Məhkəmə qərarları › İş №e-2-2(121)-8/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-8/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-8/2020 28.10.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 958.509,36 manat pulun (ƏDV daxil) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 (İcraçı) ilə Cavabdeh (Sifarişçi) arasında xx.xx.2016-cı il tarixdə Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisini həyata keçirmək üçün müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisini vaxtında və keyfiyyətli başa çatdırılmasını, cavabdeh isə bu işlərə görə 3.115.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə əsasında görülmüş işlərin yekunu və tərəflərin bir-birinə olan borcunun təsdiqlənməsi barədə xx.xx.2017-ci il tarixdə akt imzalanmışdır. Həmin akta əsasən Cavabdeh Cəmiyyətə başa çatmış işlərə görə 958.509,36 manat (ƏDV daxil) borcu qalmışdır. Akt imzalandığı tarixdən bu günə kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bu günə kimi cavabdeh 2.156.490,64 manat ödəmişdir. Qeyd edilən borcun yeddi təqvim günü ərzində ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ünvanlasa da, bu günə kimi öz öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən borcun cavabdehdən tutulması ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı1 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci və 185.5-ci maddələrinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsiq və vəkilini dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 107 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, həmin sərəncam ilə Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin rəyi, “xxxx” MMC, “Azərnəqliyyatyollayihə” Layihə İnstitutu tərəfindən hazırlanmış layihə-smeta sənədləri əsasında İddiaçı1 MMC tərəfindən 37 min əhalinin yaşadığı, 21 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 55 kilomet 140 metr olan Neftçala rayonunun Şorkənd-Beştalı- Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə icazə verilmişdir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı1 (icraçı) arasında Neftçala rayonu, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, sifarişçi sözügedən avtomobil yolunun tikintisi üçün İcraçı təşkilata bu müqavilədə göstərilən şərtlər əsasında 3.115.000 manat ödəməyi, icraçı isə müqavilədə nəzərdə tutulmuş Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisini vaxtında və keyfiyyətlə başa çatdıraraq, təhvil verilməsini öhdələrinə götürmüşdürlər. İş materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı1 (icraçı) arasında Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə dair 2 müqavilə bağlanmışdır. 1-ci müqavilə üzrə görüləcək işlərin dəyəri 2.740.000 manat təşkil etmişdir. 1-ci müqavilə üzrə nəzərdə tutulmuş işlərin tam həcmdə yerinə yetirildiyi İddiaçı1 MMC ilə Cavabdeh tərəfindən 2015-ci ilin noyabr ayında (aktın məbləği 941.860,91 manat) və 2015-ci ilin dekabr ayında aktlarla (aktın məbləği 1.800.139,09 manat) təsdiq olunmuşdur. 1-ci müqavilənin dəyəri xx.xx.2015-ci il tarixdə 822.600 manat, xx.xx.2015-ci il tarixdə 1.500.000 manat və xx.xx.2016-cı il tarixdə 419.400 manat olmaqla Cavabdeh tərəfindən İddiaçı1 MMC-yə tam şəkildə ödənilmişdir. 2-ci müqavilə üzrə görüləcək işlərin dəyəri ƏDV daxil 3.115.000 manat təşkil etmişdir. 2ci müqavilə üzrə nəzərdə tutulmuş işlərin tam həcmdə yerinə yetirildiyi İddiaçı1 MMC ilə Cavabdeh tərəfindən 2016-cı ilin yanvar ayında (aktın məbləği 998.887,77 manat), 2016cı ilin fevral ayında (aktın məbləği 1.041.959,97 manat) və 2016-cı ilin mart ayında aktlarla (aktın məbləği 1.074.152,26 manat) təsdiq olunmuşdur. 2-ci müqavilənin dəyəri xx.xx.2016-cı il tarixdə 998.887,77 manat, xx.xx.2016-cı il tarixdə 1.041.959,97 manat və 2017-ci ilin yanvar və mart aylarında 115.642,9 manat olmaqla, cəmi 2.156.490,64 manat Cavabdeh tərəfindən İddiaçı1 MMC-yə ödənilmişdir. Cavabdeh İddiaçı1 MMC-yə Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi üçün ƏDV daxil 958.509,36 manat borcu qalmışdır. Tərtib olunmuş akt Cavabdeh başçısı İ.M.Vəliyev və İddiaçı1 MMC-nin direktoru R.R.Ağayev tərəflərindən imzalanaraq möhürlənmişdir. İş materiallarında olan İddiaçı1 MMC tərəfindən Cavabdehnə ünvanlanan xx xxxxx 2019-cu il tarixli, 29/19 saylı məktubun surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, başa çatmış işlərə görə cəmiyyətə ödənilməmiş 958.509,36 manat borcun pretenziya məktubu alındıqdan 7 təvqim günü müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Maliyyət Nazirliyinə ünvanlanmış xx xxxxx 2019-cu il tarixli, B-369 saylı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx xxxxx 2019-cu il tarixli, B-370 saylı məktublarda qeyd olunur ki, smeta dəyəri 37.812.981,82 manat olan Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx xxx 2014-cü il tarixli 519 №-li Sərəncamı ilə ilkin olaraq 3 milyon manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 424 S №-li Sərəncamı ilə 3 milyon manat vəsait ayrılmışdır. Sərəncamda göstərilən yolun tikintisi ilə əlaqədar Neftçala rayonu İcra Hakimiyyəti tərəfindən layihə-smeta sənədlərinin hazırlanmasına 118 min manat və layihə işlərinin ekspertizasına 24,4 manat vəsait xərclənmişdir. Göstərilən yolun tikintisinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin xx xxxx 2015-ci il tarixli, İÇ/1147 və xx xxxxxx 2016-cı il tarixli, İÇ/16 saylı məktublarına əsasən “xxxx" MMC ilə müvafiq olaraq 2.742.000 manat və 3.115.000 manat məbləğində birbaşa müqavilələr bağlanmış və podratçı təşkilat tərəfindən faktiki olaraq 5.857.000 min manat məbləğində tikinti işləri görülmüşdür. Lakin görülmüş işləri müqabilində podratçı təşkilata cəmi 4.898,5 min manat vəsait ödənilmişdir. Bu məqsədlə hal-hazırda kimi vəsait ayrılmadığı üçün Neftçala rayonu İcra Hakimiyyətinin “xxxx” MMC-yə 958,5 min manat borcu yaranmışdır. Odur ki, bu məqsədlə Neftçala rayonu icra Hakimiyyətinə 958,5 min manat vəsait ayrılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Neftçala Rayonu üzrə Maliyyə İdarəsi tərəfindən Cavabdehnə ünvanlanan xx xxx 2019-cu il tarixli, 02/07 tarixli məktubda qeyd olunur ki, Şorkənd, Beşdəli, Bankə, Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı zərbaycan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 519 nömrəli sərəncamı ilə 3.000.000 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 424S nömrəli sərəncamı ilə 3.000.000 manat cəmi 6.000.000 manat nəzərdə tutulmuşdur. Bu təyinat üzrə nəzərdə tutulmuş vəsaitdən 2014cü ildə 2.346.957,09 manat, 2015-ci ildə 2.460.247,77 manat, 2016-cı ildə 115.642,90 manat, cəmi 4.922.847,76 manat vəsait açılmışdır. Açılan vəsaitdən 24357,09 manatı avtomobil yolunun iş layihəsinin ekspertizası ilə bağlı təyinatı üzrə, qalan 4.898.490,67 manat vəsait “xxxx” MMC-yə köçürülmüşdür. Yaranmış borcun ödənilməməsinə səbəb bu təyinat üzrə nəzərdə tutulmuş qalan vəsaitin açılmaması olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 27897 saylı ekspert rəyində qeyd olunur ki, Neftçala rayonunda yerləşən Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış müqavilə əsasında Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun inşası zamanı aparılmış tikinti işlərinin layihə sənədləri mülki iş materiallarında olmadığından, həmin yolun tikintisinin tam inşasının edilib-edilməməsini, yolun tikintisinin faktiki dəyərini və real xərclərlə smeta xərcləri arasında uyğunsuzluq olub-olmamasını müəyyən olunmasına dair tədiqat aparılmadı. Həmin müqaviləyə əsasən icra edilmiş işlərin həcmini müəyyən etmək mümkün olmadığı üçün Cavabdeh İddiaçı1nə hazırda borcunun nə qədər təşkil etməsinə dair tədqiqat aparılmadı. İş materiallarında olan Cavabdeh və İddiaçı1 MMC tərəfindən məhkəməyə təqdim olunan Neftçala rayonu, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun çəkilişi zamanı 2015-ci ilin noyabr-dekabr və 2016-cı ilin yanvar-mart ayları üzrə görülmüş işlər və xərclərə dair aktlardan görünür ki, İddiaçı1 MMC tərəfindən Neftçala rayonu, Şorkənd- Beştalı-Bankə-Şirvanlı avtomobil yolunda müəyyən tikinti işləri görülmüş, görülmüş işlərin dəyəri müəyyən olunmuşdur. Həmçinin Cavabdeh tərəfindən təqdim olunmuş arayışlardan görünür ki, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin xx xxxx 2015-ci il tarixli, İG/1147 saylı məktubuna əsasən tərəflər arasında imzalanmış müqaviləyə əsasən Neftçala rayonu, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi üçün 2015-ci ilin noyabr, dekabr aylarında və 2016-cı ilin fevral, mart aylarında və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin xx xxxxxx 2016-cı il tarixli, İG/16 saylı məktubuna əsasən tərəflər arasında imzalanmış müqaviləyə əsasən Neftçala rayonu, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi üçün 2016-cı ilin yanvar ayında işlərin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışlar tərtib olunmuşdur. Tərtib olunmuş arayışlar Cavabdeh başçısı İ.M.Vəliyev və İddiaçı1 MMC-nin direktoru R.R.Ağayev tərəflərindən imzalanaraq möhürlənmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxxxx 2020-ci il tarixli, B-315 saylı məktubda qeyd olunur ki, Şirvan Kommersiya Məhkəməsində e-2-2(121)-8/2020 saylı iş üzrə İddiaçı1 MMC-nin Cavabdehnə qarşı 958.509,36 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsinə dair iddia tələbi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli, 7/3743 saylı məktubunda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cavabdeh sabiq başçısı X3 və qeyriləri barəsində ibtidai istintaqı aparılan 20299009 saylı cinayət işi üzrə Cavabdeh müvafiq dövrlərini əhatə edən maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır. Şorkənd-Beştalı-Şirvanlı avtomobil yolunun tikintisi ilə əlaqədar İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanmış 2-ci müqavilə üzrə İcra Hakimiyyəti tərəfindən qeyd olunan cəmiyyətin hesabına ödənməli olan 958.509,36 manat borc məbləği ilə bağlı maliyyə yoxlaması çərçivəsində hazırda araşdırma davam etdiyindən həmin epizod üzrə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 107 saylı sərəncamı ilə Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə icazə verilmişdir. Cavabdeh ilə İddiaçı1 arasında avtomobil yolunun tikintisinə dair xx xxxxxx 2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, sifarişçi Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi üçün İcraçı təşkilata bu müqavilədə göstərilən şərtlər əsasında 3.115.000 manat ödəməyi, icraçı isə müqavilədə nəzərdə tutulmuş Neftçala rayonu Şorkənd-Beştalı-Bankə- Şirvanlı avtomobil yolunun tikintisini vaxtında və keyfiyyətlə ödəməyi öhdələrinə götürmüşdürlər. xx xxxxxx 2016-cı il tarixli müqavilə ilə müəyyən olunmuş 3.115.000 manat pulun cəmi 2.156.490,64 manat hissəsi Cavabdeh tərəfindən İddiaçı1nə ödənilmiş, 958.509,36 manat hissəsi isə ödənilməmişdir. Bu borcun ödənilməsi məqsədilə İddiaçı1 MMC xx xxxxx 2019-cu il tarixli, 29/19 saylı məktubla cavabdehdən borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri xx xxxxxx 2016-cı il tarixli müqavilədən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanılmış xx xxxxxx 2016-cı il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, Sifarişçi təşkilat Neftçala rayonunun Şorkənd-Beştalı- Bankə-Şirvanlı avtomobil yolunun tikintisi üçün İcraçı təşkilata bu müqavilədə göstərilən şərtlər əsasında 3.115.000 manat ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisini vaxtında və keyfiyyətlə başa çatdıraraq təhvil verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və görülmüş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin Müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin Müqavilənin 13.3-cü bəndinə əsasən, Sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müqavilənin xüsusi şərtlərində göstərilən məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 30 bank günü ərzində İcraçıya ödəyir. Həmin Müqavilənin 14.1-ci bəndinə əsasən, İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini yerinə icra edə bilməməsi kimi qiymətləndirilir. Həmin Müqavilənin 18.3-cü bəndinə əsasən, İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır. Həmin Müqavilənin 22.1-ci bəndinə əsasən, Müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiqləməlidir. Göndərilən sənədlər digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı müqavilə tərəflərinin imzaladığı və təsdiq etdiyi xx.xx.2017-ci il tarixli akta əsasən, cavabdehdən 958.509,36 manat (ƏDV daxil) pul tələb edir. Cavabdehin nümayəndələri isə məhkəmə iclasında izahat verərək, Şorkənd-Beştalı- Bankə-Şirvanlı avtomobil yolunun Bankə-Şirvanlı hissəsinə qədər olan hissəsinin bərbad vəziyyətdə olduğunu, qeyd olunan yolda işlərin keyfiyyətsiz görüldüyü üçün təhvil alınmadığını, işlərin tam olaraq yekunlaşmadığını, tikinti işləri getdiyi müddətdə yolun alt qatının sürüşməsi baş verdiyini və yolun tam şəkildə istismara qəbul edilmədiyini, iddiaçı tərəfindən yolun yenidən bərpa olunmadığını və təhvil-təslim aktının olmadığını və bu səbəbdən iddianı qəbul etmədiklərini bildirmişlər. Göründüyü kimi, tərəflər arasında bağlanılmış xx xxxxxx 2016-cı il tarixli müqavilə üzrə iddiaçı tərəfindən işlərin vaxtında, qüsursuz və keyfiyyətli şəkildə cavabdehə təhvil verildiyi, cavabdeh tərəfindən isə qeyd olunan işlərin təhvil alındığı iş materialları ilə müəyyən olunmur. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, hazırki iş üzrə məhkəmə tərəfindən kompleks məhkəmə mühasibatlıq və tikinti-texniki ekspertizaları təyin edilmiş, lakin müvafiq sənədlər təqdim edilmədiyindən tədqiqatın aparılması mümkün olmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında həmin sənədlərin ekspertə təqdim edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən dəfələrlə şifahi və yazılı şəkildə iddiaçıya “xxxx” MMC və Cavabdeh arasında Neftçala rayonu, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi üçün bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə “xxxx” MMC tərəfindən həmin avtomobil yolunun tikintisinin tam icra edilib-edilməməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi, həmin yolun çəkilməsi ilə əlaqədar tikinti işlərinin yekunlaşıb-yekunlaşmaması, həmin yolun istismara buraxılıb-buraxılmaması barədə ətraflı məlumat verilməsi, o cümlədən yolun tikintisi ilə əlaqədar bağlanılmış müqavilə üzrə tərtib və təsdiq olunmuş bütün sənədlərin (layihə-smeta sənədləri, təhvil-təslim aktları, forma 2, yolun istismara verilməsinə dair sənədlər və mövcud olan digər zəruri sənədlər) məhkəməyə təqdim olunması təklif olunsa da, həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, tərəflər 2015-ci ilin noyabr, dekabr aylarında və 2016-cı ilin yanvar, fevral, mart aylarında görülmüş işlərə və onların dəyərlərinə dair aktlar təqdim edilsə də, həmin aktlara əlavə olunmuş arayışlardan görünür ki, həmin aktların yalnız biri - 2016-cı ilin yanvar ayı üzrə görülmüş işlər (cəmi 998.887,77 manat dəyərində) haqqında akt Satınalmalar üzrə Dövlət Agentliyinin xx.xx.2016-cı il tarixli, İG/16 saylı məktubuna əsasən imzalanmış müqavilə (hazırki iş üzrə tərəflərin bağladığı xx.xx.2016-cı il tarixli müqavilə məhz bu məktub əsasında imzalanmışdır) üzrə görülmüş işlərə aiddir. Digər - 2015-ci ilin noyabr-dekabr ayları və 2016-cı ilin fevral-mart ayları üzrə tərtib olunmuş aktlar isə Satınalmalar üzrə Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli, İG/1147 saylı məktubuna əsasən bağlanılmış müqaviləyə aiddir ki, həmin müqavilə iş materiallarında mövcud deyildir və iddiaçı bu müqavilə üzrə hər-hansı tələb irəli sürməmişdir. Beləliklə tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə iddiaçı tərəfindən cəmi 998.887,77 manat dəyərində işlərin görüldüyü və cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə cəmi 2.156.490,64 manat ödənildiyi, bununla da ödənilmiş məbləğin görülmüş işlərin dəyərini əhatə etdiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin qeyd edir ki, xx xxxxxxxx 2017-ci il tarixli akt Neftçala rayonu Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi üçün 958.509,36 manat pulun Cavabdeh tərəfindən İddiaçı1 MMC-yə ödənilməli olması qənaətinə gəlmək üçün yetərli deyildir. Həmin məbləğin ödənilməsi üçün avtomobil yolunun tikintisi müqavilə üzrə nəzərdə tutulmuş qaydada, vaxtında, qüsursuz və keyfiyyətli şəkildə həyata keçirilməli, görülmüş işlər cavabdehə təhvil verilməli və bütün bunlar müvafiq qaydada sənədləşdirilməlidir ki, bu hallar iş materialları ilə müəyyən olunmadığından, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və xidmət haqqı iddiaçıya aid edilməli, həmçinin kompleks məhkəmə-mühasibatlıq və tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 Cavabdehnə qarşı cavabdehdən 958.509,36 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar