularaq Kreditor ASC-yə (“xxxx” ASC-yə) ödənilməsinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditor ASC-yə izah edilsin ki, iddia icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan şikayət verilə bilməz. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar