Məhkəmə qərarları › İş №e-2-2(3-6)-568/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-568/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-568/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi, daşınar əşyalar üzərində pay hüququnun müəyyən edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: birgə fəaliyyət, ortaq iş görmə (şəriklik), birgə mülkiyyət) Hakim sədrliyi ilə, hakimlər X5 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçı iddiaçı1, cavabdeh cavabdeh1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:

1. ##.##.2022-ci il tarixli, ** nömrəli X4 ilə iddiaçı1 arasında bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Firuddin Ağayev (indiki Zahid Xəlilov) 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi aylıq 200 manat icarə haqqı ödənilməsi şərtilə üç il müddətinə iddiaçı1 icarəyə verilmişdir.

2. 2023-2024-cü illər ərzində cavabdeh1 ilə müxtəlif fiziki şəxslər arasında bağlanmış çoxsaylı geyim icarəsi müqavilələrinə əsasən, gəlinlik geyimləri həmin şəxslərə icarəyə verilmişdir.

3. ##.##.2025-ci il tarixli, ** nömrəli X1 ilə iddiaçı1 arasında və ##.##.2025-ci il tarixli, ** nömrəli X1 ilə cavabdeh1 arasında bağlanmış icarə müqavilələrinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi aylıq 600 manat icarə haqqı ödənilməsi şərti ilə on bir ay müddətinə müvafiq olaraq əvvəlcə iddiaçı1, daha sonra isə cavabdeh1 icarəyə verilmişdir.

4. ##.##.2024 və ##.##.2024-cü il tarixli qaimə fakturalara əsasən, ümumi dəyəri 790 manat olan “Janome” markalı overlok maşını və “Silter” markalı buxar ütüsü və dəyəri 1 100 manat olan "Gree" markalı kondisioner alınmış, bank hesab çıxarışına əsasən, ##.##.2024cü il tarixli qaimə üzrə 790 manat məbləğində ödəniş cavabdeh1 məxsus hesabdan həyata keçirilmişdir.

5. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 2 ünvanında, “Təzə bazar” zonasında yerləşən * nömrəli qeyri-yaşayış sahəsində mövcud olan gəlinlik geyimləri və əşyaların ümumilikdə dəyəri 55 090 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. Iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 2 ünvanında, “Təzə bazar” ərazisində yerləşən * nömrəli qeyriyaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi, həmçinin hər birinin dəyəri 700 manat olan, ümumi dəyəri 49 000 manat olan 70 ədəd gəlinlik libası, ümumi dəyəri 360 manat olan 12 ədəd gəlinlik fatası, ümumi dəyəri 1 150 manat olan 9 ədəd maneken, ümumi dəyəri 680 manat olan 2 ədəd tikiş maşını, dəyəri 500 manat olan 1 ədəd "Janome" markalı overlok maşını, dəyəri 290 manat olan 1 ədəd "Silter" markalı buxar ütüsü, dəyəri 60 manat olan 1 ədəd elektrik qayçısı, ümumi dəyəri 700 manat olan 2 ədəd biçim və ütüləmə stolu, ümumi dəyəri 700 manat olan 2 ədəd parça və mətbəx stolu, ümumi dəyəri 720 manat olan 8 ədəd dəmir asılqan qurğusu, ümumi dəyəri 200 manat olan 70 ədəd taxta asılqan, dəyəri 410 manat olan 1 ədəd led işıqlı güzgü, dəyəri 250 manat olan 1 ədəd tavandan asma taxta pərdə qurğusu, dəyəri 500 manat olan 1 ədəd divan və pufik, ümumi dəyəri 420 manat olan 2 ədəd divan önü üçün stol, dəyəri 400 manat olan 1 ədəd gül dekor qurğusu, dəyəri 130 manat olan 1 ədəd güzgü üstü gül dekor, dəyəri 1200 manat olan 1 ədəd "Gree" markalı kondisioner və dəyəri 920 manat olan 1 ədəd led işıqlı reklam qurğularının hər birinin ½ hissəsinə onun, ½ hissəsinə cavabdehin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ildə müəllimlik fəaliyyəti zamanı cavabdehlə tanış olmuş, cavabdehin xahişi ilə ona peşəni öyrətməyə başlamışdır. Təxminən bir il birlikdə işlədikdən sonra 2024-cü ildə ünvan 2 ünvanında, “Təzə bazar” ərazisində yerləşən * nömrəli sahəni icarəyə götürmüş, ##.##.2025-ci il tarixdə həmin sahə üzrə icarə müqaviləsi bağlanmışdır. Tərəflər birgə fəaliyyətləri dövründə əldə olunan gəlirin 50/50 nisbətində bölünməsi barədə razılığa gəlmişlər. Birgə fəaliyyət dövründə icarə sahəsi üçün zəruri avadanlıqlar, alətlər, xammal və digər materiallar tərəflərin ümumi vəsaiti hesabına alınmışdır. Icarə müqaviləsi əvvəlcə iddiaçının adına bağlanmış, sonradan cavabdeh məşğulluq proqramından yararlanmaq üçün müqavilənin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Iddiaçı yalnız müqavilənin hər iki tərəfin adına bağlanmasına razı olsa da, cavabdeh müqaviləni yalnız öz adına rəsmiləşdirməyə cəhd etmiş, bu isə tərəflər arasında mübahisəyə səbəb olmuşdur. Bundan sonra cavabdeh polisə müraciət etmiş, icarə sahəsinin qapısının açarlarını dəyişdirərək iddiaçının iş yerinə daxil olmasına mane olmuşdur. Hazırda iddiaçı həmin sahəyə buraxılmır, orada qalan özünə məxsus mal, avadanlıq, xammal, alət və hazır məhsullara sahiblik edə bilmir. Cavabdeh isə həmin sahədə fəaliyyətini davam etdirərək məhsulların satışını həyata keçirir. Iddiaçı hesab edir ki, bu hərəkətlər nəticəsində ona məxsus əmlakın satılması və ya istifadə edilməsi təhlükəsi mövcuddur.

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında iddiaçının qeyd etdiyi kimi şəriklik münasibətləri mövcud olmamışdır. Onun sözlərinə görə, iddiaçı yalnız işçi kimi fəaliyyət göstərmiş və gördüyü işə görə xidmət haqqı almışdır. Icarə sahəsinin idarə edilməsi, avadanlıq, material və məhsulların alınması, eləcə də ödənişlər cavabdeh tərəfindən həyata keçirilmişdir. Iddiaçı tərəfindən hər hansı vəsait qoyuluşu olmuşdursa, bunu sübut edən dəlillər təqdim edilməlidir. Həmçinin cavabdeh məşğulluq proqramı çərçivəsində avadanlıq almaq üçün müraciət etdiyindən icarə müqaviləsi əvvəlcə onun adına rəsmiləşdirilməmişdir. Iddiaçının şəriklik münasibətlərinə dair iddialarını təsdiq edən sübutlar təqdim edilmədiyini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sonuncu qüvvədə olan icarə müqaviləsi cavabdehin adına bağlanmış, müştərilərlə bağlanmış geyim icarəsi müqavilələri də cavabdehin adından rəsmiləşdirilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması və iddiaçının həmin sahədən istifadəsinə maneələrin aradan qaldırılması barədə tələblərin təmin edilməsini mümkün hesab etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında şəriklik münasibətlərinin mövcudluğunu, habelə mübahisəli əmlakın ümumi vəsait hesabına əldə edilməsini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan bank çıxarışları, “WhatsApp” yazışmaları, qaimələr və zəmanət sənədləri əsasında parça, material və avadanlıqların cavabdeh tərəfindən alındığı və ödənişlərin onun tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə mübahisəli əmlakın cavabdehin vəsaiti hesabına əldə edildiyi qənaətinə gələrək, iddia tələbinin əsaslılığının sübuta yetirilmədiyini və iddianın təmin edilməsi üçün hüquqi əsasların olmadığını hesab etmişdir.

11. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumi mülkiyyət və faktiki şəriklik münasibətlərinin yaranması üçün yazılı şəriklik müqaviləsinin olması zəruri deyil. Məhkəmənin özü mübahisəli obyektin ilkin olaraq iddiaçı tərəfindən icarəyə götürüldüyünü, cavabdehin sonradan həmin fəaliyyətə qoşulduğunu və tərəflərin birlikdə işlədiyini müəyyən etsə də, bu halların hüquqi nəticələrini qiymətləndirməmiş, yalnız sonradan bağlanmış icarə müqaviləsinə üstünlük vermişdir. Həmçinin məhkəmə avadanlıqlara dair bəzi qaimələrin iddiaçının adına tərtib edilməsini nəzərə almamış, ödənişlərin cavabdehin hesabından aparılmasını isə yeganə mülkiyyət meyarı kimi qəbul etmişdir. Halbuki ödənişlərin mənbəyinin tərəflərin birgə fəaliyyətindən əldə edilən ümumi gəlir olub-olmaması araşdırılmamışdır. Bundan əlavə, məhkəmə tərəflər arasında mövcud olmuş faktiki şəriklik münasibətlərini, gəlirlərin bölüşdürülməsini, mübahisəli biznesin təşkilini, iddiaçının konstruktor-modelyer kimi əməyini və hazır məhsulların hazırlanmasındakı rolunu araşdırmamış, yalnız ayrı-ayrı ödəniş sənədlərinə əsaslanaraq nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş və maddi-prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, sonuncu icarə müqaviləsi onun adına bağlandığından birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsindən çıxarılma və sahiblik, istifadə hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərin qadağan edilməsi hissəsində iddianı haqlı olaraq rədd etmişdir. Iddiaçı şəriklik münasibətlərinin mövcudluğunu və mübahisəli əmlakın ümumi vəsait hesabına əldə edilməsini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Əksinə, iş materiallarında olan geyim icarə müqavilələri, bank çıxarışları, “WhatsApp” yazışmaları, qaimələr və zəmanət sənədləri parça, material və avadanlıqların cavabdeh tərəfindən alındığını və ödənişlərin onun tərəfindən həyata keçirildiyini təsdiq edir. Həmçinin iddiaçının adına tərtib edilmiş bəzi qaimələr əmlakın ona məxsus olmasını sübut etmir, çünki həmin malların dəyəri şəxsən onun tərəfindən ödənilmişdir. Bundan əlavə, tərəflər arasında yazılı şəriklik müqaviləsi mövcud olmamış, biznesin idarə edilməsi, avadanlıq və materialların sifarişi, eləcə də bütün ödənişlər cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin əsassız olduğunu göstərərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iddiaçı iddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Izahatında bildirdi ki, o, geyim konstruksiyası və modelləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmiş, cavabdeh isə əvvəlcə onun yanında təlim keçmiş və tələbə qismində fəaliyyətə başlamışdır. Aralarında 2023-cü ildən etibarən birgə fəaliyyət və faktiki əməkdaşlıq münasibətləri formalaşmışdır. Sonradan cavabdeh onun yaratdığı gəlinlik biznesinə qoşularaq müxtəlif işlərin icrasında iştirak etmişdir. Iddiaçının sözlərinə görə, gəlinlik biznesi, müştəri bazası və ümumi fəaliyyət konsepsiyası məhz onun tərəfindən yaradılmış, cavabdeh isə sonradan həmin fəaliyyətə qoşulmuşdur. Əvvəlcə biznes Zahid Xəlilov küçəsi 41 ünvanında fəaliyyət göstərmiş, daha sonra işlərin genişlənməsi ilə əlaqədar 2024-cü ilin aprel ayından mübahisə predmeti olan Mirəli Qaşqay ünvanına köçürülərək fəaliyyət 2025-ci ilin avqust ayına qədər davam etdirilmişdir. Fəaliyyətin təşkili və idarə olunması ona məxsus olmuş, əldə edilən ümumi gəlir hər ayın sonunda hesablanaraq cavabdehlə bölünmüşdür. Həmçinin fəaliyyətlə bağlı kommunal xərclər və bəzi sənədləşmələr formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Iddiaçının izahatına görə, cavabdehin VÖEN əldə etməsi və məşğulluq proqramı çərçivəsində avadanlıq əldə etməsi məqsədilə fəaliyyətin formal olaraq təşkilinə ehtiyac yaranmış, bu çərçivədə icarə sahəsinin bölünməsi və fəaliyyətin hüquqi rəsmiləşdirilməsi ilə bağlı bazar rəhbərliyi ilə müzakirələr aparılmışdır. Daha sonra tərəflər arasında fikir ayrılıqları yaranmış və münasibətlər pozulmuşdur.

15. Məhkəmə iclasında cavabdeh cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil ayrıayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh izahatında bildirdi ki, gəlinlik biznesi əvvəlcədən onun tərəfindən təşkil edilmiş və idarə olunmuş, iddiaçı isə onun keçmiş müəllimi olması səbəbilə sonradan fəaliyyətə cəlb edilmişdir. O, ilkin fəaliyyətinin Xırdalan şəhərində yerləşən atelyedə başladığını, daha sonra avadanlıqlarını götürərək iddiaçının işlədiyi məkana köçdüyünü, sonradan isə Mirəli Qaşqay küçəsində yerləşən yeni obyektə keçərək mübahisə yaranana qədər həmin ünvanda fəaliyyətin davam etdirildiyini bildirdi. Aralarında hüquqi şəxs və ya rəsmi şəriklik münasibəti yaradılmamış, bütün maliyyə əməliyyatları və ödənişlər onun adında olan hesab və vasitələrlə həyata keçirilmişdir. Iddiaçı əsasən gəlinliklərin tikilməsi, korsetlərin hazırlanması, eskizlərin çəkilməsi kimi texniki işləri icra etmişdir. Iddiaçıya ödəniş isə sabit əmək haqqı şəklində deyil, görülən işlərə görə dəyişən qaydada aparılmış və hər ay fərqli məbləğlər ödənilmişdir. Bəzi gəlinliklər kirayə məqsədilə hazırlanmış, bəzi hallarda isə müştərilərin fərdi sifarişləri icra edilmişdir. Iddiaçıya yalnız onun tərəfindən tikilən gəlinliklər üzrə əldə edilən gəlirin yarısı əmək haqqı kimi ödənilmiş, digər ümumi fəaliyyət və gəlirlər isə ona məxsus olmuşdur. Həmçinin bütün xərclər – icarə, materialların alınması və digər istehsal məsrəfləri onun tərəfindən qarşılanmış, müştərilərin yönləndirilməsi və sifarişlərin təşkili də onun nəzarəti altında həyata keçirilmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. ... Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

Maddə 329. Əqdlərin formaları ... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 137. Birgə fəaliyyətdən mənfəətin (gəlirin) bölüşdürülməsi Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə mənfəəti (xərclər çıxılmaqla gəliri) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq, vergiyə cəlb edilən mənfəəti (xərclər çıxılmaqla gəliri) bu fəaliyyətin iştirakçıları arasında bölürlər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmiş, iddiaçı tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi qismən – daşınar əşyaların hər birinin ½ hissəsinə payların müəyyən edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmalıdır.

23. Kollegiya hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri müəyyən edilməlidir. Çünki mübahisəli daşınar əmlakın hansı hüquqi münasibətlər çərçivəsində formalaşması, həmin əmlaklar üzərində tərəflərin pay hüququnun yaranıb-yaranmaması, habelə iddiaçının qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı irəli sürdüyü tələblərin əsaslılığı birbaşa həmin münasibətlərin hüquqi mahiyyətindən asılıdır.

24. Bu baxımdan iş üzrə müəyyən edilmiş və tərəflər arasında mübahisə doğurmayan hallar göstərir ki, tərəflər arasında münasibətlər 2023-cü ildən etibarən iddiaçının cavabdehə tikiş və modelləşdirmə sahəsində peşə bilik və bacarıqlarını öyrətməsi ilə əlaqədar formalaşmış, sonradan cavabdeh iddiaçının Bakı şəhəri, Zahid Xəlilov küçəsində yerləşən atelyesində fəaliyyət göstərmiş, daha sonra isə tərəflər 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində eyni fəaliyyət istiqaməti üzrə birlikdə çalışmışlar. Kollegiya həmin dövrün müəyyən edilməsini sonradan əldə olunmuş mübahisəli daşınar əmlakın hansı hüquqi münasibətlər çərçivəsində formalaşdığının qiymətləndirilməsi baxımından əhəmiyyətli hesab edir.

25. Tərəflər arasında mübahisə həmin fəaliyyətin hüquqi xarakteri ilə bağlıdır. Iddiaçı həmin fəaliyyətin qarşılıqlı razılaşmaya əsaslanan faktiki birgə kommersiya fəaliyyəti olduğunu, mübahisəli daşınar əmlakın da məhz həmin fəaliyyətin həyata keçirilməsi üçün əldə edildiyini və buna görə üzərində pay hüququnun yarandığını bildirir. Cavabdeh isə əksinə, fəaliyyətin yalnız onun tərəfindən təşkil və idarə olunduğunu, iddiaçının həmin fəaliyyətə yalnız tikdiyi gəlinliklər müqabilində gəlirin müəyyən hissəsini alan şəxs kimi cəlb edildiyini, mübahisəli əmlakın isə onun şəxsi vəsaiti hesabına əldə olunduğunu göstərir.

26. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər qanunla qadağan olunmayan istənilən məzmunlu müqavilə bağlamaqda sərbəstdirlər. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən isə müqavilələrin ayrı-ayrı növlərinə dair xüsusi qaydalar müəyyən edilmədikdə, onlardan irəli gələn münasibətlərə öhdəlik hüququ haqqında ümumi müddəalar tətbiq olunur. Mülki Məcəllənin 329.2-ci və 406.1-ci maddələrinin tələblərinə görə qanunla müəyyən edilmiş xüsusi forma nəzərdə tutulmadıqda müqavilə şifahi formada da bağlana bilər.

27. Kollegiya həmçinin nəzərə alır ki, Vergi Məcəlləsinin 137-ci maddəsində hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin onların razılaşmasına uyğun bölüşdürülməsi nəzərdə tutulmuşdur. Göstərilən norma tərəflər arasında yaranmış mülki hüquq münasibətlərini birbaşa tənzimləməsə də, hüquqi şəxs yaratmadan qarşılıqlı razılaşma əsasında birgə kommersiya fəaliyyətinin həyata keçirilməsinin qanunvericilik tərəfindən mümkün iqtisadi fəaliyyət forması kimi qəbul edildiyini göstərir.

28. Bu baxımdan tərəflər arasında yazılı şəriklik müqaviləsinin bağlanmaması özlüyündə onların faktiki birgə kommersiya fəaliyyəti münasibətlərinin mövcudluğunu istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin hüquq münasibətləri onların münasibətlərinə verdikləri addan deyil, faktiki davranışlarından, qarşılıqlı razılaşmalarından və fəaliyyətlərinin iqtisadi məzmunundan müəyyən edilməlidir. Bu baxımdan tərəflər arasında yaranmış münasibətlərin hüquqi xarakteri iş üzrə toplanmış bütün sübutların qarşılıqlı əlaqədə qiymətləndirilməsi yolu ilə müəyyən edilməlidir.

29. Kollegiya onu da qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında faktiki birgə kommersiya fəaliyyəti münasibətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi özlüyündə müstəqil mübahisə predmeti təşkil etmir. Həmin hal mübahisəli daşınar əmlakların hansı hüquqi münasibətlər çərçivəsində formalaşdığını və həmin əmlaklar üzərində pay hüququnun yaranıb-yaranmadığını müəyyən etmək üçün ilkin hüquqi məsələ kimi qiymətləndirilməlidir.

30. Iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh ilkin olaraq iddiaçının yanında peşə biliklərinə yiyələnmiş, sonradan isə iddiaçının fəaliyyət göstərdiyi atelyedə onunla birlikdə çalışmışdır. Daha sonra tərəflər birlikdə yeni qeyri-yaşayış sahəsinə köçərək təxminən bir il yarım müddətində eyni fəaliyyət istiqaməti üzrə gəlinliklərin hazırlanması və icarəyə verilməsi ilə məşğul olmuşlar. Bu hallar tərəflər arasında təsadüfi əməkdaşlıq deyil, uzunmüddətli vahid kommersiya fəaliyyətinin mövcud olduğunu göstərir.

31. Cavabdeh münasibətlərin əmək münasibəti olduğunu bildirsə də, iş materiallarında belə münasibətə xas olan hüquqi əlamətləri təsdiq edən sübutlar mövcud deyildir. Belə ki, əmək müqaviləsi bağlanmamış, sabit əmək haqqı müəyyən edilməmiş, tabelik münasibətləri və iş vaxtının təşkili ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Əksinə, cavabdeh özü də iddiaçıya hər ay sabit əmək haqqı deyil, onun hazırladığı gəlinliklərin satışından əldə olunan gəlirin müəyyən hissəsinin verildiyini göstərmişdir. Bundan əlavə, iddiaçının fərdi sahibkar kimi vergi uçotunda olması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması da cavabdehin irəli sürdüyü əmək münasibətləri barədə dəlillərlə uzlaşmır.

32. Kollegiya hesab edir ki, iddiaçının hazırladığı məhsulların satışından əldə olunan gəlirin müəyyən hissəsinin ona ödənilməsi münasibətlərin əmək münasibəti kimi qiymətləndirilməsi üçün kifayət etmir. Belə gəlir bölgüsü əmək haqqının ödənilməsi mexanizmindən fərqlənməklə yanaşı, tərəflərin fəaliyyət nəticəsində əldə olunan iqtisadi nəticəni öz aralarında bölüşdürmək barədə razılığının mövcud olduğunu göstərən mühüm faktiki haldır.

33. Hadisələrin inkişaf ardıcıllığı da cavabdehin münasibətlərin yalnız əmək münasibətləri olması barədə mövqeyi ilə uzlaşmır. Belə ki, iddiaçı əvvəlcədən həmin fəaliyyət sahəsində çalışan və öz atelyesini idarə edən şəxs olmuş, cavabdeh isə sonradan həmin fəaliyyətə qoşulmuş, daha sonra tərəflər birlikdə yeni obyektə keçərək vahid kommersiya fəaliyyətini davam etdirmişlər. Işçi-işəgötürən münasibətlərində fəaliyyətin işəgötürənin yaratdığı iş yerində təşkil olunması adi hal olduğu halda, hazırkı işdə müəyyən edilmiş faktiki vəziyyət bunun əksini göstərir.

34. Göstərilən hallar məcmu şəkildə qiymətləndirildikdə kollegiya hesab edir ki, tərəflər arasında münasibətlər əmək münasibətlərindən deyil, qarşılıqlı razılığa əsaslanan faktiki birgə kommersiya fəaliyyəti münasibətlərindən irəli gəlmişdir. Tərəflərin bu münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməmələri həmin münasibətlərin hüquqi nəticələrini istisna etmir.

35. Iddianın cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və iddiaçının həmin sahəyə daxil olmasına maneələrin aradan qaldırılması hissəsinə münasibətdə kollegiya hesab edir ki, tərəflər arasında mövcud olmuş birgə kommersiya fəaliyyəti hazırda faktiki olaraq başa çatmışdır. Belə ki, cavabdeh iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə daxil olmasına mane olmuş, polis orqanlarına müraciət etmiş, iddiaçı isə öz növbəsində həmin münasibətlərin davam etdirilməsini deyil, fəaliyyət dövründə formalaşmış əmlak üzərində pay hüququnun müəyyən edilməsini tələb etmişdir. Bu hallar hər iki tərəfin artıq həmin fəaliyyətin birgə davam etdirilməsində maraqlı olmadığını göstərir.

36. Faktiki birgə kommersiya fəaliyyəti qarşılıqlı etimada və könüllü razılaşmaya əsaslanan münasibətdir. Iddiaçının mübahisəli qeyri-yaşayış sahəsindən istifadə imkanı tərəflər arasında mövcud olmuş birgə fəaliyyət münasibətlərindən irəli gəlmişdir. Həmin münasibətlər faktiki olaraq başa çatdığından, iddiaçının sahədən istifadəsini davam etdirməsi üçün ayrıca hüquqi əsas mövcud olmalıdır. Hazırda isə iddiaçı həmin qeyri-yaşayış sahəsinin nə icarəçisi, nə də mülkiyyətçisi olmaqla belə bir müstəqil hüquqi əsas irəli sürməmişdir. Bu səbəbdən cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və iddiaçının həmin sahəyə daxil olmasına maneələrin aradan qaldırılması barədə tələblər təmin edilə bilməz. Bu baxımdan, həmin hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

37. Bununla yanaşı, kollegiya hesab edir ki, mübahisəli daşınar əmlaklar üzərində pay hüququnun müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara və sübutların məcmu qiymətləndirilməsinə uyğun deyildir.

38. Iş materiallarından görünür ki, kollegiyanın faktiki birgə kommersiya fəaliyyətinin mövcud olduğu qənaətinə gəldiyi münasibətlər 2023-cü ildən formalaşmış, tərəflərin mübahisəli qeyri-yaşayış sahəsində birgə fəaliyyəti isə 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək davam etmişdir. Mübahisəli daşınar əmlakın əldə olunmasına dair təqdim edilmiş sənədlər də məhz həmin birgə fəaliyyət dövrünə aiddir. Belə ki, tikiş maşını və buxar aparatı ##.##.2024-cü il tarixdə, kondisioner isə ##.##.2024-cü il tarixdə, yəni tərəflərin artıq birlikdə AF Plaza biznes mərkəzində fəaliyyət göstərdikləri dövrdə əldə edilmişdir. Digər mübahisəli əmlakın da həmin fəaliyyət dövründə istifadə üçün əldə edildiyi iş materialları ilə təkzib olunmur.

39. Əmlakın faktiki birgə fəaliyyətin həyata keçirildiyi dövrdə və həmin fəaliyyət üçün əldə olunmasının müəyyən edilməsi həmin əmlakın hüquqi rejiminin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu fakt əmlakın ümumi fəaliyyət nəticəsində formalaşmış əmlak olmasına dair əsaslı ehtimal yaradır. Bu səbəbdən həmin əmlakın ümumi fəaliyyətlə bağlı deyil, tərəflərdən birinin şəxsi məqsədləri üçün və ya həmin fəaliyyətlə əlaqəsi olmayan vəsait hesabına əldə edildiyini göstərən sübutlar təqdim edilmədikdə, həmin əmlakın ümumi fəaliyyət aktivləri kimi qiymətləndirilməsi münasibətlərin xarakterinə uyğundur.

40. Cavabdeh mübahisəli daşınar əmlakın yalnız ona məxsus olduğunu əsaslandırmaq üçün bank çıxarışlarına, qaimə-fakturalara, zəmanət talonlarına və digər alış sənədlərinə istinad etmişdir. Kollegiya hesab edir ki, həmin sübutlar ayrıca deyil, tərəflər arasında müəyyən edilmiş faktiki hüquq münasibətlərinin mahiyyəti nəzərə alınmaqla qiymətləndirilməlidir.

41. Kollegiya nəzərə alır ki, tərəflərin mübahisəli daşınar əmlakın əldə edilməsini təsdiq etmək üçün təqdim etdikləri qaimələr vergi qanunvericiliyində nəzərdə tutulmuş elektron qaimə-faktura, kassa qəbzi və ya ciddi hesabat blankı statusuna malik deyildir. Həmin sənədlər satıcılar tərəfindən sərbəst formada tərtib edilmiş və tərəflərin izahatlarından göründüyü kimi, rəsmi uçot sənədləri qismində deyil, malların satılmasını təsdiq etmək məqsədilə verilmiş adi qaimələrdir. Bu səbəbdən həmin sənədlər öz hüquqi təbiətinə görə mübahisəli əmlak üzərində mülkiyyət hüququnun mənsubiyyətini birmənalı müəyyən etməyə imkan verən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

42. Kollegiya həmçinin nəzərə alır ki, mübahisəli əşyalara dair qaimələrin iddiaçının adına tərtib olunmuş nüsxələri ilk olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdeh isə sonradan həmin qaimələrin öz adına tərtib olunmuş digər nüsxələrini iş materiallarına əlavə etmişdir. Bu hal sübutların qiymətləndirilməsi zamanı nəzərə alınsa da, eyni mallara dair müxtəlif şəxslərin adına tərtib edilmiş analoji qaimələrin mövcudluğu həmin sənədlərin etibarlılığının və sübut qüvvəsinin ehtiyatla qiymətləndirilməsini zəruri edir. Belə şəraitdə qaimələrin tərəflərdən hansının adına tərtib olunması mübahisənin həlli üçün həlledici hesab edilə bilməz və onlar yalnız iş üzrə toplanmış digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilə bilər.

43. Xüsusi olaraq qeyd edilməlidir ki, faktiki birgə kommersiya fəaliyyəti şəraitində alış sənədlərinin və ya ödəniş sənədlərinin tərəflərdən birinin adına rəsmiləşdirilməsi özlüyündə həmin əmlakın yalnız həmin şəxsə məxsus olmasını təsdiq etmir. Belə münasibətlərdə tərəflər arasında iş bölgüsünün mövcud olması, təchizat, alış və maliyyə əməliyyatlarının onlardan biri tərəfindən həyata keçirilməsi belə münasibətlərdə tərəflər arasında əmək bölgüsünün mövcud olması, təchizat və maliyyə əməliyyatlarının onlardan biri tərəfindən həyata keçirilməsi təbii və gözlənilən haldır. Bu hal təkbaşına mülkiyyət hüququnun yalnız həmin şəxsə məxsus olması barədə nəticəyə gəlməyə əsas vermir.

44. Əks yanaşma qəbul edildiyi halda bu münasibətlərdə birgə fəaliyyət iştirakçılarının adından alış və ödəniş əməliyyatlarını həyata keçirən tərəf sənədlərin öz adına rəsmiləşdirilməsi yolu ilə bütün fəaliyyət nəticəsində formalaşmış əmlakı şəxsi mülkiyyəti kimi təqdim etmək imkanı əldə etmiş olardı ki, bu da belə münasibətlərin hüquqi mahiyyətinə uyğun gəlməzdi. Buna görə də mübahisəli əmlakın yalnız cavabdehin şəxsi mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın birgə fəaliyyət çərçivəsində deyil, məhz onun şəxsi vəsaiti hesabına və şəxsi istifadəsi üçün əldə edildiyini təsdiq edən əlavə mötəbər sübutların mövcudluğu tələb olunur. Hazırkı iş üzrə isə belə sübutlar təqdim edilməmişdir.

45. Kollegiya müəyyən etdiyi faktiki birgə kommersiya fəaliyyəti nəzərə alınmaqla hesab edir ki, mübahisəli daşınar əmlakın həmin fəaliyyət dövründə və həmin fəaliyyət üçün əldə edilmiş ümumi fəaliyyət aktivləri olması iş materialları ilə təsdiq edilir. Cavabdehin təqdim etdiyi alış və ödəniş sənədləri həmin əmlakın yalnız onun şəxsi mülkiyyətinə aid olduğunu təsdiq etmək üçün kifayət etmir.

46. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçi öz mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 213.1-213.3-cü maddələrinə görə isə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya üzərində, qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, paylı mülkiyyət hüququ yaranır. Hazırkı iş üzrə müəyyən edilmiş hallar mübahisəli daşınar əmlakın tərəflərin birgə fəaliyyəti nəticəsində formalaşdığını təsdiq etdiyindən, həmin əmlak onların paylı mülkiyyətini təşkil edir.

47. Iş materiallarında tərəflərin mübahisəli əmlak üzərində müxtəlif həcmdə paylara malik olmalarını, yaxud onların həmin əmlakın formalaşmasına fərqli həcmdə töhfə vermələrini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Tərəflər arasında payların müəyyən edilməsinə dair ayrıca razılaşma da müəyyən olunmamışdır. Bu səbəbdən Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən onların payları bərabər hesab edilməlidir.

48. Kollegiya həmçinin nəzərə alır ki, hazırkı mübahisənin predmeti mübahisəli daşınar əmlakın naturada qaytarılması, onun dəyərinin tutulması və ya satılaraq əldə olunacaq pul vəsaitinin bölüşdürülməsi deyil, həmin əmlak üzərində tərəflərin paylarının müəyyən edilməsidir. Bu səbəbdən qiymətləndirmə rəyinin mübahisə predmeti olan əmlakların bazar dəyərinə dair nəticələri mübahisənin düzgün həlli baxımından həlledici hüquqi əhəmiyyət daşımır və iddia tələbinin mahiyyətinə təsir göstərmir. Əşyaların qiyməti, sonradan tərəflər paylı mülkiyyət hüququnun davamında maraqlı olmasalar və öz aralarında onların bölüşdürülməsi ilə bağlı razılığa gələ bilməsələr, paylı mülkiyyət hüququna xitam verilməsinə dair yaranacaq mübahisə üçün əhəmiyyət kəsb edə bilər.

49. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli daşınar əmlaklar üzərində pay hüququnun müəyyən edilməsi hissəsində iş üzrə toplanmış sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, tərəflər arasında mövcud olmuş faktiki hüquq münasibətlərinin mahiyyətini düzgün müəyyən etməmiş və nəticədə iş üzrə müəyyən edilmiş hallardan düzgün hüquqi nəticə çıxarmamışdır. Bu səbəbdən iddia tələbinin həmin hissədə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı hesab edilə bilməz. Qeyd olunan hallar isə MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən qətnamənin mübahisəli daşınar əmlaklar üzərində pay hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin qəbul edilməsi üçün əsas təşkil edir.

50. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisəli daşınar əmlakların hər birinin ½ hissəsinə payların müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

51. Yeni qətnamə ilə ünvan 2 ünvanında, “Təzə bazar” zonasında yerləşən * nömrəli qeyri-yaşayış sahəsində mövcud olan 70 ədəd gəlinlik libası, 12 ədəd gəlinlik fatası, 9 ədəd maneken, 2 ədəd tikiş maşını, 1 ədəd “Janome” markalı overlok maşını, 1 ədəd “Silter” markalı buxar ütüsü, 1 ədəd elektrik qayçısı, 2 ədəd biçim və ütüləmə stolu, 2 ədəd parça və mətbəx stolu, 8 ədəd dəmir asılqan qurğusu, 70 ədəd taxta asılqan, 1 ədəd led işıqlı güzgü, 1 ədəd tavandan asma taxta pərdə qurğusu, 1 ədəd divan və pufik, 2 ədəd divan önü üçün stol, 1 ədəd gül dekoru qurğusu, 1 ədəd güzgü üstü gül dekoru, 1 ədəd “Gree” markalı kondisioner və 1 ədəd led işıqlı reklam qurğusunun hər birinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin payları müəyyən edilməlidir.

52. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 178,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin iddia tələbinin mahiyyəti qeyri-yaşayış sahəsindən çıxarılma və daşınar əmlaklar üzərində payın müəyyən edilməsindən ibarət olduğundan, həmin tələb qiymətləndirilməyən iddia hesab edilir.

53. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu 100 manat məbləğində müəyyən edilmişdir. Iddia tələblərinin bir hissəsi təmin, digər hissəsi rədd edildiyindən, dövlət rüsumu tərəflər arasında təmin edilmiş və rədd edilmiş tələblərin nisbəti nəzərə alınmaqla bərabər bölüşdürülməlidir.

54. Həmçinin apellyasiya şikayətinin qismən təmin edilməsi nəzərə alınaraq, onun verilməsi üçün ödənilməli olan dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 25 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi – “daşınar əşyaların hər birinin ½ hissəsinə payların müəyyən edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. ünvan 2 ünvanında, “Təzə bazar” zonasında yerləşən * nömrəli qeyri-yaşayış sahəsində mövcud olan 70 ədəd gəlinlik libası, 12 ədəd gəlinlik fatası, 9 ədəd maneken, 2 ədəd tikiş maşını, 1 ədəd "Janome" markalı overlok maşını, 1 ədəd "Silter" markalı buxar ütüsü, 1 ədəd elektrik qayçısı, 2 ədəd biçim və ütüləmə stolu, 2 ədəd parça və mətbəx stolu, 8 ədəd dəmir asılqan qurğusu, 70 ədəd taxta asılqan, 1 ədəd led işıqlı güzgü, 1 ədəd tavandan asma taxta pərdə qurğusu, 1 ədəd divan və pufik, 2 ədəd divan önü üçün stol, 1 ədəd gül dekoru qurğusu, 1 ədəd güzgü üstü gül dekoru, 1 ədəd "Gree" markalı kondisioner və 1 ədəd led işıqlı reklam qurğularının hər birinin ½ hissəsinə iddiaçı iddiaçı1, ½ hissəsinə cavabdeh cavabdeh1 payları müəyyən edilsin. Qətnamə iddiaçı iddiaçı1 tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh cavabdeh1 tutularaq iddiaçı iddiaçı1 ödənilsin, dövlət rüsumunun qalan 50 (əlli) manat hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı iddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdeh cavabdeh1 tutularaq iddiaçı iddiaçı1 ödənilsin, qalan 25 (iyirmi beş) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar