Məhkəmə qərarları › İş №e-2-2(121)-488/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-488/2025

23.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-488/2025 23.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə əldən çıxmış fayda tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103D/2019 saylı “alqı-satqı” müqaviləsinə əsasən cavabdehin "xxxx" MMC-yə olan 42281 manat pul vəsaiti borcunu bu günə kimi tam ödəmədiyi üçün yuxarıda göstərilmiş hesablamaya uyğun olaraq, gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə olan 3286,29 manat pul vəsaiti əldən çıxmış fayda kimi və 53 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103D/2019 saylı “alqı-satqı” müqaviləsinə əsasən cavabdehin "xxxx" MMC-yə olan 42281 manat pul vəsaiti borcunu bu günə kimi tam ödəmədiyi üçün yuxarıda göstərilmiş hesablamaya uyğun olaraq, gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə olan 7915 manat pul vəsaiti əldən çıxmış fayda kimi və 100 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya məhkəməsinin e-2- 2(121)-54/2024 saylı, xx.xx.2024-ci il Məhkəmə aktına əsasən Cavabdeh, İddiaçınə 42281 manat məbləğində əsas borc, 205 manat mediasiya xərci,20,84 dövlət rüsumu ümumilikdə 42506,84 manat məbləğində pul tutularaq verilməlidir. Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, 103D/2019 saylı “alqı-satqı” müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin "xxxx" MMC-yə olan borcu 46671 manat olmuşdur. Yuxarıda qeyd olunan 46671 manat borcdan müxtəlif vaxtlarda ödəmələr etmişdir. xx.xx.2023-ci il tarixinə tarixinə borcu 45281 manat təşkil etmişdir. Borcundan xx.xx.2023 tarixdə 2500 manat, xx.xx.2023 tarixdə 500 manat, cəmi 3000 manat ödəmişdir. Hazırda Cavabdeh "xxxx" MMC-yə olan borcu 42281 manat təşkil edir. "xxxx"MMC 1997-ci ildən vergi ödəyicisidir, istehsal fəaliyyəti ilə məşğul olur, 300 nəfərdən artıq işçi heyəti vardır. Müəyyən işlərin həyata keçirilməsi ilə bağlı müxtəlif vaxtlarda respublikada fəaliyyət göstərən kommersiya banklarından Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi faizlərə uyğun olaraq kreditlər alır. Cavabdeh iddiaçıya maddi zərər vurmaqla bərabər bu günə kimi, onların işgüzar nüfuzuna da xələl gətirmişdir. O, özü dəfələrlə açıq şəkildə bildirmişdir ki, bütün vasitələrdən istifadə etməklə mümkün qədər "xxxx" MMC-yə olan borcunu ödəməkdən boyun qaçıracaq. Cavabdehin borcunu ödəməsi üçün kifayət qədər maddi imkanları, daşınar və daşınmaz əmlakları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-maddəsinin tələbinə görə, “Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir”. Belə olan halda, cavabdehin 2023-cü il 17 aprel tarixinə olan borcu 45281 manat təşkil edirsə, xx.xx.2023-cü il tarixə kimi, 4 ay 24 gün üçün (45281 manat x 5% /12 ay = 188.67 x 4 ay, 24 gün (bir gün 6.29 manat) = 905,64 manat; xx.xx.2023-cü il tarixdə 2500 manat ödəniş etməklə həmin tarixə qalan borcu 42781 manat üçün, xx.xx.2023 tarixdən xx.xx.2023 tarixədək, 1 ay 5 gün üçün (42781 manat x 5%/12 ay =178,25 manat, bir gün üçün 5.94 manat) 207.95 manat; xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş etməklə həmin tarixə qalan borcu 42281 manat üçün xx.xx.2023 tarixdən xx.xx.2024-cü il tarixə kimi, 1 il 10 gün üçün (42281 manat x 5%12 ay= 176.17 manat, bir gün üçün 5.87 manat) 2172.7 manat olmaqla, gecikdirilmiş vaxt üçün faiz, cəmi 3286.29 manat (905.64 + 207.95 + 2172.7) təşkil edir. Bununla bağlı cavabdehə 142 saylı, 28 oktyabr 2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir.

4. İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq, məhkəmədən Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, 103D/2019 saylı “alqı-satqı” müqaviləsinə əsasən cavabdehin "xxxx" MMC-yə olan 42281 manat pul vəsaiti borcunu bu günə kimi tam ödəmədiyi üçün göstərilmiş hesablamaya uyğun olaraq, gecikmiş vaxt üçün hesablanmış faizə görə olan 3286,29 manat pul vəsaiti əldən çıxmış fayda kimi və 53 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsində borcun gecikdirilmiş vaxt üçün hesablanmış faiz 17 aprel 2023-cü il tarixindən hesablanmışdır, Hesab edir ki, borcun gecikdirilmiş vaxt üçün hesablanmış faiz hesablanması üzləşmə aktının tərtib olunduğu gündən, yəni xx.xx.2021-ci il tarixindən hesablanmalıdır (17 aprel 2023-cü il tarxinə kimi ödənilən məbləğlər çıxmaqla). Belə olan halda, cavabdehin 01 aprel 2021-ci il tarixinə olan borcu, 45281 manat təşkil edirsə. xx.xx.2022-ci il tarixinə kimi bir il doqquz ay üçün 3962 manat (45281 manat *5%/12ay = 188.67* 2 ay), xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 8 ay 10 gün üçün 1572.36 manat (45281 manat *5%/12 ay = 188.67*8 ay 10 gün (1 gün 6.29 manat), xx.xx.2023-cü il tarixdə 2500 manat ödəniş etməklə həmin tarixə qalan borcu 42781 manat üçün, xx.xx.2023 tarixdən xx.xx.2023 tarixədək, 1 ay 5 gün üçün (42781 manat x 5%/12 ay =178,-25 manat, bir gün üçün 5.94 manat) 207.95 manat; xx.xx.2023-cü 11 tarixdə 500 manat ödəniş etməklə həmin tarixə qalan borcu 42281 manat üçün xx.xx.2023 tarixdən xx.xx.2024-cü il tarixə kimi, 1 il 10 gün üçün (42281 manat x 5%12 ay= 176,17 manat, bir gün üçün 5.87 manat) 2172,7 manat olmaqla, gecikdirilmiş vaxt üçün faiz, cəmi 7915 manat (3962 + 1572.36 + 207.95 + 2172,7) təşkil edir.

Tərəflərin izahatları:

5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya məhkəməsində yekun məhkəmə prosessində iştirak etmək zərurəti yarandığı üçün məhkəmə işinin baxış iclasını başqa vaxta təyin edilməsini xahiş etmiş, cavabdeh də, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda səhhətində problem yarandığını, bu səbəbdən də məhkəmə iclasında iştirak etməyinin qeyri-mümkün olduğunu bildirmiş, lakin onlar məhkəmə iclasında iştiraklarını qeyri-mümkün edən hallarlı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdirlər.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Məhkəmə, AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

9. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

10. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

11. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə etiraz ilə müraciət edərək, iddiaçı "xxxx" MMC ona qarşı “Gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə əldən çıxmış fayda” tələbinə dair iddia qaldıraraq Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə ki, məhkəmə qətaməsinin qanunsuz olmasını və yanlış sənədlər əsasında qəbul olunduğunu 2024-cü ilin dekabr ayında bildirmişdir. İddianın predmetinə keçid olan qətnamədən hazırda apellyasiya şikayəti vermiş, əslində onun iddiaçıya 42.000 manat deyil 24.000 manat borcu vardır. Borc məbləğinin ödənilməsində müəyyən gecikmənin olduğunu qəbul edir. Çünki səhhətində olan ciddi problemlər səbəbindən ağır əməliyyat keçirmişdir. Əməliyyat nəticəsində 5 ayaq barmağı amputasiya olunmuşdur. Məhkəmə prosesi davam edən zaman ayaq üstə qalmağı, yeriməyi belə mümkün olmamışdır. Buna görə də həmin borcu ödəməyinə fürsət olmamışdır. Aylarla xəstəxanada olan bir şəxs olaraq bu müddət ərzində həyatda qalmaqdan ötrü çətin mübarizə aparırdı. Bununla bağlı müəyyən tibbi sənədlərin surətini hazırki etirazına əlavə etmişdir. Bundan əlavə iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçı üçün hər hansısa bir əldən çıxan fayda mövcud olmamışdır. Əksinə, onun bununla bağlı iddiaçıya geniş faydası dəymişdir. İllərlə iddiaçının işgüzar nüfuzunu artıraraq onun gəlirinin artmasına səbəb olmuşdur. Onun sayəsində iddiaçı yüksək gəlirlər əldə etmişdir. Buna baxmayaraq ona bu günə kimi heç bir gəlir ödənilməyib. İddiaçının iddiasında göstərilən rəqəm qanunsuz hesablanmışdır. Çünki iddia ərizəsini qaldırmazdan öncə iddiaçı ünvanına 01 aprel 2023-cü il tarixli mediasiya prossesinin tətbiqi barədə təklif məktubu və 07 aprel 2023-cü il tarixli pretenziya göndərmişdir. Pretenziya məktubunda onunla "xxxx" MMC arasında bağlanmış 103D/2019 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməklə 24.000 manat borcu ödəməyi 10 gün müddətində tələb olunmuşdur. Əks təqdirdə həmin pulun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Həmin sənədlərdə borc məbləği 24.000 manat olaraq əks olunsa da, iddiaçı məhkəmə prosesində onnan 42.000 manat tələb etmişdir. Yəni onun iddiaçının göstərdiyi məbləğdə borcu olmamışdır. İddiaçı tərəf ərizəsində tələb etdiyi əldən çıxmış hər hansısa bir faydanı əsaslı sübutlarla məhkəmə izah etməli idi. İddia ərizəsi mənə qarşı qərəzli şəkildə qaldırılmışdır. İddiaçının bu hərəkətləri məndən külli miqdarda pul tələb edərək varlanma arzusunun olduğunun göstəricisidir. İddia əsassızdır və məhkəmə tərəfindən ətraflı araşdırılaraq iddia tələbi rədd edilməlidir. İddiaçı "xxxx" MMC-nin iddiasının rədd edilməsi barədə qətnamə və iddiaçının əsassız iddia tələbi ilə məhkəmənin və onun vaxtının alınmasına da hüquqi qiymətin verilməsini xahiş etmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

12. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103/D/2019 nömrəli alqı-satqı müqaviləsinin: -1.2-ci bəndinə əsasən, “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcı”dan qəbul edilməsini və dəyərinin ödənilməsin öhdəsinə götürür. -3.6-ci bəndinə əsasən, “Alıcı” müqavilənin şərtlərində nəzərdə tutulan ödənilməmiş məbləğin gecikdirilən hər günü üçün 0.2 % miqdarında “Satıca"ya cərimə ödəyir. Cərimənin ümümi məbləği ödənilməmiş məbləğin 10 %-dən çox ola bilməz. -6.1-ci bəndinə əsasən, Bu müqavilə 16 mart 2019-cu il tarixdən qüvvəyə minir, 31 dekabr 2021-ci il tarixə kimi qüvvədədir.

13. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-54/2024 nömrəli qətnaməsindən görünür: - İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – 45.281 manat məbləğində əsas borc, 205 manat məbləğində ödənilmiş mediasiya xərci və 20,84 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qeyd olunan qətnamə ilə iddia qismən təmin edilərək, 42281 manat əsas borc, 205 manat mediasiya xərci, 20,84 manat dövlət rüsumu, cəmi 42506,84 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; - İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 103D/2019 nömrəli, xx.xx.2019-cu il tarixli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır; - xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının surətindən görünür ki, Cavabdeh Xırman” MMC-yə olan borcu 46.671 manat təşkil edir; - xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat, cəmi 3.000 manat məbləğində ödəniş etmişdir.

14. "xxxx" MMC tərəfindən 07 aprel 2023-ci il tarixdə Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC həmin məktubla Cavabdeh arasında bağlanmış 103D/2019 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilməklə 24.000 manat borcu ödəməyi 10 gün müddətində tələb etmiş, əks təqdirdə həmin pulun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur.

15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərinin surətindən görünür ki, cavabdeh iddiaçıya ümumilikdə 1002 manat ödəniş etmişdir.

16. İşə əlavə edilmiş icra işinin materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-54/2024 saylı, xx.xx.2024 il tarixli icra sənədi üzrə Lənkəran rayon İcra bə Probasiya şöbəsinin icra məmuru Elvin Babayev tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş təqdim olunmuş, Lənkəran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(049)-319/2024 saylı qərardadı ilə icra məmuru tərəfindən verilən təqdimat təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-54/2024 saylı, xx.xx.2024 il tarixli icra sənədinin icrasının təmini istiqamətində Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralı 0.0250 ha torpaq sahəsində qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuş, Lənkəran rayon İcra bə Probasiya şöbəsinin rəis müavini Tural İsmayılov tərəfindən “qiymətləndiricinin dəvət edilməsi barədə” xx.xx.2024cü il tarixli qərar qəbul edilmiş, “SƏRRAF –M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralı 0.0250 ha torpaq sahəsində qeyri-yaşayış binasının bazar dəyəri 130 000 manat müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərinə əsasən Cavabdeh ümumilikdə 1002 manat ödəniş etmişdir.

17. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.

18. 16.********** nömrəli və ********** nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 100 amant dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

24. Belə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanmış xx.xx.2019-cu il tarixli, 103/D/2019 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, lakin cavabdeh həmin müqavilənin şərtlərini pozduğundan, iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şirvan Kommersiya Məhkəməsinin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-54/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 42281 manat əsas borc, 205 manat mediasiya xərci, 20,84 manat dövlət rüsumu, cəmi 42506,84 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi hazırki mübahisə məhz tərəflər arasında bağlanmış qeyd olunan müqavilə üzrə pul öhdəliklərinin icra edilməməsindən irəli gəlir.

25. İddiaçının hazırki tələbinin faktiki hüquqi əsası cavabdeh tərəfindən yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli, 103/D/2019 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn 45281 manat pul öhdəliyinin icra edilməməsi, maddi hüquqi əsası isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqədardır. Ona görə də, məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasındakı bağlanmış müqavilənin 6-cı bəndinə əsasən Bu müqavilə 16 mart 2019-cu il tarixdən qüvvəyə minir, 31 dekabr 2021-ci il tarixə kimi qüvvədədir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-nin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, müqavilə üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən iddiaçının gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin məhkəmələr tərəfindən təmin olunması üçün əsasdır.

27. İş materiallarından müəyyən olunur ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-54/2024 saylı, xx.xx.2024 il tarixli icra sənədinin icrasının təmini istiqamətində Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralı 0.0250 ha torpaq sahəsində qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuş, Lənkəran rayon İcra bə Probasiya şöbəsinin “qiymətləndiricinin dəvət edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərar üzrə “SƏRRAF –M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran şəhəri, Bakı-Astara magistralı 0.0250 ha torpaq sahəsində qeyri-yaşayış binasının bazar dəyəri 130 000 manat müəyyən edilmişdir.

28. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya olan borcun gecikdirilməsi faktı öz təsdiqini tapdığından, iddiaçı cavabdehə qarşı Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbini irəli sürməkdə haqlı olmuşdur. Lakin, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyinə əsasən qeyd edir ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi olan dövr üzrə gecikdirmə faizini tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinə hüquqi qiymət verilərkən tərəflər arasındaki müqavilənin müddətinin bitdiyi tarix və bu tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddətlərdə cavabdeh tərəfindən iddiaçıya ediliş ödənişlər nəzərə alınmalıdır.

29. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən verilən tələbin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə iddiaçı "xxxx" MMC-yə 2500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş edilməsini təsdiq edir.

30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixinə olan borcu, 45281 manat təşkil edirsə xx.xx.2022-ci il tarixinə kimi bir il üçün 2264,04 manat (45281 manat *5%/12 ay = 188.67* 12 ay), xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 8 ay 10 gün üçün 1572.25 manat (45281 manat *5%/12 ay = 188.67*8 ay 10 gün (1 gün 6.29 manat), xx.xx.2023-cü il tarixdə edilən 2500 manat ödəniş nəzərə alınmaqla, həmin tarixə qalan borc 42781 manat təşkil etdiyindən xx.xx.2023 tarixdən xx.xx.2023 tarixədək, 1 ay 5 gün üçün (42781 manat x 5%/12 ay =178,25 manat, bir gün üçün 5.94 manat) 207.95 manat; xx.xx.2023-cü 11 tarixdə edilmiş 500 manat ödəniş nəzərə alınmaqla həmin tarixə qalan borc 42281 manat təşkil etdiyindən xx.xx.2023 tarixdən xx.xx.2024-cü il tarixə kimi, 1 il 10 gün üçün (42281 manat x 5%12 ay= 176,17 manat, bir gün üçün 5.87 manat) 2172,76 manat olmaqla, gecikdirilmiş vaxt üçün cəmi faiz borcu 6217 manat (2264,04 + 1572.25 + 207.95 + 2172,76) təşkil edir.

31. Məhkəmə cavabdehin etirazında Pretenziya məktubuna istinad etməklə göstərdiyi onunla "xxxx" MMC arasında bağlanmış 103D/2019 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə borcun 24.000 manat təşkil etməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, AR MPM-nin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də, məhkəmə cavabdehin göstərilən dəlilini əsassız hesab edir.

Məhkəmə xərcləri:

32. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 82,17 manatı cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan 17,83 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

33. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 6217 manat gecikdirmə faizi və ödənilmiş dövlət rüsumuna görə 82,17 pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qalan 17,83 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməli və iddia qalan hissədə isə təmin edilməməlidir

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 6217 (altı min iki yüz on yeddi) gecikdirmə faizi və ödənilmiş dövlət rüsumuna görə 82,17 (səksən iki manat, on yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş qalan 40,48 (qırx manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar