Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-54/2022 15.07.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı avtomaşınların qaytarılması, cəmiyyətdəki payının və xalis mənfəətin alınıb verilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 13 iyul 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1997-ci ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların İdarəyə qaytarılması, cəmiyyətdəki payının və xalis mənfəətdən payının alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: İddiaçı müəssisənin səhmdarlarından biri olaraq cəmiyyətdəki payının və xalis mənfəətdən payının alınıb verilməsini tələb edir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 105-1.3-cü maddəsinə əsasən səhmlərin geri alınması səhm sahiblərinin razılığı ilə, səhmlərin geri alınması fond birjası vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir. 106-1.3 və106-1.3.3 -cü maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək hüquqları vardır. 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 107.1 və 107.1.4-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 107-5.4-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. İddiaçı tərəfindən cəmiyyətə müraciət edilməsi ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, bu kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından həmin tələblərin həlli cəmiyyətin ali orqanı olan cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilən qərar əsasında və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirildiyindən həmin məsələ cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı çağırılıaraq həll edilməlidir. Yuxarıda göstərilən qanun maddələrindən aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Bu isə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. İddiaçı həmçinin 1997-ci ildən bu günə qədər Naxçıvan "Əcəmi Tikinti Quraşdırma" İdarəsinin balansında olmuş və satılmış avtomaşınların idarəyə qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Prosessual qanunvericiyilin qeyd olunan imperativ tələblərindən göründüyü kimi, elektron qaydada cavabdehə göndərilən həmin sənədlər iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilməlidir. İddiaçı prosessual normaların tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatı, Cəmiyyətin qeydiyyat şəhadətnaməsinin surətini, Cəmiyyətin nizamnaməsini, illik hesabatını və maliyyə hesabatlarını, Cəmiyyətin səhmdarlarının reyestrinin təsdiq edilmiş surətini və s. sübut əhəmiyyəti olan sənədləri ərizəyə əlavə etməmiş, Naxçıvan MR Dövlət Vergi Xidmətinin, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin 2020-ci il tarixli arayışlarını ərizəyə əlavə etməklə kifayətlənmişdir. Bundan başqa iddiaçı 1997-ci ildən bu günə qədər Naxçıvan “Əcəmi Tikinti Quraşdırma” İdarəsinin balansında olmuş və satılmış avtomaşınların idarəyə qaytarılması tələbini irəli sürmüş, lakin iddianın predmetini, onun qiymətini, tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları ərizədə dəqiq göstərməmişdir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmuna dair tələblərə riayət etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl olunmadan məhkəməyə təqdim etdiyindən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, işin baxılmasına mane olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən elektron ödəniş sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə, 24047 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1 və 4.1-ci maddələr) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" X2 Cəmiyyətinə qarşı avtomaşınların qaytarılması, cəmiyyətdəki payının və xalis mənfəətin alınıb verilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Elektron ödəniş sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə, 24047 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-54/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-54/2022
15.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver