Məhkəmə qərarları › İş №e-2-2(123)-14/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-14/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-14/2025 09.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 23 sentyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 170.830 (bir yüz yetmiş min səkkiz yüz otuz) manat və ƏDV 30.749 (otuz min yeddi yüz qırx doqquz) manat, cəmi 201.579 (iki yüz bir min beş yüz yetmiş doqquz) manatın, dövlət rüsumu 492 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı MMC (əvvəlki adı – "xxxx" MMC) (bundan sonra -İddiaçı) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında Cavabdeh inzibati binasının tikinti və yenidənqurma işlərinin aparılmasına dair müqavilə bağlandığını, müqavilənin 2.3.-cü bəndinin tələblərinə əsasən ay ərzində görülmüş işlərin dəyərinin növbəti təqvim ayının 10-dək cavabdeh tərəfindən ödənilməli olduğunu, 2023-cü ilin sentyabr ayında iddiaçı tərəfindən 75717 (yetmiş beş min yeddi yüz on yeddi) manat (13629 manat ƏDV ilə birgə cəmi 89346 (səksən doqquz min üç yüz qırx altı) manat, həmin ilin oktyabr ayında isə 95113 (doxsan beş min bir yüz on üç) manat (ƏDV məbləği 17120 manat olmaqla, cəmi 112234 (bir yüz on iki manat iki yüz otuz dörd) manat məbləğində işlər görülsə də cavabdeh tərəfindən qeyd edilən işlərin dəyərinin ödənilmədiyini, sentyabr və oktyabr ayları ərzində görülmüş tikinti-quraşdırma işlərinin cavabdeh tərəfindən qəbul edilməsinə dair 2 №li forma əsasında akt tərtib edildiyini və həmin aktların cavabdehin nümayəndəsi tərəfindən qəbul edildiyini, görülmüş işlər əsasında iddiaçı tərəfindən elektron qaimələrin cavabdehə göndərildiyini və cavabdeh tərəfindən həmin elektron qaimələr də qəbul edildiyini, müqavilə üzrə yaranmış borcun ödənməsi üçün dəfələrlə cavabdehə müraciət olunsa da cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı tərəfindən işlərin dayandırıldığını bildirərək ərizəsini əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iş görüldüyünü, qarşı tərəfin də bunu dediyini, qarşılıqlı aktlar tərtib olunduğunu, forma 2-lər yazıldığını, həmin ödənişlərin ödənilməsi üçün hər şeyin hazırlandığını, bu ödənişlərin müəyyən səbəbdən yubandığını, qarşı tərəfində hazırda tələbi etiraf etdiyini, sübutları təqdim etdiklərini, izahatları hazırlıq iclasında bildirdiklərini, tərəflər arasında anlaşılmazlığın qalmadığını göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında fiziki olaraq işlər görüldüyünü, bütün sənədləşmələrin də yerində olduğunu, hüquqi aspektdən də vəkilin ifadə etdiyi fikirlərlə razılaşdığını, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiklərini, İcra Hakimiyyətinə yeni binanın tikilməsi barədə qərar qəbul olunduğunu, bütün işlərin görüldüyünü, işlərin İcra Hakimiyyətinə təhvil verdiyini, borcun ödənilməsi üçün vəsaitin olmadığını, bu səbəbdən ödəmənin olmadığını, onların vəsaitinin ödənməli olduğunu, geniş izahatlarını məhkəmə hazırlıq iclasında bildirdiklərini, məhkəmə qərarı çıxandan sonra həmin vəsaitin Cavabdehnə ayrılmalı olduğunu, vəsait ayrılandan sonra borcu ödəyəcəklərini göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş materiallarında olan: 15 dekabr 2023-cü il tarixli, 236 saylı “Tikinti işləri üzrə xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, Cavabdeh müqavilə üzrə sifarişçi, APF Tikinti MMC isə podratçı qismində çıxış etmişdir. Podratçı sifarişçinin müəyyən etdiyi Culfa şəhərində Cavabdeh inzibati binasının tikintisi üzrə "Bütün növ” tikinti quraşdırma işlərinin aparılmasını və bu sahədə xidmətlərin göstərilməsini öhdəsinə götürür. Sifarişçi tərəfindən hər ayın sonunda görülmüş işlərin dəyəri, tərtib ediləcək təsdiqləyici sənədlərə (Forma 2) uyğun olaraq elektron qaimə əsasında podratçıya ödənilməsi həyata keçiriləcək. 2023-cü ilin sentyabr ayında yerinə yetirilmiş tikinti və təmir işlərinin qəbuluna dair aktdan (2 nömrəli forma) görünür ki, podratçı "xxxx" MMC təqdim etdiyi ƏDV daxil olmaqla dəyəri 89346 manat olan tikinti və təmir işlərini sifarişçi Cavabdeh qəbul etmişdir. 607998 saylı, xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, APF Tikinti MMC tərəfindən dəyəri 89346 manat dəyərində işlər təqdim edilmişdir. 2023-cü ilin oktyabr ayında yerinə yetirilmiş tikinti və təmir işlərinin qəbuluna dair aktdan ( 2 nömrəli forma) görünür ki, podratçı "xxxx" MMC təqdim etdiyi ƏDV daxil olmaqla dəyəri 112234 manat olan tikinti və təmir işlərini sifarişçi Cavabdeh qəbul etmişdir. 602245 saylı, xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, APF Tikinti MMC tərəfindən dəyəri 112233 manat dəyərində işlər təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi Nümayəndə2 izahatından iddianı etiraf etdiyi məlum olur. Cavabdehin nümayəndəsi Nümayəndə2 “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 492 (dörd yüz doxsan iki) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçınə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 201579 (iki yüz bir min beş yüz yetmiş doqquz) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçınə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 492 (dörd yüz doxsan iki) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçınə ödənilməlidir. İddiaçı 29 oktyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunması haqqında qətnamə çıxarılarkən İ instansiya məhkəməsi üçün ödənilmiş 492 (dörd yüz doxsan iki) AZN dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 1300 (min üç yüz manat) AZN və iddia tələbi təmin olunacağı təqdirdə işin uğurlu həlli ilə bağlı müqavilə şərtinə görə vəkilə ödəniləcək 2000 manat pulun məhkəmə xərcləri qismində cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 23 oktyabr 2024-cü il tarixli, 025 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Vəkil arasında hüquqi yardımın göstərilməsinə görə müqavilə bağlanmışdır. Hüquqi yardıma görə haqq 1300 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 1 saylı əlavəsindən görünür ki, İddiaçı borcun geri qaytarılması istiqamətində uğurlu həllin olmasına görə Vəkil 2000 manat miqdarında mükafatın ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0-cı və 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 125-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə bildirir ki, vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə iddia təmin edildiyindən hüquqi yardım üçün ödənilmiş 1300 (min üç yüz manat) AZN qanunvericiliyə uyğun olaraq Cavabdehndən alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə qeyd edir ki, ərizədə tələb edilən iddiaçı tərəfindən ödənilmiş 492 (dörd yüz doxsan iki) AZN dövlət rüsumuna münasibətdə irəli sürülən tələb təmin edilməməlidir. Belə ki, ödənilmiş 492 (dörd yüz doxsan iki) AZN dövlət rüsumu iddia tələbində qeyd olunduğundan iddia tələbi təmin olunduğundan məhkəmə həmin hissəyə də öz mövqeyini bildirmişdir. Həmçinin iddiaçının iddia tələbi təmin olunacağı təqdirdə işin uğurlu həlli ilə bağlı müqavilə şərtinə görə vəkilə ödəniləcək 2000 manat pulun məhkəmə xərcləri qismində cavabdehdən alınaraq iddiaçıya qaytarılması tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal iddiaçının öz üzərinə götürdüyü öhdəlikdir. Həmçinin iddiaçı tərəfində hazır ki, mərhələdə həmin xərcin çəkilməsi təsdiq olunmur. Hazır ki, mərhələdə iddia təmin olunması halında da cavabdehdən tutulmasının heç bir hüquqi əsası yoxdur və məhkəmə xərclərinə aid deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehndən 201579 (iki yüz bir min beş yüz yetmiş doqquz) manat alınaraq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 492 (dörd yüz doxsan iki) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçınə ödənilsin. Hüquqi yardım üçün vəkilə ödənilmiş 1300 (min üç yüz) manat qanunvericiliyə uyğun olaraq Cavabdehndən alınaraq İddiaçınə ödənilsin. İddia tələbi təmin olunacağı təqdirdə işin uğurlu həlli ilə bağlı müqavilə şərtinə görə vəkilə ödəniləcək 2000 (iki min) manat məhkəmə xərcinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması”na dair hissədə təmin olunmasın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar