Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-451/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X1 Kontraktinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, pul öhdəliyi, iddia müddətinin tətbiqi, dövlət satınalmaları, bir mənbədən satınalma üsulu) Hakim sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndələri nümayəndə1 və nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. “X1 Kontraktinq” MMC (“Icraçı”) ilə Cavabdeh (“Sifarişçi”) arasında bağlanmış ##.##.2014-cü il tarixli, K/** nömrəli müqaviləyə əsasən, mərkəzi anbarlarda iri tutumlu soyuducuların quraşdırılması işlərinin satınalınması məqsədilə 200 000 manat, ##.##.2015ci il tarixli, *** nömrəli müqaviləyə əsasən, Şəmkir sərhəd dəstəsinin 2-ci sərhəd zastavasında tikinti işlərinin satınalınması məqsədilə 1 249 360 manat və ##.##.2015-ci il tarixli, K/** nömrəli müqaviləyə əsasən isə, Qax Minbərək ərazisində yerləşən “N” saylı sərhəd məntəqəsinə işıq xəttinin çəkilməsi işlərinin satınalınması məqsədilə 806 589,14 manat məbləğində icraçının təklifi qəbul edilmişdir. Müqavilə şərtlərinə əsasən icraçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək işləri sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin işləri qəbul edərək dəyərlərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin Cavabdeh ünvanlanmış ##.##.2015-ci və ##.##.2015-ci il tarixli cavab məktublarına əsasən, Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin 2-ci sərhəd zastavasında tikinti işlərinin aparılması və Qax rayonu Minbərək ərazisində yerləşən sərhəd məntəqəsinə işıq xəttinin çəkilməsi üzrə təcili tələbat və vaxt məhdudiyyəti nəzərə alınaraq, satınalmaların büdcəyə qənaət və ondan səmərəli istifadə olunması məqsədilə, mövcud bazar qiymətlərinə uyğun olmaq şərtilə, müvafiq olaraq ƏDV daxil 1 250 000 manat və 806 592,72 manat məbləğində işlərin “X1 Kontraktinq” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir.
3. ##.##.2015-ci il tarixli, *** nömrəli müqaviləyə dair tərəflərin imzaladıqları ##.##.2018-ci il tarixli əlavəyə əsasən, həmin müqavilənin müddətinin ##.##.2018-ci il tarixədək uzadılması razılaşdırılmışdır.
4. Tərəflərin imzaladıqları ##.##.2014-cü il tarixli, K/** nömrəli müqaviləyə dair təhviltəslim aktı üzrə dəyəri 200 000 manat, ##.##.2015-ci il tarixli, *** nömrəli müqaviləyə dair 8 ədəd təhvil-təslim aktı üzrə ümumi dəyəri 1 249 360,81 manat və ##.##.2015-ci il tarixli, K/** nömrəli müqaviləyə dair təhvil-təslim aktı üzrə dəyəri 806 589,14 manat olan işlər “X1 Kontraktinq” MMC tərəfindən Cavabdeh təhvil verilmişdir.
5. “X1 Kontraktinq” MMC tərəfindən Cavabdeh dəyəri 200 000,01 manat olan ##.##.2015-ci il tarixli, HI seriyalı, ****** nömrəli, dəyəri 1 249 360,80 manat olan ##.##.2016-cı il tarixli, HK seriyalı, ****** nömrəli və dəyəri 806 589,17 manat olan ##.##.2016-cı il tarixli, HM seriyalı, ****** nömrəli elektron qaimə-fakturalar göndərilmişdir.
6. Tərəflərin imzaladıqları ##.##.2020-ci il tarixli üzləşmə aktına əsasən, ##.##.2015-ci il tarixli, *** saylı müqavilə üzrə qalıq borcun 88 102,41 manat azaldılması (əvəzləşdirilməsi) və həmin məbləğin tələb edilməməsi razılaşdırılmışdır.
7. Tərəflərin imzaladıqları ##.##.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən, Cavabdeh tərəfindən ümumilikdə ##.##.2014-cü il tarixli, K/** nömrəli müqavilə üzrə 72 100,01 manat, ##.##.2015-ci il tarixli, *** nömrəli müqavilə üzrə 511 676 manat və ##.##.2015-ci il tarixli, K/** nömrəli müqavilə üzrə isə 423 518,71 manat məbləğində ödəniş edilmişdir. Qalıq borc 1 248 655,25 manat təşkil edir.
8. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən, ##.##.2014-cü il tarixli, K/** nömrəli və ##.##.2015-ci il tarixli, K/** nömrəli müqavilələrin bir mənbədən satınalma üsulu ilə bağlanmasına dair Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən razılığın verilib-verilməməsi barədə məlumat Dövlət Agentliyində aşkar edilməmişdir. Belə ki, həmin dövrə aid satınalmaların həyata keçirilməsinə dair razılıq məktubları saxlanma müddətləri başa çatdığı üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Xidməti tərəfindən ##.##.2020 və ##.##.2022-ci il tarixli aktlarla məhv edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinə təhvil verilmişdir.
9. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində ##.##.2020-ci il tarixli əmr əsasında yaradılmış komissiyanın tərtib etdiyi ##.##.2020-ci il tarixli “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktdan görünür ki, 2014-cü ilə aid, satınalan təşkilatlar tərəfindən göndərilmiş satınalmalarla bağlı məlumat xarakterli məktublar, satınalmaların həyata keçirilməsinə dair razılıq məktubları, satınalmalar üzrə tender komissiyalarının yekun protokollarının surətləri, müşayiət məktubları və bununla əlaqədar yazışmalardan ibarət 229 iş məhv edilmək üçün ayrılmışdır.
10. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Xidmətinin sənədləri arxivə dövlət mühafizəsinə təhvil verilməmişdir. ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən isə, satınalmalarla bağlı məlumat xarakterli məktublar dövlət mühafizəsinə təhvil verilmir, yarandığı qurumun arxivində qanunvericiliklə müəyyən olunmuş müddətdə saxlandıqdan sonra müvafiq qaydada məhv edilmək üçün ayrılır.
Birinci instansiya məhkəməsindəki icraat:
11. Iddiaçı “X1 Kontraktinq” MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 1 248 654,23 manat məbləğində borcun, həmçinin göstərilmiş hüquqi yardıma görə ödənilmiş 500 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 1 414 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış üç müqavilə üzrə iş və xidmətlər iddiaçı tərəfindən tam və lazımi qaydada icra edilərək cavabdehə təhvil verilmiş, lakin həmin işlərin dəyəri cavabdeh tərəfindən tam ödənilməmişdir. Belə ki, ## ######## 2014-cü il tarixli müqavilə üzrə 127 900 manat, # ###### 2015-ci il tarixli müqavilə üzrə 737 684 manat, # ###### 2015-ci il tarixli müqavilə üzrə isə 383 070,43 manat borc qalmışdır. Ümumilikdə hər üç müqavilə üzrə cavabdehin borcu 1 248 654,23 manat təşkil edir.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1 160 551,82 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2014, ##.##.2015 və ##.##.2015-ci il tarixli müqavilələr üzrə iddiaçı tərəfindən ümumilikdə 2 255 949,97 manat məbləğində iş və xidmətlər icra edilərək cavabdehə təhvil verilmiş, həmin işlər cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş və müvafiq təhvil-qəbul aktları ilə rəsmiləşdirilmişdir. Iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalara cavabdeh tərəfindən etiraz edilməmiş, işlərin natamam və ya qüsurlu icrası ilə bağlı hər hansı pretenziya irəli sürülməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 1 007 294,72 manat ödəniş edilmiş, tərəflərin ##.##.2024cü il tarixli qarşılıqlı üzləşmə aktında isə ödənilməmiş qalıq borc 1 248 655,25 manat məbləğində təsbit edilmişdir. Bununla yanaşı, iddiaçı hazırkı iş üzrə tələbini 1 248 654,23 manat məbləğində müəyyən etmişdir. Tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli üzləşmə aktına əsasən ##.##.2015-ci il tarixli, *** nömrəli müqavilə üzrə borcun 88 102,41 manat azaldılması və həmin məbləğin tələb edilməməsi razılaşdırıldığından, məhkəmə iddia tələbinin həcmi daxilində cavabdehdən 1 160 551,82 manat tutulmalı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin cavabdehin ##.##.2015-ci il tarixli müqavilə üzrə işlərin tam icra olunmaması barədə etirazını əsassız hesab etmiş, cavabdehin həmin etirazını təsdiq edən sübut təqdim etmədiyini və MPM-in 77-ci maddəsi ilə üzərinə düşən sübutetmə yükünü yerinə yetirmədiyini göstərmişdir.
16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2018-ci il tarixdə bağlanmış, ##.##.2015-ci il tarixli, *** nömrəli müqaviləyə əlavə razılaşmaya əsasən, həmin müqavilənin qüvvədə olma müddəti ## ###### 2018-ci ilədək müəyyən edilmişdir. Iş materiallarında olan sənədlərdən də görünür ki, podrat müqavilələrində nəzərdə tutulan işlər 2015-2018-ci illər ərzində icra olunaraq cavabdehə təhvil verilmişdir. Beləliklə, iddiaçı müqavilələr üzrə öhdəliklərini müqavilənin qüvvədə olduğu müddətdə yerinə yetirmişdir. Bu halda, müqavilənin ## ###### 2018-ci il tarixdə qüvvədən düşməsinə baxmayaraq iddiaçının yalnız 2025-ci ildə cavabdehin müqavilədən irəli gələn öhdəliklərinin icrası, yəni borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi məntiqə və qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, iddiaçı tərəfindən müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti ötürülmüş, nəticədə maddi hüquq normaları pozulmuşdur. Bundan əlavə, cavabdehin “məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi” barədə vəsatəti əsassız olaraq təmin edilməmiş, iş üzrə araşdırma səthi aparılmış, sübutlar və iş üçün əhəmiyyətli hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Nəticədə faktiki hallar düzgün müəyyən edilmədən və maddi hüquq normaları düzgün tətbiq olunmadan əsassız qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasında cavabdehin nümayəndələri nümayəndə1 və nümayəndə2 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. nümayəndə2 əlavə olaraq bildirdi ki, razılıq məktublarının üç il saxlanma müddəti var və həmin müddət başa çatdıqdan sonra onlar məhv edilir. Bir mənbədən satınalma metodu ilə satınalma müqaviləsi bağlanılarkən qaydalara riayət edilir, hər üç müqavilə razılıq alındıqdan sonra bağlanmışdır.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
23. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 373. Iddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ... Maddə 375. Iddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...
25. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya)
Maddə 16. Satınalma metodları 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir. 16.2. Malların (işlərin) satın alınması zamanı satınalan təşkilat açıq tender prosedurlarından əlavə, digər satınalma metodlarından yalnız bu Qanunun 18, 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş şərtlər əsasında istifadə edə bilər. ... Maddə 21. Bir mənbədən satınalma metodundan istifadə şərtləri 21.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər: 21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; 21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; 21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; 21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.
Maddə 50. Bir mənbədən satınalma proseduru 50.1. Bu Qanunun 21-ci maddəsində göstərilmiş şərtlərə əməl etməklə satınalan təşkilat təklifi və qiymət kotirovkasını cəlb etmək yolu ilə malları (işləri və xidmətləri) bir malgöndərəndən (podratçıdan) satın ala bilər. 50.2. Malgöndərən (podratçı) tərəfindən təklif edilən malların (işlərin və xidmətlərin) qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə satınalan təşkilat bu Qanunun 27-ci maddəsinə uyğun olaraq onların ehtimal olunan qiymətini hesablayır.
26. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarı: ... Iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. ... Iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun — iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. ... Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. ... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, tərəflər qətnaməni mübahisələndirməmişlər. Üçüncü şəxs apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını və qanuniliyini iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Iş üzrə müəyyən edilmiş hallara əsasən, tərəflər arasında 2014-2015-ci illərdə bağlanmış üç podrat müqaviləsi ilə cavabdeh müxtəlif tikinti-quraşdırma işlərinin satın alınması məqsədilə iddiaçının müvafiq məbləğlərdə təqdim etdiyi təklifləri bir mənbədən satınalma üsulu tətbiq edilməklə birbaşa müqavilə bağlamaq yolu ilə qəbul etmiş, həmin təkliflər əsasında tərəflər arasında podrat hüquq münasibətləri yaranmışdır. Müqavilələrin şərtlərinə əsasən iddiaçı işləri icra edib sifarişçiyə təhvil verməyi, cavabdeh isə görülmüş işləri qəbul edərək onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
33. Iş materiallarından göründüyü kimi, iddiaçı müqavilələrdən irəli gələn öhdəliklərini tam həcmdə yerinə yetirmiş, müqavilə predmetini təşkil edən işlər faktiki icra olunaraq təhviltəslim aktları əsasında cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh görülmüş işlərin dəyərinin yalnız bir hissəsini ödəmiş, tərəflər arasında ##.##.2020-ci il tarixdə imzalanmış üzləşmə aktı ilə ##.##.2015-ci il tarixli müqavilə üzrə 88 102,41 manat məbləğində borcun azaldılması razılaşdırılmışdır. Sonradan tərəflər arasında ##.##.2024-cü il tarixli üzləşmə aktı imzalanaraq cavabdehin iddiaçı qarşısında 1 248 655,25 manat məbləğində ödənilməmiş borcunun mövcudluğu qarşılıqlı qaydada təsbit edilmişdir.
34. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, podrat müqavilələrində nəzərdə tutulan işlər 2015-2018-ci illər ərzində icra edilərək cavabdehə təhvil verilmişdir. Lakin iddiaçı borcun ödənilməsi tələbi ilə yalnız 2025-ci ildə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti ötürülmüşdür. Həmçinin, cavabdehin məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatəti əsassız olaraq təmin edilməmiş, iş üzrə hallar və sübutlar tam, obyektiv və hərtərəfli araşdırılmadan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
35. Üçüncü şəxs apellyasiya şikayətində tərəflər arasında bağlanmış müqavilələrin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə uyğunluğu və ya bir mənbədən satınalma üsulunun tətbiqinin qanuniliyi ilə bağlı hər hansı dəlil irəli sürməmişdir. Bununla belə, MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının düzgün tətbiqini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli, **/**** nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə də əqdə əsaslanan tələbə baxılarkən məhkəmə ilk növbədə həmin əqdin etibarlı olub-olmadığını müəyyən etməlidir. Buna görə kollegiya iddianın hüquqi əsasını təşkil edən müqavilələrin etibarlılığını yoxlamağı zəruri hesab edir.
36. Mülki Məcəllənin 404-1-ci maddəsinə əsasən dövlət satınalmaları müqaviləsinə dair münasibətlər dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tənzimlənir. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” Qanunun 16.2-ci maddəsinə görə satınalan təşkilat açıq tender prosedurlarından əlavə digər satınalma metodlarından yalnız Qanunun 18–21-ci maddələrində nəzərdə tutulmuş şərtlər daxilində istifadə edə bilərdi. Qanunun 21.1-ci maddəsi isə həmin maddədə göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə bir mənbədən satınalma üsulunun tətbiqinə yol verirdi.
37. Iş materiallarından görünür ki, ##.##.2015-ci il tarixli, *** nömrəli müqavilə üzrə Şəmkir sərhəd dəstəsinin 2-ci sərhəd zastavasında tikinti işlərinin, ##.##.2015-ci il tarixli, K/** nömrəli müqavilə üzrə isə Qax rayonu Minbərək ərazisində yerləşən sərhəd məntəqəsinə işıq xəttinin çəkilməsi işlərinin bir mənbədən satınalma üsulu ilə həyata keçirilməsinə dair səlahiyyətli dövlət orqanının müvafiq razılıq məktubları mövcuddur. Həmin məktubların satınalma predmetləri və göstərilən məbləğlər sonradan bağlanmış müqavilələrin predmetləri və dəyərləri ilə uyğunluq təşkil edir. Buna görə həmin iki müqavilə üzrə bir mənbədən satınalma üsulunun tətbiqi üçün tələb olunan təsdiqin alınması iş materiallarındakı yazılı sübutlarla təsdiq olunur.
38. ##.##.2014-cü il tarixli, K/** nömrəli müqavilə üzrə isə müvafiq razılıq məktubunun özü iş materiallarında mövcud deyildir. Kollegiya hesab edir ki, həmin sənədin hazırda təqdim edilməməsi faktı ilə müqavilə bağlanarkən qanunla tələb olunan təsdiqin alınmaması faktı eyniləşdirilə bilməz.
39. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan müqaviləyə əsaslanaraq tələb irəli sürən iddiaçı həmin müqavilənin hüquqi nəticə doğurması üçün əhəmiyyət kəsb edən faktların sübut edilməsində müvafiq sübutetmə yükünü daşıyır. Lakin sübutetmə yükünün müəyyən edilməsi həmin yükün yalnız konkret bir sübut vasitəsinin təqdim olunması yolu ilə yerinə yetirilə bilməsi mənasına gəlmir.
40. MPM-in 76.1 və 76.2-ci maddələrinə görə iş üçün əhəmiyyətli halların mövcudluğu qanunla nəzərdə tutulmuş müxtəlif sübut vasitələri ilə müəyyən edilir. Həmin Məcəllənin 81ci maddəsi yalnız qanuna və ya digər normativ hüquqi akta əsasən müəyyən sübutetmə vasitəsi ilə təsdiq edilməli olan halların başqa sübutlarla təsdiqini istisna edir. Mübahisəli münasibətə tətbiq edilən “Dövlət satınalmaları haqqında” Qanunun 21-ci maddəsi bir mənbədən satınalma üsulunun tətbiqi üçün səlahiyyətli dövlət orqanının təsdiqini tələb etsə də, həmin təsdiqin vaxtilə mövcud olması faktının sonradan yaranmış məhkəmə mübahisəsində yalnız razılıq məktubunun özünün təqdim edilməsi ilə sübut edilməli olduğuna dair xüsusi sübutetmə qaydası müəyyən etmir.
41. Nəzərə alınmalıdır ki, sözügedən təsdiq bir mənbədən satınalma üsulunu tətbiq edən satınalan təşkilat tərəfindən səlahiyyətli dövlət orqanından alınmalı olan sənəd olmuşdur. Iddiaçının həmin sənədin saxlanılmasına cavabdeh olması və ya onun uzun müddət ərzində həmin sənədə faktiki çıxış imkanının mövcudluğu iş materiallarından müəyyən edilmir. Bu səbəbdən müqavilənin bağlanmasından uzun müddət keçdikdən və müvafiq dövlət orqanlarında həmin dövrə aid sənədlərin saxlanma müddəti başa çatdıqdan sonra razılıq məktubunun özünün təqdim edilə bilməməsi avtomatik olaraq sübutetmə yükünün yerinə yetirilməmiş hesab edilməsi üçün əsas ola bilməz. Bu hal sübutetmə yükünü aradan qaldırmır, lakin həmin yükün yerinə yetirilib-yetirilməməsi iş üzrə toplanmış bütün sübutların məcmusu əsasında müəyyən edilməlidir.
42. Həmçinin nəzərə alınmalıdır ki, K/** nömrəli müqavilənin satınalma qanunvericiliyinə zidd bağlanması barədə işdə iştirak edən şəxslərdən heç biri faktiki dəlil irəli sürməmiş və razılığın alınmadığını göstərən hər hansı sübut təqdim etməmişdir. Bu hal məhkəmənin müqavilənin etibarlılığını öz təşəbbüsü ilə yoxlamaq vəzifəsini aradan qaldırmasa da, razılıq məktubunun iş materiallarında olmamasının özlüyündə satınalma qanunvericiliyinin pozulmasını təsdiq edən fakt kimi qəbul edilməsinə əsas vermir.
43. Kollegiya həmin halın müəyyən edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına sorğular göndərmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin cavabından K/** nömrəli müqavilə üzrə razılığın verilib-verilməməsinə dair məlumatın hazırda aşkar edilmədiyi, bununla yanaşı müvafiq dövrə aid satınalmaların həyata keçirilməsinə dair razılıq məktublarının saxlanma müddətlərinin başa çatması ilə əlaqədar məhv edilmək üçün ayrıldığı müəyyən edilmişdir.
44. Bundan başqa, Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində ##.##.2020-ci il tarixli əmr əsasında yaradılmış komissiyanın tərtib etdiyi ##.##.2020-ci il tarixli “Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” aktdan görünür ki, məhz 2014-cü ilə aid satınalan təşkilatlar tərəfindən göndərilmiş satınalmalarla bağlı məlumat xarakterli məktublar, satınalmaların həyata keçirilməsinə dair razılıq məktubları, satınalmalar üzrə tender komissiyalarının yekun protokollarının surətləri, müşayiət məktubları və bununla əlaqədar yazışmalardan ibarət 229 iş məhv edilmək üçün ayrılmışdır.
45. Doğrudur, həmin akt məhv edilmək üçün ayrılmış sənədləri ayrı-ayrı satınalmalar üzrə fərdiləşdirmədiyindən K/** nömrəli müqaviləyə dair konkret razılıq məktubunun həmin sənədlər arasında olmasını birbaşa təsdiq etmir. Lakin akt 2014-cü ilə aid razılıq məktublarının daxil olduğu sənədlər toplusunun saxlanma müddətinin başa çatması səbəbindən məhv edilmək üçün ayrıldığını obyektiv şəkildə təsdiq edir. Buna görə razılıq məktubunun hazırda aşkar edilməməsi, 2014-cü ilə aid həmin kateqoriyadan olan sənədlərin saxlanma müddəti başa çatdıqdan sonra məhv edilmək üçün ayrılması barədə rəsmi məlumat nəzərə alınmadan, onun müqavilə bağlanarkən mövcud olmadığı nəticəsinə gəlməyə əsas vermir.
46. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında bir mənbədən satınalma metodu ilə müqavilələr bağlanarkən müəyyən edilmiş qaydalara riayət edildiyini və hər üç müqavilə üzrə müvafiq razılığın alındığını bildirmişdir. MPM-in 106.1-ci maddəsinə uyğun olaraq həmin izahat digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Cavabdehin özünün həyata keçirdiyi satınalma proseduruna aid fakt barədə verdiyi bu izahat iş üzrə digər sübutlarla ziddiyyət təşkil etmir.
47. Kollegiya həmçinin nəzərə alır ki, eyni tərəflər arasında yaxın dövrdə eyni satınalma üsulu ilə bağlanmış digər iki müqavilə üzrə səlahiyyətli dövlət orqanının razılıqlarının alınması iş materiallarındakı sənədlərlə təsdiq olunur. Bu hal ayrıca götürüldükdə K/** nömrəli müqavilə üzrə razılığın mövcudluğunu sübut etməsə də, cavabdehin hər üç satınalma üzrə eyni prosedura riayət edildiyi barədə izahatı və 2014-cü ilə aid razılıq məktublarının daxil olduğu sənəd toplusunun sonradan məhv edilmək üçün ayrılması barədə rəsmi məlumatlarla birlikdə qiymətləndirildikdə əhəmiyyət kəsb edir.
48. Beləliklə, K/** nömrəli müqavilə üzrə razılıq məktubunun hazırda iş materiallarında olmamasını izah edən arxiv məlumatları, cavabdehin izahatı, eyni tərəflərin yaxın dövrdə həyata keçirdiyi analoji satınalmalar üzrə razılıqların mövcudluğu və bunun əksini göstərən hər hansı sübutun müəyyən edilməməsi qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirildikdə, kollegiya müqavilə bağlanarkən bir mənbədən satınalma üsulunun tətbiqi üçün Qanunun 21.1-ci maddəsində tələb edilən müvafiq təsdiqin alınmış olduğu qənaətinə gəlir.
49. Odur ki, iş üzrə toplanmış sübutlarla ##.##.2014-cü il tarixli, K/** nömrəli müqavilənin bir mənbədən satınalma üsulunun tətbiqinə dair məcburi tələbin pozulması ilə bağlandığı müəyyən edilmir. Əksinə, yuxarıda göstərilən sübutların qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirilməsi həmin müqavilə bağlanarkən qanunla tələb olunan təsdiqin alınmış olduğunu müəyyən etməyə kifayət edir. Buna görə K/** nömrəli müqavilənin, eləcə də müvafiq razılıq sənədləri iş materiallarında olan digər iki müqavilənin bu əsasla etibarsız hesab edilməsi üçün hüquqi və faktiki əsas yoxdur. Üçüncü şəxsin apellyasiya şikayətinin əsas dəlillərindən biri iddiaçının müqavilələrdən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin keçməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, həmin dəlilin mahiyyəti üzrə, yəni iddia müddətinin başlanma anı və keçibkeçməməsi
50. baxımından qiymətləndirilməsindən əvvəl, hazırkı iş üzrə iddia müddətinin tətbiqi üçün qanunla nəzərdə tutulmuş hüquqi şərtlərin mövcud olub-olmadığı müəyyən edilməlidir.
51. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Beləliklə, iddia müddətinin keçməsi məhkəmənin öz təşəbbüsü ilə nəzərə aldığı hal deyil. Qanun bu hüquqi nəticənin yaranmasını həmin müdafiə vasitəsindən istifadə etmək hüququ olan şəxsin bu vasitədən müəyyən edilmiş qaydada və vaxtda istifadə etməsi ilə şərtləndirmişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə # ### 2008-ci il tarixli Qərarında Mülki Məcəllənin 375.2-ci maddəsinə verilmiş şərhə görə, iddia müddətinin tətbiqi barədə ərizə mahiyyət etibarilə işin həllinə yönəlmiş maddi-hüquqi tələbdir. Bu xüsusiyyətinə görə həmin ərizə apellyasiya instansiyasında ilk dəfə irəli sürülə bilən adi prosessual etiraz və ya yeni hüquqi dəlil kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi belə ərizənin birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilməli olduğunu və ümumi qayda olaraq onun ilk dəfə apellyasiya və ya kassasiya instansiyası məhkəməsində təqdim edilməsinin mümkün olmadığını müəyyən etmişdir.
53. Kollegiya nəzərə alır ki, Mülki Məcəllənin 375.2-ci maddəsində “mübahisə tərəfi” ifadəsindən istifadə edilmiş, Konstitusiya Məhkəməsinin sözügedən Qərarında isə iddia müddətinin tətbiq olunub-olunmamasının cavabdehin mövqeyindən asılı olduğu və bu qaydanın dispozitivlik prinsipi ilə bağlılığı vurğulanmışdır. Hazırkı işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həmin anlayışın əhatə dairəsinə daxil olub-olmamasına və bu əsasla iddia müddətinin tətbiqini tələb etmək üçün müstəqil maddi-hüquqi səlahiyyətə malik olub-olmamasına ayrıca hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, hətta üçüncü şəxsin hazırkı mübahisədə belə müdafiə vasitəsindən istifadə etmək hüququnun mövcud olduğu qəbul edilsə belə, bu hüquq Mülki Məcəllənin 375.2-ci maddəsində və Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyində müəyyən edilmiş zaman hədləri daxilində həyata keçirilməli idi.
54. Iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, bundan sonra birinci instansiya məhkəməsində davam edən icraat barədə məlumatlı olmuş və öz prosessual hüquqlarını həyata keçirmək imkanına malik olmuşdur. Bununla belə, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi qəbul edilənədək onun tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməmiş və iddianın bu əsasla rədd edilməsi tələb olunmamışdır.
55. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarında ümumi qaydadan yalnız o halda istisnaya yol verilməsi mümkün hesab edilmişdir ki, müvafiq şəxs birinci instansiya məhkəməsinin təqsiri nəticəsində həmin məhkəmədə gedən icraat barədə məlumatlı olmasın və məhz buna görə qətnamə qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanından məhrum olsun. Hazırkı işdə isə belə hal müəyyən edilmir. Üçüncü şəxs birinci instansiya məhkəməsində işə cəlb edilmiş, icraat barədə lazımi qaydada məlumatlandırılmış və iddia müddətinin tətbiqini tələb etməsinə mane olan, ondan asılı olmayan hər hansı halın mövcudluğunu bildirməmişdir.
56. Bu baxımdan, iddia müddətinin tətbiqi barədə tələbin ilk dəfə apellyasiya şikayətində irəli sürülməsi Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulmuş müdafiə vasitəsinin vaxtında həyata keçirilməsi kimi qəbul edilə bilməz. Cavabdehin birinci instansiya məhkəməsində həmin müdafiə vasitəsindən istifadə etməməsi də üçüncü şəxsin özünün malik olduğu iddia edilən belə hüququ sonrakı məhkəmə instansiyasında ilk dəfə həyata keçirməsi üçün əsas yaratmır. Iddia müddətinin tətbiqinin dispozitiv xarakteri məhz onu nəzərdə tutur ki, həmin müdafiə vasitəsindən istifadə edib-etməmək səlahiyyətli şəxsin iradəsindən asılıdır, lakin bu iradə qanunla müəyyən edilmiş mərhələdə ifadə olunmalıdır.
57. Əks yanaşma Mülki Məcəllənin 375.2-ci maddəsində müəyyən edilmiş qaydanı mahiyyətcə təsirsiz hala gətirərdi. Belə ki, birinci instansiyada həmin müdafiə vasitəsindən istifadə etməyən və bunun üçün real imkana malik olan şəxs qətnamə qəbul edildikdən sonra onu ilk dəfə apellyasiya şikayətində irəli sürməklə birinci instansiyada formalaşmış müdafiənin hüquqi və faktiki çərçivəsini sonradan dəyişə bilərdi. Bu isə yalnız iddia müddətinin tətbiqinə dair xüsusi qaydaya deyil, həm də mülki məhkəmə icraatının dispozitivlik, çəkişmə və instansiyalar üzrə funksiyaların fərqləndirilməsi prinsiplərinə uyğun olmazdı.
58. Buna görə kollegiya hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mülki Məcəllənin 375.2-ci maddəsi mənasında iddia müddətinin tətbiqini tələb etmək hüququna malik olub-olmamasından asılı olmayaraq, belə hüququn mövcud olduğu qəbul edildiyi halda belə, həmin hüquq birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək həyata keçirilməmişdir. Onun ilk dəfə apellyasiya şikayətində irəli sürülməsi iddia müddətinin hazırkı mübahisəyə tətbiqi üçün qanunla tələb olunan hüquqi əsası yaratmır. Belə olan halda, iddia müddətinin tətbiqi üçün zəruri olan ilkin hüquqi şərt mövcud olmadığından, üçüncü şəxsin müqavilələr üzrə üç illik iddia müddətinin faktiki olaraq keçibkeçməməsinə
59. dair dəlillərinin mahiyyəti üzrə araşdırılmasına və həmin müddətin başlanğıc və son tarixlərinin müəyyən edilməsinə zərurət yoxdur. Buna görə apellyasiya şikayətinin iddia müddətinin keçməsi ilə bağlı dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
60. Üçüncü şəxs apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatəti əsassız olaraq təmin etmədiyini bildirmişdir. Kollegiya həmin dəlili də əsaslı hesab etmir.
61. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu normanın mənasına görə ekspertiza tərəfin müəyyən məsələni mübahisələndirməsinə görə deyil, işin düzgün həlli üçün əhəmiyyətli olan və mövcud sübutlar əsasında müəyyən edilməsi mümkün olmayan halın aydınlaşdırılması xüsusi bilik tələb etdikdə təyin edilir.
62. Iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində ##.##.2015-ci il tarixli, K/** nömrəli müqavilə üzrə cəmi 423 518,71 manat dəyərində işin faktiki yerinə yetirildiyini və bu məbləğin tam ödənildiyini, qalan 383 070,43 manat məbləğində işin isə görülmədiyini bildirmiş, bu əsasla faktiki görülmüş işlərin həcminin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını xahiş etmişdir.
63. Bununla belə, iş materiallarında K/** nömrəli müqavilə üzrə ümumi dəyəri 806 589,14 manat təşkil edən işlərin iddiaçı tərəfindən yerinə yetirildiyini və cavabdehə təhvil verildiyini təsdiq edən tərəflərin imzaladığı təhvil-təslim aktı mövcuddur. Həmin aktda işlərin natamam icrasına və ya iş həcminin müqavilədə nəzərdə tutulandan az olmasına dair hər hansı qeyd və ya irad göstərilməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatda işləri qəbul edən şəxsin aktda fərdiləşdirilmədiyini bildirsə də, sənəddəki möhürün cavabdehə məxsusluğunu və həqiqiliyini qəbul etmişdir. Eyni zamanda, cavabdeh həmin müqavilə üzrə 423 518,71 manat dəyərində işlərin yerinə yetirildiyini və həmin məbləğin ödənildiyini özü bildirdiyi halda, bu həcmdə işlərin təhviltəslimini rəsmiləşdirən hər hansı başqa aktın mövcudluğunu bildirməmiş və belə bir sənəd təqdim etməmişdir.
64. Eyni zamanda, işlərin təhvil verilməsindən sonra cavabdeh tərəfindən iddiaçıya onların natamam icrası, iş həcminin az olması və ya müqavilə predmetinin tam yerinə yetirilməməsi barədə hər hansı irad, pretenziya və ya bildiriş ünvanlandığı müəyyən edilmir. Əksinə, tərəflərin müqavilələrin icrasından xeyli müddət sonra — ##.##.2024-cü il tarixdə imzaladıqları qarşılıqlı üzləşmə aktında K/** nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 423 518,71 manat ödəniş edildiyi göstərilməklə yanaşı, müqavilələr üzrə ödənilməmiş qalıq borcun mövcudluğu da qarşılıqlı qaydada təsbit edilmişdir.
65. Təhvil-təslim aktı digər sübutlardan üstün və qabaqcadan müəyyən edilmiş sübut qüvvəsinə malik olmasa da, görülmüş işlərin sifarişçiyə təqdim edildiyini və onun tərəfindən qəbul olunduğunu təsdiq edən yazılı sübutdur. Buna görə həmin sənəddə göstərilən işlərin bir hissəsinin faktiki olaraq yerinə yetirilmədiyini sonradan bildirən tərəfin etirazı, xüsusilə işlərin qəbulundan sonra uzun müddət ərzində buna dair hər hansı iradın bildirilmədiyi və sonrakı üzləşmə aktında qalıq borcun mövcudluğunun təsbit edildiyi şəraitdə, konkret faktiki əsaslarla izah olunmalıdır.
66. Hazırkı halda isə cavabdeh 383 070,43 manat məbləğində hansı konkret işlərin görülmədiyini, təhvil-təslim aktında göstərilən hansı iş həcmlərinin faktiki vəziyyətə uyğun olmadığını və ya həmin aktda əks olunan məlumatların hansı səbəbdən həqiqəti əks etdirmədiyini konkretləşdirməmişdir. Belə şəraitdə, görülmüş işlərin həcminin müəyyən edilməsinin özlüyündə xüsusi texniki bilik tələb edə bilməsinə baxmayaraq, cavabdehin əvvəl qəbul etdiyi işlərin faktiki həcminin bütövlükdə yenidən yoxlanılması barədə ümumi tələb ekspertiza təyin edilməsinin zəruriliyini əsaslandırmır.
67. Buna görə tərəflərin imzaladığı təhvil-təslim və qarşılıqlı üzləşmə aktları, həyata keçirilmiş ödənişlər, işlərin qəbulundan sonra onların natamam icrasına dair hər hansı iradın bildirilməməsi və cavabdehin sonradan irəli sürdüyü etirazın konkretləşdirilməməsi məcmu halda qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin işlərin faktiki həcminin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsinə zərurət görməməsi işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
68. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş halları, toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsinə münasibətdə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş və nəticə etibarilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər isə nə maddi hüquq normalarının tətbiqinin düzgünlüyünü şübhə altına almaq, nə də işin nəticəsinə təsir edə biləcək prosessual pozuntunun mövcudluğunu qəbul etmək üçün əsas verir. Buna görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.