Məhkəmə qərarları › İş №e-2-2(3-10)-71/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-71/2026

02.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-71/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ## ######## 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə ödənilməmiş 230000 (iki yüz otuz min) manat icarə haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ###### 2021-ci il tarixli, **** nömrəli Icarə Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan Lənkəran şəhəri, Bakı-Astara magistralı, Ləvəngi dairəsi ünvanında yerləşən, ümumi sahəsi * saylı Əlavə Təhvil-təslim Protokolunda qeyd olunan qeyri-yaşayış sahəsini (Əmlak(lar) və avadanlıq(lar)) cavabdehə təyinatına uyğun istifadə üçün yararlı və hazırkı müqavilənin bağlandığı ana olan mövcud vəziyyətdə icarəyə vermiş, cavabdeh isə icar y verilən əmlak(lar) və avadanlıq(lar)ı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin 3.1.1-ci bəndinə əsasən, icarə müddəti ərzində 6000 (altı min) ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarı aylıq icarə haqqı kimi müəyyən olunmuşdur. Lakin, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarə haqqı ödənilmədiyi üçün 230000 (iki yüz otuz min) manat yığılmış icarə haqqı borcu yaranmışdır. Icarə haqqının ödənilməsi məqsədi ilə iddiaçı tərəfindən dəfələrlə şifahi müraciət olunsa da, hal-hazıradək cavabdeh tərəfdən ödəniş həyata keçirilməmişdir. Beləliklə də, cavabdeh müqavilə üzrə öhdəliyini kobud şəkildə pozmuşdur. Həmçinin, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına həm poçt vasitəsilə, həm də e-taxes.gov.az saytı vasitəsilə xəbərdarlıq məktubu (pretenziya) da göndərilmişdir. Xəbərdarlıq məktubuna cavab olaraq, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş ##.##.2024-cü il tarixli ərizədə fəaliyyət göstərmədikləri üçün aylar üzrə icarə haqqı tələb edilməsinin heç bir əsasının olmadığı qeyd olunmuşdur. Bu səbəb və əsaslara görə iddiaçı (Icarəyə verən) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Lənkəran şəhəri, Bakı-Astara magistralı, Ləvəngi dairəsi ünvanında yerləşən icarə obyektindən - qeyri-yaşayış sahəsindən istifadəyə görə ödənilməmiş icarə haqqının cavabdeh (Icarəçi) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməsi zərurəti vardır.

2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ###### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilmiş və həmin məhkəmə Qətnaməsində qət olunmuşdur ki: - “Iddia təmin edilsin. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2021-ci il tarixli icarə müqaviləsi üzrə 230000 manat məbləğində icarə haqqı və ödənilmiş 519,22 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilməmiş 0,78 manat dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı (icarəyə verən) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh (icarəçi) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2021-ci il tarixli, **** nömrəli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən mülkiyyət hüququ əsasında ona məxsus olan, Lənkəran şəhəri, Bakı-Astara magistralı, Ləvəngi dairəsi ünvanında yerləşən, ümumi sahəsi * saylı əlavədə qeyd olunan qeyri-yaşayış sahəsini (əmlaklar və avadanlıqlar) icarəçiyə təyinatına uyğun istifadə üçün yararlı və hazırki müqavilənin bağlandığı ana olan mövcud vəziyyətdə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlaklar və avadanlıqları qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti, icarəyə verilən əmlaklar və avadanlıqlar təhvil-təslim aktı ilə təhvil verildiyi tarixdən 5 il müddətinə müəyyən edilir. 3.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaklar və avadanlıqlara görə icarə müddəti ərzində hər ay 6500 ABŞ dolları aylıq icarə haqqı icarəçi tərəfindən icarəyə verənə ödənməlidir. 8.1-ci bəndinə əsasən bu icarə müqaviləsinə icarəyə verən tərəfindən vaxtından əvvəl, birtərəfli qaydada icarəçiyə 2 ay qabaqcadan yazılı xəbərdarlıq edilərək xitam verilə bilər. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. Iş materiallarında olan ##.##.2021-ci il tarixli, **** nömrəli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə * saylı əlavə olaraq imzalanan təhvil-təslim aktından görünür ki, tərəflər ##.##.2021-ci il tarixli, **** nömrəli icarə müqaviləsi üzrə icarə predmeti olan torpaq sahəsi, bina, avadanlıqların və s. icarəçiyə icarəyə verilməsini təsdiq edirlər. Qeyd olunan akt tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. Iş materiallarında olan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan ##.##.2023-cü il tarixli, ****** nömrəli elektron qaimədə cavabdehin iddiaçıya müəyyən aylar üzrə ödəməli olduğu borc məbləğləri öz əksini tapmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti su təchizatı olmadığından fəaliyyətinin mümkün olmaması səbəbindən 2024-cü ilin iyul ayından etibarən müəssisənin fəaliyyətinin dayandırılması və qarşı tərəfə şifahi məlumat verilməsini qeyd etmişdir. Iyun ayına qədər bütün kommunal ödənişlərin ödənildiyini, kommunal borcun qalmadığını, həmçinin onların 20000 manat dəyərində olan avadanlığının müəssisəsinin içində girov saxlandığını, həmin vaxtdan müəssisə fəaliyyət göstərmədiyindən aylar üzrə icarə haqqı tələb edilməsinin əsası olmadığnı da bildirmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya yaranmış borcun qaytarılması ilə bağlı öhdəliyi bağlanmış icarə müqaviləsindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş, icarə müqaviləsi üzrə göstərilən avadanlıqları (torpaq sahəsi, bina, əmlaklar və.s) cavabdehin icarəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqını ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini tətbiq etməklə və iş materiallarında olan sübutları araşdırıb onlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ##.##.2021-ci il tarixli icarə müqaviləsi üzrə 230000 manat məbləğində icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 519,22 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ödənilməmiş 0,78 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2, 700.1, 700.2, 700.3, 706.1, 706.2 və 706.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 121.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

– 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2021-ci il tarixli icarə müqaviləsi üzrə 230000 manat məbləğində icarə haqqı və ödənilmiş 519,22 manat dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, birinci instansiya məhkəməsinin qəbul etdiyi həmin qətnamə tamamilə qanunsuz və əsassızdır. Çünki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı cavabdehə göndərdiyi pretenziya məktubunda 284477 manat icarə haqqı borcu, 91700 manat istifadə olunmuş qablaşdırılma mallar üzrə borc və 72452 manat kommunal borcu tələb etmişdir. Lakin, iddiada isə 230000 manat icarə haqqı borcu tələb edir. Göründüyü kimi, iddiaçının pretenziya məktubu ilə iddia ərizəsindəki tələblər arasında böyük ziddiyyətlər mövcuddur. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının pretenziya məktubuna cavab məktubu göndərilmiş və qeyd edilmişdir ki, “Sizin ##.##.2024-cü il tarixli bildirişinizə cavab olaraq bildiririk ki, sizin də bildirdiyiniz kimi, sizin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə borcunuz olduğundan, biz qeyri-yaşayış sahəsini icarəyə götürdüyümüz vaxtdan qonşuluqda fəaliyyət göstərən “xxxxn” şirkətindən ödənişlə su təchizatını həyata keçirərək fəaliyyət göstərirdik. 2024-cü ilin iyul ayında həmin ərazidə sel olduğundan artıq “xxxxn” şirkətindən həyata keçirmək mümkün olmamışdır. Bununla bağlı sizə müraciət olunmuş və su təchizatının bərpa edilməsi üçün sizin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcunuzun tərəfimizdən ödənilməsi və bu məbləğin icarə haqqından çıxılması təklif olunmuşdur. Lakin siz bu təklifi qəbul etməmisiniz. Su təchizatı da olmadığından bizim fəaliyyətimizin mümkün olmadığı səbəbindən 2024-cü ilin iyul ayından etibarən müəssisənin fəaliyyəti dayandırılmış və bu barədə sizə məlumat verilmişdir. Müəssisənin bütün əməkdaşları öz hesablarına məzuniyyətə çıxmışlar. Iyul ayına qədər bütün kommunal ödənişlər (qaz, su, işıq və s.) ödənilmişdir və həmin tarixdən müəssisəsinin heç bir kommunal borcu yoxdur. Müəssisənin iyul ayından fəaliyyət göstərməməsi həmin aydan sonrakı aylarda müəssisəyə qaz, su, işıq pulunun gəlməməsi ilə sübut olunur. Həmin tarixdən sizin tərəfinizdən müəssisə bağlanılmış, bizim müəssisəyə daxil olmağımıza icazə verilməmiş və bizim 200000 manat dəyərində olan avadanlıqlarımız müəssisənin içində qalmışdır. Hətta müəssisənin anbarı artıq tərəfinizdən icarəyə də verilmişdir. Bütün bu hallar bizim iyul ayından sözügedən müəssisədə fəaliyyət göstərmədiyimizdən və müəssisənin faktiki olaraq sizdə olduğundan məlumatlı olduğunuzu göstərir. Belə ki, bizim icarəyə götürdüyümüz müəssisənin anbarının sizin tərəfinizdən digər şəxsə icarəyə verməyinizin başqa açıqlaması ola bilməz. Belə olan halda, həm də sizin üzünüzdən fəaliyyət göstərmədiyimiz aylar üzrə icarə haqqı tələb etməyinizin heç bir əsası yoxdur. Həmçinin qanunvericiliyin tələblərinə görə də buna yol verilmir.” Yəni, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehin artıq 2024-cü ilin iyul ayından fəaliyyət göstərmədiyindən məlumatlı idi. Buna sübut kimi də iddiaçının cavabdehə icarəyə verdiyi müəssisənin anbarının başqa şəxsə icarəyə verməsini göstərmək olar. Həmçinin, həmin tarixdən müəssisəyə heç bir kommunal borc gəlmədiyi də buna bariz sübutdur. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə haqqı borcunu tələb etməsinə gəldikdə isə, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilə üzrə bütün icarə haqları ödənilmiş, icarə haqqı üzrə heç bir borc qalmamışdır. Belə ki, ##.##.2023cü il tarixdə 5000 manat, ##.##.2023-cü il tarixdə 6000 manat, ##.##.2023-cü il tarixdə 20000 manat, ##.##.2023-cü il tarixdə 3200 manat, ##.##.2023-cü il tarixdə 5000 manat, ##.##.2023-cü il tarixdə 10000 manat, ##.##.2023- cü il tarixdə 28000 manat, ##.##.2024-cü il tarixdə 10000 manat, ##.##.2024-cü il tarixdə 10000 manat, ##.##.2024-cü il tarixdə 25000 manat, ##.##.2024-cü il tarixdə 15000 manat, ##.##.2024-cü il tarixdə 22000 manat və ##.##.2024-cü il tarixdə 10000 manat və 4000 manat olmaqla, ümumilikdə icarə haqlarına görə 173200 manat pul vəsaiti iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən alınmışdır ki, bu əməkdaşlar indi də İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin mühafizəsində çalışır və qapıda dayanırlar. Həmin əməkdaşların şəxsiyyət vəsiqələrinin surətləri alınmış və öz əlyazmaları ilə aldıqları pulun məbləğini yazaraq imzalamışlar (Həmin sənədlər apellyasiya şikayətinə əlavə edilibdir). Bundan başqa, 264000 manat pul vəsaiti rəsmi köçürmə yolu ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına köçürülmüşdür (bununla bağlı sənədlər apellyasiya şikayətinə əlavə edilibdir). Həmçinin müəssisənin faktiki sahibi Azər Yusifov tərəfindən birdəfəlik nağd şəkildə 200000 manat ödəniş olunmuşdur. Yəni, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 637200 manat ödəniş edilmişdir. Müqavilə bağlanan gündən bu günədək 5 il müddətə icarə haqqı hesablandıqda 360000 ABŞ dolları edir ki, bu məbləği manata çevirdikdə 612000 manat edir. Lakin, cavabdehin ödədiyi cəmi məbləğ 637000 manatdır. Belə çıxır ki, hələ cavabdeh artıq icarə haqqı ödəmişdir. Görünür ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti əməkdaşları tərəfindən alınmış pul vəsaitlərini yenidən tələb etməklə, əsassız varlanmaq məqsədi güdür. Əgər, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti həmin əməkdaşların onun işçiləri olmadığını bildirsə və pul almadığını bildirsə, onda burada cinayət tərkibi yaranır. Belə olan halda cavabdeh tərəfindən həmin şəxslər barədə prokurorluğa müraciət olunacaq, onların məsuliyyətə cəlb olunmaları və aldıqları pulları geri qaytarmaqları tələb olunacaqdır. Bundan əlavə, məhkəmədə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı təmin olunmamış, bu səbəbdən yuxarıda qeyd edilən əsaslar üzrə özlərini müdafiə etmək üçün imkanları olmamışdır. Halbuki, bu imkan yaradılsa idi, yuxarıda qeyd olunan hallar artıq birinci instansiya məhkəməsində araşdırılaraq öz həllini tapacaq və iddia rədd olunacaqdı. Eləcə də, həmin apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, həmin ərizədə bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında e-*-*(*-**)-**/**** saylı kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Həmin işlə bağlı bildirilir ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “xxxx” MMC-nin hesabına ##.##.2021-ci il tarixdə 15000 manat və ##.##.2021-ci il tarixdə isə 25000 manat köçürülmüşdür. Bu köçürmələrlə bağlı ödəniş tapşırıqları da əlavə edilir. Həmin ödənişlər olunan zaman iddiaçı İddiaçı MMC-nin bank hesablarında vergi ilə bağlı problemlər olduğu üçün, elə iddiaçının xahişi ilə bu ödənişlər “xxxx” MMC-nin hesabına köçürülmüşdür. Qeyd edilir ki, sözügedən ödənişlər İddiaçı MMC-nə edilən ödənişlərdir. Belə ki, cavabdehin “xxxx” MMC ilə hər hansı müqaviləsi olmamışdır. Yəni, cavabdehin “xxxx” MMC qarşısında heç bir maliyyə öhdəliyi olmamışdır. Ona görə də həmin ödənişlərin “xxxx” MMC-nə heç bir aidiyyəti yoxdur. Lakin bu ödənişlər barədə məlumatlar iddiaçı tərəfindən məhkəməyə bildirilməmiş və iddiaçı cavabdehdən əlavə 40000 manat tələb etməklə, əsassız varlanmaq niyyəti güdmüşdür. Bundan əlavə, həmin apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə hazırkı iş üzrə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2021 -ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə “ödənilməmiş 230000 manat icarə haqqı məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya işində iddiaçı iddia müddətini ötürdüyündən, mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunması barədə qərar qəbul olunması xahiş edilmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, hazırda Şəki Apellyasiya Məhkəməsində e-*-*(*-**)-**/**** saylı kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Həmin işlə əlaqədar bildirilir ki, cavabdeh tərəfindən müqavilə üzrə bütün icarə haqları tam ödənilmiş və icarə haqqı üzrə cavabdehin heç bir borcu qalmamışdır. Bununla belə, əgər fərz edilsə ki, icarə haqları üzrə cavabdehin hər hansı borcu qalmışdır, hazırkı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunmuş üç illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq olunaraq, hazırkı iş üzrə iddia rədd edilməlidir.

– 3.2). Apellyasiya şikayətinə qarşı etiraz

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə qarşı yazılı Etiraz təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiası Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Qətnaməsi ilə təmin edilmiş, ##.##.2021-ci il tarixli icarə müqaviləsi üzrə 230000 manat məbləğində icarə haqqı və ödənilmiş 519,22 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi Qət edilmişdir. Həmin Qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün mülki-prosessual qanunvericiliyə müvafiq olaraq, Qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə əsassız olaraq “prosessual müddətin bərpa edilməsinə dair” ərizə və apellyasiya şikayəti verilmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadı ilə cavabdeh tərəfindən ötürülmüş prosessual müddət əsassız olaraq bərpa edilmişdir. Qeyd olunan Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərardadı ilə həmin şikayət təmin edilməmişdir. Hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə e-*-*(*-**)-**/**** nömrəli iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Iddiaçı tərəf hesab edir ki, aşağıdakı qeyd edilənlər baxımından apellyasiya şikayəti tamamilə əsassız olduğundan apellyasiya şikayətinin rədd edilməsi və Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli Qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə Qətnamə qəbul edilməlidir: 1). Apellyasiya şikayətinin formal olaraq Qətnamənin icrasını ləngitmək məqsədilə verilməsi: Apellyasiya şikayətinin məzmunundan da görünür ki, həmin şikayətdə mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən faktiki halların məhkəmə tərəfindən araşdırılmadığı barədə heç bir əsaslı, dəqiq məlumat qeyd edilməmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində təqdim edilməsi mümkün olmayan, işin hallarına uyğun olan əlavə sənəd təqdim edilməmişdir. Apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin hansı maddi və ya prosessual hüquq normalarını yanlış tətbiq etməsi əsaslandırılmamış, sadəcə olaraq bir sıra normativ hüquqi aktların bəndləri sadalanmışdır. Bu isə özlüyündə apellyasiya şikayətinin formallığından və əsassızlığından xəbər verir. 2). Məhkəmənin iş üzrə düzgün qənaətə gəlməsi: Şəki Kommersiya Məhkəməsi qətnaməsində iddia tələbinə münasibətdə qeyd etmişdir ki, “cavabdehin iddiaçıya yaranmış borcun qaytarılması ilə bağlı öhdəliyi bağlanmış icarə müqaviləsindən irəli gəlir. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqaviləsi üzrə göstərilən avadanlıqları (torpaq sahəsi, bina, əmlaklar və s.) cavabdehin icarəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqını ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini tətbiq etməklə və iş materiallarında olan sübutları araşdırıb onlara hərtərəfli qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, ##.##.2021-ci il tarixli icarə müqaviləsi üzrə 230000 manat məbləğində icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.” Beləliklə, məhkəmənin gəldiyi hüquqi nəticə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bütün sadalanan hallar iddia tələbinin əsaslılığına və apellyasiya şikayətinin formallığına dəlalət edir. Bundan əlavə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “cavabdeh tərəfindən verilmiş vəsatətlərə və ərizəyə dair” yazılı Etirazla müraciət edərək, həmin Etirazda göstərmişdir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair e-*-*(*-**)-**/**** nömrəli mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Iddiaçı tərəf həmin iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə və vəsatətlərlə münasibətdə aşağıda qeyd edilənləri məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir: 1). Cavabdehin məhkəmə prosesini uzatmaq cəhdləri: Əvvəla, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti, ərizələr və vəsatətlər sırf məhkəmə prosesini uzatmağa və məhkəmənin qətnaməsinin qanuni qüvvəyə minməsini ləngitməyə xidmət edir. Belə ki, həmin vəsatətlər və ərizələr formal xarakter daşıyır, məhkəmə icraatını uzatmağa yönəlmişdir. Buna görə də, həmin vəsatətlər əsassız olduğundan təmin edilməməlidir. 2). Iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə dair: Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli ərizədə qeyd olunmuşdur ki, “fərz edilsə ki, icarə müqaviləsi üzrə cavabdehin hər hansı borcu qalmışdır, bu halda iddiaçı tərəfindən məhkəməyə müraciət olunması üçün 3 illik müddət ötürülmüşdür və buna görə də, iddia müddəti tətbiq edilməklə, iddia rədd edilməlidir.” Cavabdehin bu əsassız ərizəsi ilə bağlı bildirir ki, Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Diqqətə çatdırılır ki, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə icarə haqqı ödənişləri icra edilmişdir və məhz cavabdeh özü də ##.##.2026-cı il tarixli vəsatətində icarə müqaviləsi üzrə icarə haqqının bir hissəsinin ödənildiyini etiraf etmişdir. Məhz bu ödənişlər cavabdehin (borclunun) borcunu etiraf etməsini göstərən hərəkətlərdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank çıxarışından da görünür ki, cavabdeh tərəfindən icarə haqqı üzrə bir sıra ödənişlər icra edilmişdir. Belə ki: 1) ##.##.2021-ci il tarixdə 10000 manat; 2) ##.##.2021-ci il tarixdə 41272,88 manat; 3) ##.##.2021-ci il tarixdə 15000 manat; 4) ##.##.2021-ci il tarixdə 20000 manat; 5) ##.##.2021-ci il tarixdə 20000 manat; 6) ##.##.2021-ci il tarixdə 8150 manat; 7) ##.##.2022-ci il tarixdə 15000 manat; 8) ##.##.2022-ci il tarixdə 5000 manat 9) ##.##.2023-cü il tarixdə 10000 manat; 10) ##.##.2023-cü il tarixdə 10000 manat; 11) ##.##.2023-cü il tarixdə 10000 manat. Beləliklə, cavabdeh tərəfindən cəmi 164422,88 manat icarə haqqı ödənişi edilmişdir. Bu da təsdiq edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş, cavabdeh (borclu) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcun etiraf edilməsinə yönəlmiş hərəkətlər icra edildiyindən, iddia müddətinin axımı kəsilmişdir. Iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - “iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı, iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.” Hazırkı mübahisə üzrə isə məhkəmə qərarı çıxarılanadək, yəni iş Şəki Kommersiya Məhkəməsinin icraatında olan zaman cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı heç bir ərizə verməmişdir. Beləliklə də, iddia müddətinin tətbiqi ilə bağlı ərizə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375ci maddəsinin də tələblərinə ziddir və həmin maddəyə əsasən də həmin ərizə əhəmiyyətsizdir. Beləliklə, qeyd edilənlər sübut edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir və iddia tələbi tamamilə qanunvericiliyin tələblərinə uyğundur. 3). Icarə haqqı borcunun qalmaması ilə bağlı cavabdehin əsassız mövqeyi: Cavabdeh məhkəməyə təqdim etdiyi vəsatətində qeyd etmişdir ki, “həmin işlə bağlı cavabdeh tərəfindən müqavilə üzrə bütün icarə haqları ödənilmiş, icarə haqqı üzrə heç bir borcu qalmamışdır. Belə ki, ##.##.2023-cü il tarixdə 5000 manat, ##.##.2023-cü il tarixdə 6000 manat, ##.##.2023-cü il tarixdə 20000 manat, ##.##.2023-cü il tarixdə 3200 manat, ##.##.2023-cü il tarixdə 5000 manat, ##.##.2023-cü il tarixdə 10000 manat, ##.##.2023cü il tarixdə 28000 manat, ##.##.2024-cü il tarixdə 10000 manat, ##.##.2024-cü il tarixdə 10000 manat, ##.##.2024-cü il tarixdə 25000 manat, ##.##.2024-cü il tarixdə 15000 manat, ##.##.2024-cü il tarixdə 22000 manat, ##.##.2024-cü il tarixdə 10000 manat və 4000 manat olmaqla, ümumilikdə icarə haqlarına görə 173200 manat pul vəsaiti iddiaçı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən alınmışdır ki, bu əməkdaşlar indi də İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin mühafizəsində çalışır və qapıda dayanırlar. Həmin əməkdaşların şəxsiyyətlərini təsdiqləyən vəsiqələrinin surətləri alınmış və öz əlyazmaları ilə aldığı pulun məbləğini yazaraq imzalamışlar.” Bununla əlaqədar iddiaçı tərəf bildirir ki, cavabdeh tərəfindən vəsatətdə adları göstərilən və guya İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları olduqları iddia edilən şəxslərin heç biri heç bir vaxt iddiaçı MMC ilə əmək münasibətlərində olmamış, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi kimi fəaliyyət göstərməmişlər. Cavabdehin bu barədə irəli sürdüyü iddialar həqiqəti əks etdirmir və hər hansı mötəbər sübutla təsdiq edilmir. Əksinə, iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və X2” – ƏMAS mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş və məhkəməyə təqdim edilmiş çıxarışlarda müəssisəsinin hazırda işçisi olan şəxslərin adları, fərdi məlumatları, eləcə də əvvəllər müəssisədə çalışmış və sonradan əmək münasibətlərinə müxtəlif səbəblərdən xitam verilmiş şəxslər barədə məlumatlar öz əksini tapmışdır. ƏMAS sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, müəssisədə cavabdehin tərəfindən vəsatətində göstərdiyi şəxslərdən heç biri çalışmamış və həmin şəxslərlə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında heç bir əmək müqaviləsi bağlanmamış, əmək münasibətləri mövcud olmamışdır. Beləliklə, bu hissədə də cavabdehin vəsatəti əsassız və mənasızdır. Eyni zamanda, cavabdehin həmin şəxslərə hər hansı məbləğdə pul vəsaiti verməsi faktı iddiaçı tərəfindən qəbul edilmir. Belə ödənişlərin hansı hüquqi əsasla, hansı öhdəliyin icrası məqsədilə və kimə edilməsi barədə iddiaçının hər hansı məlumatı mövcud deyildir. Həmin şəxslərə edilmiş iddia olunan ödənişlərin tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqəli olmasını təsdiq edən hər hansı sübut da iş materiallarında mövcud deyildir. Mülki-Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Vəsatətdə adıçəkilən şəxslərin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hər hansı əlaqəsi olmadığından, onlar işin halları barədə məlumatı olmayan şəxslərdir və onların bu iş üzrə ifadə verməsi mümkün deyildir. 4). Icarə haqqının ödənilməsi ilə bağlı vergi sistemi vasitəsilə qaimələrin vurulması: Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti icarə müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, icarə haqlarını vaxtında ödəmədiyindən iddiaçı tərəf vergi sistemi vasitəsilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə elektron qaimə göndərməmişdir. Çünki, elektron qaimə tərtib edildiyi təqdirdə qarşı tərəf, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qaimə üzrə borcunu ödəsə də, ödəməsə də tərtib edilmiş qaiməyə görə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ƏDV ödəmək öhdəliyi yaranır. Bu səbəbdən də İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti icarə haqqı almadığı təqdirdə, ƏDV öhdəliyinin yaranmaması üçün qarşı tərəfə elektron qaimə göndərməmişdir. Hətta göndərilmiş bir sıra elektron qaimə icra edilmədiyinə görə sonradan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ləğv edilmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin əlavə vergi (ƏDV ödəmək) öhdəliyi yaranmasın. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, cavabdeh tərəfindən verilmiş vəsatətlər və ərizə formal xarakterli və əsassız olduğundan, məhkəmə icraatının lüzumsuz şəkildə uzadılması üçün verildiyindən – iddiaçı tərəf həmin vəsatətlərin rədd edilməsi və eləcə də, apelyasiya şikayətinin rədd edilməsi barədə yekun qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

4. Iş üzrə apellyasiya icraatı:

– 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə ## #### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına gəlmiş iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil/Nümayəndə iştirakı ilə keçirilən məhkəmə iclasında həmin proses iştirakçısının apellyasiya şikayətinə münasibəti öyrənildikdən və izahatı dinlənildikdən sonra həmin məhkəmə iclasına gəlməmiş apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin də məhkəmə araşdırmasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasının davamı ## #### 2026-cı il tarixinə təxirə salınmışdır. Lakin, iş üzrə ## #### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə ## #### 2026-cı ildə keçirilən məhkəmə iclasında iştirak edən apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində və eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizədə və apellyasiya instansiyasında aparılan araşdırma zamanı məhkəməyə təqdim etdiyi digər ərizə və müraciətlərində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, tərəflər arasında imzalanmış icarə müqaviləsi üzrə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı MMC-yə heç bir icarə haqqı üzrə borcu olmadığına görə və eyni zamanda, əgər borcun olması sübuta yetsə belə, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürüldüyünə görə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Apellyasiya şikayəti üzrə ## #### 2026-cı ildə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətini qəbul etmədiyini bildirib, apellyasiya şikayətinə qarşı məhkəməyə təqdim etdiyi yazılı Etirazında yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdi.

- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi, eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1. Icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. Icarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tərəflər arasında bağlanmış ## ###### 2021-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməyən 230000 (iki yüz otuz min) manat məbləğində icarə haqqı borcunun tutulması barədə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin dəlilləri, o cümlədən də “məhkəmədə cavabdeh tərəfin iştirakı təmin olunmamışdır” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindəki məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, 08 avqust 2022-ci ildən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vardır və birinci instansiya məhkəməsi tərəfindən ona ünvanlanan məhkəmə sənədləri, o cümlədən də, məhkəmə iclaslarının təyini barədə məhkəmə bildirişləri cavabdehin həmin elektron kabinetinə yerləşdirilməklə, ona elektron kabinet vasitəsilə rəsmi qaydada təqdim edilmişdir. Yəni, cavabdeh tərəf məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Çünki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə: şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir (maddə 27.1); tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an - elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir (maddə 28.1); tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an - elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir (maddə 28.2). Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3) və bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz (maddə 10-1.5). Göründüyü kimi, cavabdeh hüquqi şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bundan əlavə, məhkəmə kollegiyası, apellyasiya şikayəti vermiş cavabdeh tərəfin “iddiaçıya ödənilməli olan icarə haqlarının iddiaçının bank hesabına ödəməklə yanaşı, başqa bir hüquqi şəxsin hesabına köçürülməsi və iddiaçı hüquqi şəxsin işçiləri olan ayrıayrı fiziki şəxslərə nağd qaydada verilməsi” dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, ## ###### 2021-ci il tarixli icarə müqaviləsi üzrə qarşılıqlı öhdəliklər iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh MMC olmaqla, iki hüquqi şəxs arasında yaranmışdır və həmin tərəflər tam hüquq qabiliyyətinə malik hüquqi şəxslər olaraq, öz öhdəliklərinin yerinə yetirilməsinə cavabdehdirlər. Bu halda, həmin hüquqi şəxslər arasında yaranmış öhdəliklər də bir-birinin qarşısında onların öz adından müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun icra olunmalıdır. Çünki, qanunvericiliyin tələblərinə görə hüquqi şəxs öz öhdəlikləri üçün öz əmlakı ilə cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir və hüquqi şəxsin müstəqil balansı olmalıdır. Yəni, hazırkı mübahisənin konkret halları baxımından hüquqi şəxsə ödənilməli olan pul vəsaiti də - bilavasitə həmin hüquqi şəxsin bank hesabına ödənilməlidir. Borclu hüquqi şəxsin heç bir hüquqi əsas olmadan müqavilə tərəfi olmayan digər hüquqi şəxsin bank hesabına etdiyi ödənişlər, o cümlədən də bank hesabından kənar kreditor hüquqi şəxsin hər hansı bir işçisinə və yaxud, işçisi olmayan istənilən hər hansı bir fiziki şəxsə nağd olaraq pulun ödənilməsi - borclu hüquqi şəxsin kreditor hüquqi şəxs qarşısında müqavilə üzrə borc öhdəliyini yerinə yetirməsi kimi qəbul oluna bilməz. Bütün bu hallara görə də, heç bir müqavilə və yaxud, digər bir hüquqi əsas olmadan cavabdeh MMC-nin iddiaçı MMC ilə əlaqədar olan və yaxud, olmayan digər bir hüquqi və yaxud fiziki şəxsə köçürmə və ya nağd şəkildə etdiyi hər hansı bir ödəniş - məlum hüquqi şəxslər arasında borc öhdəliyinin yerinə yetirilməsi kimi qəbul edilə bilməz. Eləcə də, məhkəmə kollegiyası, apellyasiya şikayətinin “iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür” dəlili ilə əlaqədar qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2), məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (maddə 375.2), iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (maddə 377.1) və icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Iş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəməyə “iddia müddətinin tətbiqi” barədə ərizə təqdim etməsə də, apellyasiya instansiyası məhkəməsində aparılan araşdırma zamanı belə bir ərizə vermişdir. Ona görə də, məhkəmə kollegiyası, iş materiallarına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim edilmiş sənədlərə əsasən qeyd etməyi lazım bilir ki, işin yuxarıda qeyd olunan konkret halları ilə müəyyən olunur ki, iddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Göründüyü kimi, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı iş materialları və işin konkret halları ilə təkzib olunmuş və apellyasiya şikayətinin dəlillərinin əsaslılığı öz təsdiqini tapmamışdır. Halbuki, Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar