Məhkəmə qərarları › İş №e-2-2(121)-623/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-623/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-623/2022 21.09.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətl Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətl Cəmiyyətinin Cavabdeh Firmasına qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏDV daxil olmaqla 10000 manat məbləğində pul, 1500 manat məbləğində faiz, 200 manat məbləğində mediasiya xərci və 200 manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh Firmasından alınaraq İddiaçınə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Firması arasında bağlanmış 14-19 nömrəli 04 noyabr 2019-cu il tarixli Podrat Müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh Firmasının sifarişi üzrə gördüyü işləri və göstərdiyi xidməti 2020-ci ildə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirməmiş, qeyd olunan müqavilə üzrə 10000 (on min) manat qalıq borcunu İddiaçı MMC-yə ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə İddiaçı MMC-nin hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Buna görə də, cavabdeh 10000 manat borcunu gecikdirdiyi 2 il vaxt üçün illik 5 % olmaqla, cəmi 1500 (500+500+500=1500) manat vəsaiti İddiaçı MMC-yə ödəməlidir. Sonradan iddiaçı “iddia tələbinin həcminin arıtılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək ƏDV daxil olmaqla 11.800 manat məbləğində pul, 1.500 manat məbləğində faiz, 200 manat məbləğində mediasiya xərci və 200 manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh Firmasından alınaraq İddiaçınə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətl Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin artılmasına dair ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını, o cümlədən gecikdirilmiş vaxt üçün iki il nəzərə alınmaqla illik beş faiz olaraq 1000 manat məbləğində faiz borcunun kreditora ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh Firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, iddia tələbinin həcminin artırılmasına dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 14-19 saylı podrat müqaviləsindən görünür ki, İddiaçı MMC (“İcraçı”) və Cavabdeh Firması (“Sifarişçi”) arasında “xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən, “Satıcı” “Alıcı” ya mallar (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Həmçinin bu müqaviləyə əsasən tikinti quraşdırma, əsaslı təmir işlərinin görülməsi də nəzərdə tutulur. Göstərilən Xidmətlərin həcmi və xidmət haqqının miqdarı bundan sonra bu Müqavilənin ayrılmazı hissəsi olan “Protokola” əsasən müəyyənləşdirilir. Xidmətin göstərilməsi Tərəflərin Müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir. Həmin müqavilənin xidmətlərin göstərilməsi qaydasına əsasən, xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi” tərəfindən verilir. “İcraçı” “Sifarişçinin” sifariş veridyi mal-materialı alıb və quraşdırma xidmətlərini həyata keçirir (işi icra edir). “İcraçı” Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. “icraçının” yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır. İş materiallarında olan 07 fevral 2019-cu il tarixli 14-19 nömrəli müqaviləyə 1 saylı əlavədən – qiymət razılaşdırma protokolundan görünür ki, “sifarişçi”nin sifarişi əsasında 973.500,10 manat məbləğində işlərin (xidmətərin) görülməsi (göstərilməsi) barədə Cavabdeh Firması (“sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında arasında qiymət razılaşdırma protokolu imzalanmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olan Cavabdeh Firması (“sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 14-19 saylı podrat müqaviləsi üzrə 2020-ci il mart ayı dövrü üzrə yerinə yetirilən işlərin qəbulu barədə akta əsasən, podratçı (“İcraçı”) tərəfindən 160.480 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olan Cavabdeh Firması (“sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 14-19 saylı podrat müqaviləsi üzrə 2020-ci il aprel ayı dövrü üzrə yerinə yetirilən işlərin qəbulu barədə akta əsasən, podratçı (“İcraçı”) tərəfindən 470.820 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olan Cavabdeh Firması (“sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 14-19 saylı podrat müqaviləsi üzrə 2020-ci il may-sentyabr ayları dövrü üzrə yerinə yetirilən işlərin qəbulu barədə akta əsasən, podratçı (“İcraçı”) tərəfindən 295.000 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə olan Cavabdeh Firması (“sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 14-19 saylı podrat müqaviləsi üzrə 2020-ci il oktyabr ayı dövrü üzrə yerinə yetirilən işlərin qəbulu barədə akta əsasən, podratçı (“İcraçı”) tərəfindən 47.200 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC, Cavabdeh Firmasına cəmi 10.000 manat məbləğ borcu yarandığını və həmin borcun ödənilməsi bildirilmişdir. İş materiallarında olan 11 mart 2022-ci il tarixli, 18 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 200 manat müəyyən olunmaqla Nümayəndə hesabına ödənilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında nümayəndəsi Nümayəndə vasitəsilə iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 14-19 saylı podrat müqaviləsi bağlanılmış və həmin müqaviləyə və işlərin qəbulu barədə aktlara əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 973.500,10 manat məbləğində işlər görülmüşdür. Lakin iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilməmişdir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, məhkəmənin 27 iyul 2022-ci il tarixində keçirilən iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək Cavabdeh Firması tərəfindən bütün ödənişlərin edildiyini, həmin ödənişləri təsdiq edən sənədlərin məhkəməyə təqdim olunmasına vaxt verilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 27 iyul 2022-ci il tarixli qərardadı ilə məhkəmə iclasının keçirilməsi növbəti tarixə təxirə salınmışdır. Buna baxmayaraq, məhkəmənin növbəti iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirak etməyərək qeyd etdiyi ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanılmış podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi ilə bağlı sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 11.800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “1.500 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və iddiaçının nümayəndəsinin və vəkilinin tələbinə əsasən hesab edir ki, borclu gecikdirilmiş vaxt üçün iki il nəzərə alınmaqla illik beş faiz olaraq 1.000 manat məbləğində faiz borcunu kreditora ödəməlidir. Odur ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 200 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Qeyd edilənlərə əsasən, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, o cümlədən hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 200 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi İddia qismən təmin edilsin. Cavabdeh Firmasından ƏDV daxil 11.800 manat məbləğində əsas borc, 1.000 manat məbləğində faiz borcu, 200 manat məbləğində mediasiya xərci və 200 manat məbləğində hüquqi yardım xərci olmaqla, ümumilikdə 13.200 (on üç min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı Məhdud Məsuliyyətl Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar